Məhkəmə qərarları › İş №8(003)-181/2024

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərardad — İş №8(003)-181/2024

02.05.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(003)-181/2024 02.05.2024 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Rüstəmov Emin Şahin oğlunun sədrliyi, Şükürlü Murad Şahin oğlunun katibliyi ilə, Bakı şəhəri Xəzər rayon icra şöbəsinin icra məmuru Şəfəq Neymətzadənin -icra sənədinin icrasını təmin etmək məqsədi ilə Borclu məxsus əmlak üzərinə həbs qoyulması barədə təqdimatına məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Bakı şəhəri Xəzər rayon icra şöbəsinin icra məmuru Şəfəq Neymətzadə Borclu məxsus “FORD TRANSİT” yük markalı, ** OY *** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulması barədə təqdimatla məhkəməyə müraciət etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-3135/2022 nömrəli, xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən Borclu 1317,99 manat məbləğində pul vəsaiti tutularaq tələbkarın xeyrinə ödənilməlidir. İcra sənədi xx.xx.2022-ci il tarixdə Bakı şəhəri Xəzər rayon İcra şöbəsinə daxil olmuş və qanunamüvafiq qaydada icraya yönəldilmişdir. İcraata başlamaq haqqında qərar qəbul olunaraq, surəti bildirişlə bərabər icra sənədi üzrə Borclu icra sənədində qeyd olunan ünvanına göndərilmişdir. Borclu könüllü icra müddətində icra sənədi üzrə tələbi təmin etmədiyi üçün borclunun əmlak vəziyyətini yoxlamaq məqsədilə elektron sistem vasitəsilə sorğular edilmişdir. Belə ki, “Elektron icra’’ informasiya sistemindən əldə olunmuş sorğu məlumatına əsasən müəyyən olunmuşdur ki, Borclu məxsus olan “FORD TRANSİT” minik markalı, ** OY *** dövlət qeydiyyat nişanlı avtomobili vardır. İcra sənədinin icrasını təmin etmək məqsədilə hesab edir ki, məcburi icra tədbirləri kimi borclunun əmlakının üzərinə həbs qoymaq və onu satmaq yolu ilə tələbin əmlaka yönəlməsi barədə məcburi icra tədbirləri tətbiq edilməlidir. Bakı şəhəri Xəzər rayon icra şöbəsinin icra məmuru, tələbkar və borclu təqdimata baxılması üçün təyin edilmiş məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılsalar da, Xəzər rayon icra şöbəsinin nümayəndəsi, o cümlədən tələbkar və borclu məhkəmə iclasına gəlməmişlər. Onların məhkəmə iclasına gəlməmələri məhkəmə qarşısında qoyulmuş məsələnin həll edilməsinə mane olmadığından, məhkəmə təqdimata onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə təqdimatı və təqdimata əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, təqdimat təmin edilməməlidır. Təqdimata əlavə edilmiş Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-3135/2022 nömrəli, xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən borclu iddiaçı X2 xeyrinə cavabdeh Borclu 899 manat borc, 40 manat cərimə, digər müqavilə üzrə 329,99 manat borc, 15 manat cərimə və 34 manat dövlət rüsumu olmaqla, cəmi 1317,99 manat məbləğində pul tutulmalıdır. xx.xx.2022-ci il tarixli qərardan görünür ki, 2(003)-3135/2022 nömrəli, xx.xx.2022-ci il tarixli icra sənədi üzrə icraata başlanmış və tələbin könüllü icra edilməsi üçün borcluya bildiriş göndərilmişdir. “Azemıs” Elektron Məhkəmə İnformasiya Sistemindən çıxarışdan görünür ki, Borclu adına “FORD TRANSİT” yük markalı, ** OY *** dövlət qeydiyyat nişanlı avtomobil qeydiyyatdan keçmişdir. “İcra haqqında” Qanunun (bundan sonra-Qanun) 1-1-ci maddəsinə əsasən icra qanunvericiliyi qanunun aliliyinin təmin olunması və hamının qanun qarşısında bərabərliyi, obyektivlik, ədalətlilik prinsiplərinə əsaslanır. İşin hallarından görünür ki, icra məmurunun təqdimatında Borclu tələbkar X1 xeyrinə cəmi 1317,99 manat məbləğində pul tutulmalı olduğu qeyd edilmişdir. Məhkəmə hesab edir ki, hal-hazırda mövcud olan borcun məbləği üzərinə həbs qoyulması istənilən əmlakın qiymətinə mütənasib deyildir və həmin borcun ödənilməsini təmin etmək üçün borclunun əmlakının üzərinə həbs qoyulması zərurəti yoxdur. Belə olan halda məhkəmə hesab edir ki, Bakı şəhəri Xəzər rayon icra şöbəsinin icra məmurunun təqdimatı əsaslı olmadığından təmin edilməməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Bakı şəhəri Xəzər rayon icra şöbəsinin icra məmuru Şəfəq Neymətzadənin Borclu məxsus “FORD TRANSİT” yük markalı, ** OY *** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulması barədə təqdimatı təmin edilməsin. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Emin Rüstəmov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar