Məhkəmə qərarları › İş №8(003)-212/2023

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərardad — İş №8(003)-212/2023

08.09.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(003)-212/2023 08.09.2023 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Cəfərzadə İlham Nizami oğlunun sədrliyi, Qasımova Leyla Nurəddin qızının katibliyi ilə, İcra sənədinin icrasını təmin etmək məqsədi ilə Borclu məxsus daşınar əmlakın üzərinə həbs qoyulması barədə Bakı şəhəri Xəzər rayon icra şöbəsinin icra məmuru Şəfəq Neymətzadənin təqdimatına məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Bakı şəhəri Xəzər rayon icra şöbəsinin icra məmuru Şəfəq Neymətzadə, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-3543/2022 nömrəli, xx.xx.2022-ci il tarixli icra sənədi üzrə Borclu məxsus “Ravon Nexia” markalı, ** RF *** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbsin qoyulması barədə təqdimatla məhkəməyə müraciət etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-3543/2022 nömrəli, xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən Borclu 687,30 manat məbləğində pul vəsaiti və 30 manat dövlət rüsumu tutularaq Tələbkar QSC-nin xeyrinə ödənilməlidir. İcra sənədi xx.xx.2023-cü il tarixdə Bakı şəhəri Xəzər rayon İcra şöbəsinə daxil olmuş və qanunamüvafiq qaydada icraya yönəldilmişdir. İcraata başlamaq haqqında qərar qəbul olunaraq, surəti bildirişlə bərabər icra sənədi üzrə Borclu oglunun icra sənədində qeyd olunan ünvanına göndərilmişdir. Borclu könüllü icra müddətində icra sənədi üzrə tələbi təmin etmədiyi üçün borclunun əmlak vəziyyətini yoxlamaq məqsədilə elektron sistem vasitəsilə sorğular edilmişdir. Belə ki, bankın təqdim etdiyi məktubdan göründüyü kimi və “Elektron icra” informasiya sistemindən əldə olunmuş sorğu məlumatına əsasən Borclu ogluna məxsus olan “Ravon Nexia” markalı, ** RF *** dövlət qeydiyyat nişanlı avtomobil müəyyən edilmişdir. İcra sənədinin icrasını təmin etmək məqsədilə hesab edir ki, məcburi icra tədbirləri kimi borclunun əmlakının üzərinə həbs qoymaq və onu satmaq yolu ilə tələbin əmlaka yönəlməsi barədə məcburi icra tədbirləri tətbiq edilməlidir. Təqdimata baxılması üçün təyin edilmiş məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq Bakı şəhəri Xəzə rayon İcra şöbəsinin və tələbkarın nümayəndələri, borclu məhkəmə iclasına gəlməmişlər. Onların məhkəmə iclasına gəlməmələri məhkəmə qarşısında qoyulmuş məsələnin həll edilməsinə mane olmadığından, məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.2-ci maddəsinə əsasən təqdimata baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, təqdimatı və təqdimata əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, təqdimat təmin edilməməlidır. Təqdimata əlavə edilmiş sənədlərdən görünür ki, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-3543/2022 nömrəli, xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən Tələbkar QSC-nin xeyrinə Borclu oglundan 687,30 manat əsas borc və 30 manat məbləğində dövlət rüsumu tutulmalıdır. İş materiallarından görünür ki, borclunun adına “Ravon Nexia” markalı, ** RF *** dövlət qeydiyyat nişanlı avtomobil vardır. “İcra haqqında” Qanunun (bundan sonra-Qanun) 1-1-ci maddəsinə əsasən icra qanunvericiliyi qanunun aliliyinin təmin olunması və hamının qanun qarşısında bərabərliyi, obyektivlik, ədalətlilik prinsiplərinə əsaslanır. Həmin Qanunun 8.2-ci maddəsinə əsasən icra məmuru icra sənədini aldığı vaxtdan üç gün müddətində icraata başlamaq haqqında qərar qəbul edir. Həmin qərarda icra məmuru icra sənədində göstərilmiş tələblərin borclu tərəfindən könüllü icrası üçün məhkəmənin qərarında digər icra müddəti müəyyən edilməyibsə, həmçinin bu maddənin üçüncü bəndində müəyyən edilmiş icra müddəti istisna olmaqla, icraata başlanıldığı vaxtdan ən çoxu on gün müddət təyin edir və bu barədə borcluya bildiriş verir. Bildirişdə həmin müddət başa çatdıqdan sonra göstərilən tələblərin məcburi qaydada icra ediləcəyi və bu Qanunla nəzərdə tutulmuş icra ödənişinin və icra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı xərclərin ondan tutulacağı göstərilir. Həmin Qanunun 43.1.1-ci maddəsinə əsasən borclunun əmlakı üzərinə həbs qoymaq və onu satmaq yolu ilə tələbin əmlaka yönəldilməsi məcburi icra tədbiridir. Həmin Qanunun 44.1-ci maddəsinə əsasən məcburi icra tədbirlərinin tətbiqinin əsasları aşağıdakılardır: -bu Qanunla müəyyən edilmiş qaydada tərtib olunmuş icra sənədinin icra məmuruna təqdim olunması (44.1.1.) -icra məmuru tərəfindən icraata başlamaq haqqında qərarın qəbul edilməsi (44.1.2.) -könüllü icra üçün icra məmuru tərəfindən borcluya verilmiş müddətin keçməsi (44.1.3.) Həmin Qanunun 44.2-ci maddəsinə əsasən bu Qanunun 44.1-ci maddəsində müəyyən edilmiş əsaslardan hər hansı biri olmadıqda məcburi icra tədbirlərinin tətbiqinə yol verilmir. Qeyd olunan qanunvericiliyin tələblərindən görünür ki, borcluya məxsus əmlak üzərinə həbsin qoyulması məcburi icra tədbiri olmaqla həmin tədbirin tətbiq edilməsi üçün müvafiq məcmu şəkildə əsaslar olmalıdır. Həmin əsaslardan hər hansı biri olmadıqda məcburi icra tədbirlərinin tətbiqinə yol verilmir. İcra məmuru təqdimatını borclu tərəfindən ona verilmiş könüllü icra müddətində icra sənədi üzrə tələbi təmin etməməsi ilə əsaslandırsa da bu barədə hər hansı bir sənəd təqdimata əlavə etməmişdir. Belə ki, təqdimata əlavə edilmiş sənədlərdən borcluya icra sənədi üzrə icraata başlamaq haqqında qərarın və tələbin könüllü icra edilməsi haqqında bildirişin təqdim edilməsini (göndərilməsini) və icra sənədinin borclu tərəfindən könüllü icrası üçün təyin edilmiş müddətdə icra edilməməsini müəyyən etmək mümkün deyil. Eyni zamanda məhkəmə qeyd edir ki, təqdimata baxılması ilə bağlı təyin edilmiş məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada Bakı şəhəri Xəzər rayon İcra şöbəsinə məlumat verilməsinə baxmayaraq nümayəndəsi məhkəmə iclasında iştirak etməməklə müvafiq icra işi də məhkəməyə təqdim olunmamışdır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, təqdimatın əsaslı olması qənaətinə gəlmək mümkün olmadığından əsassız hesab edilməli və bu səbəbdən təmin olunmamalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Bakı şəhəri Xəzər rayon icra şöbəsinin icra məmuru Şəfəq Neymətzadənin Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-3543/2022 nömrəli, xx.xx.2022-ci il tarixli icra sənədi üzrə Borclu məxsus daşınar əmlak üzərinə həbsin qoyulması barədə təqdimatı təmin edilməsin. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı şəhəri Xəzər rayon Məhkəməsinə (elektron kabinet vasitəsilə) şikayət verilə bilər. Sədrlik edən İlham Cəfərzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar