Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(003)-193/2024 08.05.2024 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Rüstəmov Emin Şahin oğlunun sədrliyi, Şükürlü Murad Şahin oğlunun katibliyi ilə, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(103)-6324/2019 saylı qətnaməsinin icrasına möhlət verilməsi barədə X1 ərizəsinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(003)-2227/2018 saylı qətnaməsinə əsasən iddia qismən təmin edilmiş, iddiaçının xeyrinə 24.914,30 manat əsas, 8751.86 manat faiz borcu, 100 manat məbləğində cərimə olmaqla, cəmi 33.766.16 manat məbləğində borcun və 30 manat dövlət rüsumu cavabdeh Hümmətov Yaşar Müzəffər oğlundan tutulması, tutmanın ipoteka ilə yüklü edilmiş və X3 mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə yönəldilməsi, həmin fərdi yaşayış evinin ilkin satış qiymətinin 80.000 manat olmaqla açıq hərracdan satılması, satışdan əldə olunan vəsaitin borcun qaytarılmasına yönəldilməsi, satışdan əldə olunan məbləğ ipoteka saxlayanın tələblərindən artıqdırsa, qalan məbləğin X4 qaytarılması, satışdan əldə olunan vəsait iddiaçının tələbini ödəməyə kifayət etmədikdə, qalan məbləğin cavabdeh Hümmətov Yaşar Müzəffər oğlundan tutularaq iddiaçıya ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi MK-nın 2(103)-6324/2019 nömrəli, 22 iyul 2019-cu il tarixli qətnaməsi ilə cavabdeh Hümmətov Yaşar Müzəffər oğlunun apellyasiya şikayətinin qismən təmin edilməsi, Bakı şəhəri Xəzər Rayon Мəhkəməsinin 2(003)-2227/2018 nömrəli, 27 noyabr 2018-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə - ipoteka predmeti olan ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinin ilkin satış qiymətinin müəyyən edilməsi hissəsində dəyişdirilməsi, ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinin ilkin satış qiyməti 140.000 manat müəyyən edilməsi, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılması, apellyasiya şikayətinin verilməsinə görə ödənilmiş 15 manat məbləğində rüsum cavabdeh Hümmətov Yaşar Müzəffər oğlunun özünə aid edilməsi qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(102)-1628/2020 saylı qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin MK-nın 2(103)-6324/2019 nömrəli iş üzrə 22 iyul 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılması, cavabdeh Hümmətov Yaşar Müzəffər oğlunun kassasiya şikayəti təmin edilməməsi qərara alınmışdır. X2 ərizə ilə məhkəməyə müraciət edərək Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(103)-6324/2019 saylı qətnaməsinin icrasına 02 ay möhlət verilməsini xahiş etmişdir. Ərizəni onunla əsaslandırmışdır ki, "xxxx" Bank Olmayan Kredit X11 Cəmiyyəti ilə bağladığı və notarial qaydada rəsmiləşdirilmiş AN-İ No ******* saylı 02 oktyabr 2023-cü il tarixli Daşınmaz əmlakın alqı-satqı müqaviləsi əsasında onun mülkiyyətində olan ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evini və 0,09 ha torpaq sahəsini ümumilikdə 89250,00 (səksən doqquz min iki yüz əlli) manata almışdır (yaşayış evi 59250,00 manat, torpaq sahəsi isə 30000,00 manat qiymətləndirilmişdir). Həmin müqavilənin 5-ci bəndinə əsasən ilk olaraq fərdi yaşayış evinə görə 20000,00 (iyirmi min) manatı bankın notariusda olan depozit hesabına ödəməyi, qalan 39250,00 (otuz doqquz min iki yüz əlli) manatı 16 oktyabr 2023-cü il tarixədək, torpaq sahəsinə görə isə 10000,00 (on min) manatı bankın notariusda olan depozit hesabına ödəməyi, qalan 20000,00 (iyirmi min) manatı 16 oktyabr 2023-cü il tarixədək ödəməyi öhdəmə götürmüşdür. Hazırda ailəsi ilə birlikdə həmin evdə yaşayır, başqa yaşayış yeri yoxdur. Müqavilə imzalanan ərəfədə "xxxx" Bank Olmayan Kredit X11 Cəmiyyətinin əvvəlki sədri Rəşad müəllimə 10750,00 (on min yeddi yüz əlli) manat nağd şəkildə ödəmiş, onunla alqı-satqı müqaviləsi bağlanıldı, sonra İdarə Heyətinin sədri dəyişildi, Leyli xanım X8 yeni sədri təyin edildi. 03 oktyabr 2023-cü il tarixdə 30000,00 (otuz min manat, 28 noyabr 2023-cü il tarixdə 2000,00 (iki min) manat, 13 dekabr 2023-cü il tarixdə 2500,00 (iki min beş yüz) manat, 18 dekabr 2023-cü il tarixdə 7500,00 (yeddi min beş yüz) manat, 26 dekabr 2023-cü il tarixdə 4000,00 (dörd min) manat, 05 mart 2024-cü il tarixdə 6000,00 (altı min) manat, 06 mart 2023-cü il tarixdə 3500,00 (üç min beş yüz) manat, 12 mart 2023-cü il tarixdə isə 2000,00 (iki min) manat ödəmişdir. 25 dekabr 2023-cü il tarixdə Leyli xanımın qəbuluna getmiş, o, ona bildirdi ki, əvvəl ödədiyi 10750,00 (on min yeddi yüz əlli) manatı onun ümumi borcundan silirlər. Bu razılıqdan sonra həmin gün onun adına ərizə yazıb göstərdi ki, alqı-satqı müqaviləsi üzrə 89250,00 (səksən doqquz min iki üz əlli) manatın 52000,00 manatını ödəməyini, 25 dekabr 2023-cü il tarixdə əlavə 4000,00 (dörd min) manat ödəməyini, 29 dekabr 2023-cü il tarixdə əlavə 3000,00 (üç min) manat ödəyəcəyini nəzərə alaraq, ümumilikdə 30250,00 (otuz min iki yüz əlli) manat məbləği 25 yanvar 2024-cü il tarixədək tamamilə ödəyəcəyinə söz verir. Leyli xanım bununla razılaşaraq sözügedən ərizənin üzərində dərkənar qoydu. Lakin, müvəqqəti maliyyə çətinlikləri üzündən qalıq borc məbləğini hələlik ödəyib qurtara bilməmişdir. Müqavilə üzrə olan borcu tamamilə ödəməkdən ötrü ona təxminən iki ay müddət verilməsi barədə xahişlə dəfələrlə Leyli xanımın qəbulunda olub ailə və maddi vəziyyətini izah etmişdir. Bankın Ayxan adlı bir işçisinə də nağd qaydada 2000,00 (iki min) manat ödəmiş, lakin indi bəlli olmuşdur ki, o, həmin pulu kassaya mədaxil etməmişdir. Hazırda Leyli xanım əvvəl ödədiyi 10750,00 (on min yeddi yüz əlli) manatı ümumi borcundan sildiyi barədə onunla 25 dekabr 2023-cü il tarixdə razılaşmasını, həmin tarixli ərizənin üzərinə dərkənar qoymasını, naməlum səbəblərə danır, həmin pulu bəzi kənar xərclərə sərf etdiyini bildirir, bankın Ayxan adlı işçisinə nağd qaydada 2000,00 (iki min) manat ödəməyi ilə bağlı isə “gərək həmin pulu ona verməyəydin, kimə vermisənsə, ondan da tələb elə” cavabını verir. Qalan pulun ödənişi ilə bağlı ona möhlət verilməsi barədə xahişlərini nəzərə almır, sözügedən mənzildən çıxarılmağı barədə 2019-cu il tarixli köhnə icra vərəqəsini əldə rəhbər tutaraq həmin evdən məcburi qaydada çıxarılmağıyla bağlı icra strukturuna israrla müraciətlər edir. Aralarında bağlanmış müqavilə hələ qüvvədədir, ləğv edilməmişdir və ya dəyişdirilməmişdir. Onun şərtlərinə əməl etmək onun vəzifəsidir. İndiyə qədər həmin müqavilə pul öhdəliyinin çox hissəsini yerinə yetirmiş, icra tədbirlərinin təxirə salınacağı təqdirdə qalan məbləğin də yaxın vaxtlarda ödənilməsindən ötrü var qüvvəsini sərf edib borcunu tamamilə ödəyəcəkdir. Himayəsində ağır şəkər xəstəsi olan qoca anası və xəstə uşağı vardır. Qarşıdan gələn Novruz bayramı ərəfəsində onun həmin evdən məcburi qaydada çıxarılacağı ailəsində ciddi problemlər yaradacaqdır. Digər yaşayış yeri yoxdur, ailəsinin bayramı həmin evdə birtəhər keçirməsinə şərait yaratmaq böyük humanist addım və savab olardı. Bakı şəhəri Xəzər rayon İcra Şöbəsi ərizəyə baxılması üçün təyin edilmiş məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin icra şöbəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və bu məsələ məhkəmə qarşısında qoyulmuş məsələnin həll edilməsinə mane olmadığından, Azərbaycan Respublikası MPMnin 231.2-ci maddəsinə əsasən məhkəmə ərizəyə icra şöbəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizənin dəlillərini araşdıraraq hesab edir ki, ərizə təmin edilməməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: -AN-İ seriyalı ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsindən görünür ki, Satıcı "xxxx" BOKT ASC ünvan 3 ünvanında yerləşən ümumi sahəsi 167.3 kv.m olan fərdi yaşayış evini 89250 manata alıcı X6 tam mülkiyyət hüququ əsasında verməyi öhdəsinə götürmüşdür. İş materiallarından müəyyən edilir ki, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(103)-6324/2019 saylı qətnaməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarı ilə qüvvədə saxlanmışdır. Daha sonra xx.xx.2021-ci il tarixdə icra edilməsi üçün icra qurumuna göndərilmişdir. Hazırda borclu pul məbləğinin əksər hissəsini ödədiyini, qalan məbləği qaytarması üçün ona vaxt lazım olduğunu bildirir. «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə əsasən, tərəflər icra sənədinin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icrası, yaxud icra sənədinin icrası üsulunun və qaydasının dəyişdirilməsi haqqında işə baxmış məhkəməyə müraciət edə bilərlər. Borclunun əmlak vəziyyətini və digər halları nəzərə alaraq, məhkəmə həmin müraciətlərə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 231-ci maddəsi ilə müəyyən edilmiş qaydada baxır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.1-ci maddəsinə əsasən, işə baxmış hakim, işdə iştirak edən şəxslərin ərizəsi üzrə tərəflərin əmlak vəziyyətinə və digər hallara əsasən qətnamənin icrasına möhlət verməyə və ya qətnaməni hissə-hissə icra etdirməyə, habelə onun icra üsulunu və qaydasını dəyişdirməyə haqlıdır. Göründüyü kimi, qanunvericilik işdə iştirak edən şəxslərin ərizəsi əsasında qətnamənin icrasına möhlət verilməsini mümkünlüyünü müəyyən etməklə yanaşı bunu ilk növbədə tərəflərin əmlak vəziyyətindən, eləcə də işin digər diqqətəlayiq hallarından asılı etmişdir. Məhkəmə ilk növbədə borclunun əmlak vəziyyətinin ağırlığını nəzərə almalı, bu zaman həm də tələbkarın əmlak mənafelərini də nəzərdən qaçırmamalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.4-cü maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2014-cü il tarixli qərarında qeyd eilmişdir ki, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinin icrasına möhlət verilməsi onun icrasının məhkəmə qərardadı ilə başqa müddətə keçirilməsini ifadə edir. Qətnamənin icrası elə bir müddətə təxirə salınır ki, həmin müddət qətnamənin icraya yönəldilməsi üçün qanunla müəyyən olunmuş müddətdən, başlanmış icra icraatı üzrə qətnamənin könüllü icrası və ya məcburi icra tədbirlərinin görülməsinin başlanması üçün qanunla müəyyən edilmiş müddətdən, qətnamənin özündə onun icra müddəti müəyyən olunduqda isə bu müddətdən ağlabatan müddətdə çox olsun. Məhkəmə qətnaməsinin icrasına möhlət verilməsinin əsasları icra hərəkətlərinin həyata keçirilməsinə ciddi maneələr yaratmamalıdır. Məhkəmə qətnamənin icrasına möhlət verilməsi barədə məsələyə baxarkən hər bir konkret halda Konstitusiyanın 60-cı maddəsi, 71-ci maddəsinin İİ hissəsi, 127-ci maddəsinin İV hissəsi və ədalət prinsipindən irəli gələrək, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinin icrasının mütənasiblik prinsipi əsasında, bütün tələbkarların və borcluların hüquq və qanuni maraqlarının balansını təmin etməklə qiymətləndirməli və həll etməlidir. Məhkəmə qətnaməsinin icrasına möhlət verilməsinin mümkünlüyü isə ədalət tələbinə uyğun, adekvat olmalı və icra icraatının iştirakçılarının konstitusiya hüquqlarının mahiyyətinə toxunmamalıdır. Həmçinin həmin qərarda xüsusi ilə vurğulanmışdır ki, qətnamənin icrasına möhlət verilməsi tələbkarın qanunla qorunan mənafelərinin və pozulmuş hüquqlarının real müdafiəsi müddətini uzatdığına görə, belə möhlətin verilməsi müstəsna xarakter daşımalı, icra hərəkətlərinin həyata keçirilməsinə ciddi maneələr və çətinliklər olduqda tətbiq edilməli, işdə iştirak edən şəxslərin hüquqlarının məhdudlaşdırılmasına yönəlməməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun «Məhkəmə qətnaməsi haqqında» 04 noyabr 2005-ci il tarixli 4 saylı qərarının 12-ci bəndinə əsasən qətnamənin icrasına möhlət verilməsi, və ya onun hissə-hissə icra edilməsi, qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsi müstəsna hal olub, qətnamənin icrası üçün çətinlik törədən və yaxud borclu üçün yaranmış əlverişsiz hallarda tətbiq oluna bilər. Məhkəmələr bu məsələləri həll etdikdə təkcə borclunun deyil, tələbkarın mənafeyini də nəzərə almalıdırlar. "Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı "İnsan hüquqlannın və əsas azadlıqların müdafıəsi haqqında" Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 30 mart 2006-cı il tarixli qərarının 6-cı bəndində deyilir ki, mülki işlər üzrə məhkəmə baxışı müddəti iddia ərizəsinin məhkəməyə daxil olduğu vaxtdan başlayır və məhkəmə qərarının icrasının başa çatmasına kimi davam edir. Hər bir iş üzrə «ağlabatan müddət» konkret işin xarakterindən, mürəkkəbliyindən, ərizəçinin proseslə bağlı davranışından asılı olaraq müəyyənləşdirilməlidir. Konvensiyanın 6-cı maddəsinə əsasən məhkəmə qətnaməsinin icrası müddəti məhkəmə baxışının tərkib hissəsi kimi qiymətləndirilir. Məhkəmələr məhkəmə aktlarının icrasına möhlət verilməsi, icranın dayandırılması, icra üsulunun dəyişdirilməsi, həmçinin məhkəmə icraçılarının hərəkətlərindən verilən şikayətlərlə əlaqədar məsələlərə baxarkən Konvensiyanın məhkəmə qətnamələrinin ağlabatan müddətdə icra olunması tələbini nəzərə almalıdırlar. İşin araşırılmış hallarından görünür ki, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(103)-6324/2019 saylı qətnaməsinin qanuni qüvvəsini alması və icra edilməsinin üzərindən xeyli müddət- 4 il keçmişdir. Ərizəçi az miqdarda borcu qaldığını, onu ödəmək üçün 2 ay vaxt istədiyini bildirsə də, həmin məbləği iki ay ərzində ödəməsi real görünmür. Həmçinin ərizəçinin özünə yeni mənzil alaraq ora köçməsi üçün qətnamənin qəbul edildiyi tarixdən bu günədək bunu etmək üçün kifayət qədər vaxtı olmuşdur. Eyni zamanda, tələbkarın öz hüquqlarını reallaşdırmaq üçün gözlədikləri müddət, qətnamənin icrasına möhlət verilməklə daha da uzana bilər ki, bu da tələbkarın mənafeyinə ciddi təsir edə bilər. Qeyd olunanlara əsasən məhkəmə, icra sənədinin icrasına möhlət verilməsi ilə bağlı işlərin baxılmasını tənzimləyən qanunvericilik normalarının tələblərini (yuxarıda sadalanan) nəzərə alaraq hesab edir ki, hazırki iş üzrə tələbkarın üstün mülkiyyət hüquqları ilə bağlı manefələri qorunmalı və bu hüququn məhdudlaşdırılmasına yol verilməməlidir. Odur ki, məhkəmə hesab edir ki, qətnamənin uzun müddət icra olunmamasına baxmayaraq, bundan sonra da icrasına möhlət verilməsi qanuni və əsaslı hesab edilə bilməz. Ona görə də ərizə təmin edilməməlidir. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231, 263-264 və 266-268-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: X1 Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(103)-6324/2019 saylı qətnaməsinin icrasına möhlət verilməsi barədə ərizəsi təmin edilməsin. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Emin Rüstəmov
Məhkəmə qərarları › İş №8(003)-193/2024
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərardad — İş №8(003)-193/2024
08.05.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver