Məhkəmə qərarları › İş №8(003)-104/2023

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərardad — İş №8(003)-104/2023

17.04.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(003)-104/2023 17.04.2023 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Emin İlham oğlunun sədrliyi, Nəcəfova Səbinə Aydın qızının katibliyi ilə, Beyləqan Rayon Məhkəməsinin 2(020)-92/2022 saylı xx.xx.2022-ci il tarixli icra sənədinin icrasının təmin edilməsi məqsədilə Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına dair Xəzər Rayon İcra Şöbəsinin icra məmuru Yaqub Qafarov tərəfindən verilmiş təqdimata məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Bakı şəhəri Xəzər Rayon İcra Şöbəsinin icra məmuru Yaqub Qafarov təqdimatla məhkəməyə müraciət edərək, Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, xx.xx.2022-ci il tarixli qərarla icraata başladığım Beyləqan Rayon Məhkəməsinin 2(020)-92/2022 saylı xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən X2 və Borclu müştərək qaydada 31556 manat pul tutularaq tələbkar X1 xeyrinə ödənilməlidir. İcraata başlamaq haqqında qərar qəbul edilərək, qərarın surəti bildirişlə icra sənədi üzrə Borclu və tələbkara göndərilmişdir. Lakin borclu tərəfindən icra sənədində olan tələb təmin edilmədiyi üçün borclunun əmlak vəziyyətini yoxlamaq üçün aidiyyəti təşkilatlara sorğular göndərilmiş, lakin borclunun adına daşınar və daşınmaz əmlak, banklarda pul vəsaiti müəyyən edilməmişdir. Borclunun ölkəni tərk etmək ehtimalı olduğundan, ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmalıdır. Göstərilənlərə əsasən və “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 84-1-ci maddəsini rəhbər tutaraq, Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qərar qəbul edilməsi məsələsinə baxılmasını xahiş etmişdir. Bakı şəhəri Xəzər Rayon İcra Şöbəsinin icra məmuru, tələbkar və borclu təqdimata baxılması üçün təyin edilmiş məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılsalar da, tərəflər məhkəmə iclasına gəlməmişdir. Onların məhkəmə iclasına gəlməmələri məhkəmə qarşısında qoyulmuş məsələnin həll edilməsinə mane olmadığından, məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 231.2-ci maddəsinə əsasən təqdimata baxılmasını mümkün hesab etmişdir. Məhkəmə təqdimatı və ona əlavə edilmiş sənədləri araşdırıb hesab edir ki, təqdimat təmin edilməməlidir. Belə ki, işin bütün hallarını, eyni zamanda icra sənədlərinin icraya yönəldilməsindən xeyli müddət ötməsinə baxmayaraq bu günədək icra olunmadığını, habelə borc məbləğinin həcmini nəzərə alaraq məhkəmə hesab edir ki, təqdimat təmin edilməli və borclunun ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmalıdır. Təqdimata əlavə edilmiş sənədlərdən görünür ki, Beyləqan Rayon Məhkəməsinin 2(020)-92/2022 saylı xx.xx.2022-ci il tarixli icra vərəqəsinə əsasən X2 və Borclu müştərək qaydada 31556 manat pul tutularaq tələbkar X1 xeyrinə ödənilməlidir. İş materiallarından görünür ki, icra sənədi üzrə icra məmuru tərəfindən xx.xx.2022-ci il tarixdə icraata başlamaq haqqında qərar qəbul edilərək rəsmi qaydada tələbin könüllü icra olunması barədə bildiriş, cinayət məsuliyyətinə cəlb olunması haqqında xəbərdarlıq və qərarın surəti borcluya təqdim edilmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixdə Borclu Bakı şəhəri Xəzər rayonu İcra şöbəsində verdiyi izahatın surətindən görünür ki, borclu məhkəmənin qərarından xəbərdar olmadığını, tələbkara heç bir borcu olmadığını bildirmişdir. İş materiallarına əlavə olunmuş şəxsin əmlak məlumatları barədə kompüter çıxarışından görünür ki, Borclu əmək haqqı 544,0 manat təşkil edir. Məhkəmə borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə təqdimatla bağlı qeyd edir ki, icra məmuru təqdimatda qanunla nəzərdə tutulmuş zəruri icra hərəkətlərinin edilməsini göstərməklə təqdimatın təmin edilməsini xahiş etsə də, həmin hərəkətlərlə bağlı zəruri sənədləri nə təqdimata əlavə etməmiş, nə də məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlı olduğu halda məhkəmə iclasında iştirak etməyərək təqdim etməmişdir. Eyni zamanda borclunun da icra sənədini üzürsüz səbəbdən icra edilməməsini təsdiq edəcək hər hansı bir sübut məhkəməyə təqdim etməməklə məhz bu tədbirin görülməsinin zəruriliyini, yəni icra sənədinin borclu tərəfindən üzürsüz səbəbdən icra edilməməsinin nədə ifadə olunduğunu təqdimatda ümumiyyətlə əsaslandırılmamışdır. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 84-1.1-ci maddəsinə görə, məhkəmə qərarları əsasında verilmiş icra sənədləri könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, borclunun ölkədən getmək hüququ icra məmurunun əsaslandırılmış təqdimatı əsasında məhkəmənin qərarı ilə müvəqqəti məhdudlaşdırıla bilər. Göründüyü kimi qanunvericilik icra icraatı zamanı borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasını bir sıra şərtlərin mövcudluğundan asılı etmişdir. Belə ki, icra sənədinin borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədiyi sübut edildikdə, icra məmurunun məhz bu halları əsaslandırdığı təqdimatı əsasında tətbiq edilə bilər. Əks təqdirdə, yəni icra məmurunun heç bir əsaslı səbəb göstərmədiyi, formal mülahizələrlə, icrası üçün məcburi icra tədbirlərinin tətbiq edilib-edilmədiyini əsaslandırmadığı, eləcə də, borclu tərəfindən üzrlü və ya üzrsüz səbəbdən icra edilibedilmədiyi qeyri-müəyyən olan icra sənədi üzrə onun ölkədən getməsinə məhdudiyyət qoyulması vətəndaşın konstitusion hüquqlarının məhdudlaşdırılmasına səbəb ola bilər. Nəzərə alınmalıdır ki, Azərbaycan Respublikasının Konstitusiyasının 28-ci maddəsinə əsasən, qanuni surətdə Azərbaycan Respublikasının ərazisində olan hər kəs sərbəst hərəkət edə bilər, özünə yaşayış yeri seçə bilər və Azərbaycan Respublikasının ərazisindən kənara gedə bilər. Həmçinin, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Kollegiyasının 2013-cü il 22 aprel tarixli 2-N nömrəli Qərarı ilə təsdiq edilmiş “Şəxsin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasının icra xidməti tərəfindən tətbiqi qaydaları haqqında Təlimat”ın 2.2-ci bəndinə əsasən borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması zərurəti yarandıqda icra məmuru təqdimatla məhkəməyə müraciət etməzdən əvvəl icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi səbəblərini müəyyənləşdirir, borcun ödənilməsi tələbinə dair icra sənədlərinin icrası zamanı borclunun əmlakının axtarılması üçün bütün tədbirləri həyata keçirir, o cümlədən onun yaşadığı mənzildə tələbin yönəldilə biləcəyi əmlakların olub-olmamasını yoxlayır. Göründüyü kimi, qanunvericiliyin tələblərinə əsasən icra məmuru borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə təqdimatla məhkəməyə müraciət etməzdən əvvəl icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi səbəblərini müəyyənləşdirməli, borclunun əmlakının axtarılması üçün bütün tədbirləri həyata keçirməli, o cümlədən onun yaşadığı mənzildə tələbin yönəldilə biləcəyi əmlakların olubolmamasını yoxlamalıdır. Bütün bu tədbirlər nəticə vermədiyi təqdirdə təqdimatla məhkəməyə müraciət etməlidir. Məhkəmə bununla bağlı da qeyd edir ki, icra məmuru tərəfindən adı çəkilən Təlimatın 2.2-ci bəndində göstərilmiş bütün tədbirlər görülməmişdir. Həmçinin iş materiallarından müəyyən olunur ki, Borclu hal-hazıra işləyir və 544,0 manat əmək haqqı alır. Yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, Bakı şəhəri Xəzər rayon İcra şöbəsinin– Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə təqdimatı təmin edilməməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 263-264-cü və 266-268-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə Xəzər Rayon İcra Şöbəsinin icra məmuru Yaqub Qafarov tərəfindən verilmiş təqdimat təmin edilməsin. Qərardan 10 (on) gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Emin Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar