Məhkəmə qərarları › İş №8(002)-88/2023

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərardad — İş №8(002)-88/2023

12.06.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(002)-88/2023 12.06.2023 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Əsədov Kamran Bağır oğlunun sədrliyi, İmanov Tural Arif oğlunun katibliyi, Tələbkar nümayəndəsi X1 iştirakı ilə, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(002)-2732/2018 saylı icra vərəqəsinə izah verilməsi barədə Qaradağ rayon İcra şöbəsnin icra məmuru R.Mirzəpurun ərizəsinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(002)-2732/2018 saylı icra vərəqəsinə əsasən Borclu 2 uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay cəmi 308 manat sabit pul məbləğində alimentin tutularaq Tələbkar xeyrinə ödənilməsi qət edilmişdir. 14 mart 2023-cü il tarixdə Qaradağ rayon İcra şöbəsinin icra məmuru Rəsul Mirzəpur ərizə ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(002)-2732/2018 saylı icra vərəqəsinə izah verilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-2732/2018 saylı, xx.xx.2018-ci il tarixli icra vərəqəsinə əsasən Borclu 2 uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay cəmi 308 manat sabit pul məbləğində alimentin tutularaq Tələbkar xeyrinə ödənilməsi qət edilmişdir. İcra sənədi icraata ilk dəfə xx.xx.2018-ci il tarixdə daxil olmuş, həmin tarixdə icraata başlamaq haqqında qərar qəbul edilərək tələbin könüllü icrası haqqında bildirişlə birlikdə borclunun icra sənədində qeyd edilən ünvanına göndərilmişdir. Lakin sonradan taləbkar Tələbkar xx.xx.2018-ci il tarixdə ərizə ilə Qaradağ rayon icra şöbəsinə müraciət edərək, borclunun Gürcüstan vətəndaşı olduğunu və daimi olaraq Gürcüstanda yaşadığını, hər 3 aydan bir Azərbaycana daxil olaraq miqraqsiya xidmətində müvəqqəti qeydiyyata düşdüyü üçün icra vərəqəsinin Gürcüstan Respublikasına göndərilməsi ilə əlaqədar qeyd olunan İcra sənədinin Qaradağ rayon məhkəməsinə geri qaytarılmasını xahiş etmişdir. Bu səbəbdən, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-2732/2018 saylı, xx.xx.2018-ci il tarixli icra vərəqəsi «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 23.1.1-ci maddəsinə əsasən Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə geri qaytarılmışdır. Qeyd olunan icra sənədi təkrarən xx.xx.2022-ci il tarixdə Qaradağ rayon icra şöbəsinin icraatına daxil olmuş, müvafiq qaydada icraya yönəldilmişdir. Borclu Azərbaycan Respublikası vətəndaşı olmadığından, tələbin yönəldilə biləcək əmlak və gəlirlərinin olmasını müəyyən etmək mümkün olmamışdır. İcra sənədinin icra olunmasını təmin etmək məqsədi ilə icra məmuru tərəfindən xx.xx.2022-ci il tarixdə borclunun icra sənədində qeyd olunan ünvanına baxış keçirilmiş, lakin borclunun qeyd olunan ünvanda yaşamadığı müəyyən edilmişdir. Bu barədə müvafiq akt tərtib edilərək, icra işinin materiallarına əlavə edilmişdir. Daha sonra, icra zamanı məlum olmuşdur ki, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)- 2732/2018 saylı, xx.xx.2018-ci il tarixli qətnaməsi Gürcüstan Ali Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərardadı ilə tanınaraq məcburi icraya yönəldilmişdir. Həmçinin Gürcüstan Milli İcra Bürosunun xx/xx-3160 saylı xx.xx.2022-ci il tarixli məktubuna əsasən icra sənədi hal-hazırda icraatda olduğu müəyyən edilmişdir. Göstərilənlərə və «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 14-cü maddəsinə əsasən Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-2732/2018 saylı, xx.xx.2018-ci il tarixli qətnaməsi üzrə verilmiş, Gürcüstan Ali Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərardadı ilə tanınaraq məcburi icraya yönəldilmiş, hal-hazırda Gürcüstan Milli İcra Bürosunun xx/xx-3160 saylı, xx.xx.2022-ci il tarixli məktubuna əsasən icraatda olan, o cümlədən xx.xx.2022-ci il tarixdə yenidən Qaradağ rayon icra şöbəsinə yönəldilmiş icra sənədi üzrə icra tədbirlərinin hansı ölkədə aparılmalı olduğu barədə izah verilməsi xahiş edilmişdir. Məhkəmə iclasında Tələbkar nümayəndəsi X2 ərizənin təmin edilməsini, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 27 avqust 2018-ci il tarixli, 2(002)-2732/2018 saylı icra sənədinin Azərbaycan Respublikasının ərazisində icra edilməsi barədə icra sənədinə izah verilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. O, izahatında bildirdi ki, Borclu hal-hazırda Azərbaycan Respublikası ərazisində yaşayır. Onun Gürcüstan Respublikası ilə hər hansı bağlılığı yoxdur, həmin ölkədə onun yaşayış yeri, adına daşınar və daşınmaz əmlak, habelə bank hesabı aşkar edilməmişdir. Digər tərəfdən həmin qərar Azərbaycan Respublikasının məhkəmələri tərəfindən qəbul edilmişdir. Həmin qərarın Gürcüstan Respublikasının Ali Məhkəməsi tərəfindən təsdiq edilməsi bu qərarın Azərbaycan Respublikası ərazisində icra edilməsini aradan qaldırmır. Bu səbəbdən hesab edir ki, icra sənədi Azərbaycan Respublikasında icra edilməlidir. Əvvəlki məhkəmə iclasında iştirak edən Bakı şəhəri Qaradağ rayon icra şöbəsinin icra məmuru X6 ərizənin məzmununa uyğun izahat verib, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 27 avqust 2018-ci il tarixli, 2(002)-2732/2018 saylı icra sənədinin hansı ölkənin ərazisində icra edilməsi barədə barədə icra sənədinə izah verilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq borclu və icra məmuru məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin üzürlü səbəbi barədə məhkəməyə heç bir məlumat verməmişlər. Məhkəmə icra sənədinin izah edilməsi məsələsinə tərəflərin və icra məmurunun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəni və təqdim olunmuş sənədləri nəzərdən keçirərək hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 27 avqust 2018-ci il tarixli, 2(002)-2732/2018 saylı qətnaməsindən görünür ki, iddiaçı Tələbkar Sadıq qızının cavabdeh Borclu qarşı «aliment» tələbinə dair iddiası təmin edilmişdir. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 27 avqust 2018-ci il tarixli, 2(002)- 2732/2018 saylı icra vərəqəsindən (icra vərəqəsi 11 noyabr 2022-ci il tarixdə verilmişdir) görünür ki, cavabdeh Pholadov (Poladov) Zokhrab (Zöhrab) Ədalət oğlundan 10 iyul 2018ci il tarixdən başlayaraq 28 sentyabr 2013-cü il tarixdə doğulmuş X4 və 05 aprel 2015-ci il tarixdə doğulmuş X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay bir uşağa görə 154 manat, iki uşağa görə cəmi 308 manat sabit pul məbləğində aliment tutularaq iddiaçı Tələbkar ödənilməlidir. 05AB21736 nömrəli pasportun surətindən görünür ki, qeyd olunan icra vərəqəsi üzrə borclu Pholadov (Poladov) Zokhrab (Zöhrab) Ədalət oğlu xx xxxxxx 1989-cu il tarixdə Marneuli rayonunda doğulmaqla, Gürcüstan Respublikasının vətəndaşıdır. Gürcüstan Ali Məhkəməsinin xx.xx.2020-ci il tarixli, A-4550-İİİ-143-2019 saylı qərardadından görünür ki, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 27 avqust 2018-ci il tarixli qətnaməsi Gürcüstan Respublikası ərazisində tanınmış və icraya yönəldilmişdir. Gürcüstan Ali Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərardadında göstərilmişdir ki, Borclu Gürcüstan Respublikasının vətəndaşı olmaqla, orada daimi qeydiyyatdadır. Lakin iş materiallarını araşdıran Gürcüstan Ali Məhkəməsi qeyd etmişdir ki, borclu Gürcüstan Respublikasında qeydiyyatda olmasına baxmayaraq, Bakı şəhəri Qaradağ rayonu Müşfiqabad qəsəbəsində yaşayır. Tələbkar vəsatətinə borclunun Gürcüstan ərazisində icra sənədində göstərilən tələb üzrə tutmanın yönəldilə biləcəyi pul vəsaiti, daşınar və daşınmaz əmlakının mövcudluğuna dair sübutları əlavə etməmişdir. Sumqayıt şəhəri üzrə İcra İdarəsinin 02 fevral 2023-cü il tarixli, 57/36 saylı məktubundan görünür ki, Borclu ünvan 1 ünvanda kirayəşin olaraq yaşadığı qeyd edilsə də, həmin ünvana baxış keçirilmiş, borclunun hazırda orada yaşamadığı müəyyən edilmiş və bu barədə müvafiq akt tərtib edilmişdir. Habelə "xxxx" MTK-nın xx.xx.2023-cü il tarixli arayışından da borclunun hazırda həmin ünvanda yaşamadığı məlum olmuşdur. 123 saylı MKİS-in 08 aprel 2023-cü il tarixli arayışından görünür ki, Poladov X5 qəsəbəsi Şamaxıyolu 5Q saylı evin 74 saylı mənzilində yaşayır. Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti Miqrasiya proseslərinin təhlili və informasiya təminatı Baş İdarəsinin 11 may 2023-cü il tarixli 3-37/2-119xx-xx/2023 saylı məktubundan görünür ki, Borclu sonuncu dəfə ölkədə müvəqqəti olma müddəti xx.xx.2022-ci il tarixədək uzadılmış və Abşeron rayonu Saray qəsəbəsi M.Əsədov küçəsi 1, Saray H yaşayış kompleksi, ev 69, mənzil 24 ünvanına qeydiyyata alınmışdır. Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin Sərhəd Nəzarətinin 10 may 2023-cü il tarixli, 3-38-33/2-1691/23 saylı məktubundan görünür ki, xx.xx.1989-cu il təvəllüdlü Gürcüstan vətəndaşı Borclu sonuncu dəfə dövlət sərhəddini İAMAS bazasındakı məlumatlara əsasən 31 may 2022-ci il tarixdə keçmiş, Azərbaycan Respublikasına daxil olmuşdur. «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 14.1-ci maddəsinə əsasən icra sənədində göstərilmiş tələblər aydın olmadıqda, icra məmuru həmin icra sənədinin verilməsi üçün əsas olmuş qərarın, habelə qanuna əsasən icra sənədi sayılan sənədin izah olunması barədə müvafiq məhkəməyə və ya digər orqana ərizə ilə müraciət etməlidir. Azərbaycan Respublikasının Konstitusiyasının 129-cu maddəsinə əsasən, məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Təqdim olunmuş sənədlərdən göründüyü kimi, dövlətin adından çıxarılmış və icrası məcburi olan, Bakı şəhəri Qaradağ rayon Məhkəməsinin 27 avqust 2018-ci il tarixli 2(002)- 2732/2018 saylı qətnaməsinə əsasən verilmiş icra sənədi üzrə borclu Gürcüstan vətəndaşı olsa da, faktiki olaraq 31 may 2022-ci il tarixdən Azərbaycan Respublikasının ərazisindədir, Ölkə hüdudlarını tərk etməmişdir. Borclunun Gürcüstan Respublikasının ərazisində tələb yönəldilə biləcək əmlakı və pul vəsaiti yoxdur. Borclu Gürcüstanda qeydiyyatda olsa da, orada yaşamır, faktiki olaraq Azərbaycan Respublikasının ərazisində yaşayır. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(002)-2732/2018 saylı icra vərəqəsinə izah verilməsi barədə Qaradağ rayon İcra şöbəsnin icra məmuru R.Mirzəpurun ərizəsi təmin edilməli, həmin icra sənədinin Azərbaycan Respublikasının ərazisində icra edilməli olması izah edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 230, 263-264, 266-267-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Qaradağ rayon İcra şöbəsnin icra məmuru R.Mirzəpurun ərizəsi təmin edilsin. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(002)-2732/2018 saylı icra vərəqəsinin Azərbaycan Respublikasının ərazisində icra edilməli olması izah edilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra tərəflər 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə şikayət verə bilərlər. Hakim Kamran Əsədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar