Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(003)-215/2023 08.09.2023 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ X2 İlham oğlunun sədrliyi, Qasımova Leyla Nurəddin qızının katibliyi, Tələbkar iştirakı ilə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-610/2023 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədinin icrasının təmin edilməsi məqsədilə Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına dair Xəzər rayon icra şöbəsinin icra məmuru X1 tərəfindən verilmiş təqdimata məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Bakı şəhəri Xəzər rayon icra şöbəsinin icra məmuru X1 təqdimatla məhkəməyə müraciət edərək, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-610/2023 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədi üzrə Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, xx.xx.2023-cü il tarixli qərarla icraata başladığı Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-610/2023 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən Borclu 15135 manat məbləğində pul vəsaiti və dövlət rüsumu tutularaq Tələbkar xeyrinə ödənilməlidir. İcraata başlamaq haqqında qərar qəbul edilərək, qərarın surəti bildirişlə icra sənədi üzrə borclu X4 göndərilmiş, icra sənədində olan tələbi könüllü təmin edilməsi üçün 10 gün müddət müəyyən edilmişdir. Lakin, bu müddət ərzində borclu tərəfindən icra sənədində olan tələb könüllü təmin edilmədiyi üçün tərəfindən borclunun əmlak vəziyyətini yoxlamaq üçün aidiyyəti təşkilatlara sorğular göndərilmişdir. Həmin tarixdən bu vaxta kimi icra sənədinin icrası tam şəkildə təmin olunmamışdır. İcra sənədinin icrasını təmin etmək məqsədilə, borclunun ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmalıdır. Göstərilənlərə əsasən və “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 84-1-ci maddəsini rəhbər tutaraq, Borclu nun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qərar qəbul edilməsi məsələsinə baxılması xahiş olunmuşdur. Məhkəmə iclasında Tələbkar izahatında bildirdi ki, borclu tərəfindən icra sənədi üzrə müəyyən məbləğdə ödənişlər aparılmış, lakin qalıq qalmış borcu hal-hazıradək qaytarmamışdır. Ona görə də təqdimatın təmin edilməsini məhkəmədən xahiş etdi. Bakı şəhəri Xəzər rayon İcra şöbəsi və borclu təqdimata baxılması üçün təyin edilmiş məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılsalar da, Bakı şəhəri Xəzər rayon İcra şöbəsinin nümayəndəsi və borclu gəlməmişlər. Məhkəmə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 231.2-ci maddəsinə əsasən onların iştirakı olmadan təqdimata baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, işdə iştirak edən şəxsin dinləyib, təqdimatı və ona əlavə edilmiş sənədləri araşdırıb hesab edir ki, təqdimat təmin edilməlidir. İş materiallarında olan Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-610/2023 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən Borclu 15000 manat məbləğində borc və 135 manat dövlət rüsumu alınaraq Tələbkar verilməlidir. İş materiallarından görünür ki, qeyd olunan icra sənədi üzrə tələbin könüllü icrası haqqında bildiriş və icra sənədi üzrə icraata başlamaq haqqında qərar Borclu göndərilmiş, Xəzər rayon icra şöbəsi tərəfindən borclunun əmlak vəziyyətinin yoxlanılması məqsədi ilə aidiyyəti qurumlara (banklara) sorğular verilmiş, borclunun manatla və xarici valyuta ilə, o cümlədən banklarda və digər kredit təşkilatlarında olan pul vəsaitlərinin olmaması müəyyən edilmişdir. Eyni zamanda mülkiyyət hüquqi ilə ona məxsus hər hansı bir əmlakın olması aşkar edilməmişdir. Həmçinin borclu barəsində axtarış haqqında qərar qəbul edilmişdir. İş materiallarında olan Xəzər rayon Polis İdarəsinin 2-ci Polis şöbəsinin xx.xx.2023cü il tarixli məktubundan görünür ki, Borclu saxlanılaraq icra şöbəsinə təqdim edilmişdir. İş materiallarında olan Borclu xx.xx.2023-cü il tarixli izahatının surətindən görünür ki, o, izahatında Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-610/2023 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədi ilə bağlı məlumatının olduğunu, 4000 manatadək ödəniş etdiyini, qalıq qalmış borcun hissə-hissə ödəyəcəyini bildirmişdir. İş materiallarında olan MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokolun surətindən görünür ki, Borclu tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. İş materiallarında olan Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 3(003)-2113/2023 saylı xx.xx.2023 saylı qərarına əsasən Borclu Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 500 manat məbləğində cərimə növündə inzibati tənbeh tətbiq edilməsi qərara alınmışdır. İşdə olan xx.xx.2023-cü il tarixli aktın surətindən görünür ki, icra məmuru, hal şahidlərinin iştirakı ilə borclunun icra sənədində göstərilən ünvanına baxış keçirilən zaman onun həmin ünvanda tapmaq mümkün olmadığından tələbin yönəldilə biləcək borcluya məxsus hər hansı bir əmlakın müəyyən edilməsi mümkün olmamışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Kollegiyasının 2013-cü il 22 aprel tarixli 2- N nömrəli Qərarı ilə təsdiq edilmiş “Şəxsin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasının icra xidməti tərəfindən tətbiqi qaydaları haqqında Təlimat”ın 2.2-ci bəndinə əsasən borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması zərurəti yarandıqda icra məmuru təqdimatla məhkəməyə müraciət etməzdən əvvəl icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi səbəblərini müəyyənləşdirir, borcun ödənilməsi tələbinə dair icra sənədlərinin icrası zamanı borclunun əmlakının axtarılması üçün bütün tədbirləri həyata keçirir, o cümlədən onun yaşadığı mənzildə tələbin yönəldilə biləcəyi əmlakların olub-olmamasını yoxlayır. İşin hallarından göründüyü kimi, qanunvericiliyin tələblərinə əsasən icra məmuru borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə təqdimatla məhkəməyə müraciət etməzdən əvvəl borclunun əmlakının axtarılması üçün bütün tədbirləri həyata keçirmişdir. Bütün bu tədbirlər nəticə vermədiyindən təqdimatla məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinə əsasən məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. «İcra haqqında» Azərbaycan Respublikası Qanunun 3-cü maddəsinə əsasən məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar məhkəmə icraçılarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. «İcra haqqında» Azərbaycan Respublikası Qanunun 84-1.1-ci maddəsinə əsasən məhkəmə qərarları, əmrləri və vergi orqanlarının pul tələblərinin ödənilməsi ilə bağlı inzibati aktları əsasında verilmiş icra sənədləri könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, borclunun ölkədən getmək hüququ icra məmurunun əsaslandırılmış təqdimatı əsasında məhkəmənin qərarı ilə müvəqqəti məhdudlaşdırıla bilər. Həmin Qanunun 84-1.2-ci maddəsinə əsasən borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına səbəb olmuş əsaslar aradan qalxdıqdan sonra icra məmuru həmin məhdudlaşdırmanın götürülməsi barədə icra qurumunun rəhbəri tərəfindən təsdiq olunan qərar qəbul edir. Həmin qərar dərhal borcluya, tələbkara, məhkəməyə və müvafiq icra hakimiyyəti orqanına göndərilir. Məhkəmə, həmçinin qeyd etməyi zəruri hesab edir ki, hüquq subyektləri öz hüquq və vəzifələrini həyata keçirərkən vicdanlılığın tələb etdiyi tərzdə hərəkət etmək öhdəliyi daşıyırlar. Buna görə, ilk növbədə borclu, yəni icra sənədinə əsasən müəyyən hərəkətlər etməli olan şəxs vicdanlılıq prinsipinə riayət etməli, öz hərəkətləri ilə şüurlu şəkildə tələbkarın həddən artıq əlverişsiz vəziyyətə düşməsinə şərait yaratmamalıdır. Məhkəmə qanunvericiliyin qeyd olunan müddəalarına və işin faktiki hallarına əsaslanaraq hesab edir ki, icra sənədləri üzrə tələbin könüllü icrası üçün müəyyən olunmuş müddətdə borcun ödənilməməsini və icra sənədlərinin icraya yönəldiyi vaxtdan keçən müddət ərzində məhkəmə aktının icra edilməməsi ilə bağlı xüsusatları, borclunun ölkədən getməsi halında icra sənədinin icrasına maneələr yarana biləcəyini, bunun isə öz növbəsində icra sənədlərinin icrasının mümkünsüz olması və ya uzun müddət icrasız qalması ilə nəticələnə biləcəyini nəzərə almaqla icra sənədlərinin icrasını təmin etmək məqsədi ilə Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə təqdimat təmin edilməlidir. Göstərilənlərə əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsini 263- 264-cü və 266-268-ci maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı: Təqdimat təmin edilsin. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-610/2023 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədi üzrə borclu – xx.xx.1967-ci ildə Bakı şəhərində doğulmuş Borclu ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılsın. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə (elektron kabinet vasitəsilə) şikayət verilə bilər. Sədrlik edən İlham Cəfərzadə
Məhkəmə qərarları › İş №8(003)-215/2023
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərardad — İş №8(003)-215/2023
08.09.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver