Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(003)-212/2025 07.07.2025 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Əsgərov Natiq Fərhad oğlunun sədrliyi Fərzəliyeva Tünzalə Baləli qızının katibliyi ilə, Tələbkar Borclu qarşı alimentin icra qaydasında indeksləşdirilməsi barədə ərizəsinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi
1. Tələbkar Borclu qarşı alimentin icra qaydasında indeksləşdirilməsi barədə ərizə ilə müraciət edərək, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(003)- 195/2022 saylı qətnaməsinə əsasən müəyyən edilmiş hər bir uşağın yetkinlik yaşına çatana qədər saxlanılamsı üçün 75 (yetmiş beş) manat, ümumilikdə 150 (yüz əlli) manat məbləğin artırılaraq borcludan tələbkarın xeyrinə 13 dekabr 2007-ci il təvəllüdlü X1 və 23 fevral 2012-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün müraciət olunan vaxtdan sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının müvafiq misli həddində sabit pul məbləğində alimentin tutulması barədə qərardad çıxarılmasını xahiş etmişdir.
2. Ərizə onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(003)-195/2022 saylı qətnaməsinə əsasən, 13 dekabr 2007-ci il təvəllüdlü X3 və 23 fevral 2012-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün cavabdeh Borclu hər ay hər uşağa üçün 75 manat olmaqla, cəmi 150 manat sabit pul məbləğində alimentin tutularaq iddiaçı Tələbkar ödənilməsi qət edilmişdir. Lakin uşaqlar böyüdükcə o, uşaqların maddi ehtiyaclarını qarşılamaqda çətinlik çəkir.
3. Ərizəyə baxılması ilə əlaqədar təyin edilmiş məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, tələbkar və borclu məhkəmə iclasına gəlməmişdirlər. Tərəflərin məhkəmə iclasına gəlməmələri məhkəmə qarşısında qoyulmuş məsələnin həll edilməsinə mane olmadığından, məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 232.2-ci maddəsinə əsasən ərizəyə baxılmasını mümkün hesab etmişdir.
4. Məhkəmə, ərizəni və ərizəyə əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, ərizə aşağıdakılara əsasən təmin edilməlidir.
5. Belə ki, iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(003)-195/2022 saylı qətnaməsindən görünür ki, 13 dekabr 2007-ci il təvəllüdlü X3 və 23 fevral 2012-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün cavabdeh Borclu hər ay hər uşaq üçün 75 manat olmaqla, cəmi 150 manat sabit pul məbləğində aliment tutularaq iddiaçı Tələbkar ödənilməlidir.
6. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə əsasən, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır.
7. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 110.2-ci maddəsinə əsasən, alimentin indeksiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir.
8. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 232.1-ci maddəsinə əsasən, tərəflərin ərizəsi üzrə işə baxmış məhkəmə qətnamənin icrası zamanı tutulmalı pul məbləğlərinin müvafiq indeksasiyasını həyata keçirə bilər.
9. Azərbaycan Respublikası Prezidentinin “Minimum aylıq əmək haqqının məbləğinin artırılması və “Minimum aylıq əməkhaqqının artırılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 18 iyun tarixli 1265 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə” 17 dekabr 2021-ci il tarixli, 3051 saylı Sərəncamına əsasən, minimum aylıq əməkhaqqının məbləği 2022-ci il yanvarın 1-dən 300 manat müəyyən edilmişdir.
10. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında" xx.xx.2016-cı il tarixli 8-2/2016 nömrəli Qərarının: 8.4-1-ci bəndinə əsasən, Ailə Məcəlləsinin 110.2-ci maddəsinə əsasən alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. İstinad edilən maddənin tələbindən göründüyü kimi məhkəmələr sabit pul məbləğində aliment təyin edərkən onun miqdarını ölkə üzrə minimum əmək haqqı məbləğinin müvafiq misli həddində müəyyən etməlidirlər (məsələn, Məhkəmə 2024-cü ildə bir uşağın saxlanmasına görə alimentin tutulması barədə iddiaya baxarkən alimenti 255 manat həddində müəyyən etmək istəyirsə, həmin il üzrə minimum əmək haqqı məbləğinin 0,74 mislində (345 x 0,74 = 255 manat) alimentin tutulması barədə qətnamə qəbul etməklə, qətnamənin nəticə hissəsini “xx.xx.xxxx tarixindən başlayaraq yetkinlik yaşına çatmayan A-nın saxlanılması üçün B-dən C-nin xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,74 misli həddində sabit pul məbləğində aliment tutulsun” məzmununda ifadə etməlidir). 8.4-2-ci bəndinə əsasən, nəzərə alınmalıdır ki, Ailə Məcəlləsinin 110.1-ci maddəsinə əsasən bu Qərarın 8.4-1-ci bəndində göstərilən qaydada tutulan alimentin indeksasiyası ölkə üzrə müəyyən edilən minimum əmək haqqı məbləğinin artımına mütənasib olaraq alimentin tutulmasını həyata keçirən təşkilatın müdiriyyəti (borclunun rəsmi iş yerinin olduğu halda işəgötürən, rəsmi iş yerinin olmadığı halda isə icra qurumunun rəhbəri) tərəfindən müəyyən edilməlidir. Qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində sabit pul məbləğində tutulan alimentin konkret məbləğlə ifadə edildiyi hallarda, indeksasiya maraqlı tərəfin ərizəsi əsasında icraya nəzarət edən məhkəmə tərəfindən MPM-in 232-ci maddəsində nəzərdə tutulmuş qaydada qərardadın qəbul edilməsi yolu ilə həyata keçirilməlidir. Qərardad qəbul edilərkən indeksasiyanın bu Qərarın 8.4-1-ci bəndində göstərilən qaydada aparılmalı olması, habelə qanunvericilikdə alimentin indeksasiyasının yeganə meyar kimi ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqı məbləğinin artımı ilə şərtləndirildiyi nəzərə alınmalıdır (məsələn, 2019-cu ildə qəbul edilmiş qətnamə ilə bir uşağın saxlanılması üçün 125 manat sabit pul məbləğində alimentin tutulması qət edilibsə, məhkəmə 2024-cü ildə indeksasiyanı həyata keçirən zaman qüvvədə olan qətnamə ilə tutulmuş alimentin miqdarının 2019-cu il üzrə müəyyən edilmiş 250 manat məbləğində minimum əmək haqqının 0,5 mislini təşkil etdiyini nəzərə alaraq, qərardadın nəticə hissəsində tutulan alimentin məbləğinin ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,5 misli həddində indeksasiya olunması şəklində göstərməlidir).
11. Məhkəmə qeyd olunan qanunvericilik normalarının tələbinin hazırki işin faktiki hallarına tətbiqi baxımından hesab edir ki, tələbkar ilə borclunun birgə nikahlarından anadan olmuş uşaqların saxlanması üçün borcludan sabit məbləğdə alimentin tutularaq tələbkara verilməsinə dair məhkəmə qətnaməsi ilə müəyyən edilmiş aliment məbləğinin ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının müvafiq misli həddində indeksasiya olunmasının tələb edilməsi qanuna uyğundur.
12. Belə ki, iş materiallarından görünür ki, Xəzər Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsi əsasında borcludan hər ay hər uşaq üçün 75 manat olmaqla, cəmi 150 manat sabit pul məbləğində aliment tutulmuşdur. Qətnamənin qəbul edildiyi 2022-ci il üçün ölkə üzrə minimum əmək haqqı məbləği 300 (üç yüz) manat təşkil etmişdir. Yuxarıda qeyd edilən hüquqi mövqeyə əsasən, qüvvədə olan qətnamə ilə tutulmuş alimentin miqdarının 2022-ci il üzrə müəyyən edilmiş minimum əmək haqqının bir uşaq üçün (75:300) 0,25 misli, cəmi (150:300) 0,5 mislini təşkil etdiyini nəzərə alaraq məhkəmə hesab edir ki, tutulan alimentin məbləği ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının müvafiq misli (hər uşaq üçün 0,25 misli olmaqla, ümumilikdə 0,5 misli) həddində indeksasiya olunmalıdır.
13. Məhkəmə həmçinin hesab edir ki, alimentin indeksasiya edilmiş məbləğdə tutulması hazırki ərizə ilə məhkəməyə müraciət edildiyi gündən (xx.xx.2025-ci il tarixdən) hesablanmalıdır. Belə ki, Ailə Məcəlləsinin 100.2-ci bəndinə əsasən, aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Ali Məhkəmənin Plenumunun yuxarıda qeyd olunan qərarının 8.11-1-ci bəndinə əsasən də, alimentin məhkəməyə müraciət edildiyi vaxtdan tutulmasına dair Ailə Məcəlləsinin 100.2-ci maddəsində nəzərdə tutulmuş qayda həmin Məcəllənin 112-ci maddəsinə əsasən artırılmış aliment məbləğinin tutulmasına da şamil edilir. Məhkəmə hesab edir ki, eyni hüquqi mövqe analoji olaraq alimentin indeksasiya edilmiş məbləğdə tutulmasına da şamil edilməlidir.
14. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq məcmu halında hüquqi qiymət verərək hesab edir ki, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(003)-195/2022 saylı qətnaməsi ilə 13 dekabr 2007ci il təvəllüdlü X1 və 23 fevral 2012-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün hər ay sabit pul məbləğində tutulan aliment məbləği sonrakı artımlar nəzərə alınmaqla, hər ay hər uşaq üçün ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,25 misli olmaqla, cəmi 0,5 misli həddində indeksasiya olunmalı, alimentin indeksasiya edilmiş məbləğdə tutulması ərizənin verildiyi xx.xx.2025-ci il tarixdən hesablanmalıdır. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 232-ci maddəsini rəhbər tutaraq, məhkəmə
Qərara aldı
Ərizə təmin edilsin. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(003)-195/2022 saylı qətnaməsi ilə 13 dekabr 2007-ci il təvəllüdlü X1 və 23 fevral 2012-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanmaları üçün tutulan alimentin məbləği sonrakı artımlar nəzərə alınmaqla, hər ay hər uşaq üçün ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqını 0,25 misli olmaqla, cəmi 0,5 misli həddində indeksasiya olunsun. Alimentin indeksasiya edilmiş məbləğdə tutulması ərizənin məhkəməyə verildiyi xx.xx.2025-ci il tarixdən hesablansın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində (Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə şikayət verilə bilər.
Sədrlik edən Natiq Əsgərov