Məhkəmə qərarları › İş №8(003)-237/2023

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərardad — İş №8(003)-237/2023

19.10.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(003)-237/2023 19.10.2023 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Məhərrəmova Şeyda Ədalət qızının sədrliyi, Xudiyeva Ayşən Əmir qızının katibliyi ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-981/2017 saylı 31 may 2017-ci il tarixli icra sənədinin icrasının təmin edilməsi məqsədilə Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına dair Bakı şəhəri Xəzər rayon icra şöbəsinin icra məmuru Elvin Fərzəliyev tərəfindən verilmiş təqdimata məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: Bakı şəhəri Xəzər rayon icra şöbəsinin icra məmuru Elvin Fərzəliyev təqdimatla məhkəməyə müraciət edərək, Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Təqdimatdan və ona əlavə edilmiş sənədlərdən görünür ki, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi tərəfindən verilmiş 2(010)-981/2017 nömrəli, 31 may 2017-ci il tarixli icra sənədinə əsasən Borclu 110 000 ABŞ dolları, 1500 manat məbləğində pul vəsaiti və 30 manat dövlət rüsumu tutularaq tələbkar X3 xeyrinə ödənilməlidir. Qeyd olunan icra sənədi 06 iyun 2017-ci il tarixində Bakı şəhəri Xəzər Rayon İcra şöbəsinə daxil olmuş və qanuna müvafiq qaydada icraya yönəldilmişdir. İcraata başlamaq haqqında qərar qəbul edilərək, qərarın surəti bildirişlə icra sənədi üzrə borcluya göndərilmiş, icra sənədində olan tələbi könüllü təmin edilməsi üçün 10 gün müddət müəyyən edilmişdir. Lakin bu müddət ərzində borclu tərəfindən icra sənədində olan tələb könüllü təmin edilmədiyi üçün borclunun əmlak vəziyyətini yoxlamaq üçün aidiyyəti təşkilatlara sorğular göndərilmişdir. Həmin tarixdən bu vaxta kimi icra sənədinin icrası təmin olunmamışdır. Belə olan halda icra sənədinin icrasını təmin etmək məqsədilə, borclunun ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmalıdır. Bakı şəhəri Xəzər rayon icra şöbəsi, tələbkar və borclu təqdimata baxılması üçün təyin edilmiş məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılsalar da, onlar məhkəmədə iştirak etməmişlər. Məhkəmə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 231.2-ci maddəsinə əsasən təqdimata baxılmasını mümkün hesab etmişdir. Məhkəmə təqdimatı və ona əlavə edilmiş sənədləri araşdırıb hesab edir ki, təqdimat təmin edilməlidir. Belə ki, məhkəmə tərəfindən əldə edilmiş icra işindən görünür ki, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-981/2017 saylı 31 may 2017-ci il tarixli icra sənədinə əsasən cavabdehlər X1 52.500 (əlli iki min beş yüz) ABŞ dolları ödəniş (qaytarılma) gününə manat məzənnəsinə uyğun miqdarında borc və Borclu 110.000 (bir yüz on min) ABŞ dolları ödəniş (qaytarılma) gününə manat məzənnəsinə uyğun miqdarında borc pul vəsaitləri tutularaq iddiaçı X4 verilməli, cavabdehlər X1 500 (beş yüz) manat məbləğində və Borclu 1000 (bir min) manat məbləğində mənəvi zərərə görə iddiaçı X3 xeyrinə pul tutulmalı, cavabdehlar X1 və Borclu müştərək qaydada 30 (otuz) manat dövlət rüsumunun əvəzi tutularaq iddiaçı X4 verilməlidir. Qeyd olunan icra sənədi 06 iyun 2017-ci il tarixində Bakı şəhəri Xəzər Rayon İcra şöbəsinə daxil olmuşdur. Bakı şəhəri Xəzər Rayon İcra şöbəsinin 06 iyun 2017-ci il tarixli “icraata başlamaq haqqında” qərar qəbul edilmiş və tələbin könüllü icrası haqqında bildiriş və icra sənədi üzrə icraata başlamaq haqqında qərar rəsmi qaydada tərəflərə göndərilmişdir. İş materiallarından həmçinin görünür ki, borclunun əmlak vəziyyətinin yoxlanılması məqsədi ilə aidiyyəti qurumlara sorğular verilmişdir. Eyni zamanda Xəzər rayon icra şöbəsi tərəfindən Borclu barəsində axtarış elan olunmuşdur. Bakı şəhəri Xətai rayon Polis İdarəsinin 10 aprel 2018-ci il tarixli və 04 may 2019-cu il tarixli məktublarından görünr ki, borclunun yerinin müəyyən edilib saxlanılması mümkün olmamışdır. Axtarışda olan Borclu saxlanılması istiqamətində axtarış tədbirləri davam etdirilir. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 8(003)-135/2019 nömrəli, 12 aprel 2019-cu il tarixli qərardadı ilə Bakı şəhəri Xəzər rayon İcra və Probasiya şöbəsinin icra məmuru Teymur Bayramov tərəfindən verilmiş təqdimatın qismən təmin edilməsi, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 24 aprel 2017-ci il tarixli 2(010) 981/2017 saylı icra sənədi üzrə Borclu məxsus “Mercedes 230” minik markalı, **-ZM-*** dövlət qeydiyyat nişanlı, “Opel Vectra” minik markalı, **-VJ-*** dövlət qeydiyyat nişanlı, “Zil MMZ 554” yük markalı 10 NU-532 dövlət qeydiyyat nişanlı və “Mercedes 190” minik markalı, **-EL-*** dövlət qeydiyyat nişanlı avtomobillərin üzərinə həbs qoyulması qərara alınmışdır. Bakı şəhəri Xəzər rayon Polis İdarəsinin 13 oktyabr 2023-cü il tarixli məktubundan görünür ki, Borclu yerinin müəyyən edilib, tutularaq aidiyyəti üzrə təhvil verildiyi üçün 27 iyul 2023-cü il tarixində axtarışa xitam verilmişdir. Borclu Bakı şəhəri Xəzər rayon İcra Şöbəsinə verdiyi 25 iyul 2023-cü il tarixli izahatında bildirmişdir ki, tələbkar və nümayəndəsi ilə aralarında qarşılıqlı razılaşma nəticəsində qısa müddət ərzində şikayəti olmaması barədə ərizə yazılacaqdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Kollegiyasının 2013-cü il 22 aprel tarixli 2 N nömrəli Qərarı ilə təsdiq edilmiş “Şəxsin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasının icra xidməti tərəfindən tətbiqi qaydaları haqqında Təlimat”ın 2.2-ci bəndinə əsasən borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması zərurəti yarandıqda icra məmuru təqdimatla məhkəməyə müraciət etməzdən əvvəl icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi səbəblərini müəyyənləşdirir, borcun ödənilməsi tələbinə dair icra sənədlərinin icrası zamanı borclunun əmlakının axtarılması üçün bütün tədbirləri həyata keçirir, o cümlədən onun yaşadığı mənzildə tələbin yönəldilə biləcəyi əmlakların olub-olmamasını yoxlayır. Göründüyü kimi, qanunvericiliyin tələblərinə əsasən icra məmuru borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə təqdimatla məhkəməyə müraciət etməzdən əvvəl borclunun əmlakının axtarılması üçün bütün tədbirləri həyata keçirmişdir. Bütün bu tədbirlər nəticə vermədiyindən təqdimatla məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinə əsasən məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. «İcra haqqında» Azərbaycan Respublikası Qanunun 3-cü maddəsinə əsasən məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. Həmin Qanunun 84-1.1-ci maddəsinə əsasən məhkəmə qərarları, əmrləri və vergi orqanlarının pul tələblərinin ödənilməsi ilə bağlı inzibati aktları əsasında verilmiş icra sənədləri könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, borclunun ölkədən getmək hüququ icra məmurunun əsaslandırılmış təqdimatı əsasında məhkəmənin qərarı ilə müvəqqəti məhdudlaşdırıla bilər. Borclunun ölkədən getmək hüququnun müvəqqət məhdudlaşdırılması barədə icra məmuru tərəfındən dərhal borclunun özünə, tələbkara və müvafıq icra hakimiyyəti orqanına məlumat verilir. Həmin Qanunun 84-1.2-ci maddəsinə əsasən borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına səbəb olmuş əsaslar aradan qalxdıqdan sonra icra məmuru həmin məhdudlaşdırmanın götürülməsi barədə icra qurumunun rəhbəri tərəfindən təsdiq olunan qərar qəbul edir. Həmin qərar dərhal borcluya, məhkəməyə və müvafiq icra hakimiyyəti orqanına göndərilir. Məhkəmə həmçinin qeyd etməyi zəruri hesab edir ki, hüquq subyektləri öz hüquq və vəzifələrini həyata keçirərkən vicdanlılığın tələb etdiyi tərzdə hərəkət etmək öhdəliyi daşıyırlar. Buna görə, ilk növbədə borclu, yəni icra sənədinə əsasən müəyyən hərəkətlər etməli olan şəxs vicdanlılıq prinsipinə riayət etməli, öz hərəkətləri ilə şüurlu şəkildə tələbkarın həddən artıq əlverişsiz vəziyyətə düşməsinə şərait yaratmamalıdır. Məhkəmə həmçinin bildirir ki, borclu icra şöbəsində verdiyi izahatında tələbkar ilə razılığa gəlindiyini qeyd etsə də həmin hallar məhkəmə araşdırması zamanı müəyyən edilməmiş, eyni zamanda borclu tərəfindən bu barədə mötəbər sübutlar təqdim edilməmişdir. Məhkəmə qanunvericiliyin qeyd olunan müddəalarına və işin faktiki hallarına əsaslanaraq hesab edir ki, tələbin könüllü icrası üçün müəyyən olunmuş müddətdə borcun ödənilməməsini və icra sənədinin icraya yönəldiyi vaxtdan keçən müddət ərzində məhkəmə aktının icra edilməməsi ilə bağlı xüsusatları, borclunun ölkədən getməsi halında icra sənədinin icrasına maneələr yarana biləcəyini, bunun isə öz növbəsində icra sənədinin icrasının mümkünsüz olması və ya uzun müddət icrasız qalması ilə nəticələnə biləcəyini nəzərə almaqla icra sənədinin icrasını təmin etmək məqsədi ilə borclu X2 ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə təqdimat təmin edilməlidir. Göstərilənlərə əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsini 263 264cü və 266-268-ci maddələrini rəhbər tutaraq məhkəmə, q ə r a r a a l d ı: Təqdimat təmin edilsin. Borclu xx.xx.1971-ci ildə Bakı şəhərində doğulmuş, ünvan 1 ünvanında qeydiyyatda olan Borclu ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Şeyda Məhərrəmova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar