Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(001)-91/2023 15.02.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Etibar Mustafa oğlunun sədrliyi, X6 oğlunun katibliyi, Ərizəçi (borclu) X3, Tələbkar iştirakı ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 25 yanvar 2022-ci il tarixli, 2(001)- 62/2022 saylı qətnaməsinin hissə – hissə icra olunması barədə X1nun ərizəsinə 15 fevral 2023-cü il tarixdə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 25 yanvar 2022-ci il tarixli, 2(001)- 62/2022 saylı qətnaməsinə əsasən, X2 (Gadjiev Aidin) 3047 manat məbləğində pulun və iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi kimi 1 manatın tutularaq Tələbkar ödənilməsi qərara alınmışdır. X4 ərizə ilə məhkəməyə müraciət edərək Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 25 yanvar 2022-ci il tarixli, 2(001)-62/2022 saylı qətnaməsi üzrə borc məbləğinin hər ay 100 manat olmaqla hissə-hissə ödənilməsi barədə qərardad çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında ərizəçi X4 izahatında göstərdi ki, o, məhkəmə qətnaməsi icraya yönəldikdən sonra hissə-hissə olmaqla, borcundan təxminən 800 manatını ödəmişdir. Qətnamə çıxarıldığı vaxtdan sonra bir müddət MTK-da inşaatçı işləsə də, sonradan Tələbkar ondan əsassız şikayətlər etdiyindən işdən çıxası olmuşdur. Gürcüstan Respublikasının vətəndaşıdır və quru sərhədlər bağlı olduğundan ölkədən çıxmaq imkanı yoxdur.Hazırda heç yerdə işləmir, əlavə gəliri yoxdur. Həmçinin, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş qətnaməsi üzrə o tələbkardır, ona 25000 manat pul ödənilməlidir. Həmin icra sənədi icra edilərsə, o, Tələbkar olan borcunu tam ödəyə bilər. Lakin, hazırki halda qətnamənin icra edilməmiş qalan 2240 manat pulun ödənilməsi hissəsini birdəfəyə icra etmək imkanında deyil. Sonda A.S.Hacıyev məhkəmədən göstərilənləri nəzərə alıb, ərizənin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında icra sənədi üzrə Tələbkar ərizənin təmin edilməməsini xahiş edərək, izahatında göstərdi ki, Aydın Hacıyev yeni inşa edilmiş binanın 4 otaqlı mənzilində yaşayır. Başqa evi də var, onu kirayə verib, gəlir əldə edir. Yoldaşı müəllim işləyir, əlavə olaraq repetitor fəaliyyəti ilə məşğul olur. Aydın Hacıyev məhkəmə qətnaməsinin icrasından bilərəkdən yayındığından məhkəmə qərarı ilə barəsində 500 manat inzibati cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilmişdir. Həmin qərardan A.Hacıyev şikayət vermiş, şikayətində 2022-ci ilin noyabr ayında MTK-da işdən çıxdığını, başqa işə düzəldiyini qeyd etmişdir. Həmçinin, 2022-ci ilin noyabr ayında işdən çıxdıqdan sonra elə həmin ay öz mülkiyyətində olan mənzilini qızının adına keçirmişdir. Ərizəyə baxılması ilə bağlı Bakı şəhəri Xətai Rayon İcra Şöbəsinə məhkəmə iclasının vaxtı və yeri barədə müvafiq bildiriş göndərilməsinə baxmayaraq, icra məmuru məhkəmədə iştirak etməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin tələblərini nəzərə alaraq, məhkəmə ərizəyə icra məmurunun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə borclunun ərizəsini icra işinin materialları ilə birlikdə nəzərdən keçirərək, ərizəçinin və icra sənədi üzrə tələbkarın izahatını dinləyib, hesab edir ki, ərizə təmin edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.1-ci maddəsinə əsasən işə baxmış hakim, işdə iştirak edən şəxslərin ərizəsi üzrə tərəflərin əmlak vəziyyətinə və digər hallara əsasən qətnamənin icrasına möhlət verməyə və ya qətnaməni hissə-hissə icra etdirməyə, habelə onun icra üsulunu və qaydasını dəyişdirməyə haqlıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 24 noyabr 2005-ci il tarixli qərarının 12-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr nəzərə almalıdırlar ki, qətnamənin icrasına möhlət verilməsi və ya onun hissə-hisə icra edilməsi, qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsi müstəsna hal olub, qətnamənin icrası üçün çətinlik törədən və yaxud borclu üçün yaranmış əlverişsiz hallarda tətbiq oluna bilər. Məhkəmələr bu məsələləri həll etdikdə təkcə borclunun deyil, tələbkarın mənafeyini də nəzərə almalıdırlar. Məhkəmə həmçinin qeyd edir ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsinə əsasən, məhkəmə qətnaməsinin icrası müddəti məhkəmə baxışının tərkib hissəsi kimi qiymətləndirilir. Məhkəmələr məhkəmə aktlarının icrasına möhlət verilməsi, icranın dayandırılması, icra üsulunun dəyişdirilməsi, həminin məhkəmə icraçılarının hərəkətlərindən verilən şikayətlərlə əlaqədar məsələlərə baxarkən Konvensiyanın məhkəmə qətnamələrinin ağlabatan müddətdə icra olunması tələbini nəzərə almalıdırlar. X1 ərizədə qətnamənin ayda 100 manat olmaqla hissə-hissə icra olunmasını xahiş etmişdir ki, hər ay 100 manat məbləğində pul ödəmək şərtilə qətnamənin hissə – hissə icra olunması barədə ərizəsi təmin olunarsa icra prosesi bir neçə ilə başa çatacaqdır. Həmçinin, tələbkar icra sənədinin ərizədə qeyd olunan qaydada icra edilməsinə qəti olaraq etirazını bildirmişdir. Buna görə də məhkəmə hesab edir ki, ərizənin bu qaydada təmin olunması tələbkarın mənafeyinin əhəmiyyətli dərəcədə pozulması və məhkəmə qərarının uzun müddət icra olunmaması ilə nəticələnir. Avropa Məhkəməsinin “Xornsbin Yunanıstana qarşı işi üzrə” 19 mart 1997—ci il tarixli qərarında qeyd olunmuşdur ki, iştirakçı dövlətlərin məhkəmə sistemi məhkəmənin məcburi və yekun qərarının icra olunmamasına və beləliklə, tərəflərin birinin maraqlarına zərər vurulmasına imkan verirsə, deməli Konvensiyanın 6-cı maddəsində nəzərdə tutulan “məhkəmə baxışına hüquq” xəyal xarakterli olacaqdır. Hər hansı bir məhkəmə tərəfindən çıxarılmış qərarın icrası həmin maddədə nəzərdə tutulmuş “məhkəmə icraatı” anlayışının tərkib hissəsidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 25 yanvar 2022-ci il tarixli, 2(001)- 62/2022 saylı qətnaməsinin hissə – hissə icra olunması barədə X1nun ərizəsi təmin edilməsin. Qərardad rəsmi qaydada verildiyi gündən 10 gün müddətində ondan Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Etibar Mustafayev
Məhkəmə qərarları › İş №8(001)-91/2023
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №8(001)-91/2023
15.02.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver