Məhkəmə qərarları › İş №8(002)-122/2023

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərardad — İş №8(002)-122/2023

12.05.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(002)-122/2023 12.05.2023 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov Fuad Ələsgər oğlunun sədrliyi, Mirzəliyev Amil Rəfayıl oğlunun katibliyi ilə, Qaradağ rayon İcra Şöbəsinin icra məmuru Səbuhi Əhmədzadənin borclunun daşınar əmlakı üzərinə həbs qoyulması barədə təqdimatına Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-579/2022 saylı, 16 mart 2022-ci il tarixli qətnaməsi üzrə 09 dekabr 2022-ci il tarixdə verilmiş icra vərəqəsinə əsasən apellyasiya şikayəti qismən təmin edilməli, Zəngilan Rayon Məhkəməsinin 20 oktyabr 2021-ci il tarixli qətnaməsi qismən ləğv edilməli və iş üzrə yeni qətnamə qəbul edilməli, iddia tələbi qismən təmin edilməli, cavabdeh Quliyeva Vəfa Oruc qızı tərəfindən CD diskdə olan səsli yazıda işlətdiyi “küçə qızı”, “ləçər”, “diplomlu eşşək”, “sənin kimi q....ə”, Borclu işlətdiyi “cındır”, “onun adı Nigar deyil, sukadır, Nigar kimi eşşək yer üzündə olmamışdır”, X3 işlətdiyi “polis elə bir əridir” kimi ifadələr şərəf və ləyaqəti alçaldan ifadələr hesab edilməklə iddiaçı Tələbkar ünvanlanmış şəkildə, notarial qaydada təsdiq edilmiş ərizə ilə üzr istənilməklə təkzib edilməli, cavabdehlər Quliyeva Vəfa Oruc qızından 400 manat, Borclu 400 manat, X2 200 manat alınaraq iddiaçıya verilməli, qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin 25 oktyabr 2022-ci il tarixli qərarı ilə qərara alınmışdır: iddiaçının kassasiya şikayəti qismən təmin edilməli, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(105)-579/2022 saylı, 16 mart 2022-ci il tarixli qətnaməsi hüquqi yardıma görə pulun tutulması iddiasının rədd edilməsi hissəsində ləğv edilməli, hüquqi yardıma görə iddiaçının ödəmiş olduğu 500 manat pul cavabdehlər Quliyeva Vəfa Oruc qızı, X4, X1 müştərək qaydada tutularaq iddiaçıya ödənilməli, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmalı, cavabdeh Quliyeva Vəfa Oruc qızının kassasiya şikayəti təmin edilməməlidir. Qaradağ rayon İcra Şöbəsinin icra məmuru Səbuhi Əhmədzadə təqdimatla məhkəməyə müraciət edərək, icra sənədinin icrasını təmin etmək və borcluya borcu ödətdirmək məqsədi ilə Borclu məxsus olan daşınar əmlakların (“LG” markalı, 102 diaqonal qara rəngli televizor, “MAXA” markalı ağ rəngli kondisioner) üzərinə həbs qoyulması barədə qərardad çıxarılmasını xahiş etmişdir. Qaradağ rayon İcra Şöbəsinin icra məmuru Səbuhi Əhmədzadə təqdimatını onunla əsaslandırmışdır ki, icra sənədi xx.xx.2022-ci il tarixdə icraata daxil olmuş və qanunamüvafiq qaydada icraya yönəldilmişdir. İcra sənədi üzrə Borclu üzərinə düşən öhdəlikdən 250 manat məbləğində borcu qalmaqdadır. Borclu könüllü icra müddətində icra sənədi üzrə tələbi təmin etmədiyi üçün Borclu əmlak vəziyyətini yoxlamaq məqsədilə elektron sistem vasitəsilə sorğular edilmiş, borclunun adına daşınar və daşınmaz əmlak aşkar edilməmişdir. xx.xx.2023cü il tarixdə Borclu yaşadığı ünvan olan ünvan 1iş və tələbin yönəldiləsi “LG” markalı, 102 diaqonal qara rəngli televizor, “MAXA” markalı ağ rəngli kondisioner aşkar edilərək müvafiq aktla siyahıya alınmışdır. Qeyd olunanlara əsasən o, göstərilən təqdimatla məhkəməyə müraciət etmiş və məhkəmədən təqdimatın təmin olunmasını xahiş etmişdir. Məhkəmə, təqdimatın dəlillərini araşdıraraq və iş materiallarını nəzərdən keçirərək müəyyən edir ki, təqdimata ilk növbədə borclunun pul vəsaitlərinin aşkar edilməsi ilə bağlı hər hansı icra tədbirinin görüldüyünü təsdiq edən hər hansı sübut əlavə edilməmişdir. Bundan əlavə, borclunun əmlak vəziyyəti barədə təqdimata əlavə edilmiş elektron çıxarış xx.xx.2023cü il tarixli olduğu halda, borclunun yaşadığı mənzilə baxış daha əvvəl, xx.xx.2023-cü il tarixdə və faktiki olaraq borclunun iştirakı olmadan (o cümlədən onun tələbin birinci növbədə hansı əmlaka və əşyalara yönəldilməsini icra məmuruna bildirmək hüququ pozulmaqla) keçirilmiş, bununla da tələbin borcluya məxsus əmlaka yönəldilməsi ilə bağlı qanunvericiliyin tələbləri pozulmuşdur. Halbuki, “İcra Haqqında” Azərbaycan Respublikasının Qanununun 45.2-ci maddəsinə əsasən, icra sənədləri üzrə tələb ilk növbədə borclunun manatla və xarici valyuta ilə, o cümlədən banklarda və digər kredit təşkilatlarında olan pul vəsaitlərinə və başqa sərvətlərinə yönəldilir. Borcluda aşkar edilən nağd pul vəsaitləri götürülür. Həmin Qanunun 45.6-cı maddəsinə əsasən, tələbkarın tələblərinin təmin edilməsi üçün borclunun yetərli pul vəsaitləri olmadıqda, Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq tələbin yönəldilə bilmədiyi əmlak istisna olmaqla, tələb borcluya məxsus olan digər əmlaka yönəldilir. Borclu tələbin birinci növbədə hansı əmlaka və əşyalara yönəldilməsini icra məmuruna bildirmək hüququna malikdir. Borclunun belə müraciəti icra sənədinin icrasına mane olmursa, icra məmuru onu təmin etməyə borcludur. Bundan əlavə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2002-ci il tarixli 89 saylı Qərarı ilə təsdiq edilmiş “Fiziki şəxs barəsində icra sənədi icra olunarkən tələbin yönəldilməsinə yol verilməyən əmlak növlərinin dəqiq Siyahısı”nın 13b) bəndinə əsasən, borclu və onun ailə üzvləri üçün lazım olan aşağıdakı ev avadanlıqları, əşyalara: bir radio və bir televizora tələbin yönəldilməsinə yol verilmir. Göründüyü kimi, hazırki təqdimatda qeyd olunan əşyaya tələbin yönəldilməsi yolverilməz olduğundan, təqdimat əsassız hesab olunmalıdır. Həmçinin, faktiki borclunun iştirakı olmadan baxış keçirilən mənzilin borcluya məxsus olmadığı bilindiyi halda, həmin mənzildə yerləşən kondisionerin borcluya məxsusluğu tam və dəqiq aydınlaşdırılmadan, həmin əşyanın üzərinə həbsin qoyulması tələbi də əsaslı hesab oluna bilməz. Belə ki, “İcra Haqqında” Azərbaycan Respublikasının Qanununun 1-1-ci maddəsinə əsasən, icra qanunvericiliyi qanunun aliliyinin təmin olunması və hamının qanun qarşısında bərabərliyi, obyektivlik, ədalətlilik prinsiplərinə əsaslanır. Eyni zamanda, məhkəmə qeyd etməyi zəruri hesab edir ki, “Elektron məhkəmə” informasiya sistemində mövcud olan məlumatlara əsasən borclu əmək müqaviləsi üzrə xadimə işlədiyindən, borclunun əmlakı aşkar edilmədiyi halda icra məmuru tərəfindən tələbin borclunun əmək haqqına və digər gəlirlərinə yönəldilməsi imkanı da araşdırılmamışdır. Halbuki, “İcra Haqqında” Azərbaycan Respublikasının Qanununun 63.1.3-cü maddəsinə əsasən, tələbin tam ödənilməsi üçün borclunun əmlakı olmadıqda və ya onun əmlakı kifayət etmədikdə, tələbin borclunun əmək haqqına və digər gəlirlərinə yönəldilməsinə yol verilir. Beləliklə, yuxarıda qeyd olunan hallara və sadalanan hüquq normalarına əsasən məhkəmə müəyyən edir ki, təqdimat əsassız olduğundan təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və “İcra Haqqında” Azərbaycan Respublikasının Qanununun 1-1, 45-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Təqdimat təmin edilməsin. Qərardaddan 10 (on) gün müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə şikayət verilə bilər. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin Hakimi : Fuad Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar