Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(002)-357/2024 25.09.2024 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Əsədov Kamran Bağır oğlunun sədrliyi, İmanov Tural Arif oğlunun katibliyi, Borclu iştirakı ilə, Borclu Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(002)- 286/2024 saylı qətnaməsinin hissə-hissə icra olunması barədə ərizəsinə baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(002)- 286/2024 saylı icra sənədinə əsasən cavabdeh Borclu 3.700 manat məbləğində vurulmuş zərər və 57 manat məbləğində ödənilmiş dövlət rüsumu alınaraq iddiaçı "xxxx" ASC-nin hesabına köçürülməlidir. Borclu ərizə ilə məhkəməyə müraciət edərək, qətnamənin hissə-hissə icra olunması barədə qərardad çıxarılmasını xahiş etmişdir. Ərizəçi Borclu ərizəsini onunla əsaslandırmışdır ki, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(002)-286/2024 saylı qətnaməsi ilə ondan 3.700 manat məbləğində vurulmuş zərərin və 57 manat məbləğində ödənilmiş dövlət rüsumunun alınaraq "xxxx" ASC-nin xeyrinə tutulması qət edilmişdir. Qətnamə üzrə müəyyən olunmuş 3.700 manat zərər və ödənilmiş 57 manat dövlət rüsumu olmaqla, cəmi 3.757 manat pulu bir dəfəyə ödəməyə imkanı yoxdur. Hər ay hissə-hissə ödəyə bilər. Belə ki, o, özü müddətsiz ikinci qrup əlildir, yalnız xüsusi yaradılmış şəraitdə işləyə bilər. O, ağır beyin əməliyyatı keçirmişdir və hazırda da onun nəticəsi olaraq epilepsiya xəstəsidir, bədəninin sol hissəsi işləmir, ona görə də işləyə bilmir. Aylıq gəliri 364 manat olmaqla, pensiya alır. Eyni zamanda, hər ay 211 manat 55 qəpik banka ödənişlər edir. Ona cəmi 151 manat qalır. Onun dava-dərmana da ehtiyacı olur. Qalan həmin pulla ailəsi və özünü güclə dolandırır. Ailəlidir, himayəsində üç uşağı var. Həyat yoldaşı işləmir. Pensiyadan başqa heç bir gəlir mənbəyi yoxdur. Borcu da ödəmək istəyir, lakin birdəfəyə ödəyə bilmədiyi üçün məhkəməyə müraciət edir. Bu səbəbdən, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(002)-286/2024 saylı saylı icra sənədi üzrə 3.757 manat borcun hər ay 100 manat ödənilməklə hissə-hissə icra edilməsi barədə qərardad çıxarılmasını xahiş etmişdir. Borclu məhkəmə iclasında ərizəni müdafiə edərək, ərizənin məzmununa uyğun izahat verdi və məhkəmədən ərizənin təmin edilməsini xahiş etdi. Tələbkar "xxxx" ASC-nin səlahiyyətli şəxsi məhkəməyə ərizə göndərərək, borclunun təklif etdiyi qaydada borcun hissə-hissə icrasına razılıq vermədiyini bildirmiş və məhkəmədən ərizənin təmin edilməməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə tələbkara və icra məmuruna məlumat verilməsinə baxmayaraq, tələbkarın nümayəndəsi və icra məmuru naməlum səbəblərdən məhkəmə iclasına gəlməmişlər. Məhkəmə ərizəyə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.2-ci maddəsinə əsasən tələbkarın və icra məmurunun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.1-ci maddəsinin tələblərinə əsasən, işə baxmış hakim, işdə iştirak edən şəxslərin ərizəsi üzrə tərəflərin əmlak vəziyyətinə və digər hallara əsasən qətnamənin icrasına möhlət verməyə və ya qətnaməni hissə-hissə icra etdirməyə, habelə onun icra üsulunu və qaydasını dəyişdirməyə haqlıdır. Məhkəmə qeyd olunan prosessual hüquq normasının tələbini nəzərə alaraq hesab edir ki, ərizə təmin edilə bilməz. Çünki, borclu ondan tutulmalı olan borcu hissə-hissə ödəməkdə maraqlı olmasını sübut etməmiş, qətnamə qəbul ediləndən və qanuni qüvvəyə minəndən sonra borcun hər hansı bir hissəsini ödəməmişdir. Digər tərəfdən, ərizəsində istinad etdiyi hallara dair sübutları məhkəməyə təqdim etməmişdir. Ərizədə xx.xx.2014-cü il tarixli müayinə aktına və TSEK tərəfindən verilmiş sənədlərə istinad edən borclu beynində ağır cərahiyyə əməliyyatı keçirdiyini və bununla bağlı epilepsiyadan əziyyət çəkdiyini bildirir. Xüsusi yaradılmış şəraitdə işləyə bildiyini vurğulayır. Məhkəmənin yuxarıda adı çəkilən qətnaməsinin məzmunundan göründüyü kimi, cavabdeh sürücülük hüququ olmadan «KAMAZ 55111» markalı, **-GB-*** dövlət qeydiyyat nişanlı yük avtomobilini idarə edərkən YNH törətmişdir. Digər sözlə ifadə etdikdə, borclu ərizəsində qeyd etdiyi xüsusi yaradılmış şəraitdə işləmək barədə göstərişə riayət etməmiş, həqiqətən epilepsiyadan əziyyət çəkirsə bunu bilərək idarə hüququ olmadan yük avtomobilinin sükanı arxasına keçmiş, həm ətrafdakılar, həm də özü üçün təhlükəli şərait yaratmışdır. Məhkəmə həmçinin qeyd edir edir ki, «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 6-cı maddəsinə əsasən məhkəmə qətnaməsinin icrası müddəti məhkəmə baxışının tərkib hissəsi kimi qiymətləndirilir. Məhkəmələr məhkəmə aktlarının icrasına möhlət verilməsi, icranın dayandırılması, icra üsulunun dəyişdirilməsi, həmçinin məhkəmə icraçılarının hərəkətlərindən verilən şikayətlərlə əlaqədar məsələlərə baxarkən Konvensiyanın məhkəmə qətnamələrinin ağlabatan müddətdə icra olunması tələbini nəzərə almalıdırlar. Məhkəməyə göndərilmiş məktubdan göründüyü kimi, tələbkar borcun hər ay 100 manat ödənilməsi şərti ilə icra sənədinin hissə-hissə icra edilməsinin onun mənafeyinə uyğun olmadığını bildirir və ərizənin təmin edilməsinə etiraz edir. Həqiqətən də, qətnamə üzrə tutulmalı olan məbləğ böyük məbləğ təşkil edir və həmin məbləğin hər ay 100 manat ödənilməsi icra sənədinin bir neçə il (3 il 8 ay civarında bir müddət) ərzində icra edilməsi deməkdir ki, bu da tələbkarın haqlı narazılığına səbəb olur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231, 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: Borclu Bakı şəhəri Qaradağ rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(002)- 286/2024 saylı qətnaməsinin hissə-hissə icra olunması barədə ərizəsi təmin edilməsin. Qərardaddan, onun rəsmi qaydada verilməsindən sonra 10 (on) gün müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Kamran Əsədov
Məhkəmə qərarları › İş №8(002)-357/2024
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərardad — İş №8(002)-357/2024
25.09.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver