Məhkəmə qərarları › İş №8(003)-152/2024

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərardad — İş №8(003)-152/2024

03.04.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(003)-152/2024 03.04.2024 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Rüstəmov Emin Şahin oğlunun sədrliyi, Şükürlü Murad Şahin oğlunun katibliyi, Ərizəçi X1 nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, X1 nümayəndəsi və vəkili Nümayəndə tərəfindən Bakı şəhəri Xəzər rayon icra şöbəsinin icra məmurunun hərəkətlərindən verilmiş şikayətə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: X1 nümayəndəsi Nümayəndə Bakı şəhəri Xəzər rayon icra şöbəsinin icra məmurunun hərəkətlərindən şikayət ərizəsi ilə müraciət edərək, icra məmuru Yaqub Qafarov tərəfindən qətnamənin icrasına dair yönəlmiş hərəkətlərinin qanunsuz sayılmasına dair qərardad qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Şikayətini onunla əsaslandırmışdır ki, Nərimanov Rayon Məhkəməsinin 2(005)- 4077/2013 saylı 04 dekabr 2013-cü il tarixli qətnaməsi ilə "xxxx" ASC-nin X2 və X8 qarşı kredit müqaviləsinin ləğv edilməsi, girov predmetlərinə tutma yönəldilməsi, onların açıq hərracda satılması və satışdan əldə olunan vəsait hesabına kredit müqaviləsi üzrə öhdəliklərin icrası, vurulmuş zərərin ödənilməsi tələbinə dair iddiası qismən təmin edilmişdir. Qətnaməyə əsasən "xxxx" ASC ilə X4 arasında bağlanmış 25 yanvar 2012-ci il tarixli 13011-0083/298422 saylı kredit müqaviləsi ləğv edilmiş, cavabdehlərdən cəmi 5572,6 dollar məbləğində borc ödəniş icra edildiyi gün AR Mərkəzi Bankının müəyyən etdiyi məzənnə üzrə manatla və 30 manat ödənilmiş dövlət rüsumunun "xxxx" ASC-nin xeyrinə tutlması, tutmanın gitov predmetlərinə yönəldilməsi, həmin girov predmetlərinin açıq hərracdan satılaraq əldə edilən pul vəsaitinin qətnamədə göstərilən pul tələbinin təmin edilməsi üçün iddiaçı “Bank Respublika ASC-yə ödənilməsinin təmin edilməsi qət edilmişdir. İddia tələbi qalan hissədə rədd edilmişdir. Məhkəmə qətnaməsinin əsaslandırma hissəsində “tərəflər arasında bağlanmış müqavilələrdə nəzərdə tutulmadığından, eləcə də qeyd edilən halın qətnamənin icrası qaydasında həll olunmalı olduğundan, iddia tələbinin “satışdan əldə olunan vəsaitin qətnamənin icrasına yetərli olmadığı halda qalan hissədə cavabdehlərdən ümumi qaydada icra edilməsi” hissəsində təmin edilə bilməyəcəyini bildirmişdir və bu hissədə iddianı rədd etmişdir. Hazırda Xəzər Rayon icra Şöbəsinin icra məmuru Yaqub Qafarov tərəfindən nümayəndəsi olduğu X7 əmək pensiyasından hər ay 50 faiz məbləğində pul qeyd edilən qətnamənin icrası üçün məcburi olaraq tutulur. Bu da qanunvericiliyin tələblərinin pozulmasıdır. Əvvəla qətnamənin qət etdi hissəsində məhkəmə qəbul etdiyi qətnamənin icra üsulunu müəyyən etmişdir. Belə ki, məhkəmə cavabdehlərdən tutulmalı məbləğin girov predmeti təşkil edən əşyalara yönəldilməli olduğunu bildirmişdir. Məhkəmə iddianı digər hissədə rədd edərək yalnız girov predmeti təşkil edən əşyaların tutma üçün ödənilməli olduğu qənaətinə gəlmişdir. Ancaq hazırda icra məmuru Yaqub Qafarov məhkəmənin qətnaməsinin tələblərindən kənara çıxaraq İsmayılov Elşənin əmək pensiyasına məcburi icra ödənişləri ilə bağlı tutma yönəldir. Şikayətə baxılması ilə əlaqədar təyin olunmuş məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, tələbkar "xxxx" ASC-nin nümayəndəsi və Bakı şəhəri Xəzər rayon icra şöbəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmişlər. Məhkəmə şikayətə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə şikayəti və şikayətə əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, şikayət əsassız olduğundan təmin edilməməlidir. İcra işinin materiallarında olan və məhkəmə iclasında tədqiq edilən: - Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-4077/2013 saylı xx.xx.2013-cü il tarixli qətnaməsinin surətindən görünür ki, iddia qismən təmin edilməklə "xxxx" ASC ilə X5 arasında bağlanmış xx.xx.2013-cü il tarixli 13011-0083/298422 saylı kredit müqaviləsinin ləğv edilməsi, cavabdehlər X5 və X6 müştərək qaydada 5116,69 ABŞ dolları məbləğində əsas kredit borcu, 371,41 ABŞ dolları məbləğində kreditdən istifadəyə görə faiz borcu, 84,50 ABŞ dolları məbləğində penya, cəmi 5572,6 ABŞ dolları məbləğində borc ödənişin icra edildiyi gün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi məzənnə üzrə manatla və 30 manat ödənilmiş dövlət rüsumunun "xxxx" ASC-nin xeyrinə tutulması, tutma girov predmeti olan kredit müqaviləsinin təminatı qismində banka girov qoyulmuş cavabdeh X3 məxsus olan 2 ədəd “Samsung” markalı TV, 4 ədəd divan, 6 ədəd stol, 12 ədəd stul, 1 ədəd “Samsung” markalı, 2 qapılı soyuducuya yönəldilməsi, həmin girov predmetlərinin açıq hərracdan satılması və satışdan əldə edilən pul vəsaitinin yuxarıda göstərilən pul tələblərinin təmin edilməsi üçün "xxxx" ASC-yə ödənilməsi qət edilmişdir. - xx.xx.2023-cü il tarixli icraata başlamaq haqqında qərarının surətindən görünür ki, 2(005)-4077/2013 saylı xx.xx.2013-cü il tarixli icra sənədi üzrə icraata başlanmış və tələbin 10 gün müddətində könüllü icra edilməsi barədə borcluya bildiriş göndərilmişdir. - Tələbkar "xxxx" ASC tərəfindən Bakı şəhəri Xəzər rayon icra şöbəsinə ünvanlanmış xx.xx.2023-cü il tarixli 5923 saylı məktubdan görünür ki, X1 hazırda kredit borcu 5572,60 ABŞ dolları və 30 manat dövlət rüsumu təşkil edir. Odur ki, qeyd edilən tələbin borclunun pensiyasının 50 faizinə yönəldilməsi xahiş edilmişdir. İcra haqqında Qanuna əsasən vaxtaşırı ödəmələrin tutulması haqqında icra sənədləri icra edildikdə; icra sənədində göstərilən tələb üzrə tutulmalı olan məbləğin həcmi bu Qanunun 65-ci maddəsində müəyyən edilmiş miqdardan artıq olmadıqda; tələbin tam ödənilməsi üçün borclunun əmlakı olmadıqda və ya onun əmlakı kifayət etmədikdə tələbin borclunun əmək haqqına və digər gəlirlərinə yönəldilməsinə yol verilir (Maddə 63). Həmin Qanunun 65.1-65.2-ci maddəsinə əsasən icra sənədi icra edilərkən borclunun əmək haqqından və ona bərabər sayılan digər gəlirlərindən tutmaların məbləği 50 faizdən çox ola bilməz. Tələb, bir neçə icra sənədi üzrə borclunun əmək haqqına və ona bərabər sayılan digər gəlirlərinə yönəldildikdə, qazancın 50 faizi borcluda qalmalıdır. Həmin Qanunun 65.4-cü maddəsinə əsasən tələbin borclunun təqaüdünə, pensiyasına, müəlliflik və əlaqəli hüquqlardan istifadəyə görə müəlliflik mükafatlarına yönəldildiyi hallarda da bu Qanunun 65-ci maddəsi ilə müəyyən edilmiş qaydalar tətbiq edilir. Məhkəmə şikayətin dəlilləri kimi borclunun istinad etdiyi qətnamədə icra üsulunun müəyyən edilməsi ilə bağlı qeyd edir ki, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-4077/2013 saylı xx.xx.2013-cü il tarixli qətnaməsində icra zamanı yalnız girov predmetlərinin satışı ilə kifayətlənməli olduğu kimi göstəriş olmamış, cəmi 5572,6 ABŞ dolları məbləğində borc ödənişin icra edildiyi gün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi məzənnə üzrə manatla və 30 manat ödənilmiş dövlət rüsumunun "xxxx" ASC-nin xeyrinə tutulması müəyyən edilmişdir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 43.1.2-ci maddəsinə əsasən tələbin borclunun əmək haqqına, pensiyasına, təqaüdünə və sair gəlirlərinə yönəldilməsi məcburi icra tədbiridir. Həmin Qanunun 44.1-ci maddəsinə görə bu Qanunla müəyyən edilmiş qaydada tərtib olunmuş icra sənədinin icra məmuruna təqdim olunması, icra məmuru tərəfindən icraata başlamaq haqqında qərarın qəbul edilməsi və könüllü icra üçün icra məmuru tərəfindən borcluya verilmiş müddətin keçməsi məcburi icra tədbirlərinin tətbiqi əsası kimi müəyyən olunmuşdur. İcra işi tədqiq edilən zaman “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 44.1-ci maddəsində göstərilən şərtlərə tam olaraq əməl edildiği müəyyən oluduğundan məhkəmə hesab edir ki, icra məmuru tərəfindən qanunsuz hər hansı bir hərəkət və ya hərəkətsizlik müəyyən edilməmiş və bu səbəbdən də şikayət əsassızdır və təmin edilməməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 263-264 və 267, 268ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: X1 nümayəndəsi və vəkili Nümayəndə tərəfindən Bakı şəhəri Xəzər rayon icra şöbəsinin icra məmurunun məcburi icra hərəkətlərinin qanunsuz hesab edilərək dayandırılmasına dair şikayəti təmin edilməsin. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 gün müddətinə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Emin Rüstəmov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar