Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(002)-270/2024 29.07.2024 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Aslanova Gülnar Faiq qızının sədrliyi, X1 oğlunun katibliyi, Tələbkar iştirakı ilə, Bakı Apellyasiyasi Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(103)-4739/2023 nömrəli qətnaməsinin hissə-hissə icra edilməsi barədə borclunun nümayəndəsi və vəkili Nümayəndə ərizəsinə açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: Bakı şəhəri Qaradağ rayon şöbəsinin icra məmuru İlkin Məmmədov tərəfindən xx.xx.2024-ci il tarixli “İcraata başlamaq haqqında” qərar qəbul edilərək, tələbin könüllü icrası barədə bildirişi xx.xx.2024-ci il tarixdə borcluya təqdim edilmişdir. Borclunun nümayəndəsi və vəkili Nümayəndə ərizə ilə məhkəməyə müraciət edərək, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-4739/2023 saylı qətnaməsi üzrə 79,000 manat məbləğində pulun hər ay 500 manat olmaqla ödənilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Borclu ərizəni onunla əsaslandırmışdır ki, Bakı Apellyasiya Məhkəməsinin 2(103)- 4739/2023 saylı icra vərəqəsinə əsasən 79000 manat məbləğində pul Borclu alınaraq Tələbkar ödənilməlidir. İcra işi 07 iyun 2024-cü il tarixdə Qaradağ rayon icra və probasiya şöbəsində icraata qəbul edilmiş və icraata başlamaq haqqında qərar qəbul olunmuşdur. 08 iyul 2024-cü tarixdə Borclu icra məmurunun çağırışı əsasında icra şöbəsinə gəlmiş, tələbin könüllü icrası haqqında bildirişi almış, izahat vermiş, lakin tələbi birdəfəlik ödəməyə imkanı olmadığını bildirmişdir. Borclu mülkiyyətində əmlakı yoxdur. Borclu 79000 manat məbləğində pulu birdəfəlik ödəməyə imkanı yoxdur. Borclu hazırda usta işləyir və aylıq əmək haqqısı 800 manat təşkil edir. Borclu əmək haqqısından hər ay 500 manat olmaqla ödəmək imkanındadır. Borclunun nümayəndəsi və vəkili Nümayəndə məhkəməyə ərizə ünvanlayaraq, məhkəmə iclasında iştirak edə bilməyəcəklərini bildirmiş və ərizənin təmin olunmasını xahiş etmişdir. Tələbkar məhkəmə iclasında izahat verərək bildirdi ki, ərizə ilə razı deyil, borclu icra sənədi üzrə sadəcə 1000 manat ödəniş edib, qalan borc ödənilməmiş qalmışdır. Eyni zamanda borclunun onun evini satması nəticəsində bu gün o ailəsi ilə kirayə yaşamalı olmuşdur. Borclu ona qalan borcdan imtina etməsi şərtilə 40.000 manat təklif etmiş, o isə bununla razılaşmamışdır. Göstərilənlərə əsasən, tələbkar ərizənin təmin edilməməsini xahiş edir. İcra məmuruna məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, o məhkəmə iclasına gəlməmiş və məhkəməyə gəlməmələrinin səbəbləri barədə hər hansı məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.2-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər iclasın vaxtı və yeri haqqında xəbərdar edilirlər, lakin onların gəlməməsi məhkəmə qarşısında qoyulmuş məsələnin həll edilməsinə mane olmur. Məhkəmə ərizəni və e183198/2024 nömrəli icra işinin materiallarını nəzərdən keçirərək hesab edir ki, ərizə əsassız olduğundan təmin edilməməlidir. Belə ki, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə əsasən tərəflər icra sənədinin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icrası yaxud icra sənədinin icrası üsulunun və qaydasının dəyişdirilməsi haqqında işə baxmış məhkəməyə müraciət edə bilərlər. Borclunun əmlak vəziyyətini və digər halları nəzərə alaraq, məhkəmə həmin müraciətlərə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 231-ci maddəsi ilə müəyyən edilmiş qaydada baxır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.1-ci maddəsinə əsasən işə baxmış hakim işdə iştirak edən şəxslərin ərizəsi üzrə tərəflərin əmlak vəziyyətinə və digər hallara əsasən qətnamənin icrasına möhlət verməyə və ya qətnaməni hissə-hissə icra etdirməyə, habelə onun icra üsulunu və qaydasını dəyişdirməyə haqlıdır. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikasi Ali Məhkəməsinin Plenumunun 24 noyabr 2005-ci il tarixli qərarında qeyd edilir ki, məhkəmələr nəzərə almalıdırlar ki, qətnamənin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icra edilməsi, qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsi müstəsna hal olub, qətnamənin icrası üçün çətinlik törədən və yaxud borclu üçün yaranmış əlverişsiz hallarda tətbiq oluna bilər. Məhkəmələr bu məsələləri həll etdikdə təkcə borclunun deyil, tələbkarın mənafeyini də nəzərə almalıdırlar. Ali Məhkəmənin “İcra vərəqəsinin verilməsi və icrası ilə əlaqədar məhkəmə təcrübəsinin bəzi məsələləri barədə” xx.xx.2003-cü il tarixli Qərarına əsasən, qətnamənin icra edilməsinə möhlət verilməsi, hissə-hissə icra edilməsi, qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsi, icra üzrə icraatın dayandırılması və borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması məsələləri yalnız birinci instansiya qaydasında işə baxan məhkəmələr tərəfindən həll edilir. Qanunvericiliyin tələblərindən aydın olur ki, hissə-hissə icra barədə ərizə verən şəxsin əmlak vəziyyətinin həmin aktın icrasına maneə törədəcək şəkildə aşağı olmasının müəyyən edilməsindən asılı olduğu qədər, həm də onun təklif etdiyi icra qaydası tələbkarın da hüquqlarını pozmamalı və məhkəmə aktının real icrasını təmin etməli, tələbkarın icranın qısa müddət ərzində təmin olunmasına dair qanuni mənafeyi mütləq nəzərə alınmalıdır. Məhkəmə hesab edir ki, borclunun təklif etdiyi icra qaydası həmin meyara cavab vermir. Belə ki, borclunun ərizədə göstərilən dəlillərinə nəzərən icra sənədinin icra olunmaması nəticəsində tələbkarın məruz qaldığı məhrumiyyətlər nisbətdə daha ciddi olması hazırkı icra sənədi üzrə e183198/2024 nömrəli icra işin materiallarına əsasən müəyyən edilir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinə əsasən, məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Əgər məhkəmə qərarları hər hansı bir səbəblə icra edilmirsə, o zaman, ədalət mühakiməsinin məqsədlərinə nail olunmasından söhbət gedə bilməz. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Hornsbi Yunanıstana qarşı” işdə bu prinsipi belə vurğulamışdır: “....Razılığa gələn Dövlətlərin daxili hüquq sistemləri məcburi qüvvəyə malik yekun məhkəmə qərarının tərəflərdən birinin ziyanına olaraq icra olunmadan qalmasına yol versəydi, 6-cı maddə ilə təmin olunan məhkəməyə müraciət hüququ xəyali hüquq olardı”. Həmin Məhkəmənin “Əfəndiyeva Azərbaycana qarşı” və “Tarıverdiyev Azərbaycana qarşı” qərarları da məhz məhkəmə qərarlarının icra edilməməsi ilə bağlı qəbul edilmiş və Məhkəmə qeyd etmişdir ki, məhkəmə qərarının icra olunması İnsan hüquqları haqqında Avropa Konvensiyasının 6-cı maddəsində təsbit olunmuş ədalətli məhkəmə araşdırması hüququnun ayrılmaz tərkib hissəsi kimi nəzərdən keçirilməlidir. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, borclu hissə-hissə icra olunmaya dair tələbini müvafiq məbləği birdəfəlik ödəmək iqtidarında olmaması kimi hallarla əlaqələndirsə də, istinad etdiyi həmin hallara hər hansı sübutu məhkəməyə təqdim etməmiş, əmək qabiliyyətsiz olmasını, işləməməsi üçün hər hansı əsaslı səbəblərin olmasını təsdiq edən sənədləri təqdim etməmiş, uzun müddət keçməsinə baxmayaraq məhkəmə qətnaməsini qismən də olsa icra etməmişdir. Bununla da, məhkəmə tərəfindən borclu tərəfindən müvafiq icra icraatına çətinlik törədən və ya borclu üçün yaranmış əlverişsiz halların olmasına, başqa sözlə qətnamənin hissə-hissə icra olunmasına əsas verən müstəsna halın olmasını, habelə bununla bağlı tələbkarın razılığının olmasını müəyyən etmək mümkün olmamışdır. Ona görə də məhkəmə hesab edir ki, tələbkarın mənafeyi nəzərə alınmaqla borclu tərəfindən verilmiş ərizə təmin edilməməlidir. Beləliklə, məhkəmə qeyd olunan normaları əsas tutaraq, habelə borclu ilə yanaşı tələbkarın mənafeyini nəzərə alaraq, habelə hissə-hissə icra edilmə üçün müstəsna halın olmasının müəyyən edilməməsini əsas götürərək hesab edir ki, borclunun nümayəndəsi və vəkili Nümayəndə qətnamənin hissə-hissə icra edilməsi barədə ərizəsi təmin edilməməlidir. Məhkəmə şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 231, 263-264 və 266-268-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: Bakı Apellyasiyasi Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(103)-4739/2023 nömrəli qətnaməsinin hissə-hissə icra edilməsi barədə borclunun nümayəndəsi və vəkili Nümayəndə tərəfindən verilmiş ərizə təmin edilməsin. Qərardaddan tərəflərə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində, elektron kabinet vasitəsilə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Gülnar Aslanova
Məhkəmə qərarları › İş №8(002)-270/2024
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərardad — İş №8(002)-270/2024
29.07.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver