Məhkəmə qərarları › İş №8(003)-190/2024

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərardad — İş №8(003)-190/2024

08.05.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(003)-190/2024 08.05.2024 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Məhərrəmova Şeyda Ədalət qızının sədrliyi, Xudiyeva Ayşən Əmir qızının katibliyi, Tələbkar BOKT ASC-nin nümayəndəsi X6 iştirakı ilə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 19 oktyabr 2021-ci il tarixli, 2(003)- 3404/2021 saylı icra sənədi üzrə qətnamənin icrasına möhlət verilməsi barədə borclu Hümmətov Müzəffər Sabir oğlu tərəfindən verilmiş ərizəyə açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: Borclu Hümmətov Müzəffər Sabir oğlu ərizə ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 19 oktyabr 2021-ci il tarixli, 2(003)-3404/2021 saylı icra sənədi üzrə icra tədbirlərini iki ay müddətə təxirə salmaq barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Tələbkar Bank olmayan Kredit Təşkilatı Açıq Səhmdar Cəmiyyəti ilə bağladığı və notarial qaydada rəsmiləşdirilmiş 02 oktyabr 2023-cü il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsi əsasında onun mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evini və 0,09 ha torpaq sahəsini ümumilikdə 89250,00 (səksən doqquz min iki yüz əlli) manata almışdır (yaşayış evi 59250,00 manat, torpaq sahəsi isə 30000,00 manat qiymətləndirilmişdir). Həmin müqavilənin 5-ci bəndinə əsasən ilk olaraq fərdi yaşayış evinə görə 20000,00 (iyirmi min) manatı bankın notariusda olan depozit hesabına ödəməyi, qalan 39250,00 (otuz doqquz min iki yüz əlli) manatı 16 oktyabr 2023-cü il tarixədək, torpaq sahəsinə görə isə 10000,00 (on min) manatı bankın notariusda olan depozit hesabına ödəməyi, qalan 20000,00 (iyirmi min) manatı 16 oktyabr 2023-cü il tarixədək ödəməyi öhdəsinə götürmüşdür. Hazırda ailəsi ilə birlikdə həmin evdə yaşayır və başqa yaşayış yeri yoxdur. Müqavilə imzalanan ərəfədə Tələbkar BOKT ASCnin əvvəlki sədrinə 10750,00 (on min yeddi yüz əlli) manat nağd şəkildə ödəmiş, onunla alqı-satqı müqaviləsi bağlanıldı, sonra İdarə Heyətinin sədri dəyişildi, X17 Heyətinin yeni sədri təyin edildi. 03 oktyabr 2023-cü il tarixdə 30000,00 (otuz min) manat, 28 noyabr 2023-cü il tarixdə 2000,00 (iki min) manat, 13 dekabr 2023-cü il tarixdə 2500,00 (iki min beş yüz) manat, 18 dekabr 2023-cü il tarixdə 7500,00 (yeddi min beş yüz) manat, 26 dekabr 2023-cü il tarixdə 4000,00 (dörd min) manat, 05 mart 2024-cü il tarixdə 6000,00 (altı min) manat, 06 mart 2023-cü il tarixdə 3500,00 (üç min beş yüz) manat, 12 mart 2023-cü il tarixdə isə 2000,00 (iki min) manat ödəmişdir. 25 dekabr 2023-cü il tarixdə Leyli Məmmədovanın qəbuluna olmuş, və ona bildirilmişdir ki, əvvəl ödədiyi 10750,00 (on min yeddi yüz əlli) manat ümumi borcundan silinir. Bu razılıqdan sonra həmin gün onun adına ərizə yazıb göstərmişdir ki, alqı-satqı müqaviləsi üzrə 89250,00 (səksən doqquz min iki üz elli) manatın 52000,00 manatını ödədiyini, 25 dekabr 2023-cü il tarixdə əlavə 4000,00 (dörd min) manat ödəməsini, 29 dekabr 2023-cü il tarixdə əlavə 3000,00 (üç min) manat ödəyəcəyi nəzərə alınaraq, ümumilikdə 30250,00 (otuz min iki yüz əlli) manat məbləği 25 yanvar 2024-cü il tarixədək tamamilə ödəyəcəyinə söz vermişdir. Leyli Məmmədova bununla razılaşaraq sözügedən ərizənin üzərində dərkənar qoymuşdur. Lakin müvəqqəti maliyyə çətinlikləri üzündən qalıq borc məbləğini hələlik ödəyib qurtara bilməmişdir. Müqavilə üzrə olan borcu tamamilə ödəməkdən ötrü ona təxminən iki ay müddət verilməsi barədə xahişlə dəfələrlə Leyli Məmmədovanın qəbulunda olub ailə və maddi vəziyyətini izah etmişdir. Həmçinin bankın Ayxan adlı bir işçisinə də nağd qaydada 2000,00 (iki min) manat ödəmiş, lakin sonradan məlum olmuşdur ki, həmin pul kassaya mədaxil edilməmişdir. X14 əvvəl ödədiyi 10750,00 (on min yeddi yüz əlli) manatı ümumi borcundan sildiyi barədə onunla 25 dekabr 2023-cü il tarixdə razılaşmasını, həmin tarixli ərizənin üzərinə dərkənar qoymasını naməlum səbəblərə qəbul etmir, həmin pulu bəzi kənar xərclərə sərf etdiyini bildirir, bankın Ayxan adlı işçisinə nağd qaydada 2000,00 (iki min) manat ödəməsi bağlı isə "gərək həmin pulu ona verməzdin, kimə vermisənsə, ondan da tələb et” cavabını vermişdir. Qalan pulun ödənişi ilə bağlı ona möhlət verilməsi barədə xahişləri nəzərə alınmır, sözügedən mənzildən çıxarılmağı barədə 2019-cu il tarixli köhnə icra vərəqəsini əldə rəhbər tutaraq həmin evdən məcburi qaydada çıxarılması bağlı icra strukturuna israrla müraciətlər edilir. Bundan başqa bağlanmış müqavilə hazırda qüvvədədir, ləğv edilməmişdir və ya dəyişdirilməmişdir. Onun şərtlərinə əməl etmək onun vəzifədir. İndiyə qədər həmin müqavilə pul öhdəliyinin çox hissəsini yerinə yetirmişdir, icra tədbirlərinin təxirə salınacağı təqdirdə qalan məbləğin də yaxın vaxtlarda ödənilməsindən ötrü var qüvvəsini sərf edib borcumu tamamilə ödəyəcək. Eyni zamanda qeyd edilməlidir ki, himayəsində ağır şəkər xəstəsi olan qoca ana və xəstə uşağı vardır. Hesab edir ki, Novruz bayramı ərəfəsində onun həmin evdən məcburi qaydada çıxarılacağı ailəsində ciddi problemlər yaranacaqdır. Digər yaşayış yeri yoxdur. Məhkəmə iclasında iştirak edən Tələbkar BOKT ASC-nin nümayəndəsi X10 ərizəyə etiraz edərək, əlavə olaraq bildirdi ki, hazırda borclular hüquqlarından sui-istifadə edir və ərizə qətnamənin icra edilməsində vaxt uzatmaq məqsədi daşıyır. Belə ki, icrasına möhlət verilməsi xahiş edilən iş üzrə cavabdehlər, yəni Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, A.Bakıxanov küçəsi, döngə 8 ünvanında yerləşən 6 saylı fərdi yaşayış evində qeydiyyatda olan şəxslər hər hansı əsas olmadan eyni məzmunlu ərizə ilə məhkəməyə müraciət etməklə icra hərəkətlərinə maneə olmağa çalışırlar. Göstərilənlərə əsasən ərizənin təmin edilməməsini xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə qanunla müəyyən olunmuş qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, borclu Hümmətov Müzəffər Sabir oğlu və Bakı şəhəri Xəzər rayon İcra Şöbəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verilməmişdir. Məhkəmə ərizəyə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 231.2-ci maddəsinə əsasən borclu Hümmətov Müzəffər Sabir oğlunun və Bakı şəhəri Xəzər rayon İcra Şöbəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə tələbkarın nümayəndəsinin izahatını dinləyib, ərizəni və iş materiallarını araşdırıb hesab edir ki, ərizənin təmin edilməsinə əsaslar müəyyən edilmədiyindən, ərizə rədd edilməlidir. Belə ki, məhkəmə tərəfindən əldə edilmiş icra işindən müəyyən edilmişdir ki, Bakı şəhəri Xəzər Rayon Мəhkəməsinin 2(003)-2227/2018 nömrəli, 27 noyabr 2018-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, iddiaçının xeyrinə 24.914,30 manat əsas, 8751.86 manat faiz borcu, 100 manat məbləğində cərimə olmaqla, cəmi 33.766.16 manat məbləğində borcun və 30 manat dövlət rüsumu cavabdeh Hümmətov Yaşar Müzəffər oğlundan tutulması, tutmanın ipoteka ilə yüklü edilmiş və X1 mülkiyyətində olan ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinə yönəldilməsi, həmin fərdi yaşayış evinin ilkin satış qiymətinin 80.000 manat olmaqla açıq hərracdan satılması, satışdan əldə olunan vəsaitin borcun qaytarılmasına yönəldilməsi, satışdan əldə olunan məbləğ ipoteka saxlayanın tələblərindən artıqdırsa, qalan məbləğin X2 qaytarılması, satışdan əldə olunan vəsait iddiaçının tələbini ödəməyə kifayət etmədikdə, qalan məbləğin cavabdeh Hümmətov Yaşar Müzəffər oğlundan tutularaq iddiaçıya ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi MK-nın 2(103)-6324/2019 nömrəli, 22 iyul 2019-cu il tarixli qətnaməsi ilə cavabdeh Hümmətov Yaşar Müzəffər oğlunun apellyasiya şikayətinin qismən təmin edilməsi, Bakı şəhəri Xəzər Rayon Мəhkəməsinin 2(003)-2227/2018 nömrəli, 27 noyabr 2018-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə - ipoteka predmeti olan ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evinin ilkin satış qiymətinin müəyyən edilməsi hissəsində dəyişdirilməsi, ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evinin ilkin satış qiyməti 140.000 manat müəyyən edilməsi, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılması, apellyasiya şikayətinin verilməsinə görə ödənilmiş 15 manat məbləğində rüsum cavabdeh Hümmətov Yaşar Müzəffər oğlunun özünə aid edilməsi qət edilmişdir. Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)-1628/2020 nömrəli, 06 mart 2020-ci il tarixli qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin MK-nın 2(103)-6324/2019 nömrəli iş üzrə 22 iyul 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılması və cavabdeh Hümmətov Yaşar Müzəffər oğlunun kassasiya şikayətinin təmin edilməməsi qərara alınmışdır. Həmçinin müəyyən edilmişdir ki, Bakı Apellyasiya Məhkəməsi MK-nın 2(103)- 6324/2019 nömrəli, 22 iyul 2019-cu il tarixli qətnaməsi qanuni qüvvəsini almış və icraya yönəldilmişdir. Qeyd olunan qətnamənin icra mərhələsində Hərrac Mərkəzi "xxxx" MMCnin 21/04 nömrəli, 26 fevral 2021-ci il tarixli protokoluna əsasən X1 mülkiyyətində olan ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evi hərracda alıcı Tələbkar BOKT ASC tərəfindən alınmışdır. Bundan sonra Tələbkar BOKT ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Hümmətov Yaşar Müzəffər oğlunun, X1, Hümmətov Müzəffər Sabir oğlunun, X3, X7 və X4 iddiaçı Tələbkar BOKT ASC-ə məxsus RX N**********44-10301 reyestr nömrəli, xx.xx.2021-ci il tarixli ********** qeydiyyat nömrəli xüsusi mülkiyyəti olan Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, A.Bakıxanov küçəsi, döngə 8 ünvanında yerləşən 6 saylı fərdi yaşayış evindən məcburi çıxarılmaları, mənzilin boşaldılması və istifadə hüququna xitam verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 19 oktyabr 2021-cu il tarixli, 2(003)- 3404/2021 saylı qətnaməsi ilə iddia qismən təmin edilərək, Hümmətov Yaşar Müzəffər oğlu, X5, Hümmətov Müzəffər Sabir oğlu, X8, X11 və X9 Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, A.Bakıxanov küçəsi, döngə 8 ünvanında yerləşən 6 saylı fərdi yaşayış evindən əşyaları ilə birlikdə çıxarılması, iddia tələbi Hümmətov Yaşar Müzəffər oğlunun, X1, Hümmətov Müzəffər Sabir oğlunun, X3, X7 və X9 istifadə hüquqlarına xitam verilməsi hissəsində təmin edilməməsi, hazırkı qətnamə qanuni qüvvəyə mindikdən sonra qətnamə “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin 1-ci hissəsinin 5-ci bəndinə əsasən Hümmətov Yaşar Müzəffər oğlu, X5, Hümmətov Müzəffər Sabir oğlu, X8, X11 və X4 Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, A.Bakıxanov küçəsi, döngə 8 ünvanında yerləşən 6 saylı mənzilindən yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması üçün əsas hesab edilməsi qət edilmişdir. Qeyd olunan qətnamə icra edilməsi üçün Bakı şəhəri Xəzər rayon İcra Şöbəsinə göndərilmişdir. Bakı şəhəri Xəzər rayon İcra Şöbəsinin 15 dekabr 2023-cü il tarixli məktubundan görünür ki, məhkəmə qətnaməsinin könüllü icrası ilə bağlı icra işi üzrə borcluya bildiriş göndərilmiş, lakin icra sənədi üzrə tələb könüllü icra müddətində və sonrakı ərəfədə təmin edilməmişdir. İş materiallarında olan Hümmətov Yaşar Müzəffər oğlunun Tələbkar BOKT ASC-yə ünvanladığı 25 dekabr 2023-cü il tarixli ərizədən görünür ki, Tələbkar BOKT ASC ilə İlhamə Əliyeva arasında bağlanılmış Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, A.Bakıxanov küçəsi, döngə 8 ünvanında yerləşən 6 saylı mənzilinin ümumilikdə 89250 manata alqı-satqı edilməsi ilə bağlı tərəfindən ödənilmiş 52000 manat ödənişin, 25 dekabr 2023-cü il tarixdə 4000 manat ödənişin, 29 dekabr 2023-cü il tarixdə əlavə olaraq 3000 manat ödəyəcəyini nəzərə alınaraq,ümumilikdə 30250 manat ödənişin 25 yanvar 2024-cü il tarixdə tam bağlayacağına söz vermişdir. Hazırda borclu ərizəsində Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 19 oktyabr 2021-ci il tarixli, 2(003)-3404/2021 saylı icra sənədi üzrə icra tədbirlərini iki ay müddətə təxirə salmaq barədə qərardad qəbul edilməsini xahiş etmiş, ərizəsinin əsası kimi maddi sıxıntılar yaşamasını, himayəsində şəkər xəstəsi olan anasının, xəstə uşağının olmasına eləcə də ailəsi ilə birlikdə həmin evdə yaşamasına və başqa yaşayış yeri olmamasına istinad etmişdir. Məhkəmə işin müəyyən edilmiş hallarına münasibətdə bildirir ki, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə görə, tərəflər icra sənədinin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icrası, yaxud icra sənədinin icrası üsulunun və qaydasının dəyişdirilməsi haqqında işə baxmış məhkəməyə müraciət edə bilərlər. Borclunun əmlak vəziyyətini və digər halları nəzərə alaraq, məhkəmə həmin müraciətlərə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 231-ci maddəsi ilə müəyyən edilmiş qaydada baxır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.1-ci maddəsinə görə, işə baxmış hakim, işdə iştirak edən şəxslərin ərizəsi üzrə tərəflərin əmlak vəziyyətinə və digər hallara əsasən qətnamənin icrasına möhlət verməyə və ya qətnaməni hissə-hissə icra etdirməyə, habelə onun icra üsulunu və qaydasını dəyişdirməyə haqlıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1 və 14.2-ci maddələrinin mənasına görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli, məhkəmə isə, yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 30 dekabr 2015-ci il tarixli 4 nömrəli Qərarının 12-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr nəzərə almalıdırlar ki, qətnamənin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icra edilməsi, qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsi müstəsna hal olub, qətnamənin icrası üçün çətinlik törədən və yaxud borclu üçün yaranmış əlverişsiz hallarda tətbiq oluna bilər. Məhkəmələr bu məsələni həll etdikdə, təkcə borclunun deyil, tələbkarın mənafeyini də nəzərə almalıdırlar. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.4-cü maddəsinin şərh edilməsinə dair» 4 iyul 2014-cü il tarixli qərarında göstərmişdir ki, məhkəmə qətnaməsinin icrasına möhlət verilməsinin əsasları icra hərəkətlərinin həyata keçirilməsinə ciddi maneələr yaratmamalıdır. Məhkəmə qətnamənin icrasına möhlət verilməsi barədə məsələyə baxarkən hər bir konkret halda Konstitusiyanın 60-cı maddəsi, 71-ci maddəsinin İİ hissəsi, 127-ci maddəsinin İV hissəsi və ədalət prinsipindən irəli gələrək, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinin icrasının mütənasiblik prinsipi əsasında, bütün tələbkarların və borcluların hüquq və qanuni maraqlarının balansını təmin etməklə qiymətləndirməli və etməlidir. Məhkəmə qətnaməsinin icrasına möhlət verilməsinin mümkünlüyü isə ədalət tələbinə uyğun, adekvat olmalı və icra icraatının iştirakçılarının konstitusiya hüquqlarının mahiyyətinə toxunmamalıdır. Eyni zamanda, məhkəmə qətnamənin icrasına möhlət verilməsi barədə borclunun irəli sürdüyü bütün əsasları, tələbkarın belə möhlətin verilməsinə qarşı mümkün olan etirazlarını öz daxili inamına görə qiymətləndirməli, hərtərəfli, tam, obyektiv və bilavasitə araşdırmalı, məsələ ilə bağlı öz nəticələrini müvafiq məhkəmə aktında əsaslandırmalıdır. Məhkəmə qeyd edir ki, qətnamənin icrasına möhlət verilməsi qətnamənin icrası prosesində baş verən hallardan asılıdır. Belə bir zərurət, bir qayda olaraq, o halda yaranır ki, tərəflərin mövcud əmlak vəziyyəti və digər hallar qətnaməni qanunla müəyyən edilmiş müddətdə icra etməyə imkan verməsin. Qətnamənin icrasına möhlət verilməsi müstəsna hal olub, qətnamənin icrası üçün çətinlik törədən, borclu üçün yaranmış əlverişsiz hallarda tətbiq oluna bilər. Qətnamənin icrasına möhlət verilməsinin əsası kimi nəzərə alınmalı olan borclunun əmlak vəziyyəti onun elə bir maddi təminat səviyyəsini nəzərdə tutur ki, bu vəziyyətdə borclu ona məxsus və tələbin yönəldilməsi mümkün olan əmlakının realizəsi hesabına qətnamə üzrə tələbi qısa müddətdə könüllü və ya məcburi qaydada tam icra edə bilmir. Bundan əlavə, qətnamənin icrasına möhlət verilməsi zamanı tələbkarın qanuni mənafeyi mütləq nəzərə alınmalı, icrasına möhlət verilməsi qaydası müəyyən edilərkən ağlabatanlıq və ədalətlilik meyarları rəhbər tutulmalıdır. Göründüyü kimi maddi imkanının olmadığını bildirən və bu əsasla qətnamənin icrasına möhlət verilməsini xahiş edən borclu həmin dəlillərini təsdiq edə biləcək sübutları məhkəməyə təqdim etməlidir. Borclu tərəfindən isə qeyd edilən halları təsdiq edə biləcək sübutlar məhkəməyə təqdim edilməmişdir. Eyni zamanda borclu onun üçün yaranmış əlverişsiz halların nədə ifadə olunması barədə mötəbər sübutlar təqdim etməmişdir. Digər tərəfdən işin faktiki halları ilə müəyyən edilmişdir ki, hazırki ərizədən öncə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 19 oktyabr 2021-ci il tarixli, 2(003)-3404/2021 saylı icra sənədi üzrə digər borclu Hümmətov Yaşar Müzəffər oğlu da eyni məzmunlu ərizə ilə məhkəməyə müraciət etmiş və ərizə rədd edilmişdir. Belə olan halda hazırda borclu Müzəffər Hümmətovun hər hansı əsas olmadan eyni məzmunlu ərizə ilə məhkəməyə müraciət etməsi məhkəmə tərəfindən – borcluların Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 19 oktyabr 2021-ci il tarixli, 2(003)-3404/2021 saylı qətnaməsi üzrə icra hərəkətlərinin həyata keçirilməsinə ciddi maneələr yaratması kimi qiymətləndirilir. Halbuki Azərbaycan Respublikası Mülki Məcəlləsinin 16.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir. Həmin Məcəllənin 560.1-ci maddəsinə əsasən mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Həmin Məcəllənin 560.2-ci maddəsinə əsasən hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. Bundan başqa yuxarıda istinad edilən Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.4-cü maddəsinin şərh edilməsinə dair» 4 iyul 2014-cü il tarixli qərarında hüquqi mövqe ondan ibarət olmuşdur ki, məhkəmə qətnaməsinin icrasına möhlət verilməsinin əsasları icra hərəkətlərinin həyata keçirilməsinə ciddi maneələr yaratmamalıdır. Beləliklə, məhkəmə hesab edir ki, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 19 oktyabr 2021-ci il tarixli, 2(003)-3404/2021 saylı icra sənədi üzrə qətnamənin icrasına möhlət verilməsi üçün əsaslar mövcud olmadığına görə borclu Hümmətov Müzəffər Cabir oğlu tərəfindən verilmiş ərizə rədd edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231, 263-264 və 268-ci maddələrini rəhbər tutaraq məhkəmə q ə r a r a a l d ı: Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 19 oktyabr 2021-ci il tarixli, 2(003)- 3404/2021 saylı icra sənədi üzrə qətnamənin icrasına möhlət verilməsi barədə borclu Hümmətov Müzəffər Cabir oğlu tərəfindən verilmiş ərizə rədd edilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Şeyda Məhərrəmova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar