Məhkəmə qərarları › İş №8(002)-128/2023

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərardad — İş №8(002)-128/2023

17.05.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(002)-128/2023 17.05.2023 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Aslanova Gülnar Faiq qızının sədrliyi, X10 oğlunun katibliyi, Borclu iştirakı ilə, Zəngilan Rayon Məhkəməsi tərəfindən verilmiş e-2(034)-45/2023-014 nömrəli, xx.xx.2023cü il tarixli icra sənədi üzrə borclu X4 ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında Bakı şəhəri Qaradağ Rayon İcra şöbəsinin İ dərəcəli ədliyyə qulluqçusu X2 təqdimatına açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: Bakı şəhəri Qaradağ Rayon İcra şöbəsinin İ dərəcəli ədliyyə qulluqçusu X7 təqdimatla məhkəməyə müraciət edərək borclu X5 ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qərardad çıxarılmasını xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Zəngilan Rayon Məhkəməsi tərəfindən verilmiş e- 2(034)-45/2023-014 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən xx.xx.1987-ci ildə anadan olmuş və ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan borclu X3 9277.66 manat məbləğində pul vəsaiti tutularaq Tələbkar ASC-in xeyrinə ödənilməlidir. İcra sənədi icraata xx.xx.2023-cü il tarixdə daxil olmuş və tələbin könüllü icrası haqqında borcluya bildiriş və qərar göndərilmişdir. İcraata başlamaq haqqında qərar qəbul edilərək, qərarın surəti bildirişlə icra sənədi üzrə borclu X6 göndərilmiş, icra sənədində olan tələbi könüllü təmin edilməsi üçün 10 gün müddət müəyyən edilmişdir. Lakin bu müddət ərzində borclu tərəfindən icra sənədində olan tələb könüllü təmin edilmədiyi üçün tərəfindən borclunun əmlak vəziyyətini yoxlamaq üçün aidiyyəti təşkilatlara sorğular göndərilmişdir. Bu səbəbdən də, icra məmuru borclu X4 ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında qərardad çıxarılmasını xahiş etmişdir. Borclu X8 məhkəmə iclasında iştirak edərək, öz izahatında xarici ölkəyə getmədiyini və icra məmurlarının çağırışlarına cavab verdiyini, anası xəstə olduğu üçün bankdan kredit götürdüyünü və onun müalicəsinə xərclədiyini, hal-hazırda da onun müalicəsi ilə məşğul olduğu üçün xaricə ölkəyə çıxış məsələsinin real olmadığını, borcu hissə-hissə ödəməyə razı olduğunu və təqdimatın təmin edilməməsini xahiş etmişdir. Tələbkar və icra məmuruna məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, onlar məhkəmə iclasına gəlməmiş və məhkəmə mülki prosessual qanunvericiliyin tələbinə əsasən təqdimata onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə təqdimatı və ona əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, təqdimat əsassız olduğundan təmin edilməməlidir. Məhkəmənin sorğusuna əsasın işin hərtərəfli araşdırılması məqsədilə e89378/2023-34-19- 004 nömrəli İcra İşi məhkəməyə təqdim edilmişdir. Belə ki, təqdimata əlavə edilmiş sənədlərdən və İcra İşindən görünür ki, Zəngilan Rayon Məhkəməsi tərəfindən verilmiş e-2(034)-45/2023-014 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən cavabdeh X3 8238.69 manat məbləğində əsas borc, 988.97 manat məbləğində faiz borcu, 50 manat məbləğində cərimə borcu olmaqla, cəmi 9277.66 manat məbləğində borc tutularaq iddiaçı “Bank VTB (Azərbaycan) ASC-ə ödənilməlidir. Müvafiq icra sənədinin icrası üzrə xx.xx.2023-cü il tarixdə icraata başlamaq haqqında qərar qəbul edilmiş və tələbin könüllü icrası haqqında bildiriş borclu tərəfindən xx.xx.2023-cü il tarixdə imzalamaqla qəbul edilmişdir. Qeyd edilən icra sənədi üzrə xx.xx.2023-cü il tarixli xəbərdarlıqdan görünür ki, borclu X6 icra sənədi üzrə tələbi təmin etmək üçün Bakı şəhəri, Qaradağ rayon İcra şöbəsinə gəlməsi, əks halda ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə təqdimatla məhkəməyə müraciət olunacağı bildirilmişdir. Borclu xəbərdarlıqla tanış olmuş və borcun əmək haqqına yönəldilməsinə icazə verməməsi barədə qeyd etməklə xəbərdarlığı imzalamışdır. “İcra haqqında” Azərbaycan Respublikasının Qanununun 84-1.1-ci maddəsinə əsasən məhkəmə qərarları əsasında verilmiş icra sənədləri könüllü icra üçün müəyyən edilmiş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, borclunun ölkədən getmək hüququ icra məmurunun əsaslandırılmış təqdimatı əsasında məhkəmə qərarı ilə müvəqqəti məhdudlaşdırıla bilər. Borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə icra məmuru tərəfindən dərhal borclunun özünə, tələbkara və müvafiq icra hakimiyyəti orqanına məlumat verilir. “Şəxsin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasının icra və probasiya qurumları tərəfindən tətbiqi qaydaları haqqında” Təlimata əsasən 2.1-ci maddəsinə əsasən, məhkəmə qərarı, əmri və vergi orqanlarının pul tələblərinin ödənilməsi ilə bağlı inzibati aktı əsasında verilmiş icra sənədi könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, borclunun ölkədən getmək hüququ icra məmurunun əsaslandırılmış təqdimatı əsasında məhkəmənin qərarı ilə müvəqqəti məhdudlaşdırıla bilər. Təlimatın 2.2-ci maddəsinə əsasən, borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması zərurəti yarandıqda icra məmuru təqdimatla məhkəməyə müraciət etməzdən əvvəl: 2.2.1. könüllü icra üçün bildirişin borcluya rəsmən təqdim olunmasını, yəni icra məmurunun özü, yaxud müəyyən olunmuş qaydada sifarişli poçt göndərişi (məktubu) ilə rabitə orqanları tərəfindən borclunun yaşadığı ünvana və ya onun işlədiyi yer üzrə çatdırılmasını təmin edir. Könüllü icra üçün bildiriş borcluya qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə verilir. Bildirişlərin rəsmi qaydada verilməsi icra qurumunda da həyata keçirilə bilər...2.2.2. icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi səbəblərini müəyyənləşdirir; 2.2.3. borcun ödənilməsi tələbinə dair icra sənədlərinin icrası zamanı borclunun əmlakının axtarılması üçün bütün tədbirləri həyata keçirir, o cümlədən onun yaşadığı mənzildə tələbin yönəldilə biləcəyi əmlakların olub-olmamasını yoxlayır. İcra haqqında qanunvericiliyin tələbindən görünür ki, borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması tədbiri o halda tətbiq olunur ki, borclu icra məmurunun çağırışı ilə gəlməkdən və ya icra hərəkətlərinin həyata keçirildiyi yerə gəlməkdən üzrsüz səbəbdən yayınmış olsun. Həmçinin, bununla bağlı verilmiş təqdimat əsaslandırılmış olsun. Məhkəmə təqdimat və ona əlavə edilmiş sənədləri, eləcə də e89378/2023-34-19-004 nömrəli İcra İşinin materiallarını araşdıraraq hesab edir ki, borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması zərurəti hazırkı işdə yaranmamışdır. Çünki, borclu X1 icra sənədini üzrsüz səbəbdən icra etməməsini təsdiq edən hallar sübut edilmir. Belə ki, borclu tələbin könüllü icrası haqqında bildirişi almış və irca məmurunun çağırışına cavab verərək icra şöbəsində olmuş, eləcə də, borcunun yaxın vaxtlarda hissə-hissə ödəyəcəyini məhkəmə iclasında bildirmişdir. Beləliklə, borclunun icra sənədini icra etməkdən üzrlü səbəbdən yanınması əsasları müəyyən edilmədiyini, borclu icra məmurunun çağırışlarından yayınmadığı, yuxarıda adı çəkilən təlimatın tələblərinə uyğun olaraq borclunun yaşadığı mənzildə tələbin yönəldilə biləcəyi əmlakların olub-olmamasını barədə müvafiq yoxlama aparılmadığını nəzərə alaraq məhkəmə hesab edir ki, borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması zərurəti icra məmuru tərəfindən əsaslandırılmadığından hazırkı təqdimat təmin edilməməlidir. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231, 267-268-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: Təqdimat təmin edilməsin. Qərardaddan tərəflərə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində elektron kabinet vasitəsilə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Gülnar Aslanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar