Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(002)-89/2024 15.04.2024 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov Fuad Ələsgər oğlunun sədrliyi, Bağırova Mehriban Yaşar qızının katibliyi, Tələbkar MMC-nin qanuni təmsilçisi X3 iştirakı ilə, borclu X2 qətnamənin hissə-hissə icra edilməsi barədə ərizəsinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-1178/2023 saylı, 04 may 2023-cü il tarixli qətnaməsi ilə cavabdeh X1 23466 (iyirmi üç min dörd yüz altmış altı) manat məbləğində pul vəsaitinin və 119 (yüz on doqquz) manat məbləğində dövlət rüsumunun tutularaq iddiaçı Tələbkar MMC-yə ödənilməsi qət edilmişdir. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-1178/2023 saylı, 04 may 2023-cü il tarixli qətnaməsinin icrası mərhələsində borclu X4 ərizə ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-1178/2023 saylı, 04 may 2023-cü il tarixli qətnaməsi üzrə ödənilməli pul məbləğinin hər ay 500 manat olmaqla hissə-hissə ödənilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Ərizəsini onunla əsaslandırmışdır ki, hal-hazırda o, heç bir yerdə işləmir və heç bir maddi qazancı yoxdur. O, davamlı olaraq özü üçün iş axtarsa da, nəticə əldə edə bilmir. Atası və anasının himayəsində yaşayır, öz valideynləri də əlindən gələn qədər onun borcunun ödənilməsinə maddi kömək edirlər. O, cavabdehə olan borcunu qaytarmaq istəyir, lakin hal-hazırda işsiz olduğu üçün bunu tam şəkildə həyata keçirə bilmir. Lakin valideynlərinin dəstəyi ilə ayda 500 manat olmaqla hissə-hissə borcunu qaytara bilər. Qeyd olunanlara əsasən, ərizənin təmin edilməsini xahiş edir. Borclu və Qaradağ rayon İcra şöbəsi məhkəmə iclasının vaxtı və yeri barədə qanunvericiliklə müəyyən edilmiş qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikasının MPM-nin 231.2-ci maddəsinə əsasən, ərizəyə onların iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iclasında Tələbkar MMC-nin qanuni təmsilçisi X5 izahatında göstərdi ki, tələbkar ərizə tələbinə qəti etiraz edir. Belə ki, borclunun ödəməli olduğu məbləğ kifayət qədər böyükdür, lakin o, qətnamənin icrasını illərlə süründürmək istəyir. Borclu bir ildir ki, müxtəlif bəhanələrlə qətnamənin icrasını yubadır, bir dəfə cəmi 1500 manat ödəyib, 8 aydır ki, heç nə ödəmir. Halbuki, borclunun kifayət qədər imkanı vardır. O, turizm sektorunda müxtəlif şirkətlərlə əməkdaşlıq edir. Hazırki icra sənədi üzrə yaranmış borc da onunla cəmi bir aylıq əməkdaşlıq dövründə yaranmışdır. Həmin dövrdən tələbkar şirkət böyük zərərə məruz qalmış, borc məbləği şirkətin iqtisadi fəaliyyətinə ciddi şəkildə mənfi təsir etmişdir. Borclu əslində çox sayda şəxslərin pullarını mənimsədiyi üçün İcra şöbəsində ona qarşı çoxlu icra sənədləri var. Qeyd olunanlara əsasən, ərizənin təmin edilməməsi barədə qərardad qəbul edilməsini xahiş edir. Məhkəmə izahatları dinləyib, ərizənin dəlillərini, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə əsassız olduğundan təmin olunmamalıdır. Belə ki, borclu ərizəsində ödənilməli pul vəsaitini hazırda ödəyə bilməməsinin səbəbləri kimi göstərdiyi hallara (iş yerinin olmaması, işaxtaran kimi qeydiyyata alınması, ailə vəziyyəti və s.) və əmlak vəziyyətinə dair hər hansı sübut təqdim etməmişdir. Borclunun hər ay 500 manat ödəniş edəcəyi təqdirdə isə icra sənədinin icrası üçün dörd ilə yaxın müddət tələb olunur ki, bu hal qanunvericiliyin tələblərinə və kreditorun mənafeyinə aşkar surətdə ziddir. Həmçinin, mülki iş materiallarına əsasən, borclunun qüvvədə olan məhkəmə qərarları əsasında Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməsi, onun qətnamənin icrasından yayındığını təsdiq edir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, ərizə əsassız olduğundan təmin edilməməlidir. Belə ki, “İcra Haqqında” Azərbaycan Respublikasının Qanununun 15-ci maddəsinə əsasən, tərəflər icra sənədinin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icrası, icra sənədinin icra üsulunun və qaydasının dəyişdirilməsi haqqında işə baxmış məhkəməyə müraciət edə bilər. Borclunun əmlak vəziyyətini və digər halları nəzərə alaraq, məhkəmə həmin müraciətlərə Azərbaycan Respublikasının MPM-nin 231-ci maddəsi ilə müəyyən edilmiş qaydada baxır. Azərbaycan Respublikasının MPM-nin 231.1-ci maddəsinə əsasən, işə baxmış hakim, işdə iştirak edən şəxslərin ərizəsi üzrə tərəflərin əmlak vəziyyətinə və digər hallara əsasən qətnamənin icrasına möhlət verməyə və ya qətnaməni hissə-hissə icra etdirməyə, habelə onun icra üsulunu və qaydasını dəyişdirməyə haqlıdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun xx.xx.2005-ci il tarixli “Məhkəmə qətnaməsi haqqında” Qərarının 12-ci bəndinə əsasən, məhkəmələr nəzərə almalıdırlar ki, qətnamənin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icra edilməsi, qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsi müstəsna hal olub, qətnamənin icrası üçün çətinlik törədən və yaxud borclu üçün yaranmış əlverişsiz hallarda tətbiq oluna bilər. Məhkəmələr bu məsələləri həll etdikdə təkcə borclunun deyil, tələbkarın mənafeyini də nəzərə almalıdırlar. Yuxarıda şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikasının MPM-nin 231, 263-264 və 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Ərizə təmin edilməsin. Qərardaddan 10 (on) gün müddətində Qaradağ Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Fuad Hüseynov
Məhkəmə qərarları › İş №8(002)-89/2024
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərardad — İş №8(002)-89/2024
15.04.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver