Məhkəmə qərarları › İş №8(001)-904/2022

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №8(001)-904/2022

19.12.2022 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(001)-904/2022 19.12.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Səlimova Səadət Rəşid qızının sədrliyi Qurbanlı Manaf Emil oğlunun katibliyi ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(001)-1182/2021 saylı qətnaməsi üzrə tutulmalı olan məbləğin hissə-hissə icraya yönəldilməsinə dair cavabdeh X2 ərizəsinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(001)-1182/2021 saylı qətnaməsinə əsasən, X1 5500 manat, ödənilmiş dövlət rüsumuna görə 31 manat olmaqla cəmi 5531 manatın Tələbkar xeyrinə tutulması qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-2933/2022 saylı xx.xx.2022-ci il tarixli qətnaməsindən müəyyən olunur ki, apellyasiya şikayəti təmin edilməyərək Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-1182/2021 saylı xx.xx.2021-ci il tarixli qətnaməsi qüvvədə saxlanmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)-4738/2022 saylı xx.xx.2022-cı il tarixli qərarından müəyyən olunur ki, kassasiya şikayəti təmin edilməyərək Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-2933/2022 saylı xx.xx.2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanmışdır. Cavabdeh X3 Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(001)-1182/2021 saylı qətnaməsi üzrə tutulmalı olan məbləğin hissə-hissə icraya yönəldilməsinə dair ərizə ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında cavabdeh X3 ərizəni müdafiə edərək izahatında göstərmişdir ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-1182/2021 saylı xx.xx.2021-ci il tarixli qətnaməsinə əsasən, iddia ərizəsi qismən təmin edilərək ondan 5500 manat, dövlət rüsumuna görə 31 manat olmaqla cəmi 5531 manatın Tələbkar xeyrinə tutulması qət edilmişdir. Eyni zamanda ondan iş üzrə keçirilən ekspertiza tədqiqatının dəyərinə görə 100 manat dövlət nəfinə tutulmuş, iddia ərizəsi qalan hissədə təmin edilməmişdir. Həmin qətnamədən apellyasıya şikayəti versə də, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-2933/2022 saylı xx.xx.2022-ci il tarixli qətnaməsinə əsasən apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi qüvvədə saxlanmışdır. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının qətnaməsindən kassasiya şikayəti verilmiş, Ali Məhkəmənin Mülki Kollegiyasının 2(102)-4738/2022 saylı xx.xx.2022-cı il tarixli qərarına əsasən kassasiya şikayəti təmin edilməmiş və apellyasiya instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanmışdır. Bundan sonra, qətnamə üzrə icra vərəqəsi icra edilməsi üçün Binəqədi rayon İcra şöbəsinə göndərilmişdir. O, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyində sürücü işləyir, aylıq əmək haqqı 300 manat təşkil edir, hər ay 320 manat aliment ödəyir. Bu səbəbdən icra vərəqəsi üzrə 5500 manatı birdəfəyə ödəyə bilmir, hər ay 100-150 manat olmaqla ödəyə bilər. O, bu barədə icra sənədi üzrə tələbkarla danışmamış, onun məhkəmə aktının hissəhissə icra edilməsinə razı olmasını öyrənməmişdir. Ona görə də Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-1182/2021 saylı, xx.xx.2021-ci saylı qətnaməsi üzrə borcunun hissə-hissə icraya yönəldilməsinə dair qərardad qəbul edilməsini xahiş edir. Məhkəmə cavabdehin izahatını dinləyib, məhkəməyə təqdim olunan sübutları araşdırıb hesab edir ki, ərizə təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası MPMnin 231.1-ci maddəsinə əsasən, işə baxmış hakim, işdə iştirak edən şəxslərin ərizəsi üzrə tərəflərin əmlak vəziyyətinə və digər hallara əsasən qətnamənin icrasına möhlət verməyə və ya qətnaməni hissə-hissə icra etdirməyə, habelə onun icra üsulunu və qaydasını dəyişdirməyə haqlıdır. Məhkəmə qeyd edir ki, Avropa İnsan Hüquqları Məhkəməsi özünün bir çox qərarlarında məhkəmə aktlarının vaxtında icra edilməməsini ədalətli məhkəmə araşdırmasının həyata keçirilməsinin təmin edilməməsi kimi qiymətləndirmişdir. Belə ki, İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın 6-cı maddəsinə əsasən hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Məhkəmə hesab edir ki, qanuni qüvvəsini alan məhkəmə aktının hissə-hissə icra edilməsinə dair tərəflər arasında razılığın olmasına, cavabdehin ərizəsində istinad etdiyi hallara dair sübutlar məhkəməyə təqdim edilmədiyindən, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(001)-1182/2021 saylı qətnaməsinin hissə-hissə icraya yönəldilməsi sonda tələbkarın məhkəmə aktının icrasını uzun müddət ərzində gözləməsi ilə nəticələnəcəyindən ərizə təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 231, 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(001)-1182/2021 saylı qətnaməsi üzrə tutulmalı olan məbləğin hissə-hissə icraya yönəldilməsinə dair cavabdeh X2 ərizəsi təmin edilməsin. Qərardaddan 10 gün müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Səadət Səlimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar