Məhkəmə qərarları › İş №8(002)-461/2024

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərardad — İş №8(002)-461/2024

17.12.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(002)-461/2024 17.12.2024 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Əsədov Kamran Bağır oğlunun sədrliyi, İmanov Tural Arif oğlunun katibliyi, Borclu R.Q.Əliyevin nümayəndəsi və vəkili Nümayəndə1, Tələbkarın nümayəndəsi və vəkili Nümayəndə2 iştirakı ilə, Borclu R.Q.Əliyevin nümayəndəsi və vəkili Nümayəndə1 Bakı şəhəri Qaradağ rayon İcra Şöbəsinin icra məmuru X1 Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(002)-206/2023 saylı icra sənədi üzrə hərəkətlərinin (hərəkətsizliyinin) qanunsuz hesab edilməsi barədə şikatətə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Borclu R.Q.Əliyevin nümayəndəsi və vəkili Nümayəndə1 Bakı şəhəri Qaradağ rayon İcra Şöbəsinin icra məmuru Səbuhi Əhmədlinin icra sənədi üzrə icraatın dayandırılmaması haqqında 15 noyabr 2024-cü il tarixli qərarından şikayət verərək, həmin qərarın ləğv edilməsi (qanunsuz hesab edilməsi) barədə qərardad çıxarılmasını xahiş edilmişdir. Sonradan, borclu R.Q.Əliyevin nümayəndəsi və vəkili Nümayəndə1 məhkəməyə ərizə təqdim edərək, Bakı şəhəri Qaradağ rayon İcra Şöbəsinin icra məmuru Səbuhi Əhmədlinin hərəkətinin (hərəkətsizliyinin) qanunsuz hesab edilməsi barədə qərardad çıxarılmasını xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(002)-206/2023 saylı icra sənədinə əsasən, Tələbkar ünvan 1 ünvana köçürülməsi qət edilmişdir. Qeyd etmək istərdi ki, həmin vaxt nikahlarına xitam verilmədiyindən məhkəmələr Ailə Məcəlləsinin müvafiq maddəsini rəhbər tutaraq mənzilə köçürülməni təmin etmişlər, lakin həm Bakı Apellyasiya Məhkəməsinin, həm də Azərbaycan Respublikası Ali Məhkəməsinin qətnamə və qərarlarında tərəflər arasında nikaha xitam verilməsindən sonra onun keçmiş həyat yoldaşının istifadə hüququna xitam verilməsi ilə bağlı məhkəməyə müraciət etmək hüququnun olması qeyd edilmişdir. Tərəflər arasında mübahisəli mənzillə bağlı huquq münasibətləri 2013-cü ildən sonra, yəni tərəflər arasında nikah bağlandıqdan və onlar mübahisəli mənzilə köçdükdən sonra yarandığından, hazırkı mübahisəyə 2009-cu ilin okyabr ayının 1-dən qüvvəyə minmiş yeni Mənzil Məcəlləsinin müddəaları tətbiq edilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair 8 oktyabr 2013-cü il tarixli qərarına əsasən, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdən sonra onun keçmiş ailə üzvünün həmin sahədən istifadə hüququ ilə bağlı məsələlərə baxılarkən 2009-cu il oktyabrın 1-dək yaranmış münasibətlərə Mülki Məcəllənin 228-ci maddəsinin, həmin tarixdən sonra yaranan münasibətlərə isə Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin müddəaları tətbiq edilməlidir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinə əsasən əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin e- 2(002)-2014/2024 nömrəli xx.xx.2024-cü il tarixli qətnaməsindən aydın olur ki, cavabdeh Tələbkar iddiaçı X5 məxsus Bakı şəhəri Qaradağ rayonu Sahil qəsəbəsi M.Seyidov küçəsi 5 saylı evin 60 saylı mənzilindən istifadə hüququna xitam verilmişdir. Həmin qətnamədə qeyd olunmuşdur ki, yaşayış sahəsi mülkiyyətçisi olan iddiaçı ilə cavabdeh arasında ailə münasibətlərinə xitam verildiyindən, cavabdehin keçmiş ailə üzvü kimi həmın yaşayış sahəsindən istifadə hüququ saxlanmamalıdır. Göründüyü kimi mənzilə istifadə hüququna xitam verilməsinə dair qətnamə qanuni qüvvəsini aldıqdan sonra hazırki icra işinin icra edilməsi daha düzgün və ədalətli olmaqla tərəflər arasında yeni münaqişənin yaranmasının qarşısını almış olacaqdır. Nəzərə alınsa ki, tərəflər münaqişəli ailə kimi Qaradağ Rayon Polis İdarəsində qeydiyyatdadırlar və cavabdehin çoxsaylı şikayətləri əsasında cinayət işlərinin rədd olunması barədə müvafiq qərarlar vardır. xx.xx.2024-cü il tarixdə icra işi üzrə icraatın 2(002)-2014/2024 saylı mülki iş üzrə yekun məhkəmə aktının çıxarılmasına kimi (Ali Məhkəmənin yekun qərarı) dayandırlması ilə bağlı ərizə ilə Qaradağ rayon İcra şöbəsinə müraciət etmişdir. Qaradağ rayon İcra şöbəsinin icra məmuru Səbuhi Əhmədli tərəfindən icraatı dayandırmamaq barədə qərar qəbul edilmişdir. Yuxarıda qeyd olunanlara əsasən hesab edir ki, Qaradağ rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(002)-206/2023 saylı icra sənədi uzrə icraatın dayandırılmaması barədə Bakı şəhəri Qaradağ rayon İcra Şöbəsinin icra məmuru Səbuhi Əhmədli tərəfindən qəbul edilmiş qərar qanunsuz hesab olunmalıdır. Borclu R.Q.Əliyevin nümayəndəsi və vəkili Nümayəndə1 şikayəti müdafiə edərək, şikayətin məzmununa uyğun izahat verdi və məhkəmədən şikayətin təmin edilməsi barədə qərardad çıxarılmasını xahiş etdi. Tələbkarın nümayəndəsi və vəkili Nümayəndə2 şikayəti qəbul etmədi, rədd edilməsi barədə qərardad çıxarılmasını xahiş etdi. Öncəki məhkəmə iclasında iştirak edən Bakı şəhəri Qaradağ rayon İcra Şöbəsinin icra məmuru X6 izahatında bildirdi ki, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin e- 2(002)-206/2023-028 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən iddiaçı Tələbkar azyaşlı övladı - xx.xx.2018-ci il təvəllüdlü X7 ilə birlikdə Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi, M.Seyidov küçəsi, ev 5, 60 saylı mənzilinə köçürülməlidir. Sözügedən icra sənədinin verilməsinə əsas olmuş Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin e-2(002)-206/2023-028 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi apellyasiya, eləcə də, kassasiya instansiyalarında qüvvəsində saxlanılmış və qanunamüvafiq qaydada icraya yönəldilmişdir. Bu səbəbdən X8 tərəfindən Tələbkar qarşı Bakı şəhəri, Sahil qəsəbəsi, M.Seyidov küçəsi, 5 saylı evin 60 saylı mənzilindən istifadə hüququna xitam verilməsinə dair iddianın qaldırılması və yaxud qeyd olunan iddianın təmin olunmasına dair məhkəmənin qanuni qüvvəsini almamış qətnaməsinin mövcudluğu digər məhkəmə qərarı əsasında verilmiş icra vərəqəsinin icrasının dayandırılmasına əsas vermir. Qeyd olunanları nəzərə alaraq şikayətin təmin edilməməsi barədə qərardad qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, icra məmuru məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə icra məmurunun öncəki məhkəmə iclasında iştirakını nəzərə alıb, şikayətə icra məmurunun iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə şikayəti və iş materiallarını nəzərdən keçirərək hesab edir ki, şikayət təmin edilməlidir. Belə ki, şikayətə əlavə olunmuş sənədlərdən görünür ki, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(002)-206/2023 saylı icra sənədinə əsasən Tələbkar azyaşlı övladı ilə birlikdə Bakı şəhəri Qaradağ rayonu Sahil qəsəbəsi M.Seyidov küçəsi 5 saylı evin 60 saylı mənzilinə köçürülməlidir. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(002)- 206/2023 saylı icra sənədi icra olunması üçün Bakı şəhəri Qaradağ rayon İcra Şöbəsinə göndərilmiş, həmin şöbənin icra məmuru icra sənədini icraata başlamaq haqqında qərara əsasən icraatına götürmüş və icra hərəkətlərinə başlamışdır. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(002)-91/2023 saylı qətnaməsi ilə ilk iddia tələbi təmin edilmiş, qarşılıqlı iddia tələbi rədd edilmiş, ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh X8 ilə ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Tələbkar arasında xx.xx.2017-ci il tarixdə 3 saylı Bakı «ASAN xidmət» mərkəzi qeydiyyat şöbəsində 1812 saylı akt qeydi ilə bağlanmış nikah pozulmuş, xx.xx.2018-ci il təvəllüdlü X7 anası Tələbkar yanında və himayəsində saxlanılmış, xx.xx.2018-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün xx.xx.2022-ci il tarixdən başlayaraq X3 Tələbkar xeyrinə hər ay 200 manat sabit pul məbləğində aliment tutulması qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 12 sentyabr 2023-cü il tarixli, 2(103)-2703/2023 saylı qətnaməsi ilə Tələbkar apellyasiya şikayəti təmin edilməmiş, iş üzrə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(002)-91/2023 saylı qətnaməsi dəyişiklik edilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2024-cü il tarixli, 2(102)-303/2024 saylı qərarı ilə Tələbkar kassasiya şikayəti təmin edilməmiş, iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 12 sentyabr 2023-cü il tarixli, 2(103)-2703/2023 saylı qətnaməsi dəyişiklik edilmədən saxlanılmışdır. Yuxarıda qeyd edilən məhkəmə aktlarından görünür ki, X5 izah edilmişdir ki, tərəflər arasında ailə münasibətlərinə xitam verildikdə Mənzil Məcəlləsinin 30.4-cü maddəsinə əsasən yeni əsasla məhkəməyə müraciət edə bilər. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 29 avqust 2024-cü il tarixli, e-2(002)- 2014/2024 saylı qətnaməsindən görünür ki, X4 Tələbkar qarşı «mənzildən istifadə hüququna xitam verilməsi» tələbinə dair iddiası təmin edilmiş, Tələbkar X5 məxsus Bakı şəhəri Qaradağ rayonu Sahil qəsəbəsi M.Seyidov küçəsi 5 saylı evin 60 saylı mənzilindən istifadə hüququna xitam verilməsi qət edilmişdir. X8 06 noyabr 2024-cü il tarixdə Bakı şəhəri Qaradağ rayon İcra Şöbəsinə müraciət edərək, Bakı şəhəri Qaradağ rayon Məhkəməsinin 29 avqust 2024-cü il tarixli, e-2(002)- 2014/2024 saylı qətnaməsi qanuni qüvvəyə minənədək Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(002)-206/2023 saylı icra sənədi üzrə icraatın dayandırılmasını xahiş etmişdir. Bakı şəhəri Qaradağ rayon İcra şöbəsinin 15 noyabr 2024-cü il tarixli, e97270/2024- 34-6-004 saylı məktubundan görünür ki, X8 06 noyabr 2024-cü il tarixli ərizəsi təmin edilməmişdir. Yuxarıda sadalananlardan görünür ki, icra məmuru «İcra haqqında» Azərbaycan Respublikası Qanununun tələblərini pozaraq, borclunun müraciətini təmin etməmişdir. Belə ki, «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 17.1, 17.1.4-cü maddəsinə əsasən icra sənədinə və ya onun verilməsinə əsas olan tələbə («İpoteka haqqında» Azərbaycan Respublikasının Qanununa əsasən aparılan notariusun icra qeydi və ya onun verilməsinə əsas olan tələb istisna olmaqla) dair borclu tərəfindən iddia qaydasında mübahisə qaldırdıqda, əgər bu cür mübahisəyə qanunla yol verilirsə icra sənədi üzrə icraat məcburi olaraq dayandırılır. Göründüyü kimi, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(002)-206/2023 saylı icra sənədinin verilməsinə əsas olan tələbə dair borclu tərəfindən iddia qaydasında mübahisə qaldırılmış və məhkəmə aktı çıxarılmışdır. Qanunun tələbinə görə, bu halda icra sənədi üzrə icraat məcburi olaraq dayandırılmalıdır. Lakin icra məmuru tərəfindən «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 17.1, 17.1.4-cü maddəsinin tələbləri, bununla da borclu X4 hüququ pozulmuşdur. Bu səbəbdən, məhkəmə hesab edir ki, borclu R.Q.Əliyevin nümayəndəsi və vəkili Nümayəndə1 tərəfindən verilmiş şikayət təmin edilməli, Bakı şəhəri Qaradağ rayon İcra Şöbəsinin icra məmuru X1 Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2(002)-206/2023 saylı icra sənədi üzrə hərəkətləri (hərəkətsizliyi) qanunsuz hesab edilməlidir. Yuxarıda qeyd olunanlara əsasən, «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 17, 19-cu və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231, 263-264, 266-268-ci maddələrini rəhbər tutub, məhkəmə QƏRARA ALDİ: Borclu R.Q.Əliyevin nümayəndəsi və vəkili Nümayəndə1 tərəfindən verilmiş şikayət təmin edilsin. Bakı şəhəri Qaradağ rayon İcra Şöbəsinin icra məmuru X1 Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(002)-206/2023 saylı icra sənədi üzrə hərəkətləri (hərəkətsizliyi) qanunsuz hesab edilsin. Qərardaddan 10 (on) gün müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Kamran Əsədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar