Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(003)-109/2023 04.05.2023 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Məhərrəmova Şeyda Ədalət qızının sədrliyi Abbasova Ruhiyyə Həbib qızının katibliyi, Bakı şəhəri Xəzər rayon İcra şöbəsinin icra məmuru X1 iştirakı ilə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(003)-2569/2022 nömrəli icra sənədi üzrə Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə Bakı şəhəri Xəzər rayon icra şöbəsinin icra məmuru X1 təqdimatına açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyənetdi: Bakı şəhəri Xəzər rayon icra şöbəsinin icra məmuru X2, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(003)-2569/2022 nömrəli icra sənədi üzrə Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə təqdimatla məhkəməyə müraciət etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(003)-2569/2022 nömrəli icra sənədinə əsasən Borclu hər ay hər uşağa görə 130 manat olmaqla, cəmi 390 manat məbləğində aliment tutularaq tələbkar X4 xeyrinə ödənilməlidir. Qeyd olunan icra sənədi xx.xx.2022-ci il tarixində Bakı şəhəri Xəzər rayon İcra şöbəsinə daxil olmuş və qanuna müvafiq qaydada icraya yönəldilmişdir. İcraata başlamaq haqqında qərar qəbul edilərək, qərarın surəti bildirişlə birlikdə icra sənədi üzrə borcluya göndərilmiş, icra sənədində olan tələbi könüllü təmin edilməsi üçün 10 gün müddət müəyyən edilmişdir. Lakın bu müddət ərzində borclu tərəfindən icra sənədində olan tələb könüllü təmin edilmədiyi üçün tərəfindən borclunun əmlak vəziyyətini yoxlamaq üçün aidiyyəti təşkilatlara sorğular göndərilmişdir. Həmin tarixdən bu vaxta kimi icra sənədinin icrası tam şəkillə təmin olunmamışdır. Hesab edir ki, icra sənədinin icrasını təmin etmək məqsədilə, borclunun ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmalıdır. Göstərilənlərə əsasən və “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 84-1-ci maddəsini rəhbər tutaraq, Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qərar qəbul edilməsi məsələsinə baxılmasını xahiş olunmuşdur. Məhkəmə iclasında Bakı şəhəri Xəzər rayon İcra şöbəsinin icra məmuru X2 təqdimatını müdafiə edərək təmin edilməsini xahiş etdərək təqdimatın məzmuna oxşar izahat verib həmçinin bildiridi ki, tərəfindən qəbul edilmiş xx.xx.2022-cü il tarixli icraata başlamaq haqqında qərar və xx.xx.2022-ci il tarixli xəbərdarlıq məktubu Borclu atasına təqdim edilmiş, həmin qərar və xəbərdarlıq məktubu icra şöbəsinin inzibati binasında təqdim edilmişdir. Belə ki, borclu onun çağırışına gəlməmiş, borclunun əvəzinə atası gəlmişdir. Həmin zaman borclunun adından atası tərəfindən müvafiq etibarnamə də ona təqdim edilməmişdir. Təqdimata baxılması üçün təyin edilmiş məhkəmə iclasının vaxtı və yeri haqqında müvafiq qaydada məhkəmə bildirişi iş üzrə tələbkar X6 və Borclu gönədirilmiş, tələbkara göndərilmiş zərf rabitə orqanı tərəfindən üzərində “köçüb” qeydi ilə geri qaytarılmış, borclu isə bildirişi xx.xx.2023-cü il tarixdə almış, lakin məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikası MPM-nin 231.2-ci maddəsinə əsasən təqdimata onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, icra məmurunun izahatını, təqdimatın dəlillərini, iclas zamanı təqdim edilmiş icra işini araşdıraraq hesab edir ki, təqdimat əsassız və buna görə də təmin edilməməlidir. Belə ki, iş materiallarında olan Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(003)-2569/2022 nömrəli icra sənədindən görünür ki, 12 fevral 2007-ci il təvəllüdlü X8, 19 yanvar 2009-cu il təvəllüdlü X9 və 08 avqust 2016-cı il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşağa görə 130 manat olmaqla, cəmi 390 manat məbləğində aliment cavabdeh Borclu iddiaçı X5 xeyrinə tutulmalıdır. İş materiallarında olan Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(003)-2569/2022 nömrəli icra sənədi üzrə “icraata başlamaq haqqında” xx.xx.2022-cü il tarixli qərardan görünür ki, həmin qərarın üzərində “qərar və bildiriş borcluya təqdim edilməsi üçün atası tərəfindən alınması” yazıları və “imza” mövcuddur. İş materiallarında olan xx.xx.2022-ci il tarixli borcluya ünvanlanmış xəbərdarlıq məktubunun ikinci vərəqəsində “xəbərdarlığı oğluma təqdim etmək üçün aldım”, “Rzayev Akif” yazıları və “imza”” mövcuddur. İş materiallarında olan xx.xx.2023-cü il tarixli aktın surətindən görünür ki, Bakı şəhəri Xəzər rayon icra şöbəsinin icra məmurları, hal şahidlərinin iştirakı ilə icra sənədinin icra olunması məqsədilə Borclu icra vərəqəsində qeyd olunan ünvanda olmuşlar, lakin həmin zaman borclunun qeyd olunan ünvanda yaşamadığı müəyyən olunmuşdur. Bu səbəbdən icra işinin icrasını təmin etmək mümkün olmamışdır. Həmçinin iş materiallarından görünür ki, borclunun pul vəsaitlərinin olub-olmaması barədə müəyyən banklara sorğu verilmiş, lakin borclunun adına hər hansı bir bank hesabının olması müəyyən edilməmişdir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 84-1.1-ci maddəsinə əsasən məhkəmə qərarları əsasında verilmiş icra sənədləri könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, borclunun ölkədən getmək hüququ icra məmurunun əsaslandırılmış təqdimatı əsasında məhkəmənin qərarı ilə müvəqqəti məhdudlaşdırıla bilər. Qeyd olunan maddənin tələblərindən göründüyü kimi, 2 şərt mövcud olduqda borclunun ölkədən getmək hüququnun məhdudlaşdırması tətbiq edilə bilər: 1) könüllü icra üçün müəyyən olunmuş müddətin bitməsi; 2) icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi. Hazırkı işdə 1-ci şərtin (əsas şərtin) mövcud olduğu, yəni borclunun icra sənədinin könüllü icra üçün müəyyən olunmuş müddətdə üzrsüz səbəbdən icra etmədiyi müəyyən edilmir. Belə ki, borclunun əmlakının axtarılması barədə icra məmuru tərəfindən müəyyən hərəkətlərin edilməsinə baxmayaraq, işin araşdırılmış hallarından müəyyən olunur ki, icra sənədi üzrə icraata başlamaq haqqında qərar və tələbin könüllü icrası haqqında müvafiq bildiriş borcluya rəsmi qaydada təqdim edilməmişdir. Həmin qərar və bildiriş, məhkəmə iclasında icra məmurunun bildirdiklərinə əsasən icra şöbəsinin inzibati binasında borclunun atasına, borclunun adından çıxış etməsi üçün müvafiq səlahiyyətlərin həvalə edilməsi barədə etibarnaməsi olmayan şəxsə təqdim edilmişdir. Bununla da müəyyən edilmişdir ki, icra məmuru tərəfindən “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 8.2 və 8.3-cü maddələrinin tələbləri pozulmaqla icra sənədi üzrə icraata başlamaq haqqında qərar və icra sənədinin borclu tərəfindən könüllü icra edilməsi üçün müəyyən edilmiş vaxt barəsində bildiriş borcluya təqdim olunmamaqla, icra sənədi barədə borcluya qanuna müvafiq qaydada məlumat verilməmiş və həmin icra sənədinin onun tərəfindən könüllü icra edilməsi üçün şərait yaradılmamışdır. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 8.2-ci maddəsinə əsasən icra məmuru icra sənədini aldığı vaxtdan üç gün müddətində icraata başlamaq haqqında qərar qəbul edir. Həmin qərarda icra məmuru icra sənədində göstərilmiş tələblərin borclu tərəfindən könüllü icrası üçün icraata başlanıldığı vaxtdan ən çoxu on gün müddət təyin edir və bu barədə borcluya bildiriş verir. Bildirişdə həmin müddət başa çatdıqdan sonra göstərilən tələblərin məcburi qaydada icra ediləcəyi və bu Qanunla nəzərdə tutulmuş icra ödənişinin və icra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı xərclərin ondan tutulacağı göstərilir. Həmin Qanunun 8.3-cü maddəsinə əsasən icraata başlamaq haqqında qərarın surəti onun qəbul edildiyi vaxtdan bir gün müddətində tələbkara, borcluya, habelə icra sənədini vermiş məhkəməyə və ya digər orqana (notarius istisna olmaqla) göndərilir. Qeyd olunan qanunvericiliyin tələblərini nəzərə alaraq məhkəmə hesab edir ki, borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə təqdimat, icra sənədinin icrasının borclu tərəfindən könüllü təmin edilməsi üçün müəyyən edilmiş vaxt ərzində icra olunmaması ilə əsaslandırılsa da bu hal, işin araşdırılmış hallarından müəyyən olunmur. Odur ki, məhkəmə hesab edir ki, təqdimat əsassızdır. Eyni zamanda məhkəmə qeyd edir ki, borclu tərəfindən üzrlü və ya üzrsüz səbəbdən icra edilib-edilmədiyi qeyri-müəyyən olan icra sənədləri üzrə onun ölkədən getməsinə məhdudiyyət qoyulması mümkün hesab edilərsə bu, vətəndaşın konstitusion hüquqlarının məhdudlaşdırılmasına səbəb ola bilər. Nəzərə alınmalıdır ki, Azərbaycan Respublikasının Konstitusiyasının 28-ci maddəsinə əsasən, qanuni surətdə Azərbaycan Respublikasının ərazisində olan hər kəs sərbəst hərəkət edə bilər, özünə yaşayış yeri seçə bilər və Azərbaycan Respublikasının ərazisindən kənara gedə bilər. Həmçinin, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Kollegiyasının 2013-cü il 22 aprel tarixli 2-N nömrəli Qərarı ilə təsdiq edilmiş “Şəxsin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasının icra xidməti tərəfindən tətbiqi aydaları haqqında Təlimat”ın 2.2-ci bəndinə əsasən borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması zərurəti yarandıqda icra məmuru təqdimatla məhkəməyə müraciət etməzdən əvvəl icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi səbəblərini müəyyənləşdirir, borcun ödənilməsi tələbinə dair icra sənədlərinin icrası zamanı borclunun əmlakının axtarılması üçün bütün tədbirləri həyata keçirir, o cümlədən onun yaşadığı mənzildə tələbin yönəldilə biləcəyi əmlakların olub-olmamasını yoxlayır. Göründüyü kimi, qanunvericiliyin tələblərinə əsasən icra məmuru borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə təqdimatla məhkəməyə müraciət etməzdən əvvəl icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi səbəblərini müəyyənləşdirməli, borclunun əmlakının axtarılması üçün bütün tədbirləri həyata keçirməli, o cümlədən onun yaşadığı mənzildə tələbin yönəldilə biləcəyi əmlakların olubolmamasını yoxlamalıdır. Bütün bu tədbirlər nəticə vermədiyi təqdirdə təqdimatla məhkəməyə müraciət etməlidir. Məhkəmə bununla bağlı da qeyd edir ki, icra məmuru tərəfindən adı çəkilən Təlimatın 2.2-ci bəndində göstərilmiş bütün tədbirlər də görülməmişdir. Yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, Bakı şəhəri Xəzər rayon icra şöbəsinin icra məmuru Elvin Fərzəliyevin – Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə təqdimatı əsassız olduğundan təmin edilməməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 263-264-cü və 266-268-ci maddələrini rəhbər tutaraq məhkəmə Qəraraaldı: Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(003)-2569/2022 nömrəli icra sənədi üzrə Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə Bakı şəhəri Xəzər rayon icra şöbəsinin icra məmuru X1 təqdimatı təmin edilməsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə (elektron kabinet vasitəsilə) şikayət verilə bilər. Sədrlik edən Şeyda Məhərrəmova
Məhkəmə qərarları › İş №8(003)-109/2023
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərardad — İş №8(003)-109/2023
04.05.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver