Məhkəmə qərarları › İş №8(002)-574/2025

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərardad — İş №8(002)-574/2025

07.01.2026 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(002)-574/2025 07.01.2026 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Əbilov Qamət Mehman oğlunun sədrliyi, Məhkəmə iclas katibi Babayeva Nərmin Sahib qızının katibliyi ilə, Tələbkar tərəfindən verilmiş, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(002)-2522/2018 saylı məhkəmə əmrinə əsasən borclulardan tutulmuş pul məbləğinin indeksasiya olunmasına dair ərizəsinə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. İşin halları

1. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(002)- 2522/2018 saylı icra vərəqəsinə əsasən, Borclu1 və Borclu2 müştərək qaydada ünvan 1 ünvanda yaşayan Tələbkar xeyrinə 694 manat əsas borc və 20 manat ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 714 manat məbləğində pul tutulması əmr edilmişdir.

2. “Sunny Electronics” tərəfindən tərtib olunmuş xx.xx.2025-ci il tarixli maliyyə arayışına əsasən, Qaradağ Rayon Məhkəməsinin 2(002)-2522/2018 saylı, xx.xx.2018-cı il tarixli məhkəmə qərarına əsasən, borclular borclular Borclu1 və Borclu2 cəmi 714 manat məbləğində pul tutularaq Tələbkar xeyrinə ödənilməsi qərara alınmışdır. Məhkəmə qərarından sonra ödəniş olunmamışdır.

Ərizəçinin tələbi

3. Tələbkar ərizə ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(002)-2522/2018 saylı məhkəmə əmri ilə müəyyən edilmiş 714 manat pul məbləğini indeksləşdirilərək 2018-cı il iyun ayından 2025-ci il sentyabr ayınadək 152.3 manat faiz artımı (714 manat x 152.30%=1087.42 manat) nəzərə alaraq cəmi 1801.42 manat məbləğində indeksləşdirilməsinin müəyyən edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir.

4. Ərizə belə əsaslandırılmışdır ki, Qaradağ Rayon Məhkəməsinin 2(002)- 2522/2018 saylı, xx.xx.2018-cı il tarixli məhkəmə qərarına əsasən, borclular Borclu1 və Borclu2 cəmi 714,00 manat məbləğində pul müştərək qaydada tutularaq Tələbkar xeyrinə tutulması ödənilməsi qərara alınmışdır. Hazırda qəbul olunmuş məhkəmə qərarı qanuni qüvvəsini almasını və həmçinin icra məmuru tərəfindən məcburi icra tədbirlərinin görülməsinə baxmayaraq, məhkəmə qərarı icra olunmamışdır (ödənilməmişdir). Borclu məhkəmə qərarı üzrə qəbul olunmuş məbləği zamanında ödəyərək icra etsəydilər tələbkar, başqa sahədə istifadə etməklə gəlir əldə edə bilərdi. Lakin, borclunun məhkəmə qərarı üzrə öhdəliyinin icra etməməsi səbəbindən və həmin məbləğ vaxtında geri qaytarılmadığına görə tələbkar, həmin pulu dəyərləndirə bilməmişdir. Buna görə də, məhkəmə qərarı üzrə tələbkara ödəlinməli olan pul vəsaiti inflyasiyaya uğradığından indeksləşdirmə tətbiq edilməsi zərurəti yaranmışdır. Belə ki, indeksasiya institutu pulun alıcılıq qabiliyyətinin məhz məhkəmə aktı qəbul edilən an mövcud olan səviyyədə bərpasına yönəldiyindən, eləcə də bu hüquqi alət sanksiya xarakteri daşımadığına görə, onun tətbiqi məhkəmə aktının qanuni qüvvəyə minməsi və ya məhkəmə aktının icrasından yayınma ilə əlaqələndirilə bilməz. Bu səbəbdən indeksasiya məhz məhkəmə aktının qəbul edildiyi (elan edildiyi) gündən onun tam icra edildiyi günədək olan müddəti əhatə etməlidir. İndeksasiya institutu da qanuni qüvvəyə minmiş məhkəmə aktlarının icra edilməməsi nəticəsində baş verən inflyasiya itkilərinin kompensasiyasını, pulun alıcılıq qabiliyyətinin bərpasını təmin edən səmərəli hüquqi vasitə olmaqla məhkəmə müdafiəsi hüququnun realizəsinin effektivliyi baxımından xüsusi əhəmiyyət kəsb edir. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinin istehlak qiymətləri indeksinin hesablanmasından görünür ki, 2025-ci ildə sentyabr ayında 2018-cı ilin iyun ayına nisbətən istehlak qiymətləri indeksi 152.30 faiz təşkil edir, yəni qiymətlərin səviyyəsi 2 dəfə artmışdır.

5. Tələbkar tələbin hüququ əsası kimi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 15.2, 232.1, 232.2, 21.1, 21.2-ci maddələrinə istinad etmişdir.

Məhkəmə icraatı iştirakçılarının izahatları

6. Tələbkar məhkəməyə ərizə ünvanlayaraq, ərizəni müdafiə etmiş, məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsi və təmin olunmasını xahiş etmişdir.

7. Borclulara məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaq, borclu məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə mülki prosessual qanunvericiliyin tələbinə əsasən təqdimata borclunun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Məhkəmənin mövqeyi: a) Tətbiq edilən hüquq

8. Azərbaycan Respublikasında vətəndaşların pul gəlirlərinin və əmanətlərinin indeksləşdirilməsi haqqında Azərbaycan Respublikasının 17 iyun 1992-ci il Qanunu:

1. İndeksləşdirmə Azərbaycan Respublikasının ərazisində istehlak qiymətlərinin artması ilə əlaqədar olaraq əhalinin alıcılıq qabiliyyətini qorumaq məqsədilə vətəndaşların pul gəlirlərini və əmanətlərini artırmağın dövlət tərəfindən müəyyən edilmiş mexanizmdir.

2. Vətəndaşların pul gəlirlərinin və əmanətlərinin indeksləşdirilməsinin əsasını istehlak qiymətlərinin indeksi təşkil edir. Azərbaycan Respublikasında istehlak qiymətlərinin indeksi əhalinin yaşayış minimumunu hesablamaq üçün qəbul edilmiş minimum istehlak səbətinə uyğun olaraq dövlət, kooperativ ticarətində və xüsusi ticarətdə qiymətlərin, habelə mülkiyyət formasından asılı olmayaraq bütünxidmət sahəsi obyektlərində pullu xidmət tariflərinin dəyişilməsinin müşahidəsi nəticəsində əldə edilmiş statistika məlumatı əsasında hesablanır.

9. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 9.1-ci maddəsinə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. 9.3-cü maddəsinə əsasən hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 15.2. məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 216.2. Məhkəmə qətnaməni Azərbaycan Respublikası adından çıxarır. 217.2-ci maddəsinə əsasən, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 232.1. Tərəflərin ərizəsi üzrə işə baxmış məhkəmə qətnamənin icrası zamanı tutulmalı pul məbləğlərinin müvafiq indeksasiyasını həyata keçirə bilər. 232.2. Ödənilməli pul məbləğlərinin indeksasiyası barədə ərizəyə məhkəmə iclasında baxılır. İşdə iştirak edən şəxslər məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilirlər, lakin onların gəlməməsi məhkəmə qarşısında qoyulmuş məsələnin həll edilməsinə mane olmur. 232.3. Ödənilməli pul məbləğlərinin indeksasiyası barədə məhkəmə qərardadından şikayət verilə bilər.

b) Əsaslandırma

10. Ərizə əsaslıdır.

11. Ərizəçinin tələbi - Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(002)-2522/2018 saylı icra sənədi üzrə indeksləşdirmə artımı tətbiq edilərək 2018-cı il iyundan 2025-ci il sentyabradək borclular Borclu1 və Borclu2 tərəfindən ödənilməyən 714 manatın 152.30 faiz artımı (714 manat x 152.30%=1087.42 manat) nəzərə alaraq cəmi 1801.42 manat məbləğində indeksləşdirilməsinin müəyyən edilməsinə dair qərardad qəbul edilməsidir.

12. Belə ki, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(002)-2522/2018 saylı məhkəmə əmrinə əsasən, Borclu1 və Borclu2 müştərək qaydada ünvan 1 ünvanda yaşayan Tələbkar xeyrinə 694 manat əsas borc və 20 manat ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 714 manat məbləğində pul tutulması əmr edilmişdir.

13. Mülki prosessual qanunvericiliyin istinad olunan normalarının tələblərindən aydın görünür ki, tərəflərin ərizəsi üzrə işə baxmış məhkəmə qətnamənin icrası zamanı tutulmalı pul məbləğlərinin müvafiq indeksasiyasını həyata keçirə bilər. (§26) Qeyd edilən norma ilə nəzərdə tutulmuş ödənilməli pul məbləğlərinin indeksasiyası vətəndaşların pul gəlirləri və əmanətlərinin deyil, məhkəmə qətnaməsinin icra edilmədiyi və ya gec icra edildiyi dövrdə tutulmalı pul məbləğinin indeksasiyasını nəzərdə tutur. Bununla da qanunverici borclunun icradan yayınması nəticəsində tələbkara ödənilməli pul məbləğinin istehlak qiymətlərinin artımı ilə bağlı itirilmiş alıcılıq qabiliyyətinin bərpası istiqamətində bir mexanizm nəzərdə tutmuşdur ki, pul məbləğlərinin indeksasiyası barədə ərizələrə baxılarkən istehlak qiymətlərinin indeksinin artımına görə indeksləşdirmə aparılsın.

14. Məhkəmə qeyd edir ki, pul məbləğinin indeksasiyası dedikdə, məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsinə əsasən cavabdehdən iddiaçının xeyrinə tutulmalı olan pul məbləğinin qanunla müəyyən edilmiş əsaslarla və qaydada artırılması başa düşülür. Pul məbləğlərinin indeksasiyası, hər şeydən əvvəl istehlak qiymətlərinin artması ilə əlaqədar həmin məbləğin dəyərini qorumaqla vətəndaşın qanuni mənafeyini müdafiə etmək məqsədi daşıyır. Ödənilməli olan pul vəsaiti inflyasiya və s. kimi mənfi iqtisadi proseslər nəticəsində öz dəyərini əhəmiyyətli şəkildə itirmişdirsə və bununla əlaqədar olaraq həmin məbləğin alıcılıq qabiliyyəti aşağı düşmüşdürsə, belə hallarda məhkəmə prosesi tərəflərinin pozulmuş hüquqlarının bərpası üçün həmin məbləğin indeksasiyaedilməsi zərurəti yaranır. İndeksasiya iflyasiya nəticəsində dəyən zərərin bərpa olunmasının üsulu olsa da, onu mülki hüququn mühüm institutlarından biri olan zərərin əvəzinin ödənilməsi ilə eyniləşdirmək olmaz. Zərərin əvəzinin ödənilməsi mülkihüquqi məsuliyyət tədbiri olduğu halda, indeksasiyasının belə hüquqi təyinatı yoxdur.

15. Digər tərəfdən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququ hüquqazidd əməlin, bir qayda olaraq, təqsirli törədilməsi nəticəsində yarandığı halda indeksasiyanın aparılması üçün borclunun pul məbləğinin ödənilməsinə dair qətnamənin vaxtında icra edilməməsində və ya qətnamə ilə tutulan pul məbləğinin vaxtında ödənilməməsində təqsirinin olub-olmaması hüquqi əhəmiyyət kəsb etmir. Borclu qətnaməni hətta üzrlü səbəblərdən vaxtında icra etməsə belə, bu, həmin qətnamə üzrə ödənilməli olan pul məbləğinin indeksasiyanın həyata keçirilməsini istisna etmir.

16. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin (bundan sonra – Avropa Məhkəməsi) qanuni qüvvəyə minmiş məhkəmə aktlarının icrasına dair mövqeyinə görə, son və məcburi qüvvəyə malik olan məhkəmə qərarı tərəflərdən birinin ziyanına olaraq icra edilmədikdə, ədalətli məhkəmə araşdırması xəyali hüquqa çevrilir. Ağılasığmaz haldır ki, tərəflərə verilən ədalətli, açıq və ağlabatan müddətdə məhkəmə araşdırması kimi prosessual təminatları ətraflı təsvir edən “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsi məhkəmə qərarlarının icrasını təmin etməmiş olsun. Həmin maddənin yalnız məhkəməyə müraciət etmək hüququ və məhkəmə iclasının aparılmasına aid edilməsi iştirakçı dövlətlərin Konvensiyaya qoşularkən üzərlərinə götürdükləri öhdəliklərlə bağlı qəbuledilməz vəziyyət yarada bilər. Ona görə də, hər hansı məhkəmə tərəfindən çıxarılmış qərarın icrası Konvensiyanın 6- cı maddəsinin mənasına görə “məhkəmə araşdırmasının” ayrılmaz tərkib hissəsi hesab edilməlidir (Hornsbi Yunanıstana qarşı iş üzrə 19 mart 1997-ci il tarixli Qərar, §25)

17. Məhkəmə qeyd edir ki, Avropa İnsan Hüquqları Məhkəməsi özünün bir çox qərarlarında məhkəmə aktlarının vaxtında icra edilməməsini ədalətli məhkəmə araşdırmasının həyata keçirilməsinin təmin edilməməsi kimi qiymətləndirmişdir. Avropa İnsan Hüquqları Məhkəməsinin Boucke Çernoqroya qarşı 2012-ci il işində qeyd edilir ki, dövlət öz səlahiyyətləri daxilində yekun məhkəmə qərarını icra etmək üçün bütün lazımi addımları atmaq öhdəliyi daşıyır. Əks halda o, 6-cı maddənin 1-ci bəndində göstərilən tələblərə uyğun davranmamış olacaq. AİHM qeyd etmişdir ki, məhkəmə qərarlarının icra prosesi mahiyyət etibarı ilə tez bir zamanda həyata keçirilməlidir. (Oxşar mövqeyə Felbab Serbiyaya qarşı işində, Comingersoll S.A. Portuqaliyaya qarşı işində də rast gəlinir)

18. Məhkəmə ərizəçinin tələbi olan ödənilməmiş borcunun indeksasiyası-2018-cı il iyunundan 2025-ci il sentyabradək borclular Borclu1 və Borclu2 ödənilməyən borcu 714 manatın ödənilməsi tələbini nəzərdən keçirərək hesab edir ki, ərizə həmin hissədə təmin edilməlidir.

19. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(002)-2522/2018 saylı icra sənədi 714 manat borc məbləği və onun hal hazıradək olan dövrə indeksasiyası 1087.42 manat olmaqla ümumilikdə 1801.42 manat borclular Borclu1 və Borclu2 tutularaq Tələbkar ödənilməlidir.

20. Məhkəmə qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-in 231, 267-268-ci maddəsini rəhbər tutaraq

QƏRARA ALDİ:

Ərizə təmin edilsin. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(002)-2522/2018 saylı məhkəmə əmrinə əsasən 714 manat borc məbləği indeksasiya edilərək, 1801.42 manat müəyyyən olunsun. Qərardaddan tərəflərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində, elektron kabinet vasitəsilə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə şikayət verilə bilər.

Hakim Qamət Əbilov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar