Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(001)-953/2022 27.12.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Nəbizadə Nigar Xeyrulla qızının sədrliyi, Əliyeva Aytən Şəmşir qızının katibliyi, Tələbkar nümayəndəsi X3 iştirakı ilə, Bakı şəhəri Binəqədi rayon İcra şöbəsinin icra məmuru Kamran Mirzəyevin borcluya məxsus avtomobilin üzərinə həbs qoyulması və avtomobilin duracağa yerləşdirilməsi barədə təqdimatına Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Binəqədi rayon İcra şöbəsinin icra məmuru Kamran Mirzəyev borcluya məxsus avtomobilin üzərinə həbs qoyulması və avtomobilin duracağa yerləşdirilməsi barədə təqdimatla Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-1587/2020 saylı, xx.xx.2020-ci il tarixli icra sənədinə əsasən xx.xx.2020-ci il tarixdən başlayaraq xx.xx.2011-ci il təvəllüdlü X4, xx.xx.2014-cü il təvəllüdlü X2 və xx.xx.2017-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay Borclu qazancının yarısı (başqa gəlirlərinin) məbləğində aliment tutularaq Tələbkar ödənməlidir. “Elektron-İcra” sistemində Borclu məxsus pul vəsaitinin olmasına dair bank hesabları, daşınmaz əmlak aşkar edilməsə də, onun adına qeydiyyatdan keçən “QAZ 69A” minik markalı, **-SG-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi aşkar edilmişdir. Məhkəmə iclasında iştirak edən tələbkarın nümayəndəsi X6 məhkəməyə bildirdi ki, hazırkı təqdimat icra sənədinin real olaraq icra edilməsinə yönəlməyib, icra hərəkətlərinin həyata keçirilməsinin sadəcə görünüşünü yaradır. Belə ki, borclunun adına qeydiyyatda olan “QAZ 69A” minik markalı, **-SG-*** dövlət qeydiyyat nişanlı avtomobil hal-hazırda istifadəyə yararsız dəmir parçasıdır, istehsal ili 1980-ci ildir və həmin avtomobilin üzərində indi kimsə pul versə belə, onu heç kim götürməz. Borclu xarici ölkədə yaşayır, arvadını və uşaqlarını atıb getmiş, orada işləyir və yetəri qədər qazancı var. Buna baxmayarq 20000 manata yaxın aliment borcu yığılıb və borclu aliment öhdəliklərini icra etmək kimi fikri yoxdur. Hal-hazırda avtomobilin üzərinə həbsin qoyulması real olaraq heç nə dəyişməyəcək, yalnız icra hərəkətlərinin görünüşünü yaradacaq. Qeyd olunanlara əsasən tələbkarın nümayəndəsi təqdimatın rədd edilməsini məhkəmədən xahiş etdi. İş üzrə borclu və icra məmuru məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə tələbkarın mövqeyin nəzərə alaraq, təqdimatı və ona əlavə edilmiş sənədləri araşdırıb hesab edir ki, təqdimat rədd edilməlidir. İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 6-cı maddəsinin 1-ci hissəsinə əsasən, hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Qeyd olunan maddə ədalətli məhkəmə baxışına təminat verir. Ona görə də mülki hüquq və vəzifələrin nəyi əhatə etməsinin müəyyənləşdirilməsi 6-cı maddənin tətbiqi baxımından əhəmiyyət kəsb edir. Hüquqi cəhətdən dəyərləndirilməsi vacib olan məsələlərdən biri də qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinin icra olunmamasıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 30 mart 2006-cı il tarixli Qərarında qeyd edilir ki, Avropa Konvensiyasının iştirakçısı olan dövlətin hüquq sistemi qanuni qüvvəyə minmiş və icra edilməli olan qətnamənin tərəflərdən birinə münasibətdə icrasız qalmasına imkan versəydi, onda ədalətli məhkəmə baxışında olan hüquq xəyali xarakter alardı. Konvensiyanın 6-cı maddəsinə əsasən məhkəmə qətnaməsinin icrası «məhkəmə baxışının tərkib hissəsi» kimi qiymətləndirilir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi Hornsbi Yunanıstana qarşı iş üzrə qərarında qeyd etmişdir ki, iştirakçı dövlətlərin məhkəmə sistemi məhkəmənin məcburi və yekun qərarının icra olunmamasına və beləliklə tərəflərin birinin maraqlarına zərər vurulmasına imkan verirsə, deməli Konvensiyanın 6-cı maddəsində nəzərdə tutulan “məhkəmə baxışına hüquq” xəyali xarakter alacaqdır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi Burdov Rusiyaya qarşı qarşı iş üzrə qərarında eyni xarakterli məsələlərə bir daha toxunaraq qeyd etmişdir ki, məhkəmə qərarının icrası üçün zəruri tədbirlər görməkdən uzun müddət yayınma 6-cı maddənin 1-ci bəndində ifadəsini tapmış müddəanı faydalılıq qüvvəsindən məhrum etmiş olur. Məhkəmə həmin fikirlərini "xxxx" MMC Rusiya Federasiyasına qarşı qarşı iş üzrə qərarında da təkrarlamış, cavabdeh dövlətin məhkəmə qətnaməsinin icra olunmamasında vəsait çatışmazlığına istinad etməsini əsaslı hesab etməmişdir. "xxxx" ASC Rusiya Federasiyasına qarşı iş üzrə qərarında Məhkəmə belə nəticəyə gəlmişdir ki, ağlabatan müddətdə ədalətli, açıq məhkəmə baxışının keçirilməsini nəzərdə tutan Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndinin məhkəmə qətnaməsinin icrasına təminat verməməsini təsəvvür etmək çətindir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi Brumaresku Rumuniyaya qarşı qarşı iş üzrə qərarında qeyd etmişdir ki, hüququn aliliyinin əsas təzahürlərindən biri hüquqi müəyyənlik prinsipidir. Əgər məhkəmə mübahisəni qəti olaraq həll edibsə, onun qərarı heç bir şübhə doğurmamalıdır. Hüquqi müəyyənlik Avropa Şurası üzvü olan dövlətin üzərinə öhdəlik kimi götürdüyü hüququn aliliyi prinsipinin tərkib hissəsidir. Ona görə məhkəmə qətnaməsi hər hansı şəxsin hüquq və azadlıqlarının müəyyən edilməsinə münasibətdə özündə qeyri-müəyyən müddəaları nəzərdə tutmamalıdır. «İcra haqqında» Qanunun 45.2-ci maddəsinə əsasən, icra sənədləri üzrə tələb ilk növbədə borclunun manatla və xarici valyuta ilə, o cümlədən banklarda və digər kredit təşkilatlarında olan pul vəsaitlərinə və başqa sərvətlərinə yönəldilir. Borcluda aşkar edilən nağd pul vəsaitləri götürülür. Həmin Qanunun 45.3-cü maddəsinə görə, borclunun banklarda və digər kredit təşkilatlarında hesablarda və əmanətlərdə, habelə saxlancda pul vəsaitlərini və başqa sərvətlərinin olması barədə məlumat olduqda, onların üzərinə həbs qoyulur. Həmin Qanunun 45.4-cü maddəsinə müvafiq olaraq, borclu hüquqi şəxsin banklarda və digər kredit təşkilatlarında hesabları və əmanətləri barədə məlumat olmadıqda, icra məmuru belə məlumatları vergi orqanlarından tələb edir. Vergi orqanları tələb olunan məlumatları 3 gün müddətində icra məmuruna təqdim etməlidirlər. Həmin Qanunun 45.5-ci maddəsinə əsasən, tələbkarın tələblərinin təmin edilməsi üçün borclunun manatla yetərli pul vəsaitləri olmadıqda, tələb borclunun xarici valyutada olan pul vəsaitlərinə yönəldilir. Həmin Qanunun 45.6-cı maddəsinə görə, tələbkarın tələblərinin təmin edilməsi üçün borclunun yetərli pul vəsaitləri olmadıqda, Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq tələbin yönəldilə bilmədiyi əmlak istisna olmaqla, tələb borcluya məxsus olan digər əmlaka yönəldilir. Göründüyü kimi, qanunverici icra sənədləri üzrə tələbin ilk növbədə borclunun hansı əmlakına yönəldilməli olmasını müəyyən etmişdir. Burada məqsəd həmçinin icra sənədinin mümkün qədər qısa müddətdə, tam icra olunmasına yönəlmişdir. Belə olan halda, icra işinə baxış keçirilməklə icra məmurunun qanunvericiliyin tələblərinə uyğun icra hərəkətlərini yerinə yetirib-yetirməməsi, bu zaman tələbkarın mənafeyinin gözlənilməsi də yoxlanılmalıdır. Təqdimatın özündə “Elektron-İcra” sistemində və Borclu məxsus pul vəsaitinin olmasına dair bank hesablarının aşkar olunmaması qeyd olunsa da, təqdimata əlavə edilmiş “Elektron-İcra” sistemindən çıxarışda qeyd olunan sistemin bank hesablarının mövcud olub-olmamasının yoxlanılması kimi imkanlarının olması və həmin məlumatların icra məmuru tərəfindən yoxlanılması görünmür. Bu məqsədlə Bakı şəhəri Binəqədi rayon İcra şöbəsinə xx.xx.2022-ci il tarixdə məktub ünvanlanaraq, icra işi tələb edilmiş, lakin icra işi məhkəməyə təqdim edilməmiş, icra məmuru məhkəmə iclasına gəlməmişdir. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara, eyni zamanda tələbkarın mövqeyinə qiymət verərək hesab edir ki, Bakı şəhəri Binəqədi rayon İcra şöbəsinin icra məmuru Kamran Mirzəyevin borcluya məxsus avtomobilin üzərinə həbs qoyulması və avtomobilin duracağa yerləşdirilməsi barədə təqdimatı rədd edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263, 264 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə, QƏRARA ALDİ: Bakı şəhəri Binəqədi rayon İcra şöbəsinin icra məmuru Kamran Mirzəyevin borcluya məxsus avtomobilin üzərinə həbs qoyulması və avtomobilin duracağa yerləşdirilməsi barədə təqdimatı rədd edilsin. Qərardaddan rəsmi qaydada təqdim edildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Nigar Nəbizadə
Məhkəmə qərarları › İş №8(001)-953/2022
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №8(001)-953/2022
27.12.2022 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver