Məhkəmə qərarları › İş №8(003)-20/2025

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərardad — İş №8(003)-20/2025

21.01.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(003)-20/2025 21.01.2025 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Emin İlham oğlunun sədrliyi, Nəcəfova Səbinə Aydın qızının katibliyi, Borclu Ağali-X1 iştirakı ilə, Bakı şəhəri Xəzər rayon İcra şöbəsinin icra məmuru Rəmziyə Quliyevanın Borclu ölkədən getmək hüququnun məhdudlaşdırılması barədə təqdimatına açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: Bakı şəhəri Xəzər rayon İcra şöbəsinin icra məmuru Rəmziyə Quliyeva – Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə təqdimatla məhkəməyə müraciət etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, xx.xx.2024-ci il tarixli qərarla icraata başladığı Bakı şəhəri Xəzər Rayon Məhkəməsi tərəfindən verilmiş 2(003)-1097/2024 nömrəli xx.xx.2024-cü il tarixli icra sənədinə əsasən xx.xx.1993-ci ildə anadan olmuş və ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Borclu 13335.11 manat məbləğində pul vəsaiti və dövlət rüsumu tutularaq Tələbkar1 Açıq Səhimdar Cəmiyyətinə ödənilməlidir. xx.xx.2024-ci il tarixli qərarla icraata başladığı Bakı şəhəri Xəzər Rayon Məhkəməsi tərəfindən verilmiş e-2(003)-2662/2024-015 nömrəli xx.xx.2024-cü il tarixli icra sənədinə əsasən Borclu 6605.53 manat məbləğində pul vəsaiti və dövlət rüsumu tutularaq Tələbkar2nə ödənilməlidir. Yuxarıda qeyd olunan icra sənədləri müvafiq olaraq xx.xx.2024-cü il tarixində və xx.xx.2024-cü il tarixində Bakı şəhəri Xəzər rayon İcra şöbəsinə daxil olmuş və qanuna müvafiq qaydada icraya yönəldilmişdirlər. İcraata başlamaq haqqında qərar qəbul edilərək, qərarın surəti bildirişlə icra sənədi üzrə Borclu göndərilmiş, icra sənədində olan tələbi könüllü təmin edilməsi üçün 10 gün müddət müəyyən edilmişdir. Lakin bu müddət ərzində borclu tərəfindən icra sənədində olan tələb könüllü təmin edilmədiyi üçün tərəfimizdən borclunun əmlak vəziyyətini yoxlamaq üçün aidiyyəti təşkilatlara sorğular göndərilmişdir. Həmin tarixdən bu vaxta kimi icra sənədinin icrası tam şəkildə təmin olunmamışdır. Hesab edir ki, icra sənədinin icrasını təmin etmək məqsədilə, borclunun ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmasını xahiş etmişdir. Bakı şəhəri Xəzər rayon İcra şöbəsi və tələbkarlar işdə iştirak etmiş şəxslər təqdimata baxılması üçün təyin edilmiş məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilməklə məhkəmə iclasına çağırılmışlar. Lakin onlar məhkəmə iclasına gəlməmişlər. Bakı şəhəri Xəzər rayon İcra Şöbəsinin nümayəndəsinin və işdə iştirak etmiş şəxslərin məhkəmə iclasına gəlməmələri məhkəmə qarşısında qoyulmuş məsələnin həll edilməsinə mane olmadığından, Azərbaycan Respublikası MPM-nin 231.2-ci maddəsinə əsasən məhkəmə təqdimata onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən borclu X2 oğlu məhkəməyə verdiyi izahatında bildirdi ki, onun həqiqətıən icra səndədindən göstərilən borcu vardır. Bank olan borcu üzrə həmdə zamin vardır. O, həmin məbləğlərdən hissə-hissə ödəyir. Müharibə iştirakçısı olub. Borcunu ödəyəcəkdir. Əliliyyə görə pensiya alır.Təqdimatın təmin olunmamasın xahiş etdi. Məhkəmə təqdimatın dəlillərini araşdıraraq hesab edir ki, təqdimat əsassızdır. Buna görə də təqdimat təmin edilməməlidir. Belə ki, icra məmuru öz təqdimatını əsaslandırdığı halların mövcudluğunu təsdiq edən sübutları təqdimata əlavə etməmişdir. İş materiallarına əlavə olunmuş ödəniş qəbzlərinin surətlərindən görünür ki, borclu tərəfindən icra sənədləri üzrə ödənişlər edilmişdir. Məhkəmə borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə təqdimatla bağlı qeyd edir ki, icra məmuru təqdimatda qanunla nəzərdə tutulmuş zəruri icra hərəkətlərinin edilməsini göstərməklə təqdimatın təmin edilməsini xahiş etsə də, həmin hərəkətlərlə bağlı zəruri sənədləri nə təqdimata əlavə etməmiş, nə də məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlı olduğu halda məhkəmə iclasında iştirak etməyərək təqdim etməmişdir. Eyni zamanda borclunun da icra sənədini üzürsüz səbəbdən icra edilməməsini təsdiq edəcək hər hansı bir sübut məhkəməyə təqdim etməməklə məhz bu tədbirin görülməsinin zəruriliyini, yəni icra sənədinin borclu tərəfindən üzürsüz səbəbdən icra edilməməsinin nədə ifadə olunduğunu təqdimatda ümumiyyətlə əsaslandırılmamışdır. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 84-1.1-ci maddəsinə görə, məhkəmə qərarları əsasında verilmiş icra sənədləri könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, borclunun ölkədən getmək hüququ icra məmurunun əsaslandırılmış təqdimatı əsasında məhkəmənin qərarı ilə müvəqqəti məhdudlaşdırıla bilər. Göründüyü kimi qanunvericilik icra icraatı zamanı borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasını bir sıra şərtlərin mövcudluğundan asılı etmişdir. Belə ki, icra sənədinin borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədiyi sübut edildikdə, icra məmurunun məhz bu halları əsaslandırdığı təqdimatı əsasında tətbiq edilə bilər. Əks təqdirdə, yəni icra məmurunun heç bir əsaslı səbəb göstərmədiyi, formal mülahizələrlə, icrası üçün məcburi icra tədbirlərinin tətbiq edilib-edilmədiyini əsaslandırmadığı, eləcə də, borclu tərəfindən üzrlü və ya üzrsüz səbəbdən icra edilibedilmədiyi qeyri-müəyyən olan icra sənədi üzrə onun ölkədən getməsinə məhdudiyyət qoyulması vətəndaşın konstitusion hüquqlarının məhdudlaşdırılmasına səbəb ola bilər. Nəzərə alınmalıdır ki, Azərbaycan Respublikasının Konstitusiyasının 28-ci maddəsinə əsasən, qanuni surətdə Azərbaycan Respublikasının ərazisində olan hər kəs sərbəst hərəkət edə bilər, özünə yaşayış yeri seçə bilər və Azərbaycan Respublikasının ərazisindən kənara gedə bilər. Həmçinin, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Kollegiyasının 2013-cü il 22 aprel tarixli 2-N nömrəli Qərarı ilə təsdiq edilmiş “Şəxsin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasının icra xidməti tərəfindən tətbiqi qaydaları haqqında Təlimat”ın 2.2-ci bəndinə əsasən borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması zərurəti yarandıqda icra məmuru təqdimatla məhkəməyə müraciət etməzdən əvvəl icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi səbəblərini müəyyənləşdirir, borcun ödənilməsi tələbinə dair icra sənədlərinin icrası zamanı borclunun əmlakının axtarılması üçün bütün tədbirləri həyata keçirir, o cümlədən onun yaşadığı mənzildə tələbin yönəldilə biləcəyi əmlakların olub-olmamasını yoxlayır. Göründüyü kimi, qanunvericiliyin tələblərinə əsasən icra məmuru borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə təqdimatla məhkəməyə müraciət etməzdən əvvəl icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi səbəblərini müəyyənləşdirməli, borclunun əmlakının axtarılması üçün bütün tədbirləri həyata keçirməli, o cümlədən onun yaşadığı mənzildə tələbin yönəldilə biləcəyi əmlakların olubolmamasını yoxlamalıdır. Bütün bu tədbirlər nəticə vermədiyi təqdirdə təqdimatla məhkəməyə müraciət etməlidir. Hazırda isə borclunun ödənişlər etdiyi, əlilliyə görə pensiya aldığı müəyyən edilir. Məhkəmə bununla bağlı da qeyd edir ki, icra məmuru tərəfindən adı çəkilən Təlimatın 2.2-ci bəndində göstərilmiş bütün tədbirlər görülməmişdir. Yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, Bakı şəhəri Xəzər rayon icra və probasiya şöbəsinin Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə təqdimatı təmin edilməməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 263-264-cü və 266-268-ci maddələrini rəhbər tutaraq məhkəmə qəraraaldı: Bakı şəhəri Xəzər rayon İcra şöbəsinin – Borclu ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılması barədə təqdimatı təmin edilməsin. Qərardaddan 10 (on) gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Emin Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar