Məhkəmə qərarları › İş №8(002)-50/2024

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərardad — İş №8(002)-50/2024

22.02.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(002)-50/2024 22.02.2024 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Aslanova Gülnar Faiq qızının sədrliyi, X6 oğlunun katibliyi ilə, Borclu, Tələbkar iştirakı ilə, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1234/2023 nömrəli, xx.xx.2023-ci il tarixli icra sənədi ilə əlaqədar Borclu məxsus daşınmaz əmlakın üzərinə həbs qoyulması dair Qaradağ rayon İcra şöbəsinin icra məmuru Rəsul Mirzəpurun təqdimatına məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: Bakı şəhəri Qaradağ rayon İcra şöbəsinin icra məmuru Rəsul Mirzəpur borcluya məxsus daşınmaz əmlakın üzərinə həbs qoyulmasına dair təqdimatla məhkəməyə müraciət edərək, borcun ödənilməsini təmin etmək məqsədi ilə Borclu məxsus olan “DAEWOO ESPERO” minik markalı, **-HN-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulmasına dair qərardad çıxarılmasını xahiş etmişdir. İcra məmuru təqdimatı bununla əsaslandırmışdır ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1234/2023 nömrəli, xx.xx.2023-ci il tarixli icra sənədinə əsasən Borclu hər ay 2 uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün cəmi 440 manat sabit pul məbləğində aliment tutularaq tələbkar X1 xeyrinə ödənilməlidir. İcra sənədi xx.xx.2023-ci il tarixdə Bakı şəhəri Qaradağ rayon icra şöbəsinə daxil olmuş və qanunamüvafiq qaydada icraya yönəldilmişdir. Borclu könüllü icra müddətində icra sənədi üzrə tələbi təmin etmədiyi üçün onun əmlak vəziyyətini yoxlamaq məqsədilə “Elektron icra” informasiya sistemindən əldə olunmuş sorğu məlumatına əsasən müəyyən olunmuşdur ki, Borclu məxsus olan “DAEWOO ESPERO” minik markalı, **-HN-*** dövlət qeydiyyat nişanlı avtomobili vardır. İcra sənədinin icrasını təmin etmək məqsədilə hesab edir ki, məcburi icra tədbirləri kimi borclunun əmlakının üzərinə həbs qoymaq və onu satmaq yolu ilə tələbin əmlaka yönəlməsi barədə məcburi icra tədbirləri tətbiq edilməlidir. Qeyd edilənlərin nəzərə alınaraq, təqdimatın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Borclu məhkəmə iclasında iştirak edərək, öz izahatında alimenti vaxtlı-vaxtında ödədiyini bildirərək təqdimatın təmin edilməməsini xahiş etmişdir. Tələbkar məhkəmə iclasında iştirak edərək, öz izahatında borclunun alimenti ödədiyini və təqdimatın təmin edilməməsini xahiş etmişdir. İcra məmuruna məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və məhkəmə mülki prosessual qanunvericiliyin tələblərinə əsasən işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə təqdimatı və ona əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, təqdimat əsassız olduğundan təmin edilməməlidir. İcra haqqında Azərbaycan Respublikası Qanunun 43-cü maddəsinə əsasən borclu barəsində tətbiq edilən məcburi icra tədbirlərindən biri də borclunun əmlakı üzərinə həbs qoyulması və onun satılması yolu ilə tələbin əmlaka yönəldilməsi tədbiridir. Həmin Qanunun 44.1-ci maddəsinə əsasən, məcburi icra tədbirlərinin tətbiqinin əsasları aşağıdakılardır: 44.1.1. bu Qanunla müəyyən edilmiş qaydada tərtib olunmuş icra sənədinin icra məmuruna təqdim olunması; 44.1.2. icra məmuru tərəfindən icraata başlamaq haqqında qərarın qəbul edilməsi; 44.1.3. könüllü icra üçün icra məmuru tərəfindən borcluya verilmiş müddətin keçməsi. 44.2. Bu Qanunun 44.1-ci maddəsində müəyyən edilmiş əsaslardan hər hansı biri olmadıqda məcburi icra tədbirlərinin tətbiqinə yol verilmir. İcra haqqında Azərbaycan Respublikası Qanunun 50-ci maddəsinə əsasən icra sənədi icraya yönəldilənə qədər borclunun əmlakına həbs qoyulmayıbsa və ya icra sənədinin icrası zamanı tələbin borclunun əmlakına yönəldilməsi hallarında əmlak üzərinə həbs, bir qayda olaraq, icra məmurunun əsaslandırılmış təqdimatına əsasən məhkəmənin qərardadı ilə qoyulur. İşin halları bundan ibarətdir ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)- 1234/2023 nömrəli, xx.xx.2023-ci il tarixli icra sənədinə əsasən xx.xx.2018-ci il təvəllüdlü X3 və 17 iyul 2016-cı il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanılması üçün iddiaçı Borclu hər ay hər uşaq üçün 220 manat olmaqla, ümumilikdə 440 manat sabit pul məbləğində aliment cavabdeh X1 xeyrinə tutulması qeyd olunmuşdur. İcra sənədi üzrə Bakı şəhəri Qaradağ rayon icra şöbəsi tərəfindən xx.xx.2023-ci il tarixdə icraata başlamaq haqqında qərar qəbul edilmiş və icra sənədi icraya yönəldilmişdir. Hazırda icra məmuru əmlaka həbs qoyulması haqqında təqdimat vermişdir. Məhkəmə araşdırması zamanı tələbkar xx.xx.2024-cü il tarixli məhkəmə iclasında yazılı ərizə təqdim edərək Borclu aliment borcunu tam şəkildə ödədiyini, ona qarşı heç bir tələbi və etirazı olmadığını, borclunun əmlakı olan “DAEWOO ESPERO” minik markalı, **-HN-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulmasına dair təqdimatın təmin edilməməsini xahiş etmişdir. Məhkəmə təqdimata və ona əlavə edilmiş sənədlərə baxış keçirərək müəyyən edir ki, hazırkı icra sənədi üzrə tələbkar və borclu arasında razılığın olması, borclu tərəfindən mütəmadi aliment ödənişi edilməsi müəyyən olunmuşdur. Göründüyü kimi, icra sənədi üzrə aliment borcunun ödənilməsində tərəflər arasında razılıq olduğundan və tələbkar təqdimatın təmin edilməməsini xahiş etdiyindən əmlak üzərinə həbs qoyulması üçün əsaslar aradan qalxmışdır. Məhkəmə hesab edir ki, belə olan halda borcluya məxsus əmlak üzrə həbs qoyulmasına dair tədbirin tətbiq edilməsi özlüyündə şəxsin əmlak hüquqlarının əsassız yerə məhdudlaşdırılması ilə nəticələnə bilər. Odur ki, icra məmuru tərəfindən təqdimat təmin edilməməlidir. Məhkəmə şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264-cü və 268-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: Bakı şəhəri Qaradağ rayon İcra şöbəsi tərəfindən verilmiş, Borclu məxsus olan “DAEWOO ESPERO” minik markalı, **-HN-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulmasına dair təqdimat təmin edilməsin. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra on (10) gün müddətində, elektron kabinet vasitəsilə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Gülnar Aslanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar