Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(003)-188/2023 03.08.2023 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Rüstəmov Emin Şahin oğlunun sədrliyi, Şükürlü Murad Şahin oğlunun katibliyi, X2 iştirakı ilə, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli 2(003)-6235/2016 saylı qətnaməsinin icrasına möhlət verilməsi barədə X4 ərizəsinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli 2(003)-6235/2016 saylı qətnaməsinə əsasən iddia tələbi qismən təmin edilərək X10 ilə onun arasında 18 saylı Notariat Kontorunda bağlanmış xx.xx.2015-ci il tarixli 4Ə-233 reyestr nömrəli bağışlama müqaviləsinin etibarsız hesab edilməsi, Bakı şəhəri Xəzər rayonu Binə qəsəbəsi məhəllə 2146, 23 saylı evin 48 saylı mənzilində X5 payı ½ hissədə, X3 payı ½ hissədə müəyyən edilməsi, eyni zamanda həmin mənzildən onun ailə üzvləri və əşyaları ilə birlikdə çıxarılmağı qət edilmişdir. X9 ərizə ilə məhkəməyə müraciət edərək Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli 2(003)-6235/2016 saylı qətnaməsinin icrasına 06 ay möhlət verilməsini xahiş etmişdir. Məhkəmə iclasında X9 ərizəsini müdafiə edərək təmin edilməsini məhkəmədən xahiş etdi və izahatında bildirdi ki, tələbkar (iddiaçı) X1 Fərhad İsmayıl oğluna və ona qarşı Xəzər rayon Məhkəməsində iddia qaldıraraq “bağışlama müqaviləsinin etibarsız sayılması, çıxarışın ləğv edilməsi, əmlakın bölünməsi və mənzildən çıxarılma” barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmiş, Xəzər rayon Məhkəməsinin 2(003)-6235/2016 saylı, xx.xx.2016-cı il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilərək X10 ilə onun arasında 18 saylı Notariat kontorunda bağlanmış xx.xx.2015-ci il tarixli 4Ə-233 reyestr nömrəli bağışlama müqaviləsinin etibarsız hesab edilməsi, Bakı şəhəri Xəzər rayonu Binə qəsəbəsi məhəllə 2146, 23 saylı evin 48 nömrəli mənzilində X5 payı 1/2 hissədə, X3 payı 1/2 hissədə müəyyən edilməsi, eyni zamanda həmin mənzildən onun ailə üzvləri ilə və əşyaları ilə birlikdə çıxarılmağı qət edilmişdir. Daha sonra qətnamədən apelyasiya və kassasiya şikayətləri verilsədə, şikayətlər təmin edilməmiş, qətnamə dəyişdirilmədən saxlanılmışdır. Qətnamə qanuni qüvvəyə mindikdən sonra icra olunması üçün Xəzər rayon İcra şöbəsinə göndərilmişdir. İcra məmuru xx.xx.2023-cü il tarixdə onu İcra şöbəsinə dəvət etmiş və icra sənədinin icrası ilə bağlı qəbul etdiyi icraata başlamaq haqqında qərarın, eyni zamanda tələbin könüllü icrası haqqında bildirişin surətini ona təqdim etmişdir. Məhkəmənin nəzərinə çatdırmaq istəyir ki, o, 2006-cı ildə X10 ilə rəsmi nikaha daxil olaraq ailə həyatı qurmuşdur. Onların birgə nikahlarından üç uşaqları var. Lakin aralarında yaranmış ailə münaqişəsi nəticəsində onların nikahı pozulmuş və uşaqlar onun yanındadır. Hazırda o, qeyd olunan mənzildə yetkinlik yaşına çatmayan uşaqları ilə birlikdə yaşayır. Fərhad İsmayılov isə Rusiya Federasiyasında yaşayır. Fərhadın ona heç bir maddi dəstəyi yoxdur. Bu səbəbdən də sosial vəziyyəti yaxşı deyil. O cümlədən onun həmin mənzildən başqa yaşayış yeri yoxdur. Özünə başqa yaşayış yeri seçməkdən ötrü ona müəyyən müddət lazımdır. Çünki, başqa yaşayış yerinə köçmək üçün kifayət qədər vəsaitə ehtiyac duyulur. Həmin vəsait də hal-hazırda onda yoxdur. Bu səbəbdən qətnamənin icrasına möhlət verilməsinə zərurət yaranmışdır. Bakı şəhəri Xəzər rayon İcra Şöbəsi və tələbkar ərizəyə baxılması üçün təyin edilmiş məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin icra şöbəsinin nümayəndəsi və tələbkar məhkəmə iclasına gəlməmiş və bu məsələ məhkəmə qarşısında qoyulmuş məsələnin həll edilməsinə mane olmadığından, Azərbaycan Respublikası MPM-nin 231.2-ci maddəsinə əsasən məhkəmə ərizəyə icra şöbəsinin nümayəndəsinin və tələbkarın iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizənin dəlillərini araşdıraraq hesab edir ki, ərizə təmin edilməməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli 2(003)-6235/2016 saylı qətnaməsindən görünür ki, iddia tələbi qismən təmin edilməklə X10 və X14 arasında 18 saylı notariat kontorunda bağlanmış xx.xx.2015-ci il tarixli 4Ə-233 saylı bağışlama müqaviləsinin etibarsız hesab edilməsi, Bakı şəhəri Xəzər rayonu Binə qəsəbəsi məhəllə 2146, 23 saylı evin 48 saylı mənzilinə dair X11 adına verilmiş xx.xx.2015-ci il tarixli çıxarışın ləğv edilməsi, Bakı şəhəri Xəzər rayonu Binə qəsəbəsi məhəllə 2146, 23 saylı evin 48 saylı mənzilində X5 payının ½ hissədə, X3 payının ½ hissədə müəyyən edilməsi, Bakı şəhəri Xəzər rayonu Binə qəsəbəsi məhəllə 2146, 23 saylı evin 48 saylı mənzilindən X11 ailə üzvləri və əşyaları ilə birlikdə çıxarılması, Bakı şəhəri Xətai rayonu Q.Məmmədov küçəsi 2947 saylı məhəllədə "xxxx" MTK tərəfindən inşa edilən hündürmərtəbəli yaşayış binasının 2-ci girişinin 6-cı mərtəbəsindəki 52 saylı mənzilin alınması üçün xx.xx.2013-cü il tarixli 77 saylı müqaviləyə əsasən "xxxx" MTK-ya ödənilmiş 37500 manat məbləği təşkil edən həmin mənzilə dair kooperativ paya X5 payının ½ hissədə, X3 payının ½ hissədə müəyyən edilməsi qət edilmişdir. -Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(103)-1386/2018 saylı qətnaməsi ilə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli 2(003)- 6235/2016 saylı qətnaməsi dəyişdirilmədən qüvvədə saxlanılmışdır. -Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(102)-3361/2018 saylı qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(103)-1386/2018 saylı qətnaməsi dəyişdirilmədən qüvvədə saxlanılmışdır. İş materiallarından müəyyən edilir ki, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli 2(003)-6235/2016 saylı qətnaməsi xx.xx.2018-ci il tarixdə qüvvəyə minmişdir. Daha sonra isə icra edilməsi üçün icra qurumuna göndərilmişdir. Bakı şəhəri Xəzər rayon icra şöbəsinin icra məmuru Qafarov Yaqub tərəfindən xx.xx.2023-cü il tarixdə icraata başlama haqqında qərar qəbul edilmiş və tələbin könüllü icrası barədə borcluya bildiriş göndərilmişdir. Həmin bildiriş və qərar X14 tərəfindən xx.xx.2023-cü il tarixdə şəxsən alınmışdır. Tələb borclu tərəfindən könüllü icra edilməmişdir. «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə əsasən, tərəflər icra sənədinin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icrası, yaxud icra sənədinin icrası üsulunun və qaydasının dəyişdirilməsi haqqında işə baxmış məhkəməyə müraciət edə bilərlər. Borclunun əmlak vəziyyətini və digər halları nəzərə alaraq, məhkəmə həmin müraciətlərə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 231-ci maddəsi ilə müəyyən edilmiş qaydada baxır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.1-ci maddəsinə əsasən, işə baxmış hakim, işdə iştirak edən şəxslərin ərizəsi üzrə tərəflərin əmlak vəziyyətinə və digər hallara əsasən qətnamənin icrasına möhlət verməyə və ya qətnaməni hissə-hissə icra etdirməyə, habelə onun icra üsulunu və qaydasını dəyişdirməyə haqlıdır. Göründüyü kimi, qanunvericilik işdə iştirak edən şəxslərin ərizəsi əsasında qətnamənin icrasına möhlət verilməsini mümkünlüyünü müəyyən etməklə yanaşı bunu ilk növbədə tərəflərin əmlak vəziyyətindən, eləcə də işin digər diqqətəlayiq hallarından asılı etmişdir. Məhkəmə ilk növbədə borclunun əmlak vəziyyətinin ağırlığını nəzərə almalı, bu zaman həm də tələbkarın əmlak mənafelərini də nəzərdən qaçırmamalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.4-cü maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2014-cü il tarixli qərarında qeyd eilmişdir ki, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinin icrasına möhlət verilməsi onun icrasının məhkəmə qərardadı ilə başqa müddətə keçirilməsini ifadə edir. Qətnamənin icrası elə bir müddətə təxirə salınır ki, həmin müddət qətnamənin icraya yönəldilməsi üçün qanunla müəyyən olunmuş müddətdən, başlanmış icra icraatı üzrə qətnamənin könüllü icrası və ya məcburi icra tədbirlərinin görülməsinin başlanması üçün qanunla müəyyən edilmiş müddətdən, qətnamənin özündə onun icra müddəti müəyyən olunduqda isə bu müddətdən ağlabatan müddətdə çox olsun. Məhkəmə qətnaməsinin icrasına möhlət verilməsinin əsasları icra hərəkətlərinin həyata keçirilməsinə ciddi maneələr yaratmamalıdır. Məhkəmə qətnamənin icrasına möhlət verilməsi barədə məsələyə baxarkən hər bir konkret halda Konstitusiyanın 60-cı maddəsi, 71-ci maddəsinin İİ hissəsi, 127-ci maddəsinin İV hissəsi və ədalət prinsipindən irəli gələrək, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinin icrasının mütənasiblik prinsipi əsasında, bütün tələbkarların və borcluların hüquq və qanuni maraqlarının balansını təmin etməklə qiymətləndirməli və həll etməlidir. Məhkəmə qətnaməsinin icrasına möhlət verilməsinin mümkünlüyü isə ədalət tələbinə uyğun, adekvat olmalı və icra icraatının iştirakçılarının konstitusiya hüquqlarının mahiyyətinə toxunmamalıdır. Həmçinin həmin qərarda xüsusi ilə vurğulanmışdır ki, qətnamənin icrasına möhlət verilməsi tələbkarın qanunla qorunan mənafelərinin və pozulmuş hüquqlarının real müdafiəsi müddətini uzatdığına görə, belə möhlətin verilməsi müstəsna xarakter daşımalı, icra hərəkətlərinin həyata keçirilməsinə ciddi maneələr və çətinliklər olduqda tətbiq edilməli, işdə iştirak edən şəxslərin hüquqlarının məhdudlaşdırılmasına yönəlməməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun «Məhkəmə qətnaməsi haqqında» 04 noyabr 2005-ci il tarixli 4 saylı qərarının 12-ci bəndinə əsasən qətnamənin icrasına möhlət verilməsi, və ya onun hissə-hissə icra edilməsi, qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsi müstəsna hal olub, qətnamənin icrası üçün çətinlik törədən və yaxud borclu üçün yaranmış əlverişsiz hallarda tətbiq oluna bilər. Məhkəmələr bu məsələləri həll etdikdə təkcə borclunun deyil, tələbkarın mənafeyini də nəzərə almalıdırlar. "Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı "İnsan hüquqlannın və əsas azadlıqların müdafıəsi haqqında" Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 30 mart 2006-cı il tarixli qərarının 6-cı bəndində deyilir ki, mülki işlər üzrə məhkəmə baxışı müddəti iddia ərizəsinin məhkəməyə daxil olduğu vaxtdan başlayır və məhkəmə qərarının icrasının başa çatmasına kimi davam edir. Hər bir iş üzrə «ağlabatan müddət» konkret işin xarakterindən, mürəkkəbliyindən, ərizəçinin proseslə bağlı davranışından asılı olaraq müəyyənləşdirilməlidir. Konvensiyanın 6-cı maddəsinə əsasən məhkəmə qətnaməsinin icrası müddəti məhkəmə baxışının tərkib hissəsi kimi qiymətləndirilir. Məhkəmələr məhkəmə aktlarının icrasına möhlət verilməsi, icranın dayandırılması, icra üsulunun dəyişdirilməsi, həmçinin məhkəmə icraçılarının hərəkətlərindən verilən şikayətlərlə əlaqədar məsələlərə baxarkən Konvensiyanın məhkəmə qətnamələrinin ağlabatan müddətdə icra olunması tələbini nəzərə almalıdırlar. İşin araşırılmış hallarından görünür ki, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2016-ci il tarixli 2(003)-6235/2016 saylı qətnaməsindən apellyasiya və kassasiya şikayətləri verildiyindən qətnamənin qanuni qüvvəsini alması və icra edilməsi xeyli müddət sonra həyata keçirilmişdir. Ərizəçi özünə yeni mənzil alaraq ora köçmək üçün vaxt istəsə də, qətnamənin qəbul edildiyi tarixdən bu günədək bunu etmək üçün kifayət qədər vaxtı olmuşdur. Eyni zamanda, tələbkarların öz hüquqlarını reallaşdırmaq üçün gözlədikləri müddət, qətnamənin icrasına möhlət verilməklə daha da uzana bilər ki, bu da tələbkarların mənafeyinə ciddi təsir edə bilər. Qeyd olunanlara əsasən məhkəmə, icra sənədinin icrasına möhlət verilməsi ilə bağlı işlərin baxılmasını tənzimləyən qanunvericilik normalarının tələblərini (yuxarıda sadalanan) nəzərə alaraq hesab edir ki, hazırki iş üzrə tələbkarların üstün mülkiyyət hüquqları ilə bağlı manefələri qorunmalı və bu hüququn məhdudlaşdırılmasına yol verilməməlidir. Odur ki, məhkəmə hesab edir ki, qətnamənin uzun müddət icra olunmamasına baxmayaraq, bundan sonra da icrasına möhlət verilməsi qanuni və əsaslı hesab edilə bilməz. Ona görə də ərizə təmin edilməməlidir. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231, 263-264 və 266-268-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: X4 Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2016-ci il tarixli 2(003)-6235/2016 saylı qətnaməsinin icrasına möhlət verilməsi barədə ərizəsi təmin edilməsin. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Emin Rüstəmov
Məhkəmə qərarları › İş №8(003)-188/2023
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərardad — İş №8(003)-188/2023
03.08.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver