Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(003)-195/2023 25.08.2023 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Cəfərzadə İlham Nizami oğlunun sədrliyi, Süleymanov Bəxtiyar Zeynal oğlunun katibliyi ilə Maraqlı şəxs xx.xx.2023-cü il tarixli “icra sənədinin qaytarılması haqqında” qərarının ləğv edilməsinə dair tələbkar "xxxx" ASC-nin nümayəndəsi İsa Kərim tərəfindən verilmiş şikayətə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Bakı şəhəri 25 saylı notariat ofisinin xüsusi notariusu X1 xx.xx.2022-ci il tarixli 8İ- 4953 reyestr nömrəli icra qeydinə əsasən Borclu "xxxx" ASC-nin xeyrinə ödənilməmiş 2748,30 manat, bundan əlavə tələbkar tərəfindən ödənilmiş 25 manat məbləğində dövlət rüsumu olmaqla cəmi 2773,30 manat məbləğində pul tutulmalıdır. Maraqlı şəxs böyük icra məmuru Mübariz Abbasov tərəfindən “İcra haqqında” Azərbaycan Respublikasının Qanunun 23.1.3-cü maddəsinə əsasən icra sənədinin Bakı şəhəri 25 saylı notariat ofisinə geri qaytarılması barədə “icra sənədinin qaytarılması haqqında” xx.xx.2023-cü il tarixli qərar qəbul edilmişdir. Qərar onunla əsaslandırılmışdır ki, borclunun adına mülkün, bağ sahəsinin, torpaq sahəsinin, avtomobilin, VÖEN-nin, qiymətli kağızın, əmanətin olub-olmaması və təqaüd alıb-almaması barədə aidiyyəti orqan və təşkilatlara sorğular göndərilmiş və borclunun mülkiyyətində heç bir əmlak aşkar edilməmişdir. Həmçinin, borclunun icra sənədində göstərilən ünvanında olmuşlar, borclunun yaşadığı mənzilə əmlak siyahıya alınması məqsədilə baxış keçirilmiş, tələbin yönələ biləcəyi hər hansı dəyərli əmlak aşkar olunmamış və bu barədə xx.xx.2023-cü il tarixli akt tərtib olunmuşdur. Hazırda tələbkar "xxxx" ASC-nin nümayəndəsi İsa Kərim həmin qərardan şikayət verərək, qərarın ləğv edilməsi barədə qərardad çıxarılmasını məhkəmədən xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, icra məmuru borclunun ailə vəziyyətini müəyyən etməmiş, borclu ailəlidirsə nikah dövründə hər hansı bir daşınar və daşınmaz əmlakının olub-olmamasını müəyyən etməmişdir. Borclunun bank hesablarını müəyyən etmək üçün banklara sorğu göndərilməmişdir. xx.xx.2023-cü il tarixli qərarında icra sənədinin icrası istiqamətində bütün qanuna müvafiq tədbirlərin görülməsi qeyd edilsə də, tələbkar "xxxx" ASC görülmüş tədbirlər barədə məlumatlandırılmamışdır. Qeyd edilmişdir ki, Xəzər rayon İcra şöbəsinin xx.xx.2022-ci il tarixli qərarına əsasən sözügedən icra qeydi “İcra haqqında” Azərbaycan Respublikası Qanunun 23.1.2-ci və 23.1.3-cü maddəsinə əsasən qaytarılmış, tərəflərindən şikayət verildikdən sonra Xəzər rayon Məhkəməsinin 8(003)-72/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadına əsasən Bakı şəhəri 25 saylı Notariat ofisinin xx.xx.2022-ci 1 tarixli, 8İ-4953 saylı icra qeydinin “geri qaytarılması haqqında” Xəzər rayon İcra şöbəsinin xx.xx.2022-ci il tarixli qərarı ləğv edilərək icra hərəkətlərinin davam etdirilməsi qərara alınmışdır. Lakin, Xəzər rayon icra şöbəsi xx.xx.2023-cü il tarixdə icraatına qəbul etdiyi Bakı şəhəri 25 saylı Notariat ofisinin xx.xx.2022-ci il tarixli, 8i-4953 saylı icra sənədini icra etmədən yenidən “İcra haqqında” Azərbaycan Respublikası Qanunun 23.1.2-ci və 23.1.3-cü maddəsinə əsasən geri qaytarmışdır. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada məlumat verilməsinə baxmayaraq tələbkar "xxxx" ASC-nin və Maraqlı şəxs nümayəndələri, borclu məhkəmə iclasında iştirak etməmişlər, məhkəmə onların iştirakı olmadan şikayətə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə şikayəti və icra işini nəzərdən keçirərək hesab edir ki, şikayət təmin olunmalıdır. Belə ki, “İcra haqqında” Azərbaycan Respublikasının Qanununun 23.1.3-cü maddəsinə əsasən borcluda tələbin yönəldilə biləcəyi əmlak və gəlirlər olmadıqda və icra məmuru tərəfindən onun əmlakının və gəlirlərinin axtarışı ilə bağlı görülmüş bütün tədbirlər nəticə vermədikdə tələbin icra edilmədiyi və ya qismən icra edildiyi icra sənədi vermiş məhkəməyə və ya digər orqana (notariusun icra qeydi isə tələbkara) qaytarılır. Həmin Qanunun 23.2-ci maddəsinə əsasən tələbin icrası bu Qanunun 23.1.2 - 23.1.5-ci maddələrində göstərilən əsaslara görə mümkün olmadıqda, icra məmuru bu haqda müvafiq akt tərtib edir və həmin akt icra qurumunun rəhbəri tərəfindən yoxlanılaraq təsdiq olunur və bu barədə tələbkara məlumat verilir. Həmin Qanunun 43-cü maddəsinə əsasən borclunun əmlakı üzərinə həbs qoymaq və onu satmaq yolu ilə tələbin əmlaka yönəldilməsi, tələbin borclunun əmək haqqına, pensiyasına, təqaüdünə və sair gəlirlərinə yönəldilməsi, tələbin borclunun üçüncü şəxslərdə olan pul vəsaitlərinə və digər əmlakına yönəldilməsi, icra sənədində göstərilmiş müəyyən əşyaların borcludan götürülüb tələbkara verilməsi, bu Qanuna və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarına uyğun olaraq icra sənədinin icrasını təmin edən başqa tədbirlər –məcburi icra tədbirləridir. Həmin Qanunun 44.1.1, 44.1.2 və 44.1.3-cü maddələrinə əsasən bu Qanunla müəyyən edilmiş qaydada tərtib olunmuş icra sənədinin icra məmuruna təqdim olunması, icra məmuru tərəfindən icraata başlamaq haqqında qərarın qəbul edilməsi, könüllü icra üçün icra məmuru tərəfindən borcluya verilmiş müddətin keçməsi halları məcburi icra tədbirlərinin tətbiqinin əsaslarından ibarətdir. Həmin Qanunun 44.2-ci maddəsinə əsasən bu Qanunun 44.1-ci maddəsində müəyyən edilmiş əsaslardan hər hansı biri olmadıqda məcburi icra tədbirlərinin tətbiqinə yol verilmir. Qeyd olunan qanunvericiliyin tələblərindən görünür ki, könüllü icra üçün icra məmuru tərəfindən borcluya verilmiş müddət ərzində icra sənədi borclu tərəfindən icra olunmadıqda icra məmuru tərəfindən məcburi icra tədbirləri tətbiq edir. Görülmüş bütün tədbirlər nəticəsində borclunun yaşayış yerini, əmlakının olduğu yeri müəyyən etmək və yaxud bank və ya digər kredit təşkilatlarında ona məxsus pul vəsaitlərinin və başqa qiymətli şeylərin olması barədə məlumat əldə etmək mümkün olmadıqda, həmçinin borcluda tələbin yönəldilə biləcəyi əmlak və gəlirlər olmadıqda və icra məmuru tərəfindən onun əmlakının və gəlirlərinin axtarışı ilə bağlı görülmüş bütün tədbirlər nəticə vermədikdə icra məmuru bu haqda müvafiq akt tərtib edir və həmin akt icra qurumunun rəhbəri tərəfindən yoxlanılaraq təsdiq olunur və bu barədə tələbkara məlumat verilir. Bundan sonra icra məmuru tərəfindən icra sənədini vermiş məhkəməyə və ya digər orqana qaytarılması barədə qərar qəbul edilir. Məhkəməyə təqdim olunmuş icra işindən isə görünür ki, icra məmuru, borclunun yaşadığı ünvana baxış keçirməklə, borclunun əmlak və gəlirlərinin olmaması barədə əldə edilmiş müəyyən məlumatlarla kifayətlənməklə icra sənədinin geri qaytarılması barədə qərar qəbul etmişdir. Ona görə də məhkəmə hesab edir ki, icra sənədinin geri qaytarılması üçün hallar qanunvericiliyə uyğun qaydada tam və əsaslı olmamışdır. Belə ki, icra işində icra sənədinin rəsmi qaydada borcluya təqdim edilməsi, həmin icra sənədinin ondan icra edilməsinin tələb olunması, icra edilmədiyi halda müvafiq məsuliyyətə cəlb olunması barədə xəbərdarlıq edilməsi barədə hər hansı bir məlumat mövcud deyil. Həmçinin icra işində olan ödəniş qəbzlərdən görünür ki, icra sənədi üzrə tələbkara olan borc üzrə 2022-ci ilin dekabr ayında 50 manat, 2023-cü ilin yanvar ayında 50 manat, fevral ayında 45 manat, mart ayında 50 manat məbləğlərdə ödənişlər aparılmışdır. Bu hal isə onu təsdiq edir ki, borclu hissə-hissə olsada icra sənədinin icra etmək qabiliyyətindədir. Bundan başqa icra işindən görünür ki, görülmüş bütün tədbirlər nəticə verməməsi barədə icra məmuru tərəfindən müvafiq akt (icra qurumunun rəhbəri tərəfindən yoxlanılaraq təsdiq olunmuş) tərtib edilməmiş və bu barədə tələbkara məlumat verilməmişdir. Odur ki, məhkəmə hesab edir ki, icra sənədinin icra edilməsi üçün bütün tədbirlər görülmədən icra məmuru tərəfindən icra qeydinin geri qaytarılması haqqında qərar qəbul olunmuşdur və bu səbəbdən həmin qərar əsassızdır. Beləliklə məhkəmə hesab edir ki, şikayət təmin edilməli, Maraqlı şəxs böyük icra məmuru Mübariz Abbasovun “icra sənədinin qaytarılması haqqında” xx.xx.2023-cü il tarixli qərarı ləğv edilərək icra sənədi üzrə icra tədbirləri davam etdirilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 263-264 və 267-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şikayət təmin edilsin. Bakı şəhəri 25 saylı notariat ofisinin xx.xx.2022-ci il tarixli 8İ-4953 reyestr nömrəli icra qeydinin qaytarılması haqqında Maraqlı şəxs böyük icra məmuru Mübariz Abbasovun xx.xx.2023-cü il tarixli qərarı ləğv edilsin. Bakı şəhəri 25 saylı notariat ofisinin xüsusi notariusu X1 xx.xx.2022-ci il tarixli 8İ- 4953 reyestr nömrəli icra sənədi üzrə icra hərəkətləri davam etdirilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 gün müddətinə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə (elektron kabinet vasitəsilə) şikayət verilə bilər. Sədrlik edən İlham Cəfərzadə
Məhkəmə qərarları › İş №8(003)-195/2023
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərardad — İş №8(003)-195/2023
25.08.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver