Məhkəmə qərarları › İş №8(003)-23/2023

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərardad — İş №8(003)-23/2023

02.02.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(003)-23/2023 02.02.2023 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Rüstəmov Emin Şahin oğlunun sədrliyi, Şükürlü Murad Şahin oğlunun katibliyi ilə Bakı şəhəri Xəzər rayon İcra Şöbəsinin Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə təqdimatına açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: Bakı şəhəri Xəzər rayon İcra Şöbəsinin icra məmuru Elvin Fərzəliyev – Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə təqdimatla məhkəməyə müraciət etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Xəzər rayon İcra şöbəsinin icraatında olan Xəzər Rayon Məhkəməsinin 2(003)-1858/2014 saylı, xx.xx.2014-cü il tarixli icra vərəqəsinə əsasən Borclu 15610,97 ABŞ dolları borc və 30 manat dövlət rüsumu tutularaq "xxxx" ASC-nin xeyrinə ödənilməlidir. İcra sənədi xx.xx.2014-cü il tarixdə Xəzər rayon İcra Şöbəsinə daxil olmuş və qanuna müvafiq qaydada icraya yönəldilmişdir. İcraata başlamaq haqqında qərar qəbul edilərək qərarın surəti bildirişlə birgə Borclu göndərilmiş, icra sənədində olan tələbin könüllü təmin edilməsi üçün 10 gün müddət müəyyən edilmişdir. Lakin bu müddət ərzində borclu tərəfindən icra sənədində olan tələb könüllü icra edilmədiyi üçün aidiyyatı təşkilatlara sorğular göndərilmişdir. Həmin tarixdən bu vaxta kimi icra sənədinin icrası tam şəkildə təmin olunmamışdır. Bakı şəhəri Xəzər rayon İcra Şöbəsi və işdə iştirak etmiş şəxslər təqdimata baxılması üçün təyin edilmiş məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilməklə məhkəmə iclasına çağırılmışlar. Lakin onlar məhkəmə iclasına gəlməmişlər. Bakı şəhəri Xəzər rayon İcra Şöbəsinin nümayəndəsinin və işdə iştirak etmiş şəxslərin məhkəmə iclasına gəlməmələri məhkəmə qarşısında qoyulmuş məsələnin həll edilməsinə mane olmadığından, Azərbaycan Respublikası MPM-nin 231.2-ci maddəsinə əsasən məhkəmə təqdimata onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə təqdimatın dəlillərini araşdıraraq hesab edir ki, təqdimat təmin edilməlidir. İş materiallarına əlavə edilmiş Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)- 1858/2014 saylı, xx.xx.2014-cü il tarixli icra vərəqəsindən müəyyən olunur ki, 14488,68 ABŞ dolları məbləğində əsas borc, 989,66 ABŞ dolları məbləğində faiz borcu, 132,63 ABŞ dolları məbləğində penya olmaqla, cəmi 15610,97 ABŞ dolları məbləğində borc və 30 manat dövlət rüsumu cavabdeh Borclu tutularaq "xxxx" ASC-nin xeyrinə ödənilməlidir. Xəzər rayon İcra şöbəsinin icra məmuru Teymur Bayramovun xx.xx.2014-cü il tarixli qərarından müəyyən olunur ki, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-1858/2014 saylı, xx.xx.2014-cü il tarixli icra sənədi üzrə icra icraatına başlanılaraq Borclu dərhal icra sənədini icra etməsi təklif olunmuşdur. Xəzər rayon İcra şöbəsinin icra məmuru tərəfindən verilmiş bildirişdən aydın olur ki, Borclu tələbin könüllü icrası üçün 10 gün müddət təyin olunmuş və könüllü icra etməyəcəyi təqdirdə məcburi qaydada icra hərəkətlərinin həyata keçiriləcəyi barədə xəbərdar edilmişdir. Borclu tərəfindən verilmiş izahatdan məlum olur ki, sonuncu icra sənədi ilə bağlı verilmiş bildiriş və xəbərdarlıqla tanış olmuşdur. Məhkəmə qeyd edir ki, Avropa Məhkəməsinin bir sıra qərarlarında göstərilmişdir ki, hərəkət azadlığı hüququnu məhdudlaşdıran hər hansı tədbir qanuna uyğun olmalı, Konvensiyaya dair 4 saylı Protokolun 2-ci maddəsinin 3-cü bəndində qeyd edilən legitim məqsədlərdən birini güdməli, demokratik cəmiyyətdə zəruri olmalı, yəni mütənasiblik meyarına cavab verməlidir (Battista İtaliyaya qarşı iş üzrə 2 dekabr 2014-cü il tarixli, § 37; Stamose Bolqarıstana qarşı iş üzrə 27 noyabr 2012-ci il tarixli, § 30; Bartik Rusiyaya qarşı iş üzrə 21 dekabr 2006-cı il tarixli, § 46 Qərarlar). Təqdimata əlavə olunan və icra işində olan sənədlərdən görünür ki, Bakı şəhəri Xəzər rayon İcra şöbəsinin icra məmuru xx.xx.2014-cü il tarixdə icraata başlamaq haqqında qərar qəbul etmiş və tələbin 10 gün müddətində könüllü icrası barədə borcluya bildiriş göndərmişdir. Lakin, Borclu icra sənədini könüllü icra etməmiş, onu icra etməkdən üzrsüz səbəbdən yayınmışdır. Bu günə kimi onun tərəfindən icra sənədi üzrsüz səbəbdən icra edilməmişdir. Belə ki, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 84-1.1-ci maddəsinə görə, məhkəmə qərarları əsasında verilmiş icra sənədləri könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, borclunun ölkədən getmək hüququ icra məmurunun əsaslandırılmış təqdimatı əsasında məhkəmənin qərarı ilə müvəqqəti məhdudlaşdırıla bilər. Təqdimata əlavə olunan sənədlərdən müəyyən edilir ki, icra sənədi Bakı şəhəri Xəzər rayon İcra Şöbəsinə daxil olduqdan sonra icra məmuru tərəfindən “İcra haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə müvafiq zəruri tədbirlər həyata keçirilmişdir. Tələbin könüllü icra edilməsi üçün müəyyən edilən vaxtda borclu tələbi könüllü icra etməkdən yayınmışdır. Azərbaycan Respublikası MPM-nin 231.3-cü maddəsinə əsasən, icra üzrə icraatın dayandırılması məsələləri, habelə borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması icra məmurunun təqdimatına əsasən həll edilir. Borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması məsələsinə icra məmurunun olduğu yer üzrə məhkəmə tərəfindən baxılır. İcra üzrə icraatın dayandırılması, habelə borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında təqdimatlara bu Məcəllənin 231.2-ci maddəsi ilə nəzərdə tutulmuş qaydada baxılır. Göründüyü kimi məhkəmə icra məmurunun əsaslandırılmış təqdimatı əsasında icra sənədi üzrə borclunun ölkədən getmək hüququnu müvəqqəti məhdudlaşdıra bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi X1 (X2) şikayəti üzrə bəzi normativ hüquqi aktların Azərbaycan Respublikasının Konstitusiyasına uyğunluğunun yoxlanılmasına dair xx.xx.2017-ci il tarixli Qərarında qeyd etmişdir ki, qanunverici məhz mütənasiblik prinsipi baxımından yalnız icra sənədi könüllü icra üçün müəyyən olunmuş vaxtda və üzrsüz səbəbdən icra edilmədikdə, borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasının mümkünlüyünü müəyyən etmişdir. Nəzərə almaq lazımdır ki, adıçəkilən tədbir borclunun cəzalandırılması vasitəsi deyil, onun tərəfindən məhkəmə qərarı ilə müəyyən olunmuş öhdəliklərin yerinə yetirilməsinə xidmət edir. Təqdimata məhkəmə baxışı zamanı borclunun icra sənədini könüllü icra etməməsi müəyyən olunduğundan məhkəmə borclunun ölkədən getmək hüququnun icra sənədi üzrə yaranmış borc ödənilənədək müvəqqəti məhdudlaşdırılmasını mümkün hesab edir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 263-264-cü və 266- 268-ci maddələrini rəhbər tutaraq məhkəmə qəraraaldı: Bakı şəhəri Xəzər rayon İcra şöbəsinin – Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə təqdimatı təmin edilsin. Qərardaddan 10 (on) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Emin Rüstəmov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar