Məhkəmə qərarları › İş №8(002)-68/2023

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərardad — İş №8(002)-68/2023

02.03.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(002)-68/2023 02.03.2023 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin hakimi Fuad Ələsgər oğlu Hüseynovun sədrliyi, Amil Rəfayıl oğlu Mirzəliyevin katibliyi, Tələbkar iştirakı ilə, Qaradağ rayon İcra şöbəsinin icra məmuru Rəsul Mirzəpurun Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə təqdimatına Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-255/2021 saylı, 09 mart 2021-ci il tarixli qətnaməsi üzrə 09 mart 2021-ci il tarixdə verilmiş icra vərəqəsinə əsasən 22 oktyabr 2020-ci il tarixdən başlayaraq xx.xx.2018-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün Borclu hər ay 170 (yüz yetmiş) manat sabit pul məbləğində aliment tutularaq Tələbkar ödənilməlidir. Təqdimat onunla əsaslandırılmışdır ki, icra sənədi xx.xx.2021-ci il tarixində Bakı şəhəri Qaradağ rayon İcra şöbəsinə daxil olmuş və qanunamüvafiq qaydada icraya yönəldilmişdir. İcraata başlamaq haqqında qərar qəbul edilərək, qərarın surəti bildirişlə birgə icra sənədi üzrə borcluya göndərilmiş, icra sənədində olan tələbin icrasının könüllü təmin edilməsi üçün 10 gün müddət müəyyən edilmişdir. Lakin bu müddət ərzində borclu tərəfindən icra sənədində olan tələb könüllü icra edilmədiyi üçün onun əmlak vəziyyətini yoxlamaq üçün aidiyyatı təşkilatlara sorğular göndərilmişdir. Həmin tarixdən bu vaxta kimi icra sənədinin icrası tam şəkildə təmin olunmamışdır. Həmçinin Tələbkar etibarnamə üzrə nümayəndəsi xx.xx.2022-ci il tarixli ərizə ilə Qaradağ rayon İcra Şöbəsinə müraciət edərək borclunun ölkədən çıxışının müvəqqəti olaraq məhdudlaşdırılması üçün qanunamüvafiq tədbirlərin görülməsini xahiş etmişdir. İcra sənədinin icrasından yayınan borclunun ölkə xaricinə çıxması icra sənədinin icrası istiqamətində hərəkətlərin davam etdirilməsinə mane ola bilər. Bu səbəbdən Qaradağ rayon İcra şöbəsinin icra məmuru təqdimatla məhkəməyə müraciət etmişdir. Məhkəmə baxışı zamanı Tələbkar izahat verərək bildirdi ki, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-255/2021 saylı, 09 mart 2021-ci il tarixli qətnaməsi üzrə verilmiş icra vərəqəsinə əsasən 22 oktyabr 2020-ci il tarixdən başlayaraq xx.xx.2018-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün Borclu hər ay 170 (yüz yetmiş) manat sabit pul məbləğində aliment tutularaq onun xeyrinə ödənilməlidir. Hazırda azyaşlı uşağa təkbaşına baxmaqda olduqca maddi çətinlik çəkir. Belə ki, borclu xx.xx.2020-ci ildən bu vaxta kimi keçən 28 ay üçün aliment məbləğindən cəmi 2 ay üçün aliment ödəmiş, 4000 manatdan artıq aliment borcu yaranmışdır. Borclunun kifayət qədər maddi imkanı vardır, o cümlədən özünəməxsus “Range Rover” markalı avtomobili mövcuddur və hazırda istifadəsindədir, avtomobilin dəyəri əmlak bölgüsü ilə bağlı məhkəmə işində 32000 manat olaraq müəyyən edilmişdir. Bundan əlavə, borclunun ailəsinin ölkədə və xaricdə bir neçə evləri vardır. Borclu özü maşın alveri ilə məşğul olur, bütün qızıl-zinət əşyaları da borcluda qalmışdır. Borclunun bütün aliment borcunu dərhal ödəməyə kifayət qədər maddi imkanı vardır, lakin o, təcili olaraq ölkə xaricinə çıxmaq istəyir ki, aliment borcundan və digər mülki iş üzrə qətnamənin icrasından yayınsın. Qeyd olunanlara əsasən, təqdimatın təmin olunmasını xahiş edir. Borclu təqdimata yazılı etiraz göndərərək qeyd etmişdir ki, o, xx.xx.2020-ci il tarixdən xx.xx.2022-ci il tarixədək 2 il 6 ay müddətinə həbsdə olmuş, həbsdən azad edildikdən bir ay sonra aliment öhdəliyinin icrasına başlamışdır. Həbsdə olduğu vaxtdan aliment borcu yığılmışdır, həbsdən 3-4 aydır ki, çıxmışdır. Eyni zamanda qeyd etmişdir ki, xarici ölkə vətəndaşıdır, pasportunun müddəti keçmişdir, bununla bağlı Rusiya səfirliyinə müraciət etmişdir, bu vəziyyətdə heç bir yerdə işləyə bilmir, xarici ölkə vətəndaşı olduğundan onun vətəndaşı olduğu ölkəyə getməsinə məhdudiyyət qoyulması əsassızdır. Qeyd olunanlara əsasən, təqdimatın rədd edilməsini xahiş edir. İş materiallarında olan ** OM ***571 seriyalı nəqliyyat vasitəsinin pasportunun surətindən görünür ki, “Range Rover” minik markalı avtomobilin mülkiyyətçisi xx.xx.2020-ci il tarixdən Borcludir. İş materiallarında olan Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-284/2022 saylı, 20 oktyabr 2022-ci il tarixli qətnaməsinin surətindən görünür ki, iddianın qismən təmin edilməsi, aşağıda adları qeyd edilmiş qızıl-zinət əşyalarının cavabdehlər Borclu, X1 və X3 alınaraq iddiaçı Tələbkar geri qaytarılması qət edilmişdir: saçaqlı zəncir (sep) çəkisi 100 qr., əyarı 750 (İtalyan)qiyməti 10000 manat, Ağ qızıldan komplekt (bir cüt sırğa, bir qolbağ, bir üzük, bir klon, bir kolye, komplektin ümumi çəkisi 45 qr, əyarı 750-qiyməti 4500 manat, ağ qızıldan olan sibir briliantlı qaşları olan nişan üzüyü, çəkisi 6 qr., əyarı 750, qiyməti 600 manat, üzərində sibir brilliantlı qaşlar olan, ağ qızıldan zəncir (sep) çəkisi 8 qr, əyarı 750, qiyməti 800 manat, qədimi mirvari və 6 ədəd sibir brilliantlı qaşlı qızıl üzük, çəkisi 6 qr, əyarı 583, qiyməti 480 manat, Kəpənək klonlu qızıl sep cəkisi 5 qr, əyarı 585, qiyməti 400 manat, uşaq üçün qədimi qırmızı qaşlı qızıl sırğa çəkisi 4.5 qr, əyarı 583, qiyməti 360 manat, xırda qara brilliant qaşlı qaşlarla ağ qızıl sırğa çəkisi 9 qr, əyarı 750, qiyməti 900 manat, saçaqlı qızıl qolbağ çəkisi 6 qr, əyarı 585, qiyməti 480 manat, iki ədəd “Cartier” firmasının qızıl suyuna salınmış qolbağı, qiyməti 600 manat, Svarovski firmasının svarovski qaşlarla olan iki ədəd sırğa və kolye qiyməti 600 manat, Ağ mirvari boyunbağı-1 ədəd, 1000 manat, bir ədəd sarı qızılı rəngli saat, oriyent firması, qiyməti 200 manat, ayağa taxmaq üçün kəpənəkli qızıl qolbağ, çəkisi 2.5 qr, əyarı 585 qiyməti 200 manat qızıl-zinət əşyaları. Bundan əlavə, birgə nikah dövründə əldə edilmiş avtomobilin dəyərini təşkil edən 32000 manat məbləğində pul vəsaiti üzərində iddiaçı Tələbkar 1\2 hissədə və cavabdeh Borclu 1\2 hissədə pay hüququnun müəyyən edilməsi və həmin avtomobilin dəyərini təşkil edən 32000 manat məbləğində pul vəsaitinin 1\2 hissəsi olan 16000 manat məbləğində pul vəsaitinin cavabdeh Borclu alınaraq iddiaçı Tələbkar ödənilməsi qət edilmişdir. İş materiallarında olan tələbkarın nümayəndəsi tərəfindən Qaradağ rayon İcra şöbəsinə ünvanlanmış şikayət ərizəsindən görünür ki, borclu 4250 manat aliment borcunu ödəmədən Rusiyaya getmək istədiyindən, onun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə təcili tədbir görülməsi tələb edilmişdir. Beləliklə, məhkəmə izahatları dinləyib, iş materiallarını tədqiq edərək belə qənaətə gəlir ki, borclunun barəsində ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə icra məmurunun təqdimatı təmin olunmalıdır. Belə ki, azyaşlı uşağın təminatı üçün alimentin ödənilməsi ilə bağlı icra sənədinin icrası, əmlak vəziyyəti barədə yuxarıda kifayət qədər məlumat əks olunan borclu tərəfindən indiyə kimi təmin edilməmişdir. Onun həbsdən azad edildiyi tarixdən hesablansa belə, könüllü icra üçün müəyyən olunmuş vaxt çoxdan keçmişdir. Digər tərəfdən, borclunun xarici ölkə vətəndaşı olması və etirazında hazırda pasport almağa çalışdığını bildirməsi, onun xaricə getməklə icra sənədinin icrasından yayınma və icra sənədinin icrasını mümkünsüz hala gətirmə ehtimalının real olduğunu təsdiq edir. Həmçinin, yazılı etirazda qeyd olunan hallar təqdimatın rədd olunmasına əsas vermir. Qeyd olunanlara əsasən, məhkəmə hesab edir ki, təqdimat əsaslı olduğundan təmin edilməlidir. Belə ki, “İcra Haqqında” Azərbaycan Respublikasının Qanununun 3.1-ci maddəsinə əsasən, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. Həmin Qanunun 76-cı maddəsinə əsasən, əcnəbilər, vətəndaşlığı olmayan şəxslər və xarici hüquqi şəxslər barəsində məhkəmə və digər orqanların qərarları bu Qanunla nəzərdə tutulmuş qaydada icra olunur. Həmin Qanunun 84-1.1-ci maddəsinə əsasən, məhkəmə qərarları, əmrləri və vergi orqanlarının pul tələblərinin ödənilməsi ilə bağlı inzibati aktları əsasında verilmiş icra sənədləri könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, borclunun ölkədən getmək hüququ icra məmurunun əsaslandırılmış təqdimatı əsasında məhkəmənin qərarı ilə müvəqqəti məhdudlaşdırıla bilər. Borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə icra məmuru tərəfindən dərhal borclunun özünə, tələbkara və müvafiq icra hakimiyyəti orqanına məlumat verilir. Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsinin 17.1.6-cı maddəsinə əsasən, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasından getməsi aşağıdakı hallarda müvəqqəti məhdudlaşdırıla bilər: məhkəmə qərarları, əmrləri və vergi orqanlarının pul tələblərinin ödənilməsi ilə bağlı inzibati aktları əsasında verilmiş icra sənədinin könüllü icra üçün müəyyən olunmuş vaxtda üzrsüz səbəbdən icra edilməməsinə görə onların ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə məhkəmənin qanuni qüvvəyə minmiş qərarı olduqda – məhdudlaşdırmanın götürülməsi barədə qərar qəbul edilənədək. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 263-269-cu maddələrini rəhbər tutub, məhkəmə QƏRARAALDİ: Təqdimat təmin olunsun. xx.xx.1988-ci il təvəllüdlü, Rusiya Federasiyası vətəndaşı olan Borclu ölkədən getmək hüququ müvəqqəti olaraq məhdudlaşdırılsın. Qərardaddan 10 (on) gün müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə şikayət verilə bilər. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin Hakimi : Fuad Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar