Məhkəmə qərarları › İş №8(003)-236/2024

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərardad — İş №8(003)-236/2024

12.07.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(003)-236/2024 12.07.2024 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Rüstəmov Emin Şahin oğlunun sədrliyi, Şükürlü Murad Şahin oğlunun katibliyi ilə, Bakı şəhəri Xəzər rayon icra şöbəsinin icra məmuru Elvin Fərzəliyevin -icra sənədinin icrasını təmin etmək məqsədi ilə Borclu məxsus əmlak üzərinə həbs qoyulması barədə təqdimatına məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Bakı şəhəri Xəzər rayon icra şöbəsinin icra məmuru Elvin Fərzəliyev Borclu məxsus “Vaz 21074” minik markalı, ** OD *** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulması barədə təqdimatla məhkəməyə müraciət etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(003)-151/2024 nömrəli icra sənədinə əsasən Borclu sığorta ödənişinə görə 5562 manat və dövlət rüsumuna görə 75,62 manat məbləğində pul "xxxx" ASC-nin xeyrinə tutulmalıdır. İcra sənədi İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 50 manat cavabdeh Borclu tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilməlidir (VÖEN **********, Hesab AZ34CTRE********************). xx.xx.2024-cü il tarixdə Bakı şəhəri Xəzər rayon İcra şöbəsinə daxil olmuş və qanunamüvafiq qaydada icraya yönəldilmişdir. İcraata başlamaq haqqında qərar qəbul olunaraq, surəti bildirişlə bərabər icra sənədi üzrə Borclu icra sənədində qeyd olunan ünvanına göndərilmişdir. Borclu könüllü icra müddətində icra sənədi üzrə tələbi təmin etmədiyi üçün borclunun əmlak vəziyyətini yoxlamaq məqsədilə elektron sistem vasitəsilə sorğular edilmişdir. Belə ki, “Elektron icra’’ informasiya sistemindən əldə olunmuş sorğu məlumatına əsasən müəyyən olunmuşdur ki, Borclu məxsus olan “Vaz 21074” minik markalı, ** OD *** dövlət qeydiyyat nişanlı avtomobili vardır. İcra sənədinin icrasını təmin etmək məqsədilə hesab edir ki, məcburi icra tədbirləri kimi borclunun əmlaklarının üzərinə həbs qoymaq və onu satmaq yolu ilə tələbin əmlaka yönəlməsi barədə məcburi icra tədbirləri tətbiq edilməlidir. Təqdimat vermiş Bakı şəhər Xəzər rayon İcra Şöbəsinin icra məmuru, tələbkar və borclu təqdimata baxılması üçün təyin edilmiş məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılsalar da, icra məmuru, tələbkarın nümayəndəsi və borclu məhkəmə iclasına gəlməmişlər. Onların məhkəmə iclasına gəlməmələri məhkəmə qarşısında qoyulmuş məsələnin həll edilməsinə mane olmadığından, məhkəmə təqdimata onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə təqdimatı və təqdimata əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, təqdimat təmin olunmalıdır. Təqdimata əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunan: - Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(003)-151/2024 saylı icra vərəqəsindən görünür ki, iddia ərizəsi qismən təmin edilməklə cavabdeh Borclu sığorta ödənişinə görə 5562 manat və dövlət rüsumuna görə 75,62 manat məbləğində pul "xxxx" ASC-nin xeyrinə tutulmalı, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 50 manat cavabdeh Borclu tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilməlidir (VÖEN **********, Hesab AZ34CTRE********************). -Bakı şəhəri Xəzər rayon İcra Şöbəsinin icra məmuru Elvin Fərzəliyev tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli qərardan görünür ki, xx.xx.2024-cü il tarixli 2(003)- 151/2024 saylı icra sənədi üzrə icraata başlanmış və tələbin könüllü icra edilməsi üçün borcluya bildiriş göndərilmişdir. Qərar və bildiriş borclu tərəfindən xx.xx.2024-cü il tarixdə borclu tərəfindən şəxsən imza edilməklə götürülmüşdür. -Borclu tərəfindən icra şöbəsində verilmiş izahatlardan görünür ki, sonuncu öz borcu barədə məlumatlı olmuşdur. -Borclu ünvanlanmış xx.xx.2024-cü il tarixli və xx.xx.2024-cü il tarixli xəbərdarlıqlardan görünür ki, borcluya icra sənədi üzrə tələbi icra etməsi, əks təqdirdə barəsində qanunamüvafiq qaydada tədbir görüləcəyi barədə xəbərdarlıq edilmişdir. Xəbərdarlıqlar borclu tərəfindən şəxsən imza edilməklə alınmışdır. -“Azemıs” Elektron Məhkəmə İnformasiya Sistemindən çıxarışdan görünür ki, “Vaz 21074” minik markalı, ** OD *** dövlət qeydiyyat nişanlı avtomobil Borclu mülkiyyətindədir. -İş materiallarından məlum olur ki, icra məmuru tərəfindən borclunun adına hər hansı kredit təşkilatında, banklarda, digər müəssisələrdə əmanətlərin, pul vəsaitlərinin olub-olmamasına dair sorğular verilmiş, lakin borclunun adına hər hansı pul vəsaiti, əmanət və sair müəyyən edilməmişdir. «İcra Haqqında» Azərbaycan Respublikası Qanununun 45-ci (45.2-45.3, 45.5-45.6cı) maddəsinə əsasən icra sənədləri üzrə tələb ilk növbədə borclunun manatla və xarici valyuta ilə, o cümlədən banklarda və digər kredit təşkilatlarında olan pul vəsaitlərinə və başqa sərvətlərinə yönəldilir. Borcluda aşkar edilən nağd pul vəsaitləri götürülür. Tələbkarın tələblərinin təmin edilməsi üçün borclunun yetərli pul vəsaitləri olmadıqda, Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq tələbin yönəldilə bilmədiyi əmlak istisna olmaqla, tələb borcluya məxsus olan digər əmlaka yönəldilir. Tələb, borclunun əmlakına, o cümlədən nağd yaxud banklarda və ya digər kredit təşkilatlarında hesablarda və əmanətlərdə, habelə saxlancda olan pul vəsaitlərinə və başqa sərvətlərinə, icra ödənişinin ödənilməsi və icra hərəkətlərinin həyata keçirilməsi üçün çəkilən xərclər də nəzərə alınmaqla, icra sənədinin icrası üçün lazım olan miqdarda və həcmdə yönəldilir. Həmin Qanunun 50.1-ci maddəsinə əsasən icraata başlamaq haqqında qərar borcluya təqdim olunduğu gündən ən geci 1 (bir) ay müddətində, zəruri hallarda isə, qərarın təqdim olunması ilə eyni vaxtda borclunun əmlakı üzərinə həbs qoyula bilər. Həmin Qanunun 50.2-ci maddəsinə əsasən borclunun əmlakı üzərinə həbs qoyulması əmlakın siyahıya alınmasından, həmin əmlak üzərində sərəncam vermək hüququnun qadağan olunmasından, zəruri hallarda isə, əmlakdan istifadə hüququnun məhdudlaşdırılmasından, onun götürülməsindən və ya saxlanmaq üçün verilməsindən ibarətdir. İcra sənədi icraya yönəldilənə qədər borclunun əmlakına həbs qoyulmayıbsa və ya icra sənədinin icrası zamanı tələbin borclunun əmlakına yönəldilməsi hallarında əmlak üzərinə həbs, bir qayda olaraq, icra məmurunun əsaslandırılmış təqdimatına əsasən məhkəmənin qərardadı ilə qoyulur. Məhkəmə hesab edir ki, borclu icra sənədinin icrası qaydasında ödəməli olduğu pulu ödəmədiyindən, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(003)- 151/2024 saylı icra sənədinin təmini ilə bağlı borcluya məxsus avtomobilin üzərinə həbs qoyulması məqsədəmüvafiqdir. Belə ki, borclu tərəfindən borc ödənilmədiyi təqdirdə qanuni qüvvəsini almış qərardadın icrası gecikdirilməklə bərabər, tələbkarın maraqları pozulur ki, bu da yolverilməzdir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 263-264 və 268-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: Təqdimat təmin edilsin. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(003)-151/2024 saylı icra sənədinin icrasını təmin etmək məqsədilə Borclu məxsus olan “Vaz 21074” minik markalı, ** OD *** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulsun. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Emin Rüstəmov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar