Məhkəmə qərarları › İş №8(002)-149/2022

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərardad — İş №8(002)-149/2022

27.04.2022 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(002)-149/2022 27.04.2022 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov Fuad Ələsgər oğlunun sədrliyi, Mirzəliyev Amil Rəfayıl oğlunun katibliyi, Qaradağ rayon İcra şöbəsinin icra məmuru X3, Tələbkar, onun etibarnamə üzrə səlahiyyətli nümayəndəsi X1, Borclu etibarnamə üzrə səlahiyyətli nümayəndəsi və vəkili X6 iştirakı ilə, Borclu Qaradağ rayon İcra şöbəsinə məcburi gətirilməsi barədə Qaradağ rayon İcra şöbəsinin icra məmuru Orxan Göyüşlünün təqdimatına Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-375/2021 saylı, 05 aprel 2021-ci il tarixli qətnaməsi üzrə verilmiş icra vərəqəsinə əsasən, nikah pozulduqdan sonra 13.09.2018-ci il təvəllüdlü X2 anası Tələbkar yanında qalması müəyyən edilməli və 13.09.2018-ci il təvəllüdlü X4 anası Tələbkar faktiki himayəsinə verilməli, 13.09.2018-ci il təvəllüdlü X2 faktiki anasının himayəsinə verildiyi gündən yetkinlik yaşına çatanadək saxlanılması üçün Borclu hər ay qazancının ¼ (dörddə bir) hissəsi miqdarında və əlavə olaraq 50 (əlli) manat sabit pul məbləğində aliment tutularaq Tələbkar ödənilməlidir. Məhkəmə baxışı zamanı Qaradağ rayon İcra şöbəsinin icra məmuru X8 izahat verərək bildirdi ki, icra sənədi icraatına daxil olduqdan sonra icraata başlamaq haqqında qərar qəbul edilmiş və qanunla müəyyən edilmiş 10 gün müddətində icra sənədi üzrə tələbin könüllü icra edilməsi üçün bildirişlə birlikdə Borclu təqdim edilmişdir. Borclu 26.05.2021-ci ildə İcra şöbəsinə gələrək izahat vermiş, qətnamədən apellyasiya şikayəti verdiyini bildirmişdir. Qətnamə yuxarı instansiya məhkəmələri tərəfindən dəyişdirilmədən saxlanılmış, bundan sonra icra hərəkətləri davam etdirilmişdir. Bu ilin mart ayında borclunun icra şöbəsinə gəlməsi barədə xəbərdarlıq və smsbildiriş göndərmiş, lakin borclu icra şöbəsinə gəlməmişdir. Bu səbəbdən borclunun icra şöbəsinə gətirilməsini təmin etmək məqsədilə onun axtarışı barədə qərar qəbul edərək icra olunması üçün Polis İdarəsinə göndərmiş, eyni zamanda məhkəməyə təqdimatla müraciət etmişdir. Borclunun Polis İdarəsi tərəfindən saxlanılması barədə ona indiyə kimi rəsmi məlumat verilməmişdir. Qeyd olunanlara əsasən, təqdimatın təmin olunmasını xahiş edir Məhkəmə baxışı zamanı Tələbkar və onun etibarnamə üzrə səlahiyyətli nümayəndəsi X5 izahat verərək bildirdilər ki, borclu İcra şöbəsinə gəlmir, ona görə də təqdimatın təmin olunmasını xahiş edirlər. Məhkəmə baxışı zamanı Borclu etibarnamə üzrə səlahiyyətli nümayəndəsi və vəkili X9 izahat verərək bildirdi ki, Borclu icradan yayınmamış, dəfələrlə uşaqla birlikdə icra məmurunun yanında olmuşdur, lakin icranın baş tutmaması barədə icra məmuru hər hansı aktlaşdırma aparmamışdır. Halbuki, borclu icra hərəkətlərinin uşağın səhhəti ilə bağlı psixoloqun, Qəyyumluq və Himayəçilik Komissiyasının iştirakı ilə həyata keçirilməsini tələb edir. Eyni zamanda qeyd edir ki, uşaq tələbi ilə bağlı məhkəməyə müraciət etmişlər və həmin mülki iş hazırda Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin icraatındadır, bu barədə icra məmuruna icra sənədi üzrə icraatın dayandırılması ilə bağlı vəsatət verilsə də, icra məmuru bu vəsatətə qanunsuz olaraq baxmamışdır. Həmçinin bildirir ki, icra məmuru əsassız olaraq, həm borclunun ünvanından məcburi gətirilməsi barədə təqdimat vermiş, həm də guya ünvanında yaşamayan borclunun barəsində axtarış vermişdir. Axtarış qərarı ilə bağlı borclu 26.04.2022-ci il tarixdə 11-ci PB-nin əməkdaşları tərəfindən saxlanılmış və hazırda İcra şöbəsinə gətirilmişdir. Qeyd olunanlara əsasən, təqdimatın təmin edilməməsini xahiş edir. İş materiallarına əlavə edilmiş AR DİN Bakı şəhəri Qaradağ RPİ-nin 11-ci X7 rayon İcra şöbəsinə ünvanladığı 27.04.2022-ci il tarixli məktubun surətindən görünür ki, Qaradağ RPİ tərəfindən mülki axtarışda olan Qaradağ rayonu, Sanqaçal qəsəbəsi, massiv 2, ev 2-də qeydiyytada olan, xx.xx.1992-ci il təvəllüdlü Borclu saxlanılaraq İcra şöbəsinə göndərilmiş və hazırda Qaradağ rayon İcra şöbəsinə təqdim edilmişdir. Beləliklə, məhkəmə izahatları dinləyib, iş materiallarını araşdıraraq, borclunun hazırda faktiki olaraq İcra şöbəsinə gətirildiyini və mövcud vəziyyətdə onun məcburi qaydada gətirilməsinə zərurətin qalmadığını nəzərə alaraq hesab edir ki, təqdimat təmin edilməməlidir. Belə ki, İcra haqqında Azərbaycan Respublikası Qanununun 84.2-ci maddəsinə əsasən, icra məmurunun çağırışı ilə gəlməkdən və ya icra hərəkətlərinin həyata keçirildiyi yerə gəlməkdən üzrsüz səbəbdən yayınan şəxslər barəsində məhkəmənin qərarı əsasında məcburi gətirilmə tədbiri tətbiq olunur. Həmin Qanunun 1-1-ci maddəsinə əsasən, icra qanunvericiliyi qanunun aliliyinin təmin olunması və hamının qanun qarşısında bərabərliyi, obyektivlik, ədalətlilik prinsiplərinə əsaslanır. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 231, 263-264 və 268-269-cu maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Təqdimat təmin edilməsin. Qərardaddan 10 (on) gün müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə şikayət verilə bilər. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin hakimi : Fuad Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar