Məhkəmə qərarları › İş №8(002)-190/2025

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərardad — İş №8(002)-190/2025

24.04.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(002)-190/2025 24.04.2025 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Əsədov Kamran Bağır oğlunun sədrliyi, İmanov Tural Arif oğlunun katibliyi, Borclu iştirakı ilə, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(002)- 2121/2023 saylı qətnaməsi üzrə tutulan alimentin indeksasiya edilməsinə dair Tələbkar ərizəsinə və ərizəyə əlavə edilmiş sənədlərə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Qaradağ rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(002)-2121/2023 saylı qətnaməsi ilə iddiaçı X2 cavabdeh Borclu qarşı «nikahın pozulması, uşağın ananın yanında saxlanılması və aliment» tələbinə dair iddiası qismən təmin edilmiş, Borclu ilə X5 arasında xx.xx.2021-ci il tarixdə 3 saylı Bakı «ASAN xidmət» mərkəzi Qeydiyyat şöbəsində 931 saylı akt qeydi ilə bağlanmış nikahın pozulması; xx.xx.2022-ci il təvəllüdlü X4 iddiaçı X2 himayəsində və yanında saxlanılması; cavabdeh Borclu xx.xx.2022-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 220 manat sabit pul məbləğində alimentin tutularaq iddiaçı X3 ödənilməsi; cavabdeh Borclu xx.xx.2022-ci il təvəllüdlü X4 3 yaşı tamam olanadək hər ay 50 manat sabit pul məbləğində alimentin tutularaq iddiaçı X3 ödənilməsi; alimentin tutulmasının 14 iyun 2023-cü il tarixdən hesablanması; alimentin tutulması hissəsində qətnamənin dərhal icra edilməsi; ödənilmiş 50 manat dövlət rüsumunun və 50 manat mediasiya xərcinin cavabdeh Borclu tutularaq iddiaçı X3 ödənilməsi; mediasiya xərclərini ödəməklə bağlı iddiaçının azad edildiyi dövlət rüsumunun 50 manat ödənilməmiş hissəsinin cavabdeh Borclu tutularaq dövlət büdcəsinə ödənilməsi qət edilmiş, iddia qalan hissədə rədd edilmişdir. Tələbkar 14 aprel 2025-ci il tarixdə ərizə ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Qaradağ rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(002)-2121/2023 saylı qətnaməsi üzrə tutulan alimentin indeksasiya edilməsi barədə qərardad çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, «Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 20 dekabr 2024-cü il tarixli Qərarı ilə Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» 2016-cı il 28 mart tarixli 8-2/2016 nömrəli Qərarında dəyişiklik edilmiş və 8.4-2 yarımbənd əlavə edilmişdir: qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində sabit pul məbləğində tutulan alimentin konkret məbləğlə ifadə edildiyi hallarda, indeksasiya maraqlı tərəfin ərizəsi əsasında icraya nəzarət edən məhkəmə tərəfindən MPM-in 232-ci maddəsində nəzərdə tutulmuş qaydada qərardadın qəbul edilməsi yolu ilə həyata keçirilməlidir. Ərizəçi yuxarıda qeyd olunanlara əsasən hesab edir ki, Bakı şəhəri Qaradağ rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(002)- 2121/2023 saylı qətnaməsi üzrə müəyyən olunmuş aliment indeksasiya olunaraq sonrakı artımlar nəzərə alınmaqla tutulmalıdır. Borclu məhkəmə iclasında ərizəni qəbul etmədi və izahatında bildirdi ki, ərizə əsassızdır. Məhkəmədən ərizənin təmin edilməməsi barədə qərardad çıxarılmasını xahiş etdi. Tələbkar məhkəməyə gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 232.2-ci maddəsinə əsasən ərizəyə tələbkarın iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə borclunun izahatını dinləyib, ərizəni və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, ərizə qismən təmin edilməlidir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin: 110.2-ci maddəsinə əsasən alimentin indeksiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 9.1-ci maddəsinə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. 9.3-cü maddəsinə əsasən hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.2-ci maddəsinə əsasən, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 232.1-ci maddəsinə əsasən tərəflərin ərizəsi üzrə işə baxmış məhkəmə qətnamənin icrası zamanı tutulmalı pul məbləğlərinin müvafiq indeksasiyasını həyata keçirə bilər. «Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 20 dekabr 2024cü il tarixli Qərarı ilə Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» 2016cı il 28 mart tarixli 8-2/2016 nömrəli Qərarında dəyişiklik edilmiş və 8.4-2 yarımbənd əlavə edilmişdir: qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində sabit pul məbləğində tutulan alimentin konkret məbləğlə ifadə edildiyi hallarda, indeksasiya maraqlı tərəfin ərizəsi əsasında icraya nəzarət edən məhkəmə tərəfindən MPM-in 232-ci maddəsində nəzərdə tutulmuş qaydada qərardadın qəbul edilməsi yolu ilə həyata keçirilməlidir. Qərardad qəbul edilərkən indeksasiyanın bu Qərarın 8.4-1-ci bəndində göstərilən qaydada aparılmalı olması, habelə qanunvericilikdə alimentin indeksasiyasının yeganə meyar kimi ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqı məbləğinin artımı ilə şərtləndirildiyi nəzərə alınmalıdır (məsələn, 2019-cu ildə qəbul edilmiş qətnamə ilə bir uşağın saxlanılması üçün 125 manat sabit pul məbləğində alimentin tutulması qət edilibsə, məhkəmə 2024-cü ildə indeksasiyanı həyata keçirən zaman qüvvədə olan qətnamə ilə tutulmuş alimentin miqdarının 2019-cu il üzrə müəyyən edilmiş 250 manat məbləğində minimum əmək haqqının 0,5 mislini təşkil etdiyini nəzərə alaraq, qərardadın nəticə hissəsində tutulan alimentin məbləğinin ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,5 misli həddində indeksasiya olunması şəklində göstərməlidir). Azərbaycan Respublikasının Prezidentinin müvafiq Sərəncamlarına əsasən ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının məbləği – 2006-cı ilin oktyabrından - 30 AZN; 2007-ci ilin fevralından - 50 AZN; 2008-ci ilin yanvarından - 60 AZN; 2008-ci ilin avqustundan - 75 AZN; 2010-cu ilin sentyabrından - 85 AZN; 2011-ci ilin dekabrından - 93,50 AZN; 2013-cü ilin sentyabrından - 105 AZN; 2017-ci ilin yanvarından - 116 AZN; 2018-ci ilin yanvarından - 130 AZN; 2019-cu ilin martından - 180 AZN; 2019-cu ilin sentyabrından - 250 AZN; 2022-ci il yanvarın 1-dən - 300 AZN; 2023-cü il yanvarın 1-dən - 345 AZN; 2025-ci il yanvarın 1-dən - 400 AZN təşkil edir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, ərizə qismən təmin edilməli, Ali Məhkəmə Plenumunun yuxarıda qeyd etdiyi düstura əsasən Bakı şəhəri Qaradağ rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(002)-2121/2023 saylı qətnaməsinə əsasən müəyyən olunmuş aliment indeksasiya edilərək, 14 aprel 2025-ci il tarixdən başlayaraq xx.xx.2022-ci il təvəllüdlü X1 üçün Borclu tələbkar X2 xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,64 misli həddində (220 manat : 345 manat = 0,6376 misli, yuvarlaşdırdıqda 0,64 misli) müəyyən edilməlidir. Ərizə qalan hissədə təmin edilməməlidir. Belə ki, uşağın üç yaşına çatanadək saxlanılması üçün tutulan pul vəsaiti cari ayın 15-nədək tutula bilər, bundan sonra uşağa yalnız qətnamə ilə yetkinlik yaşına çatanadək təyin olunmuş alimentin indeksasiya edilməsi mümkündür. Bu səbəbdən, ərizənin qalan hissədə təmin edilməsi mümkün deyil. Bundan başqa, ərizəçi mediasiya xərcinin borcludan tutulmasını xahiş etsə də, alimentin indeksasiya edilməsi tələbləri üzrə mediasiya təşkilatına müraciət edilməsi qanunvericilikdə nəzərdə tutulmadığından, həmçinin mediasiya xərci kimi pul vəsaiti ödənilməsinə dair ödəniş sənədi təqdim edilmədiyindən, ərizə qeyd olunan hissədə təmin edilə bilməz. Ərizəçinin nəzərinə çatdırılır ki, o, səhvən mediasiya xərci ödəmişdirsə, müvafiq sübut təqdim etməklə, həmin xərcin geri qaytarılmasını qanunvericilikdə nəzərdə tutulmuş qaydada tələb edə bilər. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 110-cu, Azərbaycan Respublikası MPM-nin 232, 263-264-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Ərizə qismən təmin olunsun. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(002)- 2121/2023 saylı qətnaməsinə əsasən müəyyən olunmuş aliment indeksasiya edilərək, 14 aprel 2025-ci il tarixdən başlayaraq xx.xx.2022-ci il təvəllüdlü X1 üçün Borclu tələbkar X2 xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,64 misli həddində (220 manat : 345 manat = 0,6376 misli, yuvarlaşdırdıqda 0,64 misli) sabit pul məbləğində aliment tutulsun. Ərizə qalan hissədə təmin edilməsin. Qərardaddan, onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində elektron kabinet vasitəsilə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Kamran Əsədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar