Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(003)-166/2024 30.04.2024 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Rüstəmov Emin Şahin oğlunun sədrliyi, Şükürlü Murad Şahin oğlunun katibliyi, X1 iştirakı ilə, Bakı şəhəri Xəzər rayon icra şöbəsinin icra məmuru Elvin Fərzəliyevin -icra sənədinin icrasını təmin etmək məqsədi ilə Borclu məxsus əmlak üzərinə həbs qoyulması barədə təqdimatına məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Bakı şəhəri Xəzər rayon icra şöbəsinin icra məmuru Elvin Fərzəliyev Borclu məxsus Bakı Şəhəri Xətai Rayonu General Şixlinski Küçəsi Məhəllə 2942d Ev 1 Mənzil 98 ünvanında yerləşən mənzilin üzərinə həbs qoyulması barədə təqdimatla məhkəməyə müraciət etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-464/2017 nömrəli, xx.xx.2017-ci il tarixli icra sənədinə əsasən borclular Borclu və X3 müştərək qaydada cəmi 11609,82 ABŞ dolları məbləğində pul vəsaiti və 30 manat dövlət rüsumu tutularaq tələbkar "xxxx" ASC-nin xeyrinə ödənilməlidir. İcra sənədi xx.xx.2018-ci il tarixdə Bakı şəhəri Xəzər rayon İcra şöbəsinə daxil olmuş və qanunamüvafiq qaydada icraya yönəldilmişdir. İcraata başlamaq haqqında qərar qəbul olunaraq, surəti bildirişlə bərabər icra sənədi üzrə Borclu icra sənədində qeyd olunan ünvanına göndərilmişdir. Borclu könüllü icra müddətində icra sənədi üzrə tələbi təmin etmədiyi üçün borclunun əmlak vəziyyətini yoxlamaq məqsədilə elektron sistem vasitəsilə sorğular edilmişdir. Belə ki, “Elektron icra’’ informasiya sistemindən əldə olunmuş sorğu məlumatına əsasən müəyyən olunmuşdur ki, Borclu məxsus olan Baki Şəhəri Xətai Rayonu General Şixlinski Küçəsi Məhəllə 2942d Ev 1 Mənzil 98 ünvanında yerləşən mənzili vardır. İcra sənədinin icrasını təmin etmək məqsədilə hesab edir ki, məcburi icra tədbirləri kimi borclunun əmlakının üzərinə həbs qoymaq və onu satmaq yolu ilə tələbin əmlaka yönəlməsi barədə məcburi icra tədbirləri tətbiq edilməlidir. Məhkəmə iclasında tələbkar LPO "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi X4 izahatında göstərdi ki, Borclu banka 6267 ABŞ dolları borcu qalmışdır. Digər borclu barədə məlumatı yoxdur. Təqdimatın təmin edilməsini xahiş etdi. Bakı şəhəri Xəzər rayon icra şöbəsinin icra məmuru və borclular təqdimata baxılması üçün təyin edilmiş məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılsalar da, Xəzər rayon icra şöbəsinin nümayəndəsi, o cümlədən borclular məhkəmə iclasına gəlməmişdir. Onların məhkəmə iclasına gəlməmələri məhkəmə qarşısında qoyulmuş məsələnin həll edilməsinə mane olmadığından, məhkəmə təqdimata onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə təqdimatı və təqdimata əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, təqdimat təmin edilməməlidır. Təqdimata əlavə edilmiş Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-464/2017- 013 nömrəli, xx.xx.2017-ci il tarixli icra sənədinə əsasən borclular Borclu və X3 müştərək qaydada cəmi 11609,82 ABŞ dolları məbləğində pul vəsaiti və 30 manat dövlət rüsumu tutularaq tələbkar "xxxx" ASC-nin xeyrinə ödənilməlidir. İş materiallarında olan xx.xx.2018-ci il tarixli qərardan görünür ki, 2(011)-464/2017 nömrəli, xx.xx.2017-ci il tarixli icra sənədi üzrə icraata başlanmış və tələbin könüllü icra edilməsi üçün borcluya bildiriş göndərilmiş və o, bildirişi şəxsən almışdır. İş materiallarında olan xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(011)-464/2017 saylı icra sənədi məcburi qaydada icra edilməli, ödənilməli olan məbləğin 7 faiz icra ödənişi alınıb, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi İcra Baş İdarəsinin xüsusi fonduna köçürülməlidir. İş materiallarına əlavə olunmuş “Azemıs” Elektron Məhkəmə İnformasiya Sistemindən çıxarışdan görünür ki, Borclu adına Bakı Şəhəri Xətai Rayonu General Şixlinski Küçəsi Məhəllə 2942d Ev 1 Mənzil 98 ünvanında yerləşən mənzil qeydiyyatdan keçmişdir. “İcra haqqında” Qanunun (bundan sonra-Qanun) 1-1-ci maddəsinə əsasən icra qanunvericiliyi qanunun aliliyinin təmin olunması və hamının qanun qarşısında bərabərliyi, obyektivlik, ədalətlilik prinsiplərinə əsaslanır. “Fiziki şəxs barəsində icra sənədi icra olunarkən tələbin yönəldilməsinə yol verilməyən əmlak növlərinin dəqiq Siyahısının təsdiq edilməsi” barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2002-ci il tarixli 89 saylı qərarından görünür ki, fiziki şəxs barəsində icra sənədi icra olunarkən borclu və onun ailəsinin sanitariya normaları çərçivəsində birgə yaşamalarını təmin edəcək mənzil, ev və ya onun ayrı-ayrı hissələri, həmçinin onların altında olan həyətyanı torpağa (bir ailə üçün bir ev və ya mənzildən çox olmamaq şərti ilə) tələbin yönəldilməsinə yol verilmir. İşin hallarından görünür ki, üzərinə həbs qoyulması istənən daşınmaz əmlak borclunun adına qeydiyyatdan keçən yeganə daşınmaz əmlakdır. Borclu ailəlidir və himayəsində yetkinlik yaşına çatmayan bir uşağı vardır. Bütün bu sadalananlara əsasən müəyyən edilir ki, həmin daşınmaz əmlak borclunun yeganə yaşayış yeridir. Onun üzərinə həbs qoyulması qanunvericiliyin kobud şəkildə pozulmasına gətirib çıxara bilər. Həmçinin nəzərə alınmalıdır ki, icra sənədi üzrə borcdan borclu tərəfindən 6300 ABŞ dollarına yaxın məbləğdə ödəniş edilmişdir. Bu da icra sənədi üzrə tələbin təxminən yarısını təşkil edir. Nəzərə alınsa ki, icra sənədi üzrə digər müştərək borclu da var, bu zaman belə məhkəmə belə qənaətə gəlir ki, borclunun icra sənədi üzrə öhdəliyindən yayınmaq fikri yoxdur. Bunu borclu tərəfindən icra şöbəsinə verilən izahatlarda da görmək mümkündür. Belə olan halda məhkəmə hesab edir ki, Bakı şəhəri Xəzər rayon icra şöbəsinin icra məmurunun təqdimatı əsaslı olmadığından təmin edilməməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Bakı şəhəri Xəzər rayon icra şöbəsinin icra məmuru Elvin Fərzəliyevin Borclu məxsus Baki Şəhəri Xətai Rayonu General Şixlinski Küçəsi Məhəllə 2942d Ev 1 Mənzil 98 ünvanında yerləşən mənzilin üzərinə həbs qoyulması barədə təqdimatı təmin edilməsin. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Emin Rüstəmov
Məhkəmə qərarları › İş №8(003)-166/2024
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərardad — İş №8(003)-166/2024
30.04.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver