Məhkəmə qərarları › İş №8(002)-92/2023

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərardad — İş №8(002)-92/2023

27.03.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(002)-92/2023 27.03.2023 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov Fuad Ələsgər oğlunun sədrliyi, Mirzəliyev Amil Rəfayıl oğlunun katibliyi ilə, Qaradağ rayon İcra Şöbəsinin icra məmuru Orxan Göyüşlünün borclunun əmlakı üzərinə həbs qoyulması barədə təqdimatına Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin e-2(002)-3077/2022 saylı, 16 dekabr 2022-ci il tarixli qətnaməsi üzrə 25 yanvar 2023-cü il tarixdə verilmiş icra vərəqəsinə əsasən cavabdehlər Borclu və X1 müştərək qaydada 9006,77 manat məbləğində əsas borc, 1044,34 manat məbləğində faiz borcu olmaqla, cəmi 10051,11 manat (on min əlli bir manat on bir qəpik) məbləğində borc pul vəsaiti və 117,94 manat dövlət rüsumu tutularaq iddiaçı “X3” Bakı filialının xeyrinə ödənilməlidir. Qaradağ rayon İcra Şöbəsinin icra məmuru Orxan Göyüşlü təqdimatla məhkəməyə müraciət edərək, icra sənədinin icrasını təmin etmək və borcluya borcu ödətdirmək məqsədi ilə Borclu məxsus olan “VAZ 2106” minik markalı, **-HE-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulması barədə qərardad çıxarılmasını xahiş etmişdir. Qaradağ rayon İcra Şöbəsinin icra məmuru Orxan Göyüşlü təqdimatını onunla əsaslandırmışdır ki, icra sənədi xx.xx.2023-cü il tarixdə icraata daxil olmuş və icraata başlama haqqında qərar qəbul edilərək tələbin könüllü icrası barədə bildirişlə birlikdə borcluya göndərilmişdir. Lakin borcluya edilən çoxsaylı xəbərdarlıqlara baxmayaraq Borclu icra məmurunun qanunvericilikdən irəli gələn tələblərini icra etməkdən imtina edərək borcunu ödəməmişdir. Borclunun əmlak vəziyyətini yoxlamaq məqsədilə aidiyyatı dövlət qurumlarına sorğular ünvanlanmış, aşkar olunmuşdur ki, Borclu məxsus “VAZ 2106” minik markalı, **-HE-*** dövlət qeydiyyat nişanlı avtomobil dövlət qeydiyyatına alınmışdır. Qeyd olunan borc məbləği ödənilmədiyindən o, göstərilən təqdimatla məhkəməyə müraciət etmiş və məhkəmədən təqdimatın təmin olunmasını xahiş etmişdir. Məhkəmə, təqdimatın dəlillərini araşdıraraq və iş materiallarını nəzərdən keçirərək müəyyən edir ki, təqdimatda tələbin könüllü icrası barədə bildirişin borclunun ünvanına göndərildiyi göstərilsə də, tələbin könüllü icrası barədə bildirişin borcluya göndərilməsini və borclunun həmin bildirişi almasını, ümumiyyətlə borclunun icra sənədi barədə məlumatlı olmasını təsdiq edən hər hansı sənəd təqdimata əlavə edilməmişdir. Ona görə də məcburi icra tədbirinin tətbiqi üçün qanunla müəyyən edilmiş şərtlərin mövcudluğu müəyyən edilmədiyindən, borclunun əmlakı üzərinə həbs qoyulması ilə bağlı təqdimat əsassız olduğundan təmin edilməməlidir. Belə ki, “İcra Haqqında” Azərbaycan Respublikasının Qanununun 1-1-ci maddəsinə əsasən, icra qanunvericiliyi qanunun aliliyinin təmin olunması və hamının qanun qarşısında bərabərliyi, obyektivlik, ədalətlilik prinsiplərinə əsaslanır. Həmin Qanunun 44.1-ci maddəsinə əsasən, məcburi icra tədbirlərinin tətbiqinin əsasları aşağıdakılardır: 44.1.3. könüllü icra üçün icra məmuru tərəfindən borcluya verilmiş müddətin keçməsi. Həmin Qanunun 44.2-ci maddəsinə əsasən, bu Qanunun 44.1-ci maddəsində müəyyən edilmiş əsaslardan hər hansı biri olmadıqda məcburi icra tədbirlərinin tətbiqinə yol verilmir. Yuxarıda göstərilənlərə əsasən və “İcra Haqqında” Azərbaycan Respublikasının Qanununun 44-cü maddəsini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Təqdimat təmin edilməsin. Qərardaddan 10 (on) gün müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə şikayət verilə bilər. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin Hakimi : Fuad Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar