Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(003)-17/2023 23.01.2023 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Emin İlham oğlunun sədrliyi, Nəcəfova Səbinə Aydın qızının katibliyi ilə, X1 doğum faktının müəyyən edilməsinə dair mülki iş üzrə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-151/2022 saylı xx.xx.2022-ci il tarixli qətnaməsinə düzəliş edilməsinə və ya izah verilməsinə dair iş üzrə maraqlı şəxs Bakı şəhəri Xəzər rayon Qeydiyyat şöbəsinin ərizəsinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: X2 ərizə ilə məhkəməyə müraciət edərək, Əliyeva Fəridə XXX qızının xx.xx.2001-ci il tarixdə doğulması faktının, onun anasının X4 olması faktının və Əliyeva Fəridə XXX qızının doğulduğu gündən bugünədək X1 öhdəsində olması faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Sonradan ərizəçi ərizəsini dəqiqləşdirərək xx.xx.1984-cü il təvəllüdlü X4 xx.xx.2001ci il tarixdə Bakı şəhəri 26 nömrəli Birləşmiş Şəhər Xəstəxanasında qız uşağının doğması barədə hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-151/2022 saylı xx.xx.2022-ci il tarixli qətnaməsi ilə ərizə təmin edilərək X1 bacısı xx.xx.1984-cü il təvəllüdlü X4 xx.xx.2001-ci il tarixdə Bakı şəhərində bir qız uşağı doğması barədə hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi qət edilmişdir. Hazırda iş üzrə maraqlı şəxs Bakı şəhəri Xəzər rayon Qeydiyyat şöbəsi ərizə ilə məhkəməyə müraciət edərək Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-151/2022 saylı xx.xx.2022-ci il tarixli qətnaməsinə düzəliş edilməsini və ya izah verilməsini xahiş etmişdir. Ərizəni onunla əsaslandırmışdır ki, qətnamədə və qətnamənin nəticə hissəsində uşağın ata adı göstərilməmişdir. Doğum tək ana kimi qeyd olunduqda ata haqqında məlumatlar ananın dediyinə görə yazılır. Ərizəçi uşağın xalası olduğu üçün doğum haqqında akt qeydində ataya dair məlumatlar xalanın dediyinə görə yazılmalıdır. Bu səbəbdən qətnamənin icra edilməsi qeyri-mümkündür. Məhkəmə iclasına iş üzrə ərizəçi və maraqlı şəxsin nümayəndəsi gəlməmişlər və gəlməmələrinin səbəbi barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə, onların iştirakı olmadan ərizəyə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını nəzərdən keçirib hesab edir ki, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-151/2022 saylı xx.xx.2022-ci il tarixli qətnaməsinə düzəliş edilməsinə və ya izah verilməsinə dair maraqlı şəxsin ərizəsi təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 228.2-ci maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərə xəbər verməklə, öz təşəbbüsü ilə və ya işdə iştirak edən şəxslərin ərizəsi üzrə, qətnamədə buraxılmış yanlışlıqları və açıq hesab səhvlərini düzəldə bilər. Həmin Məcəllənin 230.1-ci maddəsinə əsasən, işə baxmış hakim, apellyasiya instansiyası məhkəməsi tərəfindən ləğv edilməmiş qətnaməsini, onun məzmununu dəyişdirmədən izah etməyə haqlıdır. Həmin Məcəllənin 230.3-cü maddəsinə əsasən, qətnamə icra edilməmişsə onun izah edilməsinə yol verilir. Göründüyü kimi qanunvericilikdə qətnamədə buraxılmış yanlışlıqları və açıq hesab səhvlərini düzəlilməsi nəzərdə tutulmuş, izah verilməsinin isə qətnamənin məzmununun dəyişdirilməməsi ilə məhdudlaşdırmış, yəni, qətnaməyə izah verilərkən həmin akta yeni məzmun verməməli, bir sözlə məhkəmə aktının izah olunması barədə məsələ qətnamənin məzmununun toxunulmazlığı ilə əlaqələndirilmişdir. Məhkəmə qətnaməsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 4 saylı, 24 noyabr 2005-ci il tarixli qərarının 14-cü bəndinə əsasən, qətnamə aydın və dəqiq olmadıqda, həmçinin ziddiyyətli olduqda işi həll etmiş hakim (məhkəmə tərkibi) qətnamənin məzmununu dəyişdirmədən onu izah etməyə haqlıdır. Qətnaməni izah etmək yolu ilə onun dəyişdirilməsinə və yaxud onda məhkəmə baxışının predmeti olmayan məsələlərin həll edilməsinə yol verilmir. Ərizədən, iş materiallarından və qətnamədən görünür ki, ərizəçi, X4 xx.xx.2001-ci il tarixdə Bakı şəhərində qız uşağı doğması faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmiş, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-151/2022 saylı xx.xx.2022-ci il tarixli qətnaməsi ilə ərizəsi təmin edilərək X1 bacısı xx.xx.1984-cü il təvəllüdlü X4 xx.xx.2001-ci il tarixdə Bakı şəhərində bir qız uşağı doğması barədə hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi qət edilməklə ərizədə xahiş olunan hüquqi əhəmiyyəti olan fakta uyğun qərar qəbul edilmişdir. Bununla da müəyyən edilir ki, həmin qətnamədə hər hansı bir yanlışlığa yol verilməmiş və qətnamənin nəticə hissəsi aydın ifadə olunmuş, izaha ehtiyacı yoxdur. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, qətnamədə hər hansı bir yanlışlığa yol verilmədiyindən, qətnamədə qeyri-müəyyən, anlaşılmaz hər hansı xüsusat mövcud olmadığından iş üzrə maraqlı şəxs Bakı şəhəri Xəzər rayon Qeydiyyat şöbəsinin Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-151/2022 saylı xx.xx.2022-ci il tarixli qətnaməsinə düzəliş edilməsi və ya izah verilməsi barədə ərizəsi təmin edilməməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 230, 263-264 və 268ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İş üzrə maraqlı şəxs Bakı şəhəri Xəzər rayon Qeydiyyat şöbəsinin Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-151/2022 saylı xx.xx.2022-ci il tarixli qətnaməsinə düzəliş edilməsi və ya izah verilməsi barədə ərizəsi təmin edilməsin. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Emin Məmmədli
Məhkəmə qərarları › İş №8(003)-17/2023
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərardad — İş №8(003)-17/2023
23.01.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver