Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(003)-231/2023 02.10.2023 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Cəfərzadə İlham Nizami oğlunun sədrliyi, Qasımova Leyla Nurəddin qızının katibliyi, X2 nümayəndəsi və vəkili X4 iştirakı ilə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(003)-2049/2019 saylı icra sənədi üzrə borclu X12 tərəfindən Bakı şəhəri Xəzər rayon İcra şöbəsinin icra məmuru Elvin Fərzəliyevin hərəkətlərindən verilmiş şikayətə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(003)-2049/2019 saylı icra sənədinə əsasən xx.xx.2019-cu il tarixdən başlayaraq cavabdeh X5 xx.xx.2012-ci il təvəllüdlü X6 və xx.xx.2014-cü il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün əmək haqqının və əlavə gəlirlərinin 1/3 hissəsində alimentin tutularaq iddiaçı Tələbkar xeyrinə ödənilməlidir. Cavabdeh X5 30 manat dövlət rüsumu alınaraq Azərbaycan Respublikasının Dövlət büdcəsinə köçürülməlidir. Hazırda borclu X12 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək icra məmurunun qanunsuz hərəkətlərinə son qoyulması, işlədiyi təşkilata ünvanlanmış bütün icra tədbirlərinin ləğv olunması, məhkəmə işi üzrə məsələyə yekun qiymət verilənək icra tədbirlərinin dayandırılması haqda tədbir görülməsini xahiş etmişdir. Şikayətini onunla əsaslandırmışdır ki, Xəzər Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(003)-2049/2019 saylı qətnaməsi ilə iddiaçı Tələbkar cavabdeh X9 qarşı iddia ərizəsi ilə Bakı Şəhər Xəzər Rayon məhkəməsinə müraciət edərək xx.xx.2012 -ci il təvəllüdlü X10 və xx.xx.2014-cü il təvəllüdlü X1 üçün cavabdehdən əmək haqqının (əlavə gəlirlərinin) 1/3 hissəsi miqdarında aliment tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia təmin edilərək xx.xx.2019-cu il tarixdən X5 xx.xx.2012-ci il təvəllüdlü X6 və xx.xx.2014-cü il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün əmək haqqının və əlavə gəlirlərinin 1/3 hissəsində alimentin tutularaq iddiaçı Tələbkar ödənilməsi, cavabdehdən 30 manat dövlət rüsumunun alınaraq dövlət büdcəsinə köçürülməsi qət edilmişdir. Qeyd olunan qətnamənin mövcudluğundan Tələbkar Qaradağ Rayon Məhkəməsinə müraciət edərək aralarında bağlanmış nikahın pozulması, uşaqların ananın himayəsində saxlanması barədə məhkəməyə müraciət edildiyi vaxtdan başlayaraq uşaqların yetkinlik yaşına çatanadək əmək haqqım və əlavə gəlirlərdən 1/3 hissədə aliment tutulması və s. tələblərin təmin olunmasını dair iddia tələbləri ilə bağlı-alimentin müvəqqəti tutulmasına dair işin gedişində xəbərdar olmuşdur. Belə ki, Qaradağ Rayon Məhkəməsinin e- 16(002)24/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı ilə alimentin müvəqqəti tutulmasına dair ərizə qismən təmin edilmiş və iş üzrə yekun məhkəmə aktı çıxarılanadək ondan övladlarının saxlanması üçün hər uşağa görə 150 manat olmaqla cəmi 300 manat məbləğində müvəqqəti alimentin tutularaq iddiaçıya ödənilməsi qərara alınmışdır. Məhkəmənin sonrakı iclaslarında işin araşdırılması zamanı Tələbkar bildirmişdir ki, ona qarşı əvvəllər də aliment tələbi ilə bağlı iddiası olmuş və bu barədə məhkəmə qətnaməsi vardır. Bundan sonra Qaradağ Rayon Məhkəməsinin xx.xx.2023cü il tarixli qərardadı ilə qeyd olunan müvəqqəti təminat tədbiri barədə qərardad ləğv olunmuşdur. O Tələbkar bu izahatından sarsıntı keçirmişdir. Belə ki, bu illər ərzində onlar çox mehriban ailə olaraq bir yerdə yaşamışlar, ailənin, uşaqların bütün maddi ehtiyaclarının ödənilməsi, ailəsinin saxlanması, ailə başçısı olaraq bütünlüklə onun üzərində olmuşdur. Övladları, ailəsi üçün mümkün qədər qayğısız, firavan həyat yaratmışdır. Xəzər rayon icra və Probasiya şöbəsinə gələrək həqiqətən də haqqında belə bir qətnamə çıxarılmasından xəbərdar olmuşdur. Bundan sonra Xəzər rayon məhkəməsinə müraciət edərək qətnamənin ona rəsmi təqdim olunmasını xahiş etmişdir. Qətnamə ona xx.xx.2023-cü il tarixdə Xəzər rayon məhkəməsində rəsmi təqdim olunmuşdur. Həmin qətnamədən apellyasiya şikayəti verilmişdir. Hal-hazırki şikayəti Xəzər rayon icra və Probasiya şöbəsinin icra məmuru Elvin Fərzəliyevinqanunsuz hərəkətlərindəndir. Belə ki, icra şöbəsində olarkən ona təqdim olunmuş xx.xx.2019-cu il tarixli ərizədən məlum olmuşdur ki, iddiaçı Tələbkar xx.xx.2019-cu il tarixdə icra şöbəsinə ərizə yazaraq heç bir icra tədbirlərinin görülməməsini, aliment tutulması üçün iş yerinə heç bir sənəd göndərilməməsini xahiş etmişdir. Bildirir ki, ona məlum olmayan xx.xx.2023-cü il tarixədək aliment tutulmasına görə onun iş yerinə icra və probasiya şöbəsindən heç bir sənəd daxil olmamış, onun əmək haqqısından və ya ona hesablanan əlavələrdən ümumiyyətlə heç bir halda alimentə görə tutulmalar olmamışdır(iş yerindən arayış əlavə olunur). Həmçinin Tələbkar ilə aralarında bağlanmış xx.xx.2023-cü il tarixli Sazişə görə Tələbkar hər iki övladlarına görə aliment tələbindən imtina etmişdir (əlavə olunur). Bu barədə icra şöbəsinə ərizə ünvanlanmışdır. Lakin xx.xx.2023-cü il tarixdə isə ona məlum olmuşdur ki, Xəzər rayon İcra və probasiya şöbəsi tərəfindən işlədiyi idarəyə 108/2 21F saylı xx.xx.2023-cü il tarixlə icra tədbirlərinin görülməsi barədə məktub ünvanlanmışdır. Həmin məktubda onun hər ay əmək haqqısının 1/3 hissəsi məbləğində borc qurtarana qədər 70%-i miqdarında aliment ödənilməsi bildirilmişdir. Bildirir ki, tələbkarın iş materiallarında icra tədbirləri görülməməsi üçün xx.xx.2019-cu il tarixli ərizəsi var, əks halda icra məmuru icra tədbirləri görmək üçün 5 ilə yaxın bir müddəti gözləməzdi. Həmçinin o, qətnamədən apellyasiya şikayəti vermiş, xx.xx.2023-cü il tarixli Sazişə görə Tələbkar hər iki övladlarına görə aliment tələbindən imtina etmişdir. Belə olan halda hansı əsaslarla ondan aliment tutulmalı üstəlik də əmək haqqının 70%-i hesablanması qərrara alınmışdır. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 7, 10, 24 və 26-cı maddələrinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin bəzi müddəaları baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 02 sentyabr 2015-ci il tarixli Qərarında formalaşdırılmış hüquqi mövqeyə əsasən, məhkəmə müdafiəsi hüququ bir tərəfdən hər kəsin pozulmuş hüquqlarının və azadlıqlarının bərpası məqsədilə məhkəməyə müraciət etmək hüququnu, digər tərəfdən isə məhkəmələrin həmin müraciətlərə ağlabatan müddətdə baxmaq və ədalətli qərar qəbul edərək, onların vaxtında icra edilməsinə nəzarət etmək vəzifəsini müəyyən edir. İcra haqqında qanunun 17.1.-ci maddəsində sənədi üzrə icraat məcburi olaraq dayandırılmasının bir sıra halları müəyyən edilmişdir ki, onlardan biri də 17.1.10. tələbkarın müvafiq xahişi olduqda halıdır. Göründüyü kimi iş materiallarında Tələbkar xx.xx.2019-cu il tarixli ərizəsi mövcuddur. Həmin ərizə ilə tələbkar icra şöbəsinə ərizə yazaraq xahiş edir ki, heç bir məcburi icra tədbirləri görülməsin, aliment tutulması üçün iş yerinə heç bir sənəd göndərilməsin. Qeyd etdiyi kimi bu illər ərzində də onun iş yerinə alimentlə bağlı heç bir vaxt icra tədbirlərinin görülməsinə dair icra sənədi və s. göndərilməmişdir. Göründüyü kimi əvvəla onun belə bir qətnamənin mövcudluğundan xəbərim olmamış. Sonradan iddiaçı-tələbkar xx.xx.2019-cu ildə bütün icra tədbilərinin dayandırılmasını xahiş etmiş, bu illər ərizndə onun işlədiyi təşkilata heç bir icra sənədi göndərilməmişdir. Bütün bu dövr ərzində isə (2023-cü ilin əvvəllərinədək) onlar iddiaçıtələbkarla bir ailə, bir ocaq olaraq övladları ilə birgə yaşamışlar. Ailənin bütün məsuliyyəti valideyn olaraq onun üzərində olmaqla bütün maddi ehtiyaclarını, zəruri xərclər onun tərəfindən ödənilmişdir. Bu illər ərzində o cümlədən 2019-2022-ci illərdə evə aldıqları məişət əşyalarının alınmasına dair çoxsaylı sənədlərdən də görünür ki, əşyaların çatdırılması ünvanı yaşadıqları Buzovna, Şağan qəsəbəsi, Təzə sahə, Nüsrət Məmmədov (ünvan 2 ünvanı, əlaqə nömrələri olaraq iddiaçı birgə yaşadıqları evin ev telefon nömrələrini **********, öz nömrəsi ilə yanaşı onun istifadəsində olan ********** mobil nömrəsini göstərmişdir (əlavə olunur). Əslində xırda görünən bu halın özü belə bunu təsdiq edir ki, onlar bir evdə yaşayıb, birgə təsərrüfat aparmasaydılar, bir ailə olmasaydılar, iddiaçı bu əşyaları niyə onun evinə gətirirdi. Əgər o ailəsi, uşaqları ilə maraqlanmırdırsa, uşaqlarına baxmırdırsa necə ola bilər ki, evə bu qədər məişət əşyaları almışlar. Yəni o bütün bunlardan xəbərsiz olduğu halda ondan dayandırılmış icraat üzrə aliment tutulması, üstəlik 70% miqdarında hesablanması onun vətəndaş olaraq hüquqlarının kobud surətdə pozulması deməkdir. Ərizəyə baxılması zamanı X2 nümayəndəsi və vəkili X4 şikayətin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(003)-2049/2019 saylı icra sənədinin icra olunması ilə bağlı Xəzər rayon İcra şöbəsinin icra məmuru E.Fərzəliyevin hərəkətlərinin qanunsuz hesab edilməsi, həmin icra sənədi üzrə başlanmış və 108/2 21F saylı xx.xx.2023-cü il tarixli məktubla icra olunması üçün işlədiyi təşkilata ünvanlanmış icra tədbirlərinin ləğv olunması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Ərizəni onunla əsaslandırmışdır ki, tələbkarın işin materiallarında icra tədbirləri görülməməsi üçün xx.xx.2019-cu il tarixli ərizəsi var, əks halda icra məmuru icra tədbirləri görmək üçün 5 ilə yaxın bir müddəti gözləməzdi. Bundan başqa hətta hesab edilsə ki, tələbkarın belə bir ərizəsi yoxdur, o zaman - bu illər ərzində icra şöbəsi tərəfindən heç bir icra tədbiri görülmürsə, ona məlumat verilmirsə, rəsmi iş yeri olduğu halda iş yerinə heç vaxt icra sənədi göndərilmirsə, nəhayətdə qanunvericildə icra şöbəsi tərəfindən icra tədbirlərinin görülməsi üçün tələb olunan vəzifələr yerinə yetirilmirsə hansı əsaslarla birdən birə ondan ötən 36 ayın borcu tələb olunur. Məhkəmə iclasında X2 nümayəndəsi və vəkili X11 şikayəti müdafiə edərək, şikayət ərizəsinin və şikayətin dədiqləşdirilməsinə dair ərizənin məzmununa oxşar izahat veri. Şikayətə baxılması ilə əlaqədar təyin edilmiş məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, Bakı şəhəri Xəzər rayon icra şöbəsinin nümayəndəsi və tələbkar məhkəmə iclasına gəlməmişlər. Məhkəmə, şikayətə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, işdə iştirak edən şəxsi dinləyib, şikayəti və icra işini nəzərdən keçirərək hesab edir ki, şikayət qismən təmin olunmalıdır. Belə ki, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(003)- 2049/2019 saylı icra sənədi əsasında Xəzər rayon İcra şöbəsinin icraatında olan icra işindən görünür ki: -icra sənədi hazırda icra məmuru Elvin Fərzəliyevin icraatındadır. -xx.xx.2019-cu il tarixdə Tələbkar ərizə ilə icra şöbəsinə müraciət edərək borclu Fariz Nağıyevlə aralarında razılığa gələrək barışdığını bildirmiş və onun barəsində heç bir məcburi icra tədbirlərinin tətbiq edilməməsi və əmək haqqına göndərilməməsini xahiş etmişdir. -xx.xx.2023-cü il tarixdə Tələbkar icra şöbəsinə ərizə ilə müraciət edərək icra sənədinin icra edilməməsini bildirmiş və bu barədə köməklik edilməsini xahiş etmişdir. -xx.xx.2023-cü il tarixdə icra şöbəsinə daxil olmuş borclu Fariz Nağıyevin ərizəsindən görünür ki, o, həmin ərizədə icra sənədi ilə bağlı 2023-cü ilin yanvar ayına kimi xəbərinin olmadığını və iş yerinə bir sənədin göndərilmədiyini bildirmişdir. Eyni zaman o, həmin ərizədə tələkbar ilə onun arasında saziş bağlandığını və həmin sazişə əsasən tələbkarın aliment tələbindən imtina etdiyini bildirmişdir. -xx.xx.2023-cü il tarixdə Xəzər rayon İcra şöbəsi tərəfindən 10812 / 21F nömrəli məktubla “Azneft” İstehsalat Birliyi 1 saylı İxtisaslaşdırılmış Neft-Mədən Xüsusi Texnika İdarəsinin 2 saylı Xüsusi Sahəsinə məktubla müraciət olunaraq Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(003)-2049/2019 saylı icra sənədi üzrə tələbin aliment borcunun 36 ay təşkil edilməsi bildirilməklə, icra sənədinin icrası ilə bağlı X2 hər ay əmək haqqından üçdə biri hissəsi məbləğində aliment borcu qurtarana qədər 70%-i miqdarında, borc bitdikdən sonra hər ay üçdə biri miqdarı məbləğində aliment və 30 manat dövlət rüsumunun tutularaq Tələbkar hesabına ödəməsi üçün baş mühasibə göstəriş verilməsi xahiş olunmuşdur. -xx.xx.2023-cü il tarixdə icra şöbəsinə daxil olmuş borclu Fariz Nağıyevin ərizəsindən görünür ki, o, icra şöbəsinə tələbkarla arasında bağlanmış xx.xx.2023-cü il tarixli ərarvadın ümumi birgə mülkiyyətindəki əmlakın bölünməsinə dair sazişin surətini təqdim edərək tələbkarın iki övladlarına görə aliment tələbindən imtina etdiyini bildirmiş və icra işinə xitam verilməsini və ya məsələyə məhkəmə tərəfindən yekun qiymət verilənədək icra tədbirlərinin görülməməsini xahiş etmişdir. Həmin ərizəyə əlavə edilmiş xx.xx.2023-cü il tarixli ər-arvadın ümumi birgə mülkiyyətindəki əmlakın bölünməsinə dair sazişin 2.6-cı bəndindən görünür ki, Tələbkar hər iki azyaşlı övladları xx.xx.2012-ci il təvəllüdlü X10 və xx.xx.2014-cü il təvəllüdlü X7 yetkinlik yaşına çatanadək aliment tələbindən imtina etmişdir. -xx.xx.2023-cü il tarixdə icra şöbəsinə daxil olmuş borclu Fariz Nağıyevin ərizəsindən görünür ki, o, icra sənədinin verilməsinə əsas olmuş qətnamədən apellyasiya şikayətinin verildiyini, tələbkarın 2019-cu ildə icra şöbəsinə müraciət edərək onunla barışığa gəldiyini bildirməsi və heç bir tədbirlərinin görülməməsinin xahiş etməsi barədə məlumatın olduğunu, aralarında bağlanmış sazişə əsasən tələbkarın alimentdən imtina etdiyini, bununla da əmək haqqının 70%-i miqdarında alimentin tutulmasının əsassız olduğunu bildirmiş və icra işinə xitam verilməsini və ya məsələyə məhkəmə tərəfindən yekun qiymət verilənədək icra tədbirlərinin görülməməsini xahiş etmişdir. -icra məmuru tərəfindən tələbkarın müraciətləri ilə bağlı hər hansı hərəkətlər edilməmişdir. Həmçinin həmin icra işindən görünür ki, icra sənədi üzrə icraata başlamaq haqqında qərarın, tələbin könüllü icra edilməsi barədə bildirişin və ya hər hansı bir məktubun borclu Fariz Nağıyeva rəsmi qaydada göndərilməsi barədə hər hansı bir sənəd (poçt göndərişinə dair məlumat) və ya təqdim edilməsinə dair sənəd mövcud deyil. “İcra haqqında” Azərbaycan Respublikasının Qanununun 1-1-ci maddəsinə əsasən icra qanunvericiliyi qanunun aliliyinin təmin olunması və hamının qanun qarşısında bərabərliyi, obyektivlik, ədalətlilik prinsiplərinə əsaslanır. Həmin Qanunun 8.2-ci maddəsinə əsasən icra məmuru icra sənədini aldığı vaxtdan üç gün müddətində icraata başlamaq haqqında qərar qəbul edir. Həmin qərarda icra məmuru icra sənədində göstərilmiş tələblərin borclu tərəfindən könüllü icrası üçün məhkəmənin qərarında digər icra müddəti müəyyən edilməyibsə, həmçinin bu maddənin üçüncü bəndində müəyyən edilmiş icra müddəti istisna olmaqla, icraata başlanıldığı vaxtdan ən çoxu on gün müddət təyin edir və bu barədə borcluya bildiriş verir. Bildirişdə həmin müddət başa çatdıqdan sonra göstərilən tələblərin məcburi qaydada icra ediləcəyi və bu Qanunla nəzərdə tutulmuş icra ödənişinin və icra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı xərclərin ondan tutulacağı göstərilir. Həmin Qanunun 43.1.2-ci maddəsinə əsasən tələbin borclunun əmək haqqına yönəldilməsi məcburi icra tədbiridir. Həmin Qanunun 44.1-ci maddəsinə əsasən məcburi icra tədbirlərinin tətbiqinin əsasları aşağıdakılardır: -bu Qanunla müəyyən edilmiş qaydada tərtib olunmuş icra sənədinin icra məmuruna təqdim olunması (44.1.1.) -icra məmuru tərəfindən icraata başlamaq haqqında qərarın qəbul edilməsi (44.1.2.) -könüllü icra üçün icra məmuru tərəfindən borcluya verilmiş müddətin keçməsi (44.1.3.) Həmin Qanunun 44.2-ci maddəsinə əsasən bu Qanunun 44.1-ci maddəsində müəyyən edilmiş əsaslardan hər hansı biri olmadıqda məcburi icra tədbirlərinin tətbiqinə yol verilmir. Qeyd olunan qanunvericiliyin tələblərindən görünür ki, tələbin borclunun əmək haqqına yönəldilməsi məcburi icra tədbiri olmaqla həmin tədbirin tətbiq edilməsi üçün müvafiq məcmu şəkildə əsaslar olmalıdır. Həmin əsaslardan hər hansı biri olmadıqda məcburi icra tədbirlərinin tətbiqinə yol verilmir. Həmçinin “İcra haqqında” Azərbaycan Respublikasının Qanununun 63-cü maddəsinə əsasən vaxtaşırı ödəmələrin tutulması haqqında icra sənədləri icra edildikdə, icra sənədində göstərilən tələb üzrə tutulmalı olan məbləğin həcmi bu Qanunun 65-ci maddəsində müəyyən edilmiş miqdardan artıq olmadıqda, tələbin tam ödənilməsi üçün borclunun əmlakı olmadıqda və ya onun əmlakı kifayət etmədikdə tələbin borclunun əmək haqqına və digər gəlirlərinə yönəldilməsinə yol verilir. Həmin Qanunun 65.3-cü maddəsinə əsasən alimentlərin tutulması, sağlamlığa vurulmuş ziyanın ödənilməsi, ailəni dolandıranın itkisi nəticəsində zərər çəkmiş şəxslərə vurulmuş ziyanın ödənilməsi və cinayət nəticəsində vurulmuş ziyanın ödənilməsi zamanı bu Qanunun 65.1-ci və 65.2-ci maddələri ilə müəyyən edilmiş məhdudiyyətlər tətbiq edilmir. Belə hallarda əmək haqqından və ona bərabər sayılan digər gəlirlərdən tutmaların məbləği 70 faizdən çox ola bilməz. Qeyd olunan qanunvericiliyin tələblərinə əsasən məhkəmə hesab edir ki, icra sənədi üzrə yaranmış borcun borclunun əmək haqqına yönəldilməsi əsassız və qanunun tələblərinə uyğun qaydada olmamışdır. Belə ki, işin araşdırılmış hallarından görünür ki, icra sənədi üzrə tələbkar xx.xx.2019cu il tarixdə ərizə ilə icra şöbəsinə müraciət edərək borclu ilə aralarında razılığa gələrək barışdığını bildirmiş və onun barəsində heç bir məcburi icra tədbirlərinin tətbiq edilməməsi və əmək haqqına göndərilməməsini xahiş etmişdir. Tələbkar yalnız xx.xx.2023-cü il tarixdə icra şöbəsinə ərizə ilə müraciət edərək icra sənədinin icra edilməməsini bildirmiş və bu barədə köməklik edilməsini xahiş etmiş, lakin tələbkar həmin ərizədə aliment borcun hansı məbləğdə olmasını göstərməmişdir. Həmçinin icra işindən görünür ki, icra sənədi barədə borcluya ümumiyyətlə məlumat verilməmiş, icra sənədi üzrə borclunun borcunun yaranması, həmin borcun nə qədər təşkil etməsi, həmçinin borcun mövcud olduğu təqdirdə həmin borcun borclu tərəfindən ödənilməsindən imtina edilməsi və borcun tam ödənilməsi üçün onda əmlakının olub-olubmaması kimi hallar müəyyən edilmədən 36 ay müddətində təşkil edən aliment borcu borclunun əmək haqqının 70 faizinə yönəldilmişdir. Ona görə də məhkəmə hesab edir ki, icra sənədi üzrə yaranmış borcun borclunun əmək haqqına yönəldilməsi əsassız və qanunun tələblərinə uyğun qaydada olmamışdır. Eyni zamanda məhkəmə hesab edir ki, icra sənədi üzrə tələbin borclunun əmək haqqına yönəldilməsi qanunun tələblərinə uyğun olmuşdur. Belə ki, icra sənədi üzrə tələbin borclunun əmək haqqısının 1/3 hissəsi miqdarında alimentin tutulmasından ibarət olmaqla bu tələb vaxtaşırı ödəmələrin tutulmasından irəli gəlir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, şikayət qismən təmin edilməli və Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(003)-2049/2019 saylı icra sənədi üzrə borcun X2 əmək haqqısının 70 faizinə yönəldilməsi barədə Xəzər rayon İcra şöbəsinin icra məmuru Elvin Fərzəliyevin hərəkəti qanuna uyğun olmayan hesab edilməli və bu barədə görülmüş tədbirlər ləğv olunmalıdır. Həmçinin məhkəmə, Tələbkar ilə borclu X12 arasında bağlanmış xx.xx.2023-cü il tarixli sazişin olmasını, həmin sazişin 2.6-cı bəndinə əsasən Tələbkar tərəfindən X9 qarşı aliment tələbindən imtina etməsini nəzərə alaraq izah edir ki, tələbkarın Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(003)-2049/2019 saylı icra sənədi üzrə tələbindən imtina etməsinin qəbul edilməsi barədə müvafiq məhkəməyə müraciət edilə bilər. Belə ki, “İcra haqqında” Azərbaycan Respublikasının Qanununun 20.1.1-ci maddəsinə əsasən məhkəmə tələbkarın tələbdən imtinasını qəbul etdikdə icra sənədi üzrə icraata xitam verilir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 263-264 və 268-ci maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı: Şikayət qismən təmin edilsin. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(003)-2049/2019 saylı icra sənədi üzrə borcun X2 əmək haqqısının 70 faizinə yönəldilməsi barədə Xəzər rayon İcra şöbəsinin icra məmuru Elvin Fərzəliyevin hərəkəti qanuna uyğun olmayan hesab edilsin və bu barədə görülmüş tədbirlər ləğv olunsun. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı şəhəri Xəzər rayon Məhkəməsinə (elektron kabinet vasitəsilə) şikayət verilə bilər. Sədrlik edən İlham Cəfərzadə
Məhkəmə qərarları › İş №8(003)-231/2023
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərardad — İş №8(003)-231/2023
02.10.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver