Məhkəmə qərarları › İş №8(003)-14/2023

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərardad — İş №8(003)-14/2023

19.01.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(003)-14/2023 19.01.2023 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Xəzri Ramilə Həşim qızının sədrliyi, Mehdiyeva Nigar Namizəd qızının katibliyi ilə Bakı şəhəri Xəzər rayon icra şöbəsinin xx.xx.2022-ci il tarixli “icra sənədinin qaytarılması haqqında” qərarının ləğv edilməsinə dair tələbkar "xxxx" ASC-nin nümayəndəsi İsa Kərim tərəfindən verilmiş şikayətə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Bakı şəhəri 25 saylı notariat ofisinin xüsusi notariusu X3 xx.xx.2022-ci il tarixli 8İ- 4010 reyestr nömrəli icra qeydinə əsasən X1 "xxxx" ASC-nin xeyrinə ödənilməmiş 1048,44 manat, bundan əlavə tələbkar tərəfindən ödənilmiş 25 manat məbləğində dövlət rüsumu olmaqla cəmi 1073,44 manat məbləğində pul tutulmalıdır. Bakı şəhəri Xəzər rayon icra şöbəsinin icra məmuru Mübariz Abbasov “icra sənədinin qaytarılması haqqında” xx.xx.2022-ci il tarixli qərarı ilə “İcra haqqında” Azərbaycan Respublikasının Qanunun 23.1.3-cü maddəsinə əsasən icra sənədinin Bakı şəhəri 25 saylı notariat ofisinə geri qaytarılması qərara alınmışdır. Qərar onunla əsaslandırılmışdır ki, borclunun adına mülkün, bağ sahəsinin, torpaq sahəsinin, avtomobilin, VÖEN-nin, qiymətli kağızın, əmanətin olub-olmaması və təqaüd alıb-almaması barədə aidiyyəti orqan və təşkilatlara sorğular göndərilmiş və borclunun mülkiyyətində heç bir əmlak aşkar edilməmişdir. Həmçinin, borclu X2 icra sənədində göstərilən Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Şağan 1 yaşayış ünvanında olmuşlar, borclunun yaşadığı mənzildə əmlak siyahıya alınması məqsədilə baxış keçirilmiş, tələbin yönələ biləcəyi hər hansı dəyərli əmlak aşkar olunmamış və bu barədə xx.xx.2022-ci il tarixli akt tərtib olunmuşdur. Hazırda tələbkar "xxxx" ASC-nin nümayəndəsi İsa Kərim həmin qərardan şikayət verərək, qərarın ləğv edilməsi barədə qərardad çıxarılmasını məhkəmədən xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, icra məmuru borclunun ailə vəziyyətini müəyyən etməmiş, borclu ailəlidirsə nikah dövründə hər hansı bir daşınar və daşınmaz əmlakın olub-olmamasını müəyyən etməmişdir. Borclunun bank hesablarını müəyyən etmək üçün banklara sorğu göndərilməmişdir. xx.xx.2022-ci il tarixli qərarında icra sənədinin icrası istiqamətində bütün qanuna müvafiq tədbirlərin görülməsi qeyd edilsə də, tələbkar "xxxx" ASC görülmüş tədbirlər barədə məlumatlandırılmamışdır. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada məlumat verilməsinə baxmayaraq Bakı şəhəri Xəzər rayon icra şöbəsinin nümayəndəsi, tələbkarın nümayəndəsi və borclu məhkəmə iclasında iştirak etməmişlər, məhkəmə onların iştirakı olmadan şikayətə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə şikayəti və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, şikayət təmin olunmalıdır. Belə ki, “İcra haqqında” Azərbaycan Respublikasının Qanununun 23.1.3-cü maddəsinə əsasən borcluda tələbin yönəldilə biləcəyi əmlak və gəlirlər olmadıqda və icra məmuru tərəfindən onun əmlakının və gəlirlərinin axtarışı ilə bağlı görülmüş bütün tədbirlər nəticə vermədikdə tələbin icra edilmədiyi və ya qismən icra edildiyi icra sənədi vermiş məhkəməyə və ya digər orqana (notariusun icra qeydi isə tələbkara) qaytarılır. Həmin Qanunun 23.2-ci maddəsinə əsasən tələbin icrası bu Qanunun 23.1.2 - 23.1.5-ci maddələrində göstərilən əsaslara görə mümkün olmadıqda, icra məmuru bu haqda müvafiq akt tərtib edir və həmin akt icra qurumunun rəhbəri tərəfindən yoxlanılaraq təsdiq olunur və bu barədə tələbkara məlumat verilir. Həmin Qanunun 27.1 və 27.2-ci maddəsinə əsasən icra sənədləri üzrə icraat zamanı borclunun yeri məlum olmadıqda, icra məmuru öz təşəbbüsünə və ya tələbkarın ərizəsinə əsasən borclunun axtarılması haqqında qərar qəbul edir və həmin qərar icra qurumunun rəhbəri tərəfindən yoxlanılaraq təsdiq olunur. Borclunun əmlakının axtarılması barədə də icra məmuru qərar qəbul edir. Həmin Qanunun 43-cü maddəsinə əsasən borclunun əmlakı üzərinə həbs qoymaq və onu satmaq yolu ilə tələbin əmlaka yönəldilməsi, tələbin borclunun əmək haqqına, pensiyasına, təqaüdünə və sair gəlirlərinə yönəldilməsi, tələbin borclunun üçüncü şəxslərdə olan pul vəsaitlərinə və digər əmlakına yönəldilməsi, icra sənədində göstərilmiş müəyyən əşyaların borcludan götürülüb tələbkara verilməsi, bu Qanuna və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarına uyğun olaraq icra sənədinin icrasını təmin edən başqa tədbirlər –məcburi icra tədbirləridir. Həmin Qanunun 44.1.1, 44.1.2 və 44.1.3-cü maddələrinə əsasən bu Qanunla müəyyən edilmiş qaydada tərtib olunmuş icra sənədinin icra məmuruna təqdim olunması, icra məmuru tərəfindən icraata başlamaq haqqında qərarın qəbul edilməsi, könüllü icra üçün icra məmuru tərəfindən borcluya verilmiş müddətin keçməsi halları məcburi icra tədbirlərinin tətbiqinin əsaslarından ibarətdir. Həmin Qanunun 44.2-ci maddəsinə əsasən bu Qanunun 44.1-ci maddəsində müəyyən edilmiş əsaslardan hər hansı biri olmadıqda məcburi icra tədbirlərinin tətbiqinə yol verilmir. Qeyd olunan qanunvericiliyin tələblərindən görünür ki, könüllü icra üçün icra məmuru tərəfindən borcluya verilmiş müddət ərzində icra sənədi borclu tərəfindən icra olunmadıqda icra məmuru tərəfindən məcburi icra tədbirləri tətbiq edir. Həmçinin borclunun yeri və ya əmlakı barədə məlumat olmadıqda icra məmuru öz təşəbbüsü ilə də borclunun axtarılması və ya onun əmlakının axtarılması haqqında qərar qəbul edir. Görülmüş bütün tədbirlər nəticəsində borclunun yaşayış yerini, əmlakının olduğu yeri müəyyən etmək və yaxud bank və ya digər kredit təşkilatlarında ona məxsus pul vəsaitlərinin və başqa qiymətli şeylərin olması barədə məlumat əldə etmək mümkün olmadıqda, həmçinin borcluda tələbin yönəldilə biləcəyi əmlak və gəlirlər olmadıqda və icra məmuru tərəfindən onun əmlakının və gəlirlərinin axtarışı ilə bağlı görülmüş bütün tədbirlər nəticə vermədikdə icra məmuru bu haqda müvafiq akt tərtib edir və həmin akt icra qurumunun rəhbəri tərəfindən yoxlanılaraq təsdiq olunur və bu barədə tələbkara məlumat verilir. Bundan sonra icra məmuru tərəfindən icra sənədini vermiş məhkəməyə və ya digər orqana qaytarılması barədə qərar qəbul edilir. İşin araşdırılmış hallarından isə icra sənədinin geri qaytarılması barədə qərar qəbul edilən zamanı yuxarıda qeyd olunan qanunvericiliyin tələblərinə riayət edilməsi müəyyən edilmir. Bununla da iş materialları ilə icra sənədinin geri qaytarılması haqqında qərarın əsaslı olması öz təsdiqini tapmır və bu hal ilə bağlı sübutlarda məhkəməyə təqdim edilməmişdir. Belə ki, şikayətə baxılması ilə bağlı təyin edilmiş məhkəmə iclasında Bakı şəhəri Xəzər rayon icra şöbəsinin nümayəndəsi iştirak etməməklə müvafiq icra işi də məhkəməyə təqdim edilməmişdir. Odur ki, məhkəmə hesab edir ki, borclunun əmlakı və gəlirləri barədə məlumatın əldə edilməsi üçün bütün tədbirlər görülmədən icra məmuru tərəfindən icra qeydinin geri qaytarılması haqqında qərar qəbul olunmuşdur və həmin qərar əsassız olduğundan şikayət təmin edilməlidir. Beləliklə məhkəmə hesab edir ki, şikayət təmin edilməli, Bakı şəhəri Xəzər rayon icra şöbəsinin böyük icra məmuru Mübariz Abbasovun “icra sənədinin qaytarılması haqqında” xx.xx.2022-ci il tarixli qərarı ləğv edilərək icra sənədi üzrə icra tədbirləri davam etdirilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 263-264 və 267-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şikayət təmin edilsin. Bakı şəhəri 25 saylı notariat ofisinin xx.xx.2022-ci il tarixli 8İ-4010 reyestr nömrəli icra qeydinin qaytarılması haqqında Bakı şəhəri Xəzər rayon icra şöbəsinin icra məmuru Mübariz Abbasovun xx.xx.2022-ci il tarixli qərarı ləğv edilsin. Bakı şəhəri 25 saylı notariat ofisinin xüsusi notariusu X3 xx.xx.2022-ci il tarixli 8İ- 4010 reyestr nömrəli icra sənədi üzrə icra hərəkətləri davam etdirilsin. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 gün müddətinə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Ramilə Xəzri

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar