Məhkəmə qərarları › İş №8(003)-16/2023

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərardad — İş №8(003)-16/2023

19.01.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(003)-16/2023 19.01.2023 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Xəzri Ramilə Həşim qızının sədrliyi, Mehdiyeva Nigar Namizəd qızının katibliyi ilə Borclular Borclu1 və Borclu2 məxsus əmlaklar üzərinə qoyulmuş həbsin götürülməsi barədə Bakı şəhəri Xəzər rayon icra şöbəsinin icra məmuru Şəfəq Neymətzadənin təqdimatına məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 8(003)-554/2017 saylı xx.xx.2017-ci il tarixli qərardadına əsasən Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-5968/2016 saylı xx.xx.2016-cı il tarixli icra sənədi üzrə borclu – Borclu1 məxsus "Kamaz 5511 SB 92B 1" yük markalı, ** UH *** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbsin qoyulması qərara alınmışdır. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 8(003)-863/2017 saylı xx.xx.2017-ci il tarixli qərardadına əsasən Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-5968/2016 saylı xx.xx.2016-cı il tarixli icra sənədi üzrə borclu – Borclu2 məxsus "Kamaz 55111" yük markalı, ** LK *** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbsin qoyulması qərara alınmışdır. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 8(003)-135/2022 saylı xx.xx.2022-ci il tarixli qərardadına əsasən Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-5968/2016 saylı xx.xx.2016-cı il tarixli icra sənədi üzrə borclu – Borclu1 məxsus "Toyota land Cruiser Prado" markalı, ** TA *** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbsin qoyulması qərara alınmışdır. Hazırda Bakı şəhəri Xəzər rayon icra şöbəsinin icra məmuru Şəfəq Neymətzadə təqdimatla məhkəməyə müraciət edərək, borclulara məxsus avtomobillərin üzərinə qoyulmuş həbsin götürülməsi barədə qərardad çıxarılmasını xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-5968/2016 saylı xx.xx.2016-cı il tarixli icra sənədinə əsasən borclular Müzəfər-zadə Cavid İlqar oğlundan, Borclu1, X1 və Borclu2 müştərək qaydada 16340,85 ABŞ dolları məbləğində pul vəsaiti və 20 manat məbləğində dövlət rüsumu tutularaq tələbkar “Nikoyl” İKB-nın xeyrinə ödənilməlidir. Tələbkar xx.xx.2022-ci il tarixdə şöbəyə ərizə ilə müraciət edərək icra sənədinin məhkəməyə qaytarılmasını və icra sənədi üzrə icra tədbirlərinin dayandırılmasını xahiş etmişdir. İş üzrə Xəzər Rayon İcra şöbəsinə, tələbkara və borclulara təqdimata baxılması üçün təyin edilmiş məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılsalar da, icra şöbəsinin və tələbkarın nümayəndəsi, borclular məhkəmə iclasına gəlməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM) 231.2-ci maddəsinə əsasən təqdimata baxılmasını mümkün hesab etmişdir. Məhkəmə təqdimatı və təqdimata əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, təqdimat təmin olunmalıdır. Belə ki, iş materiallarından görünür ki, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-5968/2016 saylı xx.xx.2016-cı il tarixli icra sənədinə əsasən borclular Müzəfər-zadə Cavid İlqar oğlundan, Borclu1, X1 və Borclu2 müştərək qaydada cəmi 16340,85 ABŞ dolları məbləğində pul vəsaiti və 20 manat məbləğində dövlət rüsumu tutularaq tələbkar “Nikoyl” İKB-nın (hazırda "xxxx" ASC) xeyrinə ödənilməlidir. İş materiallarında olan "xxxx" ASC-nin Xəzər rayon İcra şöbəsinə ünvanladığı məktubun surətindən görünür ki, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)- 5968/2016 saylı xx.xx.2016-cı il tarixli icra sənədini “İcra haqqında” Azərbaycan Respublikasının Qanununun 23.1.1-ci maddəsinə əsasən icra olunmadan geri qaytarılması xahiş olunmuşdur. İş materiallarında olan icra sənədinin qaytarılması haqqında xx.xx.2022-ci il tarixli qərarın surətindən görünür ki, Bakı şəhəri Xəzər rayon İcra şöbəsinin icra məmuru Şəfəq Neymətzadə tərəfindən Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-5968/2016 saylı xx.xx.2016-cı il tarixli icra sənədinin Xəzər Rayon Məhkəməsinə geri qaytarılması barədə qərar qəbul edilmişdir. «İcra haqında» Azərbaycan Respublikası Qanununun 50.2-ci maddəsinə əsasən, icra sənədi icraya yönəldilənə qədər borclunun əmlakına həbs qoyulmayıbsa və ya icra sənədinin icrası zamanı tələbin borclunun əmlakına yönəldilməsi hallarında əmlak üzərinə həbs, bir qayda olaraq, icra məmurunun əsaslandırılmış təqdimatına əsasən məhkəmənin qərardadı ilə qoyulur. İşin araşdırılmış hallarından görünür ki, borclulara məxsus avtomobillərin üzərinə həbsin qoyulmasına əsas olmuş icra sənədi tələbkarın ərizəsi əsasında həmin icra sənədini vermiş məhkəməyə geri qaytarılmışdır. Odur ki, məhkəmə hesab edir ki, borclulara məxsus əmlakların üzərində həbsin qalmasına olan zərurət aradan qalxmış, eyni zamanda icra sənədi geri qaytarıldığından həmin icra sənədi üzrə onlara məxsus əmlakın üzərində həbsin qalması mülkiyyət hüquqlarının pozulmasına səbəbdir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, təqdimat təmin edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 162, 231, 263-264 və 267-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Təqdimat təmin edilsin. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 8(003)-554/2017 saylı xx.xx.2017-ci il tarixli qərardadı ilə borclu - Borclu1 məxsus " Kamaz 5511 SB 92B 1" yük markalı, ** UH *** dövlət qeydiyyat nişanlı, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 8(003)-863/2017 saylı xx.xx.2017-ci il tarixli qərardadı ilə borclu - Borclu2 məxsus " Kamaz 55111" yük markalı, ** LK *** dövlət qeydiyyat nişanlı və Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 8(003)- 135/2022 saylı xx.xx.2022-ci il tarixli qərardadı ilə borclu - Borclu1 məxsus "Toyota land Cruiser Prado" markalı, ** TA *** dövlət qeydiyyat nişanlı avtomobillərin üzərinə qoyulmuş həbs götürülsün. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Ramilə Xəzri

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar