Məhkəmə qərarları › İş №8(003)-142/2025

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərardad — İş №8(003)-142/2025

26.05.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(003)-142/2025 26.05.2025 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Zaur Müzəffər oğlunun sədrliyi, Eyvazlı Məhəmməd Asəf oğlunun katibliyi, Tələbkar iştirakı ilə, Tələbkar Borclu qarşı alimentin icra qaydasında indeksləşdirilməsi barədə ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İşin halları Tələbkar Borclu qarşı alimentin icra qaydasında indeksləşdirilməsi barədə ərizə ilə müraciət edərək, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-1008/2024 saylı xx.xx.2024-cü il tarixli qətnaməsi ilə Borclu xx.xx.2018-ci il təvəllüdlü X4 və xx.xx.2016-cı il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay hər biri üçün müəyyən edilmiş 200 manat olmaqla, 400 manat miqdarında alimentin indeksasiya edilərək 246 manat, iki uşağa görə 492 manat miqdarında aliment müəyyən edilsin və ona ödənilməsi barədə qərardad çıxarılmasını xahiş etmişdir. Tələbkar tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-1008/2024 saylı xx.xx.2024-cü il tarixli qətnaməsi ilə Borclu xx.xx.2023-cü il tarixdən başlayaraq xx.xx.2018-ci il təvəllüdlü X4 və xx.xx.2016-cı il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay hər uşağa görə 200 manat olmaqla, 400 manat sabit pul məbləğində aliment tutulub iddiaçı Tələbkar xeyrinə ödənilməsi qət edilmişdir. Hesab edir ki, alimentin məbləği kifayət qədər azdır və uşaqların minimal xərclərinin ödənilməsinə çatmır, ona görə də həmin məbləğ artmalıdır. Uşaqların xərcləri artmış və artmaqda davam edəcəkdir. Buna səbəb kimi qiymətlərin əhəmiyyətli dərəcədə artması ilə yanaşı, uşaqların böyüdükcə artan tələbatları, həmçinin məktəbə və əlavə hazırlıqlara da gedirlər. Bildirir ki, borclu rəsmi olaraq, işləyir və kifayət qədər də yüksək əmək haqqı alır. Proses iştirakçılarının izahatı Məhkəmə iclasında iştirak edən Tələbkar ərizəsinin məzmununa uyğun izahat verərək tələbinin təmin olunmasını xahiş etdi. Borclu ərizəyə baxılması üçün təyin edilmiş məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilməklə məhkəmə iclasına çağırılmışlar. Lakin onlar məhkəmə iclasına gəlməmişdir. Borclunun məhkəmə iclasına gəlməsi məhkəmə qarşısında qoyulmuş məsələnin həll edilməsinə mane olmadığından, Azərbaycan Respublikası MPMnin 231.2-ci maddəsinə əsasən məhkəmə təqdimata onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarına əlavə olunmuş sənədlər Bakı şəhəri Xəzər rayon Məhkəməsinin 2(003)-1008/2024 saylı xx.xx.2024-cü il tarixli qətnaməsi ilə Tələbkar ilə cavabdeh Borclu arasında xx.xx.2017-ci il tarixdə 5 saylı Bakı “ASAN” Xidmət Mərkəzi Qeydiyyat Şöbəsində 3796 saylı akt qeydi ilə rəsmiləşdirilmiş nikah pozulması, nikah pozulduqdan sonra tərəflərin birgə nikahından doğulmuş xx.xx.2018-ci il təvəllüdlü X4 və xx.xx.2016-cı il təvəllüdlü X3 anası Tələbkar yanında saxlanılması, Borcludan xx.xx.2023-cü il tarixdən başlayaraq xx.xx.2018-ci il təvəllüdlü X4 və xx.xx.2016-cı il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay hər uşağa görə 200 manat olmaqla, 400 manat sabit pul məbləğində aliment tutulub iddiaçı Tələbkar xeyrinə ödənilməsi qət edılmışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən, aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra, tərəflərdən birinin ailə və maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər. "Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2024-cü il tarixli 15 nömrəli Qərarı ilə "Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında" xx.xx.2016-cı il tarixli 8-2/2016 nömrəli Qərarının 8.4-cü bəndinə aşağıdakı məzmunda 8.4-1-ci yarımbənd əlavə edilmişdir: 8.4-2. Nəzərə alınmalıdır ki, Ailə Məcəlləsinin 110.1-ci maddəsinə əsasən bu Qərarın 8.4-1-ci bəndində göstərilən qaydada tutulan alimentin indeksasiyası ölkə üzrə müəyyən edilən minimum əmək haqqı məbləğinin artımına mütənasib olaraq alimentin tutulmasını həyata keçirən təşkilatın müdiriyyəti (borclunun rəsmi iş yerinin olduğu halda işəgötürən, rəsmi iş yerinin olmadığı halda isə icra qurumunun rəhbəri) tərəfindən müəyyən edilməlidir. Qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində sabit pul məbləğində tutulan alimentin konkret məbləğlə ifadə edildiyi hallarda, indeksasiya maraqlı tərəfin ərizəsi əsasında icraya nəzarət edən məhkəmə tərəfindən MPM-in 232- ci maddəsində nəzərdə tutulmuş qaydada qərardadın qəbul edilməsi yolu ilə həyata keçirilməlidir. Qərardad qəbul edilərkən indeksasiyanın bu Qərarın 8.4-1-ci bəndində göstərilən qaydada aparılmalı olması, habelə qanunvericilikdə alimentin indeksasiyasının yeganə meyar kimi ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqı məbləğinin artımı ilə şərtləndirildiyi nəzərə alınmalıdır (məsələn, 2019-cu ildə qəbul edilmiş qətnamə ilə bir uşağın saxlanılması üçün 125 manat sabit pul məbləğində alimentin tutulması qət edilibsə, məhkəmə 2024-cü ildə indeksasiyanı həyata keçirən zaman qüvvədə olan qətnamə ilə tutulmuş alimentin miqdarının 2019-cu il üzrə müəyyən edilmiş 250 manat məbləğində minimum əmək haqqının 0,5 mislini təşkil etdiyini nəzərə alaraq, qərardadın nəticə hissəsində tutulan alimentin məbləğinin ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,5 misli həddində indeksasiya olunması şəklində göstərməlidir). 8.11-1-ci bəndinə əsasən alimentin məhkəməyə müraciət edildiyi vaxtdan tutulmasına dair Ailə Məcəlləsinin 100.2-ci maddəsində nəzərdə tutulmuş qayda həmin Məcəllənin 112-ci maddəsinə əsasən artırılmış aliment məbləğinin tutulmasına da şamil edilir. Azərbaycan Respublikasında 2025-ci il üçün yaşayış minimumu haqqında" Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə görə, 2025-ci il üçün yaşayış minimumu uşaqlar üçün 246 manat məbləğində müəyyən edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 232.1-ci maddəsinə əsasən tərəflərin ərizəsi üzrə işə baxmış məhkəmə qətnamənin icrası zamanı tutulmalı pul məbləğlərinin müvafiq indeksasiyasını həyata keçirə bilər. Məhkəmənin mövqeyi Məhkəmə iclasında müəyyən edildi ki, Bakı şəhəri Xəzər rayon Məhkəməsinin 2(003)-1008/2024 saylı xx.xx.2024-cü il tarixli qətnaməsi ilə Tələbkar ilə cavabdeh Borclu arasında xx.xx.2017-ci il tarixdə 5 saylı Bakı “ASAN” Xidmət Mərkəzi Qeydiyyat Şöbəsində 3796 saylı akt qeydi ilə rəsmiləşdirilmiş nikah pozulması, nikah pozulduqdan sonra tərəflərin birgə nikahından doğulmuş xx.xx.2018-ci il təvəllüdlü X4 və xx.xx.2016-cı il təvəllüdlü X3 anası Tələbkar yanında saxlanılması, Borcludan xx.xx.2023-cü il tarixdən başlayaraq xx.xx.2018-ci il təvəllüdlü X4 və xx.xx.2016-cı il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay hər uşağa görə 200 manat olmaqla, 400 manat sabit pul məbləğində aliment tutulub iddiaçı Tələbkar xeyrinə ödənilməsi qət edılmışdır. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, tərəflərin birgə nikahlarından anadan olmuş uşağın saxlanması üçün Borcludən alimentin tutularaq Tələbkarya verilməsi müəyyən edilsə də, hazırda həmin məbləğ azlıq təşkil etdiyindən, Tələbkar məhkəmə tərəfindən təyin edilmiş alimentin miqdarının artırılmasını tələb etməkdə haqlıdır. Məhkəmə bunu da qeyd edir ki, aliment tutularkən alimentin hesablanmağa başlandığı (tələb barədə ərizənin verildiyi) təqvim ili ilə qətnamənin qəbul edildiyi il arasında ölkə üzrə minimum əmək haqqı məbləğində fərq olduqda, aliment ərizənin verildiyi tarixdə ölkə üzrə mövcud olmuş minimum əmək haqqına münasibətdə təyin edilməlidir. Göründüyü kimi, 2024-cü ildə tələbkarın xeyrinə aliment tutularkən ölkə üzrə minimum əmək haqqı 345,0 manat təşkil etmiş, məhkəmə tərəfindən uşağın saxlanması üçün hər uşağa 200,0 manat sabit pul məbləğində aliment tutulmuşdur ki, bu da həmin dövrdə olan minimum əmək haqqının 0,57 mislini təşkil etmişdir. Azərbaycan Respublikasında 2025-ci il üçün yaşayış minimumu haqqında" Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə görə, 2025-ci il üçün yaşayış minimumu uşaqlar üçün 246 manat məbləğində müəyyən edilmişdir. Hazırkı ərizə məhkəməyə xx.xx.2025 ildə verilmişdir. Hazırda ölkə üzrə minimum əmək haqqı məbləği 400 manatdır. Yuxarıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, hazır ki, ərizə alimentin ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqı məbləğinin artımı ilə şərtləndirildiyindən ərizə qismən dəyişən şərait və istehlak qiymətlərinin mövcud vəziyyəti, uşağın böyüdükcə artan tələbatları, həmçinin ölkə üzrə minimum əmək haqqının və 2025-ci il üçün uşaqlar üçün yaşayış minimumu məbləğinin artmasını nəzərə almaqla məhkəmə hesab edir ki, cavabdehdən hər ay hər uşağın saxlanılması üçün minimum əmək haqqı məbləğinin 0,57 misli məbləğində alimentin tutulması ədalətli və ağlabatandır. Bununla belə, məhkəmə hesab edir ki, alimentin artırılmış məbləği məhkəməyə müraciət edildiyi gündən hesablanaraq tutulmalıdır. Belə ki, Ali Məhkəmənin Plenumunun qeyd olunan qərarının 8.11-1-ci bəndinə əsasən alimentin məhkəməyə müraciət edildiyi vaxtdan tutulmasına dair Ailə Məcəlləsinin 100.2-ci maddəsində nəzərdə tutulmuş qayda həmin Məcəllənin 112-ci maddəsinə əsasən artırılmış aliment məbləğinin tutulmasına da şamil edilir. Beləliklə, məhkəmə bu qənaətə gəldi ki, Bakı şəhəri Xəzər rayon Məhkəməsinin 2(003)-1008/2024 saylı xx.xx.2024-cü il tarixli qətnaməsi ilə xx.xx.2018-ci il təvəllüdlü X4 və xx.xx.2016-cı il təvəllüdlü X1 üçün tutulan aliment məbləği sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,57 misli həddində indeksasiya olunmalı, alimentin indeksasiya edilmiş məbləğdə tutulması ərizənin verildiyi xx.xx.2025-ci il tarixdən başlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 232-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı : Ərizə qismən təmin edilsin. Bakı şəhəri Xəzər rayon Məhkəməsinin 2(003)-1008/2024 saylı xx.xx.2024-cü il tarixli qətnaməsi ilə xx.xx.2018-ci il təvəllüdlü X4 və xx.xx.2016-cı il təvəllüdlü X1 üçün tutulan aliment məbləği sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,57 misli (hər uşağa ayrı-ayrılıqda) həddində indeksasiya olunsun. Alimentin indeksasiya edilmiş məbləğdə tutulması ərizənin verildiyi xx.xx.2025-ci il tarixdən başlanılsın. Ərizə qalan hissədə təmin edilməsin. Qərardaddan 10 (on) gün müddətində (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə şikayət vermək olar. Sədrlik edən: Zaur Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar