Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(002)-148/2024 07.05.2024 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Aslanova Gülnar Faiq qızının sədrliyi, X3 oğlunun katibliyi, Borclu iştirakı ilə, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-1796/2018 saylı, xx.xx.2018-ci il tarixli icra qeydinin hissə-hissə icra edilməsi barədə Borclu ərizəsinə açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: Borclu ərizə ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-1796/2018 saylı, xx.xx.2018-ci il tarixli qətnaməsi ilə ondan tutulmalı olan 5714 manat borcun hissə-hissə ödənilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Borclu ərizəni onunla əsaslandırmışdır ki, Qaradağ rayon məhkəməsinin 2(002)- 1796/2018 saylı xx.xx.2018-ci il tarixli qətnaməsi ilə ondan əmlak tələbinə dair ümumilikdə 5714 manat məbləğində pulun tutularaq Tələbkar ödənilməsi qət edilmişdir. O 16 may 2018-ci il tarixdə avtoqəzaya düşmüş və sol bud sümüyünün orta yuxarı üçdə birinin yerdəyişən qəlpəli qapalı sınığı, sol tərəf oma sümüyünün sınığını, sağ aşıq sümüyünün qapalı sınığı xəsarəti almışdır. Avtoqəzaya düşdükdən 10 gün sonra bud sümüyünün sınığı ilə bağlı əməliyyat edilmişdir. Çanaqda və bel omba birləşmələrində olan sınıqlara görə altı ay müddətində hərəkətində tam məhdudiyyət olmuşdur. xx.xx.2018-ci il tarixdə ona qoşa qoltuq altı ǝl ağacı ilə hərəkətə icazə verilmişdir. xx.xx.2019-cu il tarixdə sol bud sümüyünə əməliyyat nəticəsində qoyulmuş metal çıxarılmış və ona müalicələr yazılmışdır. Bu müddət ərzinə ona müşahidəçi ilə hərəkət təyin edilmişdir. Qəza nəticəsində isə altı ay yataq xəstəsi olmaqla onun özünün kənar şəxsin qulluğuna ehtiyacı olubdur. Göründüyü kimi o xx.xx.2018-ci il tarixdən yataq xəstəsi olmaqla onun işləyib qazanc əldə etməyə imkanı olmamışdır. Hazırda Sabuncu rayon məhkəməsinin qətnaməsi ilə iki uşağa görə cəmi 320 manat aliment ödəyir və alimentə görə 18536 manat aliment borcum yaranmışdır. 05 may 2020-ci il tarixdən Dövlət Sosial Müdafiə Nazirliyinin tabeliyində olan Dövlət Məşğulluq agentliyinin Mərkəzləşdirilmiş elektron informasiya sistemində işsiz kimi qeydiyyatdadır. O həmin borcu ödəməkdən imtina etmir. Lakin xəstəliyimlə əlaqədar olaraq işləyə bilmir, məşğulluq mərkəzində də qeydiyyatdadır. Heç bir gəlir mənbəyi yoxdur. Həmin pulu bir dəfəyə ödəmək imkanı yoxdur. Borclu məhkəmə iclasında iştirak edərək 5714 manat qızıl-zinət borcu olduğunu, aliment borcunun olduğunu, ümumilikdə 23000 manat borcu olduğunu, qəza keçirtdiyini, əlillik barədə sənəd almasa da işləmək qabiliyyətinin olmadığını, 15 gün inzibati həbs olunduğunu bildirmiş və qeyd etmişdir ki, əgər maddi imkanı olsa idi həbs olunmazdı borcunu ödəyərdi. Göstərilənlərə əsasən borclu ərizənin təmin edilməsini xahiş etmişdir. Tələbkar və icra məmuru məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, onlar məhkəmə iclasına gəlməmiş və məhkəməyə gəlməmələrinin səbəbləri barədə hər hansı məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.2-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər iclasın vaxtı və yeri haqqında xəbərdar edilirlər, lakin onların gəlməməsi məhkəmə qarşısında qoyulmuş məsələnin həll edilməsinə mane olmur. Məhkəmə ərizəni nəzərdən keçirərək hesab edir ki, ərizə əsassız olduğundan təmin edilməməlidir. Belə ki, məhkəmə araşdırması nəticəsində Qaradağ Rayon İcra Şöbəsi tərəfindən təqdim edilmiş sənədlərdən məlum olmuşdur ki, Borclu cinayət məsuliyyətinə cəlb edilməsi haqqında təqdimat və ona əlavə edilmiş materiallar baxılması üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyi İcra Baş İdarəsinə göndərilmişdir. Həmin təqdimata əsasən, Sabunçu Rayon Məhkəməsinin 2(008)-2281/2018 saylı, xx.xx.2018-ci il tarixli icra vərəqəsinə əsasən Borclu xx.xx.2016-cı il təvəllüdlü X2 və xx.xx.2017-ci il təvəllüdlü X1 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün xx.xx.2018-ci il tarixdən başlayaraq hər uşaq üçün 154 manat olmaqla, hər ay cəmi 308 manat sabit pul məbləğində aliment tutularaq Tələbkar verilməlidir. İcra sənədi 28 mart 2018-cü il tarixdə icraata daxil olmuş, müvafiq qaydada icraya yönəldilmiş, icraata başlamaq haqqında qərar qəbul edilərək icra edilməsi üçün tələbin könüllü icrasına dair bildirişlə birlikdə tərəflərə göndərilmişdir. Borclu icra sənədinin icrasını təmin etmədiyindən Qaradağ rayon icra şöbəsinə dəvət edilmiş, izahatı alınmış və aliment borcunun ödənilməsi ondan tələb edilmişdir. Borclu tərəfindən aliment borcu üzrə öhdəlikləri yerinə yetirilmədiyindən Qaradağ rayon məhkəməsinin xx.xx.2019-cu il tarixli qərardadı ilə Borclu ölkədən getmə hüququ müvəqqəti olaraq məhdudlaşdırılmışdır. Daha sonra borclu barəsində xx.xx.2018-ci il tarixində Qaradağ rayon İcra şöbəsinin icraatına Qaradağ rayon məhkəməsinin 2(002)-1796/2018 saylı, xx.xx.2018-ci il tarixli icra sənədi daxil olmuşdur. Həmin icra sənədinə əsasən Borclu qiyməti 1600 manat olan 30 qram 585 əyyarlı bir dəst qarnitur, qiyməti 400 manat olan 4 qram 750 əyyarlı bir ədəd brilyant qaşlı üzük, qiyməti 600 manat olan 4,8 qram 750 əyyarlı bir ədəd nişan üzüyü, qiyməti 850 manat olan 585 əyyarlı bir adad brilyant qaşlı üzük, qiyməti 1100 manat olan 10,75 qram 585 əyyarlı bir ədəd qolbaq, qiyməti 300 manat olan 6,6 qram 585 əyyarlı bir ədəd qadın qolbağı və qiyməti 864 manat olan "Samsung Galaxy SM J 710 DS" markalı mobil telefonun özü və ya həmin əşyalar aşkar edilməzsə onların ümumi dəyəri olan 5714 (beş min yeddi yüz on dörd) manat alınaraq Tələbkar verilməlidir. Qeyd olunan icra sənədi üzrə xx.xx.2018-ci il tarixdə icraata başlamaq haqqında qərar qəbul edilərək tələbin könüllü icra edilməsi üçün bildirişlə birlikdə Borclu göndərilmişdir. Həmçinin tələbkarın ərizəsinə əsasən Sabunçu Rayon Məhkəməsinin 2(008)- İcra vereqi 02 oktyabr 2019-cu il tarixdə icraata daxil olmuş, icraata başlamaq haqqında qərar qəbul edilərək tələbin könüllü icra edilməsi üçün bildirişlə birlikdə Borclu göndərilmiş və qeyd olunan icra sənədləri ümumi icraatda birləşdirilmişdir. İcra sənədinin icrası ilə bağlı borclunun əmlak vəziyyəti və gəlirlərinin olub-olmaması yoxlanılmış, lakin tələbin yönəldilə biləcəyi əmlak və gəlirləri aşkar edilməmişdir. İcra sənədinin icrası ilə əlaqədar Borclu yenidən icra şöbəsinə çağırılmış, izahatı alınmış, habelə ondan alimenti üzrə yaranmış borc məbləği tam şəkildə tələb olunmuşdur. İcra məmurunun məhkəmə qərarının icrası ilə əlaqədar qanuni tələblərini yerinə yetirmədiyinə görə Borclu barəsində xx.xx.2023-cü il tarixdə inzibati xəta haqqında protokol tartib edilmiş və Qaradağ Rayon Məhkəməsinin 3(002)-222/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı ilə 500 manat məbləğində inzibati qaydada cərimə edilmişdir. Qeyd olunan Qaradağ rayon məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarından həm borclu, həm də tələbkar tərəfindən verilmiş, apellyasiya şikayətləri təmin edilməyərək Bakı Apellyasiya Məhkəməsinin 3(103)- 362/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı ilə dəyişdirilmədən saxlanılmışdır. xx.xx.2023-cü il tarixdə Borclu işlə təmin olunmasına köməklik göstərilməsi üçün AR ƏƏSMN tabeliyində dövlət məşğulluq agentliyinin Bakı Regional Məşğulluq filialına müraciət edilmişdir. AR ƏƏSMN tabeliyində dövlət məşğulluq agentliyinin Bakı Regional Məşğulluq filialından daxil olmuş xx.xx.2023-cü il tarixli məktuba əsasən Borclu MEİS-də formalaşdırılmış vakansiya bankından münasib iş ("xxxx" QSC-də hüquqşünas vəzifəsi) təklif olunduğu və münasib iş borclu tərəfindən qəbul edildiyi bildirilmişdir. xx.xx.2023-cü il tarixdə Borclu işlə təmin edilib-edilmədiyi barədə məlumat almaq üçün Bakı Regional Məşğulluq filialına və "xxxx" QSC-yə sorğular göndərilmiş, lakin sorğuların cavablarına əsasən borclu ilə hər hansı bir əmək münasibəti mövcud olmadığı müəyyən edilmişdir. xx.xx.2023-cü il tarixdə borclunun yaşadığı ünvana baxış keçirilmiş, lakin həmin mənzildə icra sənədində qeyd edilən tələbin yönəldilə biləcəyi əmlak aşkar edilməmişdir. İcra məmurunun məhkəmə qərarlarının icrası ilə əlaqədar qanuni tələblərini yerinə yetirmədiyinə görə Borclu barəsində xx.xx.2024-cü il tarixdə inzibati xəta haqqında protokol tərtib edilmiş və Qaradağ rayon məhkəməsinin 3(002)-695/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı ilə 15 gün müddətində inzibati qaydada həbs edilmişdir. Borclu xx.xx.2023-cü il, xx.xx.2023-cü, xx.xx.2023-cü il və xx.xx.2024-cü il tarixlərdə məhkəmə qərarını icra etmədiyinə görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb olunması haqqında xəbardarlıq edilmişdir. Borclu Sabunçu Rayon Məhkəməsinin 2(008)-2281/2018 saylı, xx.xx.2018-ci il tarixli icra vərəqəsinin icraatda olduğu dövrdə aliment borcundan 4916 manat ödəniş etmiş, 936 manat ödənilməmiş aliment borcu qalmışdır. Borclu Sabunçu rayon məhkəməsinin 2(008)-5105/2019 saylı, xx.xx.2019-cu il tarixli icra vərəqəsinə əsasən 17600 manat ödənilməmiş aliment borcu qalmışdır. Borclu hər iki icra sənədi üzrə ümumilikdə 4916 ödəniş edilmişdir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə əsasən tərəflər icra sənədinin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icrası yaxud icra sənədinin icrası üsulunun və qaydasının dəyişdirilməsi haqqında işə baxmış məhkəməyə müraciət edə bilərlər. Borclunun əmlak vəziyyətini və digər halları nəzərə alaraq, məhkəmə həmin müraciətlərə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 231-ci maddəsi ilə müəyyən edilmiş qaydada baxır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.1-ci maddəsinə əsasən işə baxmış hakim işdə iştirak edən şəxslərin ərizəsi üzrə tərəflərin əmlak vəziyyətinə və digər hallara əsasən qətnamənin icrasına möhlət verməyə və ya qətnaməni hissə-hissə icra etdirməyə, habelə onun icra üsulunu və qaydasını dəyişdirməyə haqlıdır. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikasi Ali Məhkəməsinin Plenumunun 24 noyabr 2005-ci il tarixli qərarında qeyd edilir ki, məhkəmələr nəzərə almalıdırlar ki, qətnamənin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icra edilməsi, qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsi müstəsna hal olub, qətnamənin icrası üçün çətinlik törədən və yaxud borclu üçün yaranmış əlverişsiz hallarda tətbiq oluna bilər. Məhkəmələr bu məsələləri həll etdikdə təkcə borclunun deyil, tələbkarın mənafeyini də nəzərə almalıdırlar. Qanunvericiliyin tələblərindən aydın olur ki, hissə-hissə icra barədə ərizə verən şəxsin əmlak vəziyyətinin həmin aktın icrasına maneə törədəcək şəkildə aşağı olmasının müəyyən edilməsindən asılı olduğu qədər, həm də onun təklif etdiyi icra qaydası tələbkarın da hüquqlarını pozmamalı və məhkəmə aktının real icrasını təmin etməli, tələbkarın icranın qısa müddət ərzində təmin olunmasına dair qanuni mənafeyi mütləq nəzərə alınmalıdır. Məhkəmə hesab edir ki, borclunun təklif etdiyi icra qaydası həmin meyara cavab verməməkdədir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinə əsasən, məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Əgər məhkəmə qərarları hər hansı bir səbəblə icra edilmirsə, o zaman, ədalət mühakiməsinin məqsədlərinə nail olunmasından söhbət gedə bilməz. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Hornsbi Yunanıstana qarşı” işdə bu prinsipi belə vurğulamışdır: “....Razılığa gələn Dövlətlərin daxili hüquq sistemləri məcburi qüvvəyə malik yekun məhkəmə qərarının tərəflərdən birinin ziyanına olaraq icra olunmadan qalmasına yol versəydi, 6-cı maddə ilə təmin olunan məhkəməyə müraciət hüququ xəyali hüquq olardı”. Həmin Məhkəmənin “Əfəndiyeva Azərbaycana qarşı” və “Tarıverdiyev Azərbaycana qarşı” qərarları da məhz məhkəmə qərarlarının icra edilməməsi ilə bağlı qəbul edilmiş və Məhkəmə qeyd etmişdir ki, məhkəmə qərarının icra olunması İnsan hüquqları haqqında Avropa Konvensiyasının 6-cı maddəsində təsbit olunmuş ədalətli məhkəmə araşdırması hüququnun ayrılmaz tərkib hissəsi kimi nəzərdən keçirilməlidir. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, borclu hissə-hissə icra olunmaya dair tələbini müvafiq məbləği birdəfəlik ödəmək iqtidarında olmaması kimi hallarla əlaqələndirsə də, istinad etdiyi həmin hallara hər hansı sübutu məhkəməyə təqdim etməmiş, əmək qabiliyyətsiz olmasını, işləməməsi üçün hər hansı əsaslı səbəblərin olmasını təsdiq edən sənədləri təqdim etməmiş, uzun müddət keçməsinə baxmayaraq məhkəmə qətnaməsini qismən də olsa icra etməmişdir. Bununla da, məhkəmə tərəfindən borclu tərəfindən müvafiq icra icraatına çətinlik törədən və ya borclu üçün yaranmış əlverişsiz halların olmasına, başqa sözlə qətnamənin hissə-hissə icra olunmasına əsas verən müstəsna halın olmasını, habelə bununla bağlı tələbkarın razılığının olmasını müəyyən etmək mümkün olmamışdır. Ona görə də məhkəmə hesab edir ki, tələbkarın mənafeyi nəzərə alınmaqla borclu tərəfindən verilmiş ərizə təmin edilməməlidir. Beləliklə, məhkəmə qeyd olunan normaları əsas tutaraq, habelə borclu ilə yanaşı tələbkarın mənafeyini nəzərə alaraq, habelə hissə-hissə icra edilmə üçün müstəsna halın olmasının müəyyən edilməməsini əsas götürərək hesab edir ki, Borclu qətnamənin hissə-hissə icra edilməsi barədə ərizəsi təmin edilməməlidir. Məhkəmə şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 231, 263-264 və 266-268-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: Borclu tərəfindən verilmiş icra sənədinin hissə-hissə icra edilməsi barədə ərizə təmin edilməsin. Qərardaddan qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində, elektron kabinet vasitəsilə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Gülnar Aslanova
Məhkəmə qərarları › İş №8(002)-148/2024
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərardad — İş №8(002)-148/2024
07.05.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver