Məhkəmə qərarları › İş №8(003)-190/2025

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərardad — İş №8(003)-190/2025

13.06.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(003)-190/2025 13.06.2025 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Zaur Müzəffər oğlunun sədrliyi, Eyvazlı Məhəmməd Asəf oğlunun katibliyi, Borclu iştirakı ilə Xəzər Rayon Məhkəməsinin 2(003)-1029/2019 nömrəli, xx.xx.2019-cu il tarixli icra sənədinin icrasının təmin edilməsi məqsədilə Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına dair Xəzər rayon icra şöbəsinin icra məmuru Şəfəq Hüseynova tərəfindən verilmiş təqdimata məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İşin halları Bakı şəhəri Xəzər rayon icra şöbəsinin icra məmuru Şəfəq Hüseynova təqdimatla məhkəməyə müraciət edərək, Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, xx.xx.2019-cu il tarixli qərarla icraata başladığım Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi tərəfindən verilmiş 2(003)-1029/2019 nömrəli, xx.xx.2019-ci il tarixli icra sənədinə əsasən borclu X1 Tələbkar xeyrinə xx.xx.2019-cu il tarixdən başlayaraq bir uşağa görə hər ay 100 manat sabit pul məbləğində aliment tutularaq ödənilməlidir. Yuxarıda qeyd olunan icra sənədi xx.xx.2019cu il tarixində Bakı şəhəri Xəzər rayon İcra şöbəsinə daxil olmuş və qanuna müvafiq qaydada icraya yönəldilmişdirlər. İcraata başlamaq haqqında qərar qəbul edilərək, qərarın surəti bildirişlə icra sənədi üzrə borclu X2 göndərilmiş, icra sənədində olan tələbi könüllü təmin edilməsi üçün 10 gün müddət müəyyən edilmişdir. Lakin bu müddət ərzində borclu tərəfindən icra sənədində olan tələb könüllü təmin edilmədiyi üçün tərəfindən borclunun əmlak vəziyyətini yoxlamaq üçün aidiyyəti təşkilatlara sorğular göndərilmişdir. xx.xx.2023cü il tarixdə borclu barəsində həmin tarixə yaranmış 6070 manat aliment borcuna görə barəsində İXM-nin 528.1-ci maddəsinə əsasən inzibati xəta haqqında protokol tərtib olunaraq məhkəməyə təqdim olunmuşdur. Nəticədə Xəzər rayon məhkəməsinin 3(003)- 532/2025 saylı, xx.xx.2025-ci il qərarı ilə təqsirli bilinərək barəsində 08 gün müddətində inzibati həbs tənbeh tədbiri tədbiq edilmişdir. Proses iştirakçılarının izahatı Məhkəmə iclasında iştirak edən Borclu barəsində ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına dair qərarın qəbul edilməsinə etiraz etmədiyini bildirdi. Bakı şəhəri Xəzər rayon icra şöbəsi, tələbkar təqdimata baxılması üçün təyin edilmiş məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılsalar da, Xəzər rayon icra şöbəsinin nümayəndəsi, tələbkar və borclu məhkəmə iclasına gəlməmişdir. Onların məhkəmə iclasına gəlməmələri məhkəmə qarşısında qoyulmuş məsələnin həll edilməsinə mane olmadığından, məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 231.2-ci maddəsinə əsasən təqdimata baxılmasını mümkün hesab etmişdir. İş materiallarına əlavə edilmiş sənədlər Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi tərəfindən verilmiş 2(003)-1029/2019 nömrəli, xx.xx.2019-ci il tarixli icra sənədinə əsasən borclu X1 Tələbkar xeyrinə xx.xx.2019-cu il tarixdən başlayaraq bir uşağa görə hər ay 100 manat sabit pul məbləğində aliment tutularaq ödənilməlidir. xx.xx.2019-cu il tarixdə Bakı şəhəri Xəzər rayon İcra şöbəsi tərəfindən icraata başlamaq haqqında qərar qəbul edilmiş və icra sənədi üzrə Borclu rəsmi olaraq təqdim edilmişdir. Borclu Bakı şəhəri Xəzər rayon İcra şöbəsində verdiyi izahatdan görünür ki, borc barədə məlumatı var, lakin heş bir ödəniş etməyib. Əvvəllər motorçu kimi işləyirdi, lakin sonra işdən uzaqlaşdırdılar. Məhkəmə qərarının icrasından yayınmaq niyyətinin olmadığını bildirdi. MN №1748873 saylı xx.xx.2025-ci il tarixli inzibati xəta haqqında protokolun sürətindən görünür ki, Borclu AR İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətmişdir. İş materiallarından görünür ki, Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin 3(003)- 532/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarı ilə Borclu AR İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətməkdə təqsirli bilinərək barəsində 08 gün müddətinə inzibati həbs növündə inzibati tənbeh tətbiq edilmişdir. Borclunun axtarışı haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, borclu, xx.xx.1985-ci il təvəllüdlü ünvan 1 ünvanında qeydiyyatda olan Borclu barəsində axtarış elan edilmişdir. Xəzər rayon icra şöbəsi tərəfindən borclunun əmlak vəziyyətinin yoxlanılması məqsədi ilə aidiyyəti qurumlara verilmiş sorğulardan görünür ki, orclunun manatla və xarici valyuta ilə, o cümlədən banklarda və digər kredit təşkilatlarında olan pul vəsaitlərinin olmaması müəyyən edilmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinə əsasən məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. «İcra haqqında» Azərbaycan Respublikası Qanunun 3-cü maddəsinə əsasən məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. 84-1.1-ci maddəsinə əsasən məhkəmə qərarları əsasında verilmiş icra sənədləri könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, borclunun ölkədən getmək hüququ icra məmurunun əsaslandırılmış təqdimatı əsasında məhkəmənin qərarı ilə müvəqqəti məhdudlaşdırıla bilər. Borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə icra məmuru tərəfındən dərhal borclunun özünə, tələbkara və müvafıq icra hakimiyyəti orqanına məlumat verilir. 84-1.2-ci maddəsinə əsasən borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına səbəb olmuş əsaslar aradan qalxdıqdan sonra icra məmuru həmin məhdudlaşdırmanın götürülməsi barədə icra qurumunun rəhbəri tərəfındən təsdiq olunan qərar qəbul edir. Həmin qərar dərhal borcluya, məhkəməyə və müvafiq icra hakimiyyəti orqanına göndərilir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Kollegiyasının 2013-cü il 22 aprel tarixli 2- N nömrəli Qərarı ilə təsdiq edilmiş “Şəxsin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasının icra xidməti tərəfindən tətbiqi qaydaları haqqında Təlimat”ın 2.2-ci bəndinə əsasən borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması zərurəti yarandıqda icra məmuru təqdimatla məhkəməyə müraciət etməzdən əvvəl icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi səbəblərini müəyyənləşdirir, borcun ödənilməsi tələbinə dair icra sənədlərinin icrası zamanı borclunun əmlakının axtarılması üçün bütün tədbirləri həyata keçirir, o cümlədən onun yaşadığı mənzildə tələbin yönəldilə biləcəyi əmlakların olub-olmamasını yoxlayır. Məhkəmənin mövqeyi Məhkəmə təqdimatı və ona əlavə edilmiş sənədləri araşdırıb hesab edir ki, təqdimat təmin edilməlidir. Xəzər rayon icra şöbəsi tərəfindən təqdim edilmiş icra işinin materiallarından görünür ki, borclunun əmlak vəziyyətinin yoxlanılması məqsədi ilə aidiyyəti qurumlara sorğular verilmiş, borclunun manatla və xarici valyuta ilə, o cümlədən banklarda və digər kredit təşkilatlarında olan pul vəsaitlərinin olmaması müəyyən edilmişdir. Eyni zamanda mülkiyyət hüquqi ilə ona məxsus hər hansı bir əmlakın olması aşkar edilməmişdir. Göründüyü kimi, qanunvericiliyin tələblərinə əsasən icra məmuru borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə təqdimatla məhkəməyə müraciət etməzdən əvvəl borclunun əmlakının axtarılması üçün bütün tədbirləri həyata keçirmiş, o cümlədən onun yaşadığı mənzildə tələbin yönəldilə biləcəyi əmlakların olmamasını müəyyən etmişdir. Bütün bu tədbirlər nəticə vermədiyindən təqdimatla məhkəməyə müraciət etmişdir. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar məhkəmə icraçılarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. Məhkəmə həmçinin qeyd etməyi zəruri hesab edir ki, hüquq subyektləri öz hüquq və vəzifələrini həyata keçirərkən vicdanlılığın tələb etdiyi tərzdə hərəkət etmək öhdəliyi daşıyırlar. Buna görə, ilk növbədə borclu, yəni icra sənədinə əsasən müəyyən hərəkətlər etməli olan şəxs vicdanlılıq prinsipinə riayət etməli, öz hərəkətləri ilə şüurlu şəkildə tələbkarın həddən artıq əlverişsiz vəziyyətə düşməsinə şərait yaratmamalıdır. Məhkəmə qanunvericiliyin qeyd olunan müddəalarına və işin faktiki hallarına əsaslanaraq hesab edir ki, tələbin könüllü icrası üçün müəyyən olunmuş müddətdə borcun ödənilməməsini və icra sənədinin icraya yönəldiyi vaxtdan keçən müddət ərzində məhkəmə aktının icra edilməməsi ilə bağlı xüsusatları, borclunun ölkədən getməsi halında icra sənədinin icrasına maneələr yarana biləcəyini, bunun isə öz növbəsində icra sənədinin icrasının mümkünsüz olması və ya uzun müddət icrasız qalması ilə nəticələnə biləcəyini nəzərə almaqla icra sənədinin icrasını təmin etmək məqsədi ilə Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə təqdimat təmin edilməlidir. Göstərilənlərə əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsini 263- 264-cü və 266-268-ci maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı: Təqdimat təmin edilsin. Borclu – xx.xx.1985-ci il tarixdə Bakı şəhərində doğulmuş Borclu ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılsın. Qərardan 10 (on) gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Zaur Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar