Məhkəmə qərarları › İş №8(003)-136/2023

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərardad — İş №8(003)-136/2023

09.06.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(003)-136/2023 09.06.2023 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Cəfərzadə İlham Nizami oğlunun sədrliyi, Qasımova Leyla Nurəddin qızının katibliyi ilə Bakı şəhəri Xəzər rayon icra şöbəsinin icra məmuru X2 Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə təqdimatına açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Bakı şəhəri, Xəzər rayon icra şöbəsinin icra məmuru X1 Rayon Məhkəməsinin 2(056)-1807/2021 saylı, xx.xx.2021-ci il tarixli icra sənədi üzrə Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə təqdimatla məhkəməyə müraciət etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, xx.xx.2023-cü il tarixli qərarla icraatına başladığı Sabirabad Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli icra sənədinə əsasən Borclu xx.xx.2019-cu il tarixli kredit müqaviləsi üzrə cəmi 5115,38 manat və xx.xx.2021-ci il tarixli kredit müqaviləsi üzrə cəmi 3109,10 manat məbləğində pul tutularaq Tələbkar ASCnin xeyrinə ödənilməlidir. Borcluya 10 gün könüllü icra müddəti təyin edilərək icraata başlamaq haqqında qərar və bildiriş poçt vasitəsilə borcluya və tələbkara göndərilmişdir. Bundan sonra icra tədbirləri davam etdirilərək borclunun adına daşınar və daşınmaz əmlakların, banklarda pul vəsaitlərinin olub-olmaması barədə aidiyyatı təşkilatlara sorğular göndərilmiş, lakin Borclu adına daşınar və daşınmaz əmlak, banklarda pul vəsaiti müəyyən edilməmişdir. Borclunun ölkəni tərk etmək ehtimalı olduğundan onun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə tədbir görülməlidir. Göstərilənlərə əsasən və “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 84-1-ci maddəsini rəhbər tutaraq, Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qərar qəbul edilməsi məsələsinə baxılması xahiş olunmuşdur Bakı şəhəri Xəzər rayon icra şöbəsi və iş üzrə tərəflər təqdimata baxılması üçün təyin edilmiş məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilməklə məhkəmə iclasına çağırılmışlar, lakin Bakı şəhəri Xəzər rayon icra şöbəsinin, tələbkarın nümayəndəsi və borclu məhkəmə iclasına gəlməmişlər. Bakı şəhəri Xəzər rayon icra şöbəsinin, tələbkarın nümayəndəsinin və borclunun məhkəmə iclasına gəlməmələri məhkəmə qarşısında qoyulmuş məsələnin həll edilməsinə mane olmadığından, Azərbaycan Respublikası MPM-nin 231.2-ci maddəsinə əsasən məhkəmə təqdimata onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə təqdimatın dəlillərini araşdıraraq hesab edir ki, təqdimat əsassızdır. Buna görə də təqdimat təmin edilməməlidir. İş materiallarında olan Sabirabad Rayon Məhkəməsinin 2(056)-1807/2021 saylı xx.xx.2021-ci il tarixli icra sənədinin surətindən görünür ki, Borclu ilə TələbkarASC arasında bağlanmış xx.xx.2019-cu il tarixli GİKR17364001A115 nömrəli kredit müqaviləsi üzrə xx.xx.2021-ci il tarixə yaranmış cəmi 5115,38 manat borc və xx.xx.2021-ci il tarixli, RGTK3332157A226 saylı kredit müqaviləsi üzrə isə cəmi 3109,10 manat borc, həmçinin ödənilmiş dövlət rüsumunun əvəzi 102.24 manat Borclu tutulub Tələbkar ASC-yə ödənilməlidir. Məhkəmə borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə təqdimatla bağlı qeyd edir ki, icra məmuru təqdimatda qanunla nəzərdə tutulmuş zəruri icra hərəkətlərinin edilməsini göstərməklə təqdimatın təmin edilməsini xahiş etsə də, həmin hərəkətlərlə bağlı zəruri sənədləri nə təqdimata əlavə etməmiş, nə də məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlı olduğu halda məhkəmə iclasında iştirak etməyərək təqdim etməmişdir. Eyni zamanda borclunun da icra sənədini üzürsüz səbəbdən icra edilməməsini təsdiq edəcək hər hansı bir sübut məhkəməyə təqdim etməməklə məhz bu tədbirin görülməsinin zəruriliyini, yəni icra sənədinin borclu tərəfindən üzürsüz səbəbdən icra edilməməsinin nədə ifadə olunduğunu təqdimatda ümumiyyətlə əsaslandırılmamışdır. Belə ki, təqdimatda borclunun adına daşınar və daşınmaz əmlakların, banklarda pul vəsaitlərinin olub-olmaması barədə aidiyyatı təşkilatlara sorğular göndərildiyi, lakin borclunun adına daşınar və daşınmaz əmlak, banklarda pul vəsaiti müəyyən edilmədiyi qeyd olunsada bununla bağlı müvafiq sənədlər təqdimata əlavə edilməməklə məhkəməyə təqdim edilməmişdir. Bundan başqa təqdimata əlavə edilmiş sənədlərdən görünür ki, Sabirabad Rayon Məhkəməsinin 2(056)-1807/2021 saylı, xx.xx.2021-ci il tarixli icra sənədi üzrə icra işi əvvəl Sabirabad Rayon İcra və probasiya şöbəsinin icraatında olmuşdur. Həmin icra işinin Xəzər Rayon İcra şöbəsinə aidiyyəti üzrə göndərilməsi, bundan sonra hansı hərəkətlərin edilməsi barədə təqdimata hər hansı bir sənəd əlavə edilməmişdir. Təqdimata yalnız borclunun xx.xx.2023-cü il tarixdə Xəzər rayon İcra şöbəsinə ünvanlanmış izahatının və borclunun yaşadığı ünvana baxış keçirilməsi barədə xx.xx.2023-cü il tarixli aktın surətləri əlavə edilmişdir. İzahatdan da görünür ki, borclu icra sənədi üzrə borcu hər ay hissə-hissə ödəyəcəyini bildirmişdir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 84-1.1-ci maddəsinə görə, məhkəmə qərarları əsasında verilmiş icra sənədləri könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, borclunun ölkədən getmək hüququ icra məmurunun əsaslandırılmış təqdimatı əsasında məhkəmənin qərarı ilə müvəqqəti məhdudlaşdırıla bilər. Qeyd olunan maddənin tələblərindən göründüyü kimi, 2 şərt mövcud olduqda borclunun ölkədən getmək hüququnun məhdudlaşdırması tətbiq edilə bilər: 1) könüllü icra üçün müəyyən olunmuş müddətin bitməsi; 2) icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi. Hazırkı işdə 2-ci şərtin mövcud olduğu, yəni borclunun icra sənədini üzrsüz səbəbdən icra etmədiyi müəyyən edilmir. Məhkəmə hesab edir ki, icra sənədinin borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədiyi sübut edildikdə, icra məmurunun məhz bu halları əsaslandırdığı təqdimatı əsasında tətbiq edilə bilər və belə bir məhdudiyyətin tətbiqinə qanunvericiliyin ümumi mənası kontekstində yanaşılmalıdır. Əks təqdirdə, yəni icra məmurunun heç bir əsaslı səbəb göstərmədiyi, formal mülahizələrlə, icrası üçün məcburi icra tədbirlərinin tətbiq edilib-edilmədiyini əsaslandırmadığı, eləcə də, borclu tərəfindən üzrlü və ya üzrsüz səbəbdən icra edilib-edilmədiyi qeyri-müəyyən olan icra sənədləri üzrə onun ölkədən getməsinə məhdudiyyət qoyulması mümkün hesab edilərsə bu, vətəndaşın konstitusion hüquqlarının məhdudlaşdırılmasına səbəb ola bilər. Nəzərə alınmalıdır ki, Azərbaycan Respublikasının Konstitusiyasının 28-ci maddəsinə əsasən, qanuni surətdə Azərbaycan Respublikasının ərazisində olan hər kəs sərbəst hərəkət edə bilər, özünə yaşayış yeri seçə bilər və Azərbaycan Respublikasının ərazisindən kənara gedə bilər. Həmçinin, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Kollegiyasının 2013-cü il 22 aprel tarixli 2-N nömrəli Qərarı ilə təsdiq edilmiş “Şəxsin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasının icra xidməti tərəfindən tətbiqi qaydaları haqqında Təlimat”ın 2.2-ci bəndinə əsasən borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması zərurəti yarandıqda icra məmuru təqdimatla məhkəməyə müraciət etməzdən əvvəl icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi səbəblərini müəyyənləşdirir, borcun ödənilməsi tələbinə dair icra sənədlərinin icrası zamanı borclunun əmlakının axtarılması üçün bütün tədbirləri həyata keçirir, o cümlədən onun yaşadığı mənzildə tələbin yönəldilə biləcəyi əmlakların olub-olmamasını yoxlayır. Göründüyü kimi, qanunvericiliyin tələblərinə əsasən icra məmuru borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə təqdimatla məhkəməyə müraciət etməzdən əvvəl icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi səbəblərini müəyyənləşdirməli, borclunun əmlakının axtarılması üçün bütün tədbirləri həyata keçirməlidir. Bütün bu tədbirlər nəticə vermədiyi təqdirdə təqdimatla məhkəməyə müraciət etməlidir. Yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, Bakı şəhəri Xəzər rayon icra şöbəsinin icra məmuru X2 – Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə təqdimatı təmin edilməməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 263-264-cü və 266-268-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: Bakı şəhəri, Xəzər rayon icra şöbəsinin icra məmuru X2 Sabirabad Rayon Məhkəməsinin 2(056)-1807/2021 saylı, xx.xx.2021-ci il tarixli icra sənədi üzrə Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə təqdimatı təmin edilməsin. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə (elektron kabinet vasitəsilə) şikayət verilə bilər. Sədrlik edən İlham Cəfərzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar