Məhkəmə qərarları › İş №8(002)-165/2025

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərardad — İş №8(002)-165/2025

06.08.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(002)-165/2025 06.08.2025 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Əsədov Kamran Bağır oğlu, Ərizəçi Borclu «icra məmurunun hərəkətlərinin qanunsuz hesab edilməsi» tələbinə dair ərizəsini (şikayətini) və ona əlavə edilmiş sənədləri məhkəmənin inzibati binasında nəzərdən keçirib MÜƏYYƏN ETDİ: Ərizəçi Borclu «icra məmurunun hərəkətlərinin qanunsuz hesab edilməsi» tələbinə dair ərizə ilə (şikayətlə) məhkəməyə müraciət edərək, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(002)-2732/2018 saylı qətnaməsi ilə 2 uşağın saxlanılması üçün müəyyən olunmuş 308 manat alimentin, eləcə də, yaranmış borc üzrə 200 manat vəsaitin, ümumi 508 manat alimentin tərəfindən cavabdehə hər ay ödənildiyi halda, yaranmış borcun hamısının ondan birdəfəlik ödənilməsini tələb etmək və bu tələbi yerinə yetirmədiyinə görə «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 82.3-cü maddəsinə əsassız olaraq istinad edib barəsində törətmədiyi Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsi ilə cinayət işinin başlanması haqqında xx.xx.2024-cü il tarixdə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin İstintaq İdarəsinə təqdimatın göndərilməsi kimi, Qaradağ rayon İcra Şöbəsinin böyük icra məmuru X4 və Qaradağ rayon İcra Şöbəsinin rəisi Azər Paşayevin hərəkətlərinin qanunsuz hesab edilməsi, eləcə də, əsassız qəbul edilmiş və göndərilmiş həmin təqdimatın qanunsuz hesab edilib ləğv olunması barədə qərar çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 8(002)-165/2025 saylı qərardadı ilə ərizəçi (borclu) Borclu icra məmurunun hərəkətlərinin qanunsuz hesab edilməsi tələbinə dair ərizəsi (şikayəti) və ona əlavə olunmuş sənədlərin iddianın yolverilməzliyinə görə qəbul edilməsindən imtina olunmuşdur. Həmin qərardaddan ərizəçi (borclu) Borclu tərəfindən şikayət verilmiş, eyni zamanda şikayət verilməsi üçün prosessual müddətin bərpa edilməsi barədə ərizə ilə məhkəməyə müraciət olunmuşdur. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 8(002)-165/2025 saylı qərardadı ilə ərizə təmin edilmiş, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 8(002)-165/2025 saylı qərardadından ərizəçi (borclu) Borclu tərəfindən şikayət verilməsi müddətinin buraxılmasının səbəbi üzürlü hesab edilməklə, buraxılmış prosessual müddət bərpa edilmişdir. Bundan sonra, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 8(002)-165/2025 saylı qərardadı ilə Borclu şikayəti təmin edilmiş, iş üzrə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 8(002)-165/2025 saylı qərardadı ləğv edilmişdir. Daha sonra, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 8(002)-165/2025 saylı qərardadı ilə ərizəçi Borclu icra məmurunun hərəkətlərinin qanunsuz hesab edilməsi tələbinə dair ərizəsi (şikayəti) və ona əlavə olunmuş sənədlər iddianın yolverilməzliyinə görə qəbul edilməkdən imtina edilmişdir. Ərizəçi Borclu həmin qərardaddan şikayət vermiş, məhkəmənin xx.xx.2025-ci il tarixli, 8(002)-165/2025 saylı qərardadı ilə şikayət təmin edilməmiş, baxılması üçün işlə birlikdə Bakı Apellyasiya Məkəməsi Mülki Kollegiyasına göndərilmişdir. Bakı Apellyasiya Məkəməsi Mülki Kollegiyasının xx.xx.2025-ci il tarixli, 8(103)- 318/2025 saylı qərardadı ilə şikayət qismən təmin edilmiş, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 8(002)-165/2025 saylı qərardadı ləğv edilmiş, iş bu qərardadın əsaslandırıcı hissəsində göstərilənlər nəzərə alınmaqla yenidən baxılması üçün Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə göndərilmişdir. Həmin qərardadda qeyd olunmuşdur ki, şikayətin dəlilləri araşdırılarkən məhkəmə iclasının videogörüntülərinə baxış keçirilmiş, xx.xx.2025-ci il tarixli məhkəmə iclasında cəmi 2 qərardad – buraxılmış prosessual müddətin bərpası və xx.xx.2025-ci il tarixli qərardadın ləğv olunması, ərizənin mümkünlüyü məsələsinə yenidən baxılaraq hüquqi qiymət verilməsi barədə qərardad elan olunmuşdur. Elektron Məhkəmə Sistemində mövcud videogörüntülərdən hazırkı mübahisələndirilən ərizə (şikayəti) və ona əlavə olunmuş sənədlərin iddianın yolverilməzliyinə görə qəbul edilməkdən imtina olunması barədə qərardadın qəbul edilmədiyi müəyyən olunmuşdur. Buna baxmayaraq, məhkəmə iclas protokolunda belə bir qərardadın qəbul edildiyi qeyd olunmuşdur. Məhkəmə kollegiyası hesab etmişdir ki, belə bir uyğunsuzluğun olduğu vəziyyətdə mübahisələndirilən qərardad qüvvədə saxlanıla bilməz. Ərizəni (şikayəti) və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək (məhkəmə iclasından kənar qaydada ayrıca prosessual hərəkət qaydasında) məhkəmə hesab edir ki, ərizə və ona əlavə edilmiş sənədlərin icraata qəbul edilməsindən imtina edilməlidir. Belə ki, təqdim olunmuş sənədlərdən göründüyü kimi, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(002)-2732/2018 nömrəli qətnaməsi üzrə verilmiş icra vərəqəsinə əsasən borclu Pholadov (Poladov) Zokhrab (Zöhrab) Ədalət oğlundan xx.xx.2018-ci il tarixdən başlayaraq xx.xx.2013-cü il tarixdə doğulmuş X2 və xx.xx.2015-ci il tarixdə doğulmuş X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay bir uşağa görə 154 manat, iki uşağa görə cəmi 308 manat sabit pul məbləğində aliment tutularaq tələbkar X3 xeyrinə ödənilməlidir. İcra vərəqəsi xx.xx.2018-ci il tarixdə icraata daxil olmuş və zəruri icra hərəkətləri həyata keçirilmişdir. Belə ki, xx.xx.2018-ci il tarixdə icraata başlamaq haqqında qərar qəbul edilmiş və tələbin könüllü icra edilməsi üçün bildiriş Borclu icra sənədində qeyd edilən ünvanına göndərilmişdir. Lakin «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 8.2-ci maddəsində nəzərdə tutulmuş 10 gün müddətində icra sənədində olan tələb könüllü olaraq tərəfindən təmin edilməmişdir. Borclu xx.xx.2024-cü il tarixdə Qaradağ rayon icra şöbəsinə dəvət edilərək qanunvericiliyin tələbləri ona izah edilmişdir. Buna baxmayaraq Borclu dəfələrlə edilmiş xəbərdarlıqlardan, inzibati məsuliyyətə cəlb edilməsindən, barəsində görülən digər məcburi tədbirlərdən müsbət nəticə çıxarmadığına görə Bakı şəhəri Qaradağ rayonu İcra Şöbəsi tərəfindən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi İstintaq İdarəsinə onun cinayət məsuliyyətinə cəlb edilməsi barədə xx.xx.2024-cü il tarixli təqdimat göndərilmişdir. Göründüyü kimi, icra sənədinin qərəzli olaraq icra edilməməsinə görə icra məmuru tərəfindən borclunun cinayət məsuliyyətinə cəlb olunması haqqında təqdimatı mülki məhkəmə icraatı qaydasında mübahisələndirilə bilməz. Çünki, həmin təqdimat icra sənədinin icrası çərçivəsində icra məmurunun həyata keçirdiyi tədbirlərə aiddir. Vurğulanmalıdır ki, borclu həmin təqdimat əsasında müvafiq istintaq orqanı tərəfindən aparılacaq araşdırmada iştirak edə və həmin məsələ ilə bağlı etirazlarını həmin orqan qarşısında irəli sürə bilər. Həmin təqdimat əsasında istintaq orqanı tərəfindən cinayət işi başlanarsa, borclu həmin qərarı Cinayət Prosessual Qanunvericiliyin tələbləri baxımından məhkəmədə mübahisələndirə bilər. Borclunun hazırkı tələbinə isə mülki məhkəmə icraatı çərçivəsində baxıla bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153.1 və 153.2.1-ci maddəsinə əsasən ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Göründüyü kimi, ərizəçi Borclu icra məmurunun hərəkətlərinin qanunsuz hesab edilməsi tələbinə dair ərizəsinə (şikayətinə) mülki məhkəmə icraatı qaydasında baxılmalı deyil. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153, 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Ərizəçi Borclu icra məmurunun hərəkətlərinin qanunsuz hesab edilməsi tələbinə dair ərizəsi (şikayəti) və ona əlavə olunmuş sənədlər iddianın yolverilməzliyinə görə qəbul edilməkdən imtina edilsin. Qərardaddan qərardad rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Qaradağ Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Kamran Əsədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar