Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(003)-106/2023 12.05.2023 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Emin İlham oğlunun sədrliyi, Nəcəfova Səbinə Aydın qızının katibliyi, Tələbkarın nümayəndəsi X1 iştirakı ilə, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-2007/2010 saylı, xx.xx.2010-cu il tarixli icra sənədinin icra üsulunun dəyişdirilməsi barədə tələbkar LPO "xxxx" ASC- nin ərizəsinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Tələbkar LPO "xxxx" ASC ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.2010-cu il tarixli 2(003)-2007/2010 saylı icra vərəqəsi üzrə icra üsulunun və qaydasının dəyişdirərək, icra sənədi üzrə tutmanın ipotekaya qoyulmuş "Daewoo Nexia” minik markalı **-SN-*** dövlət qeydiyyat nişanlı avtomobilə yönəldilməsi hissəsində dəyişdirilərək qətnamə üzrə borcun X2 alınmasının ümumi qaydada icra edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2010-cu il tarixli, 2(003)-2007/2010 saylı qətnaməsinin qəbul edilməsindən 14 il vaxt keçməsinə və Bakı şəhəri Nəsimi rayon İcra şöbəsi tərəfindən müəyyən icra tədbirləri görülməsinə baxmayaraq qətnamə icra olunmamışdır. Belə ki, qətnamənin qət etdi hissəsində qətnamənin icra üsulu müəyyən edildiyindən, yəni icra sənədinə əsasən kredit borcunun təminatı ipoteka ilə yüklü edilmiş X5 məxsus "Daewoo Nexia” minik markalı **-SN-*** dövlət qeydiyyat nişanlı avtomobil olduğundan tələb ilk növbədə həmin əmlaka yönəldildiyi üçün icra məmuru icra sənədinin 1-ci hissəsini yəni pulun tutulması hissəsini icra edilməsi ilə bağlı hər hansı tədbirlər görə bilmir. Belə ki, ipoteka predmeti olan əmlakın üzərinə həbs qoyulmasına baxmayaraq, axtarışının nəticə verməməsi səbəbindən girov qoyulmuş əmlakın qiymətləndirilərək açıq hərrac vasitəsi ilə satışını əngəlləməkdədir. Bu da Qətnamənin uzun müddət icrasız qalmasına səbəb olmuşdur. Hal-hazırda borclunun Qətnamə üzrə "Yunayted Kredit Bank” ASC-yə olan borcu ödənilmədən qalmaqdadır. Hesab edirlər ki, nəqliyyat vasitəsinin uzun müddətdir axtarışda olması, girovqoyanın girovu könüllü Banka təqdim etməməsi, borclunun bizə olan borcunun ödənilməsini dayandıran hal ola bilməz və hazırda həmin borcun tutulması üçün digər icra addımları atılmalı, bunun üçün isə icra sənədi üzrə müəyyənləşdirilmiş icra üsulu dəyişdirilməlidir. Tələbkarın nümayəndəsi X3 məhkəmə iclasında ərizənin təmin edilməsini xahiş etdi. Bakı şəhəri Xəzər rayon icra şöbəsinin icra məmuru və borclu ərizəyə baxılması üçün təyin edilmiş məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilməklə məhkəmə iclasına çağırılmışlar. Lakin məhkəmə iclasına gəlməmişlər. Bakı şəhəri Xəzər rayon icra şöbəsinin icra məmurunun, tələbkarın nümayəndəsinin və borclunun məhkəmə iclasına gəlməməsi məhkəmə qarşısında qoyulmuş məsələnin həll edilməsinə mane olmadığından, Azərbaycan Respublikası MPM-nin 231.2-ci maddəsinə əsasən məhkəmə ərizəyə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizənin dəlillərini araşdıraraq hesab edir ki, ərizə əsassız olduğundan rədd edilməlidir. Belə ki, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2010-cu il tarixli, 2(003)- 2007/2010 saylı qətnaməsinə əsasən, 1997 buraxılış ili, BAN klate19y1wb224088, mühərrik, 7138718, ağ rəngli "Daewoo Nexia” minik markalı **-SN-*** dövlət qeydiyyat nişanlı avtomobilin açıq hərracdan satılması, satışdan əldə olunan məbləğin X4 "xxxx" ASC-nin “Azadlıq” filialına olan 1216 manat əsas və 1012,63 manat faiz borcu, 2094,48 manat məbləğində penyanın, cəmi 4343,11 manat ödənilməsinə yönəldilməsi qət edilmişdir. Həmçinin, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2010-cu il tarixli, 2(003)- 2007/2010 saylı icra sənədi üzrə icra işinin materiallarından görünür ki, qeyd olunan icra sənədi üzrə borclu X5 məxsus “Daewoo Nexia” markalı **-SN-*** dövlət nömrə nişanlı minik avtomobili "xxxx" MMC-də açıq hərraca çıxarılmış, hərraclar zamanı əmlak satılmamışdır. Əmlak alınması üçün "xxxx" Alif edilmiş, tələbkarın nəzərinə çatdırılmışdır ki, əmlak onlar tərəfindən alınmadıqda icra vərəqəsi icra olunmadan geri qaytarılacaqdır. "İcra haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə əsasən, tərəflər icra sənədinin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icrası, yaxud icra sənədinin icrası üsulunun və qaydasının dəyişdirilməsi haqqında işə baxmış məhkəməyə müraciət edə bilərlər. Borclunun əmlak vəziyyətini və digər halları nəzərə alaraq, məhkəmə həmin müraciətlərə 231 -ci maddəsi ilə müəyyən edilmiş qaydada baxır. Azərbaycan Respublikası MPM-nin 231.1 -ci maddəsinə əsasən, işə baxmış hakim, işdə iştirak edən şəxslərin ərizəsi üzrə tərəflərin əmlak vəziyyətinə və digər hallara əsasən qətnamənin icrasına möhlət verməyə və ya qətnaməni hissə-hissə icra etdirməyə, habelə onun icra üsulunu və qaydasını dəyişdirməyə haqlıdır. Həmin Məcəllənin 231.2-ci maddəsinə əsasən həmin ərizələrə məhkəmə iclasında baxılır. İşdə iştirak edən şəxslər iclasın vaxtı və yeri haqqında xəbərdar edilirlər, lakin onların gəlməməsi məhkəmə qarşısında qoyulmuş məsələnin həll edilməsinə mane olmur. Həmin Məcəllənin 231.4-cü maddəsinə əsasən qətnamənin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icra edilməsi, qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsi icra üzrə icraatın dayandırılması, borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə məhkəmə qərardadından şikayət verilə bilər. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumu da «Məhkəmə qətnaməsi haqqında» xx.xx.2005-ci il tarixli 4 nömrəli Qərarının 12-ci bəndində göstərmişdir ki, qətnamənin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icra edilməsi, qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsi müstəsna hal olub, qətnamənin icrası üçün çətinlik törədən və yaxud borclu üçün yaranmış əlverişsiz hallarda tətbiq oluna bilər. Məhkəmələr bu məsələləri həll etdikdə təkcə borclunun deyil, tələbkarın mənafeyini də nəzərə almalıdırlar. Ali Məhkəmənin Plenumunun «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və insan hüquqları üzrə Avropa məhkəməsinin presedentlərinin tətbiqi haqqında» xx.xx.2006-cı il tarixli 5 nömrəli Qərarının 6-cı bəndində isə qeyd olunmuşdur ki, Konvensiyanın 6-cı maddəsinə əsasən məhkəmə qətnaməsinin icrası müddəti məhkəmə baxışının tərkib hissəsi kimi qiymətləndirilir. Məhkəmələr məhkəmə aktlarının icrasına möhlət verilməsi, icranın dayandırılması, icra üsulunun dəyişdirilməsi, həmçinin məhkəmə icraçılarının hərəkətlərindən verilən şikayətlərlə əlaqədar məsələlərə baxarkən Konvensiyanın məhkəmə qətnamələrinin ağlabatan müddətdə icra olunması tələbini nəzərə almalıdırlar. İcra sənədinin icra üsulunun dəyişdirilməsi məsələsində hər iki tərəfin, yəni borclu və tələbkarın mənafeyi eyni cür qorunmalıdır. Məhkəmə ərizəni araşdıraraq qeyd edir ki, tələbkar icra üsulunun dəyişdirilməsi kimi qeyd etmiş olduğu tələb qətnamənin icrası qaydasında həll edilməsi mümkün olan hal olmadığından ərizə təmin edilə bilməz. Belə ki, Azərbaycan Respublikasının MPM-nin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Belə bir müstəsna hal olmadığından, iddia tələbi üzrə qətnamə çıxarıldığından hazırki vəziyyətdə ərizə təmin edilə bilməz. Həmçinin, icra materiallarının araşdırılması zamanı ərizədə göstərilən xüsusatlar öz təsdiqini tapmamış, müəyyən edilmişdir ki, borclu X5 məxsus avtomobil açıq hərraca çıxarılmış, hərraclar zamanı əmlak satılmamışdır. Əmlak alınması üçün "xxxx" Alif edilmiş, tələbkarın nəzərinə çatdırılmışdır ki, əmlak onlar tərəfindən alınmadıqda icra vərəqəsi icra olunmadan geri qaytarılacaqdır. Lakin tələbkar tərəfindən əmlak alınmamışdır. Azərbaycan Respublikası MPM-nin 231.4-cü maddəsinə əsasən-qətnamənin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icra edilməsi, qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsi, icra üzrə icraatın dayandırılması barədə məhkəmə qərardadından şikayət verilə bilər. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 231, 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-2007/2010 saylı, xx.xx.2010-cu il tarixli icra sənədinin icra üsulunun dəyişdirilməsi barədə tələbkar LPO "xxxx" ASC- nin ərizəsi təmin edilməsin. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı şəhəri Xəzər rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Emin Məmmədli
Məhkəmə qərarları › İş №8(003)-106/2023
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərardad — İş №8(003)-106/2023
12.05.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver