Məhkəmə qərarları › İş №8(002)-216/2025

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərardad — İş №8(002)-216/2025

28.04.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(002)-216/2025 28.04.2025 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin hakimi Fuad Ələsgər oğlu Hüseynov, Tələbkar alimentin indeksasiyası barədə ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, MÜƏYYƏNETDİM: Tələbkar alimentin indeksasiyası barədə ərizə ilə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə müraciət edərək, Abşeron Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(012)-4363/2024 saylı qətnaməsi ilə 16 avqust 2017-ci il təvəllüdlü X2 və 14 dekabr 2019-cu il təvəllüdlü X1 yetkinlik yaşlarına çatana kimi saxlanılması üçün təyin edilmiş sabit pul məbləğində alimentin indeksasiya olunması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Tələbkar alimentin indeksasiyası barədə ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək məhkəmə hesab edir ki, ərizə və ona əlavə olunmuş sənədlər geri qaytarılmalı, ərizəçiyə qeyd olunan ərizə ilə Abşeron Rayon Məhkəməsinə müraciət etmək hüququ izah olunmalıdır. Belə ki, Azərbaycan Respublikasının MPM-nin 232.1-ci maddəsinə əsasən, tərəflərin ərizəsi üzrə işə baxmış məhkəmə qətnamənin icrası zamanı tutulmalı pul məbləğlərinin müvafiq indeksasiyasını həyata keçirə bilər. “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 20 dekabr 2024-cü il tarixli 15 nömrəli Qərarı ilə Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 2016-cı il 28 mart tarixli 8- 2/2016 nömrəli Qərarında dəyişiklik edilmiş və 8.4-cü bəndə aşağıdakı məzmunda 8.4-2 yarımbəndi əlavə edilmişdir: Qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində sabit pul məbləğində tutulan alimentin konkret məbləğlə ifadə edildiyi hallarda, indeksasiya maraqlı tərəfin ərizəsi əsasında icraya nəzarət edən məhkəmə tərəfindən MPM-in 232-ci maddəsində nəzərdə tutulmuş qaydada qərardadın qəbul edilməsi yolu ilə həyata keçirilməlidir. Azərbaycan Respublikasının Konstitusiyasının 62-ci maddəsinə əsasən, hər kəsin onun işinə qanunla müəyyən edilmiş məhkəmədə baxılması hüququ vardır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 152.1.3-cü maddəsinə əsasən, əgər iş ərazi və ya məhkəmə aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Məhkəmə alimentin indeksasiyası barədə ərizəni və ona əlavə edilmiş sənədləri araşdıraraq müəyyən edir ki, Tələbkar qanunvericiliyin tələblərini və hazırda formalaşmış məhkəmə təcrübəsini əsas götürməklə, alimentlə bağlı işə baxmış məhkəməyə (Abşeron Rayon Məhkəməsinə) müraciət etməli olduğu halda, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə müraciət etdiyindən, ərizə və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Yuxarıda qeyd olunanlara əsasən, habelə Azərbaycan Respublikası MPM-nin 13.4, 152.1.3, 232.1-ci maddələrini rəhbər tutaraq, QƏRARAALDİM: Tələbkar alimentin indeksasiyası barədə ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Tələbkar izah edilsin ki, onun həmin ərizə ilə aidiyyəti üzrə Abşeron Rayon Məhkəməsinə müraciət etmək hüququ vardır. Qərardaddan 10 (on) gün müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Fuad Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar