Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(002)-448/2025 04.09.2025 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Aslanova Gülnar Faiq qızının sədrliyi, Məhkəmə iclas katibi X1, Borclu iştirakı ilə, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(002)-2220/2024 saylı qətnaməsinin hissə-hissə icra edilməsi barədə Borclu ərizəsinə açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: Borclu ərizə ilə məhkəməyə müraciət edərək, qətnamənin hissə-hissə ayda 500 manat olmaq icra edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Borclu ərizəni onunla əsaslandırmışdır ki, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(002)-2220/2024 saylı qətnaməsi ilə iddiaçı Tələbkar xeyrinə cavabdeh Borclu 12308 manat məbləğində pulun və 122 manat məbləğində dövlət rüsumunun tutulması barədə qətnamə qəbul olunmuşdur. Məhkəmə qətnaməsi qanuni qüvvəsini alaraq, icra sənədi aidiyyati üzrə göndərilmişdir. Eyni zamanda qanunverici məhkəmə icraatı tərəfiin hüquqlarını və qanuni maraqlarını nəzərə alaraq, məhkəmə aktlarının icrasının dayandırılması həmçinin icrasının dayandırılması, həmçinin onların icrasına möhlət verilməsini də nəzərər alır. Çətin maddi durumu ilə bağlı olaraq, məhkəmə qətnaməsi ilə müəyyən olunmuş ondan tutulmalı olan məbləği ödəmək imkanı yoxdur. O həmin borc ancaq hissə-hissə ödəyə bilər. Borclu məhkəmə iclasında ərizəni müdafiə edərək bildirdi ki, tələbkar ilə razılığa gələ bilməmişdir. Hissə-hissə olacağı təqdirəd əlinə düşən pulları verəcəyini bildirmişdir. Tələbkara məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, o məhkəmə iclasına gəlməmiş və məhkəməyə gəlməmələrinin səbəbləri barədə hər hansı məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.2-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər iclasın vaxtı və yeri haqqında xəbərdar edilirlər, lakin onların gəlməməsi məhkəmə qarşısında qoyulmuş məsələnin həll edilməsinə mane olmur. Məhkəmə ərizəni nəzərdən keçirərək hesab edir ki, ərizə əsassız olduğundan təmin edilməməlidir. Belə ki, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə əsasən tərəflər icra sənədinin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icrası yaxud icra sənədinin icrası üsulunun və qaydasının dəyişdirilməsi haqqında işə baxmış məhkəməyə müraciət edə bilərlər. Borclunun əmlak vəziyyətini və digər halları nəzərə alaraq, məhkəmə həmin müraciətlərə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 231-ci maddəsi ilə müəyyən edilmiş qaydada baxır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.1-ci maddəsinə əsasən işə baxmış hakim işdə iştirak edən şəxslərin ərizəsi üzrə tərəflərin əmlak vəziyyətinə və digər hallara əsasən qətnamənin icrasına möhlət verməyə və ya qətnaməni hissə-hissə icra etdirməyə, habelə onun icra üsulunu və qaydasını dəyişdirməyə haqlıdır. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikasi Ali Məhkəməsinin Plenumunun 24 noyabr 2005-ci il tarixli qərarında qeyd edilir ki, məhkəmələr nəzərə almalıdırlar ki, qətnamənin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icra edilməsi, qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsi müstəsna hal olub, qətnamənin icrası üçün çətinlik törədən və yaxud borclu üçün yaranmış əlverişsiz hallarda tətbiq oluna bilər. Məhkəmələr bu məsələləri həll etdikdə təkcə borclunun deyil, tələbkarın mənafeyini də nəzərə almalıdırlar. Ali Məhkəmənin “İcra vərəqəsinin verilməsi və icrası ilə əlaqədar məhkəmə təcrübəsinin bəzi məsələləri barədə” xx.xx.2003-cü il tarixli Qərarına əsasən, qətnamənin icra edilməsinə möhlət verilməsi, hissə-hissə icra edilməsi, qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsi, icra üzrə icraatın dayandırılması və borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması məsələləri yalnız birinci instansiya qaydasında işə baxan məhkəmələr tərəfindən həll edilir. Qanunvericiliyin tələblərindən aydın olur ki, hissə-hissə icra barədə ərizə verən şəxsin əmlak vəziyyətinin həmin aktın icrasına maneə törədəcək şəkildə aşağı olmasının müəyyən edilməsindən asılı olduğu qədər, həm də onun təklif etdiyi icra qaydası tələbkarın da hüquqlarını pozmamalı və məhkəmə aktının real icrasını təmin etməli, tələbkarın icranın qısa müddət ərzində təmin olunmasına dair qanuni mənafeyi mütləq nəzərə alınmalıdır. Məhkəmə hesab edir ki, borclunun təklif etdiyi icra qaydası həmin meyara cavab vermir. Belə ki, borclunun ərizədə göstərilən dəlillərinə nəzərən icra sənədinin icra olunmaması nəticəsində tələbkarın məruz qaldığı məhrumiyyətlər nisbətdə daha ciddi olması hazırkı icra sənədi üzrə icra işin materiallarına əsasən müəyyən edilir. Belə ki, icra sənədi üzrə 10.000 manatdan çox borc məbləği ödənilməmiş qalmaqla, borclu həmin məbləği hazırda ödəmək imkanında olmadığını məhkəmə iclasında bildirmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinə əsasən, məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Əgər məhkəmə qərarları hər hansı bir səbəblə icra edilmirsə, o zaman, ədalət mühakiməsinin məqsədlərinə nail olunmasından söhbət gedə bilməz. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Hornsbi Yunanıstana qarşı” işdə bu prinsipi belə vurğulamışdır: “....Razılığa gələn Dövlətlərin daxili hüquq sistemləri məcburi qüvvəyə malik yekun məhkəmə qərarının tərəflərdən birinin ziyanına olaraq icra olunmadan qalmasına yol versəydi, 6-cı maddə ilə təmin olunan məhkəməyə müraciət hüququ xəyali hüquq olardı”. Həmin Məhkəmənin “Əfəndiyeva Azərbaycana qarşı” və “Tarıverdiyev Azərbaycana qarşı” qərarları da məhz məhkəmə qərarlarının icra edilməməsi ilə bağlı qəbul edilmiş və Məhkəmə qeyd etmişdir ki, məhkəmə qərarının icra olunması İnsan hüquqları haqqında Avropa Konvensiyasının 6-cı maddəsində təsbit olunmuş ədalətli məhkəmə araşdırması hüququnun ayrılmaz tərkib hissəsi kimi nəzərdən keçirilməlidir. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, borclu hissə-hissə icra olunmaya dair tələbini müvafiq məbləği birdəfəlik ödəmək iqtidarında olmaması kimi hallarla əlaqələndirsə də, istinad etdiyi həmin hallara hər hansı sübutu məhkəməyə təqdim etməmiş, uzun müddət keçməsinə baxmayaraq məhkəmə qətnaməsinindən 2000 manat icra etmişdir. Bununla da, məhkəmə tərəfindən borclu tərəfindən müvafiq icra icraatına çətinlik törədən və ya borclu üçün yaranmış əlverişsiz halların olmasına, başqa sözlə qətnamənin hissə-hissə icra olunmasına əsas verən müstəsna halın olmasını, habelə bununla bağlı tələbkarın razılığının olmasını müəyyən etmək mümkün olmamışdır. Ona görə də məhkəmə hesab edir ki, tələbkarın mənafeyi nəzərə alınmaqla borclu tərəfindən verilmiş ərizə təmin edilməməlidir. Beləliklə, məhkəmə qeyd olunan normaları əsas tutaraq, habelə borclu ilə yanaşı tələbkarın mənafeyini nəzərə alaraq, habelə hissə-hissə icra edilmə üçün müstəsna halın olmasının müəyyən edilməməsini əsas götürərək hesab edir ki, Borclu qətnamənin hissəhissə icra edilməsi barədə ərizəsi təmin edilməməlidir. Məhkəmə şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 231, 263-264 və 266-268-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(002)-2220/2024 saylı qətnaməsinin hissə-hissə icra edilməsi barədə Borclu tərəfindən verilmiş ərizə təmin edilməsin. Qərardaddan tərəflərə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində, elektron kabinet vasitəsilə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Gülnar Aslanova
Məhkəmə qərarları › İş №8(002)-448/2025
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərardad — İş №8(002)-448/2025
04.09.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver