Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(002)-271/2025 24.06.2025 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Aslanova Gülnar Faiq qızının sədrliyi, X5 oğlunun katibliyi, Tələbkar iştirakı ilə, Tələbkar tərəfindən verilmiş, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(002)-1198/2020 saylı qətnaməsinə əsasən müəyyən olunmuş sabit pul məbləğində alimentin indeksasiya olunmasına dair ərizəsinə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. İşin halları
1. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(002)-1198/2020 saylı qətnaməsinə əsasən, cavabdeh Borclu xx.xx.2015-ci il təvəllüdlü X2 və xx.xx.2017-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay bir uşağa görə 170 manat olmaqla, cəmi 340 manat sabit pul məbləğində aliment tutularaq iddiaçı X1 xeyrinə ödənilməsi qət edilmişdir.
Ərizəçinin tələbi
2. Tələbkar ərizə ilə məhkəməyə müraciət edərək, bu ərizə məhkəməyə təqdim edildiyi gündən 28 iyul 2015-ci ildə doğulmuş X2 və 05 dekabr 2017-ci ildə doğulmuş X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün Borclu hər ay hər uşağa 170 manat, cəmi 340 manat sabit pul məbləğində alimentin tutularaq ona ödənilməsi barədə Qaradağ Rayon Məhkəməsinin xx.xx.2020ci il tarixli, 2(002)-1198/2020 saylı qətnaməsinə uyğun olaraq, ödənilməli olan alimentin indeksasiya edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir.
3. Ərizə belə əsaslandırılmışdır ki, Bakı şəhər Qaradağ Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(002)-1198/2020 saylı qətnaməsi ilə onunla cavabdeh Borclu 28 iyul 2015-ci ildə doğulmuş X2 və 05 dekabr 2017-ci ildə doğulmuş X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün 22 aprel 2020-ci ildə başlayaraq hər ay hər uşağa 170 manat, cəmi 340 manat sabit pul məbləğində alimentin tutulub ona verilməsi qət edilmişdir. Cavabdeh Borclu 05 dekabr 2017-ci ildə doğulmuş X3 3 yaşı tamam olanadək maddi hər ay əlavə olaraq 20 manat sabit pul məbləğində aliment tutularaq ona ödənilməlidir. Hal-hazırda uşaqlar böyüyür, tələbatları daha da çoxalır. Məhkəmə tərəfindən çıxarılmış qətnamədə qeyd olunmuş aliment məbləği uşağın hazırki dövr üzrə tələbatının ödənilməsinə kifayət etmir. Uşaqlar orta məktəbdə təhsil alır və ona görə də məsrəfləri yetərincə artmışdır. Bundan başqa, ölkədə yetkinlik yaşına çatmamışlar. Uşağın təlim-tərbiyəsi ilə məşğul olmaqla yanaşı, həm də maddi tələbatlarını ödəmək tək qadın olaraq onun üçün çox çətindir.
4. Tələbkar tələbin hüququ əsası kimi “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 20 dekabr 2024-cü il tarixli 15 saylı qərarına istinad etmişdir.
Məhkəmə icraatı iştirakçılarının izahatları
5. Tələbkar məhkəmə iclasında ərizəni müdafiə edərək təmin olunmasını xahiş etmişdir.
6. Borcluya məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaq, borclu məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdirlər. Məhkəmə mülki prosessual qanunvericiliyin tələbinə əsasən təqdimata borclunun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmənin mövqeyi: a) Tətbiq edilən hüquq
7. Azərbaycan Respublikası Konstitusiyasının: 17-ci maddəsinin İ və İİ hissələrinə əsasən, cəmiyyətin əsas özəyi kimi ailə dövlətin xüsusi himayəsindədir. Uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. 34-cü maddəsinin İİİ və İV hissələrində müəyyən olunmuşdur ki, analıq, atalıq, uşaqlıq qanunla mühafizə edilir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur.
8. “Uşaq hüquqları haqqında” Konvensiyanın: 18-ci maddəsinin 1-ci bəndinə görə, iştirakçı dövlətlər uşağın tərbiyəsi və inkişafı üçün hər iki valideynin ümumi və eyni məsuliyyət daşıması prinsipinin tanınmasını təmin etməkdən ötrü mümkün olan bütün səyləri göstərirlər. Uşağın tərbiyəsi və inkişafı üçün əsas məsuliyyəti valideynlər və ya müvafiq hallarda qanuni qəyyumlar daşıyırlar. Uşağın ən yaxşı mənafeyi onların əsas qayğı obyektidir.
9. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın: 7 saylı Protokolunun 5-ci maddəsinə görə, ərlə arvad bərabər hüquqlara malikdirlər və uşaqları ilə münasibətlərdə, habelə nikaha daxil olmaq, nikahda olmaq və boşanma ilə bağlı bərabər mülkihüquqi cavabdehlik daşıyırlar.
10. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanunun: 19-cu maddəsinə əsasən, valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Onlar uşağı sağlam böyütməli, ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə etməli, müstəqil həyata hazırlamalıdırlar. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir.
11. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin: 75.1 və 75.2-ci maddələrinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Uşaqlarını saxlamağın qayda və formasını valideynlər müstəqil müəyyən edirlər. 110.2-ci maddəsinə əsasən alimentin indeksiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir.
12. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 9.1-ci maddəsinə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. 9.3-cü maddəsinə əsasən hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.2-ci maddəsinə əsasən, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 232.1-ci maddəsinə əsasən tərəflərin ərizəsi üzrə işə baxmış məhkəmə qətnamənin icrası zamanı tutulmalı pul məbləğlərinin müvafiq indeksasiyasını həyata keçirə bilər.
13. “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 20 dekabr 2024-cü il tarixli Qərarın: 8.4-3. Alimentin indeksasiyasından fərqli olaraq, Ailə Məcəlləsinin 112-ci maddəsində nəzərdə tutulmuş halların mövcudluğu məhkəmənin müəyyən etdiyi alimentin miqdarının (minimum əmək haqqına münasibətdə müəyyən edilmiş mislinin) dəyişdirilməsi barədə müstəqil iddianın qaldırılması üçün əsasdır. Əgər iddia minimum əmək haqqı məbləğinin artımına əsaslanırsa, başqa sözlə, iddianın mahiyyəti indeksasiya xarakteri daşıyırsa, bu məsələnin icra icraatı qaydasında (Ailə Məcəlləsinin 110-cu və MPM-in 232-ci maddələri) həll edilməli olması nəzərə alınmalı və MPM-in 153.2.1-ci maddəsinə əsasən iddianın yolverilməzliyinə görə iddia ərizəsinin icraata qəbul edilməsindən imtina edilməli, əgər iddia ərizəsi artıq icraata qəbul edilmişsə, MPM-in 261.0.1-ci maddəsinə əsasən mülki iş üzrə icraata xitam verilməlidir. b) Əsaslandırma
14. Ərizə əsaslıdır.
15. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. İşin mübahisəsiz halları bundan ibarətdir ki, məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında tərəflərin birgə nikahından doğulmuş Nuray və Tunay yetkinlik yaşına çatanadək saxlanmaları üçün cavabdehdən iddiaçının xeyrinə hər ay 170 manat sabit pul məbləğində alimentin tutulması qət edilmişdir. İddiaçı yaşayış minimumu məbləğinin artmasını, uşağın xərclərinin güngündən artmasını əsas götürərək alimentin artırılması tələbi irəli sürmüşdür.
16. Yuxarıda sadalanan milli və beynəlxalq hüquq normalarının tələbinə əsasən, valideynlər uşağın saxlanmasına borcludurlar. Ailə qanunvericiliyi alimentin məbləğinin müəyyən edilməsi zamanı tərəflərin maddi və ailə vəziyyətini, diqqətəlayiq olan digər halları nəzərə alır, lakin bu zaman həlledici amil kimi uşağın əvvəlki təminat səviyyəsinin mümkün qədər maksimal saxlanmasını müəyyənləşdirir.
17. Hazırkı halda alimentin artırılması tələbi cavabdehin maddi vəziyyətində dəyişikliklə deyil, yaşayış minimumunun artmasına istinad edilərək irəli sürülmüşdür. “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 20 dekabr 2024-cü il tarixli Qərarının 8.4-2 yarımbənd: qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində sabit pul məbləğində tutulan alimentin konkret məbləğlə ifadə edildiyi hallarda, indeksasiya maraqlı tərəfin ərizəsi əsasında icraya nəzarət edən məhkəmə tərəfindən MPM-in 232-ci maddəsində nəzərdə tutulmuş qaydada qərardadın qəbul edilməsi yolu ilə həyata keçirilməlidir. Qərardad qəbul edilərkən indeksasiyanın bu Qərarın 8.4-1-ci bəndində göstərilən qaydada aparılmalı olması, habelə qanunvericilikdə alimentin indeksasiyasının yeganə meyar kimi ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqı məbləğinin artımı ilə şərtləndirildiyi nəzərə alınmalıdır (məsələn, 2019-cu ildə qəbul edilmiş qətnamə ilə bir uşağın saxlanılması üçün 125 manat sabit pul məbləğində alimentin tutulması qət edilibsə, məhkəmə 2024-cü ildə indeksasiyanı həyata keçirən zaman qüvvədə olan qətnamə ilə tutulmuş alimentin miqdarının 2019-cu il üzrə müəyyən edilmiş 250 manat məbləğində minimum əmək haqqının 0,5 mislini təşkil etdiyini nəzərə alaraq, qərardadın nəticə hissəsində tutulan alimentin məbləğinin ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,5 misli həddində indeksasiya olunması şəklində göstərməlidir).
18. Hazırkı iş üzrə yetkinlik yaşına çatmayan uşaq üçün aliment Qaradağ Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qətnaməsi ilə tutulmuşdur. Azərbaycan Respublikasının Prezidentinin 18 iyun 2019-cu il tarixli Sərəncamına əsasən 2019-cu il sentabr ayının 1-dən ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının məbləği 250 manat olmuşdur.
19. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Ali Məhkəmə Plenumunun müəyyən etdiyi mövqeyə əsasən, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(002)- 1198/2020 saylı qətnaməsinə əsasən 28 iyul 2015-ci ildə doğulmuş X2 və 05 dekabr 2017-ci ildə doğulmuş X3 yetkinlik yaşına çatana kimi saxlanması üçün Borclu tutulan 170 manat sabit pul məbləğində aliment indeksasiya olunaraq sonrakı artımlar nəzərə alınmaqla, hər ay, ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,68 (170:250=0.68) misli həddində müəyyən olunmalıdır.
20. Məhkəmə qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-in 231, 267- 268-ci maddəsini rəhbər tutaraq
QƏRARA ALDİ: Ərizə təmin edilsin. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(002)-1198/2020 saylı qətnaməsinə əsasən müəyyən olunmuş aliment indeksasiya edilərək, 23 may 2025-ci il tarixdən başlayaraq 28 iyul 2015-ci ildə doğulmuş X2 və 05 dekabr 2017-ci ildə doğulmuş X3 yetkinlik yaşına çatana kimi saxlanmaları üçün Borclu Tələbkar xeyrinə, sonrakı artımlar nəzərə alınmaqla, hər ay, hər uşaq üçün ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0.68 misli həddində sabit pul məbləğində aliment tutulsun. Qərardaddan tərəflərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində, elektron kabinet vasitəsilə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə şikayət verilə bilər.
Hakim Gülnar Aslanova