Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(003)-207/2025 03.07.2025 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Əsgərov Natiq Fərhad oğlunun sədrliyi Fərzəliyeva Tünzalə Baləli qızının katibliyi Bakı şəhəri Xəzər rayon İcra şöbəsinin böyük icra məmuru X1 iştirakı ilə, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-4068/2023-003 saylı, xx.xx.2023-cü il tarixli icra sənədinin icrası ilə bağlı Borclu Əlimirzə qızının adına olan daşınmaz əmlakın üzərinə həbs qoyulması barədə Bakı şəhəri Xəzər rayon İcra şöbəsinin böyük icra məmuru Mübariz Abbasovun təqdimatına açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İşin halları:
1. Bakı şəhəri Xəzər rayon İcra şöbəsinin böyük icra məmuru X2 icra sənədi üzrə Borclu Əlimirzə qızının adına olan Qobustan rayonu, Ərəbşalbaş kəndində yerləşən 0.2 ha., 0.3199 ha., 1.12 ha., və 0.1999 ha. kənd təsərrüfatı təyinatlı torpaq sahələrinin üzərinə həbs qoyulması barədə təqdimatla məhkəməyə müraciət etmişdir.
2. Təqdimat onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-4068/2023-003 saylı, xx.xx.2023-cü il tarixli icra vərəqəsinə əsasən, iddiaçı "xxxx" X4 Səhmdar Cəmiyyətinin xeyrinə cavabdeh Borclu Əlimirzə qızından 4310 manat əsas, 285,78 manat faiz, 29,4 manat cərimə borcu və ödənilmiş 66,66 manat dövlət rüsumu olmaqla cəmi 4691,84 manat (dörd min altı yüz doxsan bir manat səksən dörd qəpik) məbləğində pul vəsaiti tutulmalıdır. İcra sənədi xx.xx.2024-cü il tarixdə Xəzər rayon İcra şöbəsinə daxil olmuş, bundan sonra icraata başlamaq haqqında qərar qəbul edilərək, surəti bildirişlə bərabər icra sənədi üzrə borcluya göndərilmişdir. Borclu könüllü icra müddətində icra sənədi üzrə tələbi təmin etmədiyi üçün borclunun əmlak vəziyyətini yoxlamaq məqsədilə elektron sistem vasitəsilə sorğular verilmiş və “Elektron icra” informasiya sistemindən əldə olunmuş sorğu məlumatına əsasən müəyyən olunmuşdur ki, Borclu Əlimirzə qızının adına qeyd olunan kənd təsərrüfatı təyinatlı torpaq sahələri vardır. Buna görə də, icra sənədinin icrasını təmin etmək məqsədilə məcburi icra tədbirləri kimi borclunun əmlakının üzərinə həbs qoymaq və onu satmaq yolu ilə tələbin əmlaka yönəlməsi barədə məcburi icra tədbirləri tətbiq edilməlidir.
3. Məhkəmə iclasında iştirak edən Xəzər rayon İcra şöbəsinin böyük icra məmuru X2 təqdimatın məzmununa uyğun izahat verərək, təmin edilməsini xahiş etdi.
4. İclasın yeri və vaxtı barədə borclu və tələbkarın xəbərdar edilməsinə baxmayaraq, onlar məhkəmə iclasına gəlməmiş və ya öz nümayəndələrinin məhkəmə iclasında iştirakını təmin etməmiş və səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.2-ci maddəsinə uyğun olaraq, onların məhkəmə iclasına gəlməmələri məhkəmə qarşısında qoyulmuş məsələnin həll edilməsinə mane olmadığından, məhkəmə onların iştirakı olmadan təqdimata baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Konstitusiyası:
5. 13. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyətdən insan və vətəndaş hüquqları və azadlıqları, cəmiyyətin və dövlətin mənafeləri, şəxsiyyətin ləyaqəti əleyhinə istifadə edilə bilməz.
6. 29. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyaya dair 1 saylı Protokol:
7. 1.Hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. “İcra haqqında” Azərbaycan Respublikası Qanunu:
8. 45.1. Tələbin borclunun əmlakına yönəldilməsi bu əmlakın üzərinə həbs qoyulmasından, götürülməsindən və satılmasında ibarətdir.
9. 45.6. Tələbkarın tələblərinin təmin edilməsi üçün borclunun yetərli pul vəsaitləri olmadıqda, Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq tələbin yönəldilə bilmədiyi əmlak istisna olmaqla, tələb borcluya məxsus olan digər əmlaka yönəldilir. 10.45.7. Tələb, borclunun əmlakına, o cümlədən nağd yaxud banklarda və ya digər kredit təşkilatlarında, elektron pul təşkilatlarında hesablarda və əmanətlərdə, habelə saxlancda olan pul vəsaitlərinə və başqa sərvətlərinə, icra ödənişinin ödənilməsi və icra hərəkətlərinin həyata keçirilməsi üçün çəkilən xərclər də nəzərə alınmaqla, icra sənədinin icrası üçün lazım olan miqdarda və həcmdə yönəldilir.
11. 45.8. Borclunun ümumi mülkiyyətdə əmlakı olduqda, tələb Azərbaycan Respublikasının mülki qanunvericiliyinə uyğun olaraq onun ümumi mülkiyyətdə olan payına yönəldilir. Azərbaycan Respublikası Mülki Məcəlləsi: 12.213.1. İki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. 13.213.2. Əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. 14.213.5. Birgə mülkiyyət iştirakçılarının razılaşması ilə, razılaşma əldə edilmədikdə isə məhkəmənin qərarına əsasən ümumi əşyaya bu şəxslərin paylı mülkiyyəti müəyyənləşdirilə bilər. 15.224.1. Paylı və ya birgə mülkiyyət mülkiyyətçisinin başqa əmlakı kifayət etmədikdə onun kreditoru borclunun ümumi əşyadakı payına tutmanın yönəldilməsi üçün həmin payın ayrılmasını tələb edə bilər. 16.224.2. Əgər payın naturada ayrılması mümkün deyildirsə və ya paylı və ya birgə mülkiyyətin qalan iştirakçıları buna etiraz edirlərsə, kreditorun ixtiyarı var ki, borclunun öz payını bazar qiyməti ilə ümumi mülkiyyətin qalan iştirakçılarına satmasını və satışdan əldə edilmiş vəsaitin borcun ödənilməsinə yönəldilməsini tələb etsin. Ümumi mülkiyyətin qalan mülkiyyətçiləri borclunun payını almaqdan imtina etdikdə kreditorun ixtiyarı var ki, tutmanın borclunun ümumi mülkiyyət hüququndakı payına onun açıq hərracdan satılması yolu ilə yönəldilməsini məhkəmə qaydasında tələb etsin. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2002-ci il tarixli, 89 saylı qərarı ilə təsdiq edilmiş "Fiziki şəxs barəsində icra sənədi icra olunarkən tələbin yönəldilməsinə yol verilməyən əmlak növlərinin dəqiq Siyahısı”
17. Bu Siyahının qeyd hissəsində nəzərdə tutulmuş hallar istisna olmaqla fiziki şəxs barəsində icra sənədi icra olunarkən aşağıdakı əmlaklara tələbin yönəldilməsinə yol verilmir: 1) borclu və onun ailəsinin sanitariya normaları çərçivəsində birgə yaşamalarını təmin edəcək mənzil, ev və ya onun ayrı-ayrı hissələri, həmçinin onların altında olan həyətyanı torpağa (bir ailə üçün bir ev və ya mənzildən çox olmamaq şərti ilə); 2) əsas məşğuliyyəti kənd təsərrüfatı olan borclu və onun ailəsinin təsərrüfat tikililəri və ya ayrıayrı hissələri, həmçinin onların altında olan torpağa; 3) əsas məşğuliyyəti kənd təsərrüfatı olan borclu və onun ailəsi üçün 1,0 hektaradək kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə; ...
Məhkəmənin mövqeyi: 18.Məhkəmə proses iştirakçısını dinləyib, təqdimatı və iş materiallarını araşdırıb hesab edir ki, təqdimat əsassız olduğundan təmin edilməməlidir. 19.Belə ki, təqdimatdan görünür ki, icra sənədi üzrə Borclu Əlimirzə qızının adına olan Qobustan rayonu, Ərəbşalbaş kəndində yerləşən 0.2 ha., 0.3199 ha., 1.12 ha., və 0.1999 ha. kənd təsərrüfatı təyinatlı torpaq sahələrinin üzərinə həbs qoyulması xahiş olunur. 20.İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin 03 aprel 2025-ci il tarixli, 3-21-3-30/2- 12668/2025 saylı məktubundan görünür ki, həmin daşınmaz əmlak (yəni Qobustan rayonu, Ərəbşalbaş kəndində yerləşən 0.2 ha, 0.3199 ha, 1.12 ha, və 0.1999 ha. kənd təsərrüfatı təyinatlı torpaq sahələri) Borclu Əlimirzə qızının adına ümumi birgə mülkiyyət hüququ ilə dövlət qeydiyyatından keçmişdir. 21.Göründüyü kimi, üzərinə həbs qoyuylması istənilən daşınmaz əmlak borcluya ümumi birgə mülkiyyət hüququ ilə məxsusdur. Yəni həmin əmlak borclu şəxs ilə yanaşı başqa şəxslərə də ümumi mülkiyyət hüququ ilə mənsubdur və hazırda həmin əmlakın üzərinə həbs qoyulmaqla məcburi icra tədbirlərin həyata keçirilməsi nəticəsində mülkiyyət hüququnun məhdudlaşdırılması qaçılmazdır. Hər hansı hüququn, o cümlədən mülkiyyət hüququnun məhdudlaşdırılması isə bu müdaxilənin qanunçuluğun tələblərinə cavab verməsi, başqa şəxslərin hüquq və azadlıqlarının müdafiəsi məqsədilə tətbiq edilməsi, qanuni məqsədə yönəlməsi və həmin məqsədə mütənasib olması şərtlərinə cavab verdiyi halda yolveriləndir. Qanunvericilikdə ümumi birgə mülkiyyət iştirakçısının kreditoruna borclunun həmin əmlakına tutmanın yönəldilməsini tələb etmək hüququ verilmişdir. (§ 11) Ancaq bu hüququn həyata keçirilməsi imkanı qanunvericilikdə təsbit olunmuş tələblərə əməl olunmaqla şərtlənir. 22.Belə ki, yuxarıda qeyd olunan normaların məzmunundan aydın olur ki, bir əşya iki və ya bir neçə şəxsin mülkiyyətindədirsə həmin əşya onlara ümumi (paylı və ya birgə) mülkiyyət hüququ əsasında mənsub olur. Paylı mülkiyyətdən fərqli olaraq birgə mülkiyyətdə əşya paylar müəyyən edilmədən mülkiyyətçilərin ümumi mülkiyyətində olur. Ona görə birgə mülkiyyətdə olan əşyanın mülkiyyətçiləri bir qayda olaraq, ona birgə sahiblik edir, ondan birgə istifadə edir və ona dair sərəncam da bütün mülkiyyətçilərin razılığı ilə verilir. Belə əşyanın bölünməsi və ya ondan payın ayrılması yalnız mülkiyyətçilərdən hər birinin payı qabaqcadan müəyyənləşdirildikdən sonra həyata keçirilə bilər. Bu isə mülkiyyətçilərin razılaşması ilə, razılaşma əldə edilmədikdə isə məhkəmənin qərarı ilə mümkündür. (§ 12-14) Bununla yanaşı, ümumi birgə mülkiyyət iştirakçısının kreditorunun (o cümlədən, icra sənədi icra olunarkən icra məmurunun) borcun ümumi əşyadakı paya yönəldilməsi üçün borclunun payının ayrılmasını tələb etmək hüququ vardır. (§ 15) Lakin bu hüququn realizəsi üçün qanunvericilikdə təsbit olunmuş aşağıdakı şərtlər gözlənilməlidir: 1) Borclu olan birgə mülkiyyət iştirakçısının başqa əmlakı borcun ödənilməsi üçün kifayət etməməli; 2) Həmin əmlak tələbin yönəldilməsinə yol verilməyən əmlak növlərinə aid olmamalı; 3) Birgə mülkiyyət iştirakçılarının ümumi əşyada payları müəyyən edilməli (iştirakçıların razılaşması ilə, razılaşma olmadıqda isə məhkəmənin qərarı ilə); 3) Müəyyən edilmiş payın ayrılması tələb edilməlidir. Ümumi əşyadan payın ayrılması isə yalnız Mülki Məcəllənin 224.2-ci maddəsində nəzərdə tutulmuş qaydaların ardıcıllıqla mərhələli formada tətbiq edilməsi ilə mümkündür. İlk növbədə, paylı mülkiyyətin naturada ayrılması imkanı müəyyən edilməli, belə imkan olduqda payın naturada ayrılaraq, tutmanın həmin əmlaka yönəldilməsi tələb edilməlidir. Əgər payın naturada ayrılması mümkün olmazsa və ya birgə mülkiyyətin qalan iştirakçıları buna etiraz edərsə, borclunun öz payını bazar qiyməti ilə ümumi mülkiyyətin qalan iştirakçılarına satması və satışdan əldə edilmiş vəsaitin borcun ödənilməsinə yönəldilməsi tələb edilə bilər. Qalan iştirakçılar borclunun payını almaqdan imtina etdikdə isə, tutmanın borclunun ümumi mülkiyyət hüququndakı payına onun açıq hərracdan satılması yolu ilə yönəldilməsi məhkəmə qaydasında tələb edilə bilər. Qeyd olunan qaydalara əməl olunmadan borcun birbaşa ümumi birgə mülkiyyətdə olan əşyaya yönəldilməsi yolverilməzdir. (§ 16) 23.İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedent hüququna əsasən, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 1 saylı Protokolun 1-ci maddəsinin (§ 7) mühüm tələblərindən biri ondan ibarətdir ki, mülkiyyətdən maneəsiz istifadə hüququna dövlət hakimiyyəti orqanı tərəfindən edilən istənilən müdaxilə qanuni olmalıdır... Qanunilik prinsipi onu da nəzərdə tutur ki, daxili qanunvericiliyin tətbiq edilə bilən normaları kifayət qədər əlçatan, dəqiq olsun və tətbiq edilərkən onların nəticələrini öncədən görmək mümkün olsun. Konvensiya tərəfindən tanınan hüququn və ya azadlığın həyata keçirilməsinə hər hansı müdaxilə qanuni məqsəd daşımalıdır... 1 saylı Protokolun 1-ci maddəsinə xas olan “ədalətli balans” prinsipi özlüyündə cəmiyyətin ümumi marağının mövcudluğunu nəzərdə tutur... Mülkiyyətdən maneəsiz istifadə etmək hüququna müdaxilə zamanı cəmiyyətin ümumi maraqları ilə fərdin əsas hüquqlarının müdafiəsi tələbləri arasında “ədalətli balans” gözlənilməlidir... Konkret olaraq, dövlət istənilən tədbiri tətbiq edərkən, ... tətbiq edilən vasitələrlə qarşıya qoyulan məqsəd arasında ağlabatan mütənasiblik əlaqəsi olmalıdır (Böyük palatanın “Broniovski Polşaya qarşı” iş üzrə 22 iyun 2004-cü il tarixli Qərarı, §147-148, 150; Böyük palatanın “Skordino İtaliyaya qarşı” iş üzrə 29 mart 2006-cı il tarixli Qərarı, § 93) 24.Təqdimatdan göründüyü kimi, hazırda icra sənədi üzrə borcun borclunun məhz ümumi birgə mülkiyyətdə olan əmlakına yönəldilməsi, yəni məcburi icra tədbirləri kimi həmin əmlakın üzərinə həbs qoyulması, götürülməsi və satılması məqsədilə məhkəməyə müraciət edilmişdir. Halbuki məhkəmə araşdırması zamanı icra məmuru tərəfindən qanunvericiliyin yuxarıda şərh olunan tələblərinə əməl edilmədiyi müəyyən olunmuşdur. Bu səbəbdən təqdimat təmin edilə bilməz. 25.Bundan əlavə məhkəmə qeyd edir ki, qanunvericilik icra icraatı zamanı borclunun əmlakı üzərinə həbsin qoyulmasını bir sıra şərtlərin mövcudluğundan asılı etmişdir. 26.Belə ki, qanunvericiliyin mənasına görə əmlak üzərinə həbsin qoyulması məhkəmə aktının icrasının təmin edilməsinə yönəlmiş məcburi icra tədbiri kimi nəzərdə tutulmuşdur, ona görə də icra məmuru bununla bağlı təqdimat verərkən “İcra haqqında” Qanunda (§ 9) nəzərdə tutulmuş digər imkanlardan istifadə olunduğuna, habelə müvafiq əmlakın tələbin yönəldilməsinə yol verilməyən əmlak növlərinə aid olmadığına dair sübutlar təqdim edərək məhkəmə aktının icrasının mümkünsüzlüyünü əsaslandırmalıdır. Həmin imkanların olmadığı və ya tükəndiyi halda isə borclunun əmlakı üzərinə həbsin qoyulması barədə əsaslandırılmış təqdimatla məhkəməyə müraciət edilə bilər. Məhz bu səbəbdən “İcra haqqında” Qanunda icra məmurunun təqdimatının əsaslandırılmış olmalı olduğu nəzərdə tutulmuşdur. Hazırkı təqdimat isə qeyd olunan tələblərə uyğun əsaslandırılmamış, məhkəmə iclasında da təqdimatı verən orqanının nümayəndəsi təqdimatın verilməsinə əsas olan halları sübut edə bilməmişdir. Halbuki Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərini əsası kimi istinad etdiyi halları sübut etməlidir. 27.Digər tərəfdən “İcra haqqında” Qanunun 45.7-ci maddəsinin (§ 10) tələbinə uyğun olaraq, borclunun əmlakı üzərinə həbs, tələbin ödənilməsinə kifayət edəcək həcmdə qoyula bilər. Hazırkı təqdimatda isə borclunun ödəməli olduğu məbləğin üzərinə həbs qoyulması istənilən əmlaka mütənasibliyi əsaslandırılmamış, 4691,84 manat (dörd min altı yüz doxsan bir manat, səksən dörd qəpik) təşkil edən borc məbləğinə görə dörd ayrı torpaq shəsinin üzərinə həbs qoyulması xahişinin zəruriliyi izah olunmamışdır. 28.Beləliklə, yuxarıda qeyd olunalara əsasən məhkəmə hesab edir ki, təqdimat əsassız olduğundan təmin edilməməli, icra məmuruna, yuxarıda göstərilənlər nəzərə alınmaqla icra icraatını davam etdirmək tövsiyə olunmalıdır. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231, 263-264 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə
Qərara aldı:
Təqdimat təmin edilməsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə şikayət verilə bilər.
Sədrlik edən Natiq Əsgərov