Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(003)-238/2024 12.07.2024 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Rüstəmov Emin Şahin oğlunun sədrliyi, Şükürlü Murad Şahin oğlunun katibliyi ilə, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 1*.12.2022-ci il tarixli 2(003)-2*02/2022 saylı qətnaməsinin icrasına möhlət verilməsi barədə borclu Şirinova (Hüseynova) Sülhiyyə Nadir qızının ərizəsinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 1*.12.2022-ci il tarixli 2(003)-2*02/2022 saylı qətnaməsinə əsasən iddia tələbi qismən təmin edilərək iddiaçılar X2 və X1 nəvələri - 04 mart 2018-ci il təvəllüdlü X3 ilə hər həftənin həftənin şənbə günləri saat 11:00-dan axşam saat 16:00-dək görüş və ünsiyyətdə olma vaxtının müəyyən edilməsi qət edilmişdir. Borclu Şirinova (Hüseynova) Sülhiyyə Nadir qızı ərizə ilə məhkəməyə müraciət edərək Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 1*.12.2022-ci il tarixli 2(003)-2*02/2022 saylı qətnaməsinin icrasına 06 ay möhlət verilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 1* dekabr 2022-ci il tarixli, 2(003)-2*02/2022 nömrəli qətnaməsi ilə (hakim R.H.Xəzri) iddia qismən təmin edilmiş, iddiaçılar X2 və X1 nəvələri - 04 mart 2018-ci il təvəllüdlü X3 ilə hər həftənin şənbə günləri saat 11:00-dan axşam saat 16:00-dək görüş və ünsiyyətdə olma vaxtının müəyyən edilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Qətnamə qanuni qüvvəsini almış və iş üzrə icra vərəqəsi verilmişdir. İşin icrası Xəzər rayon icra şöbəsinə həvalə edilmişdir. Qətnamənin hazırda icra olunması uşağın psixoloyi vəziyyətinə pis təsir göstərə bilər, ona görə də qətnamənin hazırda icrası mümkün deyil (Akt və digər sənədlər əlavə olunur, əlavə olaraq, xəstəlik sənədləri məhkəmyə təqdim olunacaq). Belə ki, uşağın daha əvvəllər də hətta atası ilə görüşü uşağın psixologiyasına çox pis təsir etməsi müəyyən olunmuş, dəfələrlə psixoloq dəvət edilsə də, görüş mümkün olmamışdır. Ona görə də uşağın gələcəkdə baba və nənəsi ilə görüşməsi üçün psixoloji hazırlanmasına azı 6 ay vaxt lazımdır. Bununla bağlı o, icra məmuruna ona möhlət verilməsi barədə müraciət etsə də icra şöbəsi bundan imtina edərək məhkəməyə müraciət etməli olduğunu bildirmişdir. Odur ki, məsələnin məhkəmə yolu ilə həlli zərurəti yaranmışdır. Bakı şəhəri Xəzər rayon İcra Şöbəsi və borclu ərizəyə baxılması üçün təyin edilmiş məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin icra şöbəsinin nümayəndəsi və borclu məhkəmə iclasına gəlməmiş və bu məsələ məhkəmə qarşısında qoyulmuş məsələnin həll edilməsinə mane olmadığından, Azərbaycan Respublikası MPM-nin 231.2-ci maddəsinə əsasən məhkəmə ərizəyə icra şöbəsinin nümayəndəsinin və tələbkarın iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizənin dəlillərini araşdıraraq hesab edir ki, ərizə təmin edilməməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 1*.12.2022-ci il tarixli 2(003)-2*02/2022 saylı qətnaməsindən görünür ki, iddia tələbi qismən təmin edilməklə iddiaçılar X2 və X1 nəvələri - 04 mart 2018-ci il təvəllüdlü X3 ilə hər həftənin həftənin şənbə günləri saat 11:00-dan axşam saat 16:00-dək görüş və ünsiyyətdə olma vaxtının müəyyən edilməsi qət edilmişdir. -Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(103)-4984/2023 saylı qətnaməsi ilə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 1*.12.2022-ci il tarixli 2(003)- 2*02/2022 saylı qətnaməsi dəyişdirilmədən qüvvədə saxlanılmışdır. -Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(102)-760/2024 saylı qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(103)-4984/2023 saylı qətnaməsi dəyişdirilmədən qüvvədə saxlanılmışdır. İş materiallarından müəyyən edilir ki, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 1*.12.2022-ci il tarixli 2(003)-2*02/2022 saylı qətnaməsi xx.xx.2023-cü il tarixdə qüvvəyə minmişdir. Daha sonra isə icra edilməsi üçün icra qurumuna göndərilmişdir. Bakı şəhəri Xəzər rayon icra şöbəsinin icra məmuru Şəfəq Hüseynova tərəfindən icraata başlama haqqında qərar qəbul edilmiş və tələbin könüllü icrası barədə borcluya bildiriş göndərilmişdir. Tələb borclu tərəfindən könüllü icra edilməmişdir. «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 1*-ci maddəsinə əsasən, tərəflər icra sənədinin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icrası, yaxud icra sənədinin icrası üsulunun və qaydasının dəyişdirilməsi haqqında işə baxmış məhkəməyə müraciət edə bilərlər. Borclunun əmlak vəziyyətini və digər halları nəzərə alaraq, məhkəmə həmin müraciətlərə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 231-ci maddəsi ilə müəyyən edilmiş qaydada baxır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.1-ci maddəsinə əsasən, işə baxmış hakim, işdə iştirak edən şəxslərin ərizəsi üzrə tərəflərin əmlak vəziyyətinə və digər hallara əsasən qətnamənin icrasına möhlət verməyə və ya qətnaməni hissə-hissə icra etdirməyə, habelə onun icra üsulunu və qaydasını dəyişdirməyə haqlıdır. Göründüyü kimi, qanunvericilik işdə iştirak edən şəxslərin ərizəsi əsasında qətnamənin icrasına möhlət verilməsini mümkünlüyünü müəyyən etməklə yanaşı bunu ilk növbədə tərəflərin əmlak vəziyyətindən, eləcə də işin digər diqqətəlayiq hallarından asılı etmişdir. Məhkəmə ilk növbədə borclunun əmlak vəziyyətinin ağırlığını nəzərə almalı, bu zaman həm də tələbkarın əmlak mənafelərini də nəzərdən qaçırmamalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.4-cü maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2014-cü il tarixli qərarında qeyd eilmişdir ki, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinin icrasına möhlət verilməsi onun icrasının məhkəmə qərardadı ilə başqa müddətə keçirilməsini ifadə edir. Qətnamənin icrası elə bir müddətə təxirə salınır ki, həmin müddət qətnamənin icraya yönəldilməsi üçün qanunla müəyyən olunmuş müddətdən, başlanmış icra icraatı üzrə qətnamənin könüllü icrası və ya məcburi icra tədbirlərinin görülməsinin başlanması üçün qanunla müəyyən edilmiş müddətdən, qətnamənin özündə onun icra müddəti müəyyən olunduqda isə bu müddətdən ağlabatan müddətdə çox olsun. Məhkəmə qətnaməsinin icrasına möhlət verilməsinin əsasları icra hərəkətlərinin həyata keçirilməsinə ciddi maneələr yaratmamalıdır. Məhkəmə qətnamənin icrasına möhlət verilməsi barədə məsələyə baxarkən hər bir konkret halda Konstitusiyanın 60-cı maddəsi, 71-ci maddəsinin İİ hissəsi, 127-ci maddəsinin İV hissəsi və ədalət prinsipindən irəli gələrək, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinin icrasının mütənasiblik prinsipi əsasında, bütün tələbkarların və borcluların hüquq və qanuni maraqlarının balansını təmin etməklə qiymətləndirməli və həll etməlidir. Məhkəmə qətnaməsinin icrasına möhlət verilməsinin mümkünlüyü isə ədalət tələbinə uyğun, adekvat olmalı və icra icraatının iştirakçılarının konstitusiya hüquqlarının mahiyyətinə toxunmamalıdır. Həmçinin həmin qərarda xüsusi ilə vurğulanmışdır ki, qətnamənin icrasına möhlət verilməsi tələbkarın qanunla qorunan mənafelərinin və pozulmuş hüquqlarının real müdafiəsi müddətini uzatdığına görə, belə möhlətin verilməsi müstəsna xarakter daşımalı, icra hərəkətlərinin həyata keçirilməsinə ciddi maneələr və çətinliklər olduqda tətbiq edilməli, işdə iştirak edən şəxslərin hüquqlarının məhdudlaşdırılmasına yönəlməməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun «Məhkəmə qətnaməsi haqqında» 04 noyabr 200*-ci il tarixli 4 saylı qərarının 12-ci bəndinə əsasən qətnamənin icrasına möhlət verilməsi, və ya onun hissə-hissə icra edilməsi, qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsi müstəsna hal olub, qətnamənin icrası üçün çətinlik törədən və yaxud borclu üçün yaranmış əlverişsiz hallarda tətbiq oluna bilər. Məhkəmələr bu məsələləri həll etdikdə təkcə borclunun deyil, tələbkarın mənafeyini də nəzərə almalıdırlar. "Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı "İnsan hüquqlannın və əsas azadlıqların müdafıəsi haqqında" Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 30 mart 2006-cı il tarixli qərarının 6-cı bəndində deyilir ki, mülki işlər üzrə məhkəmə baxışı müddəti iddia ərizəsinin məhkəməyə daxil olduğu vaxtdan başlayır və məhkəmə qərarının icrasının başa çatmasına kimi davam edir. Hər bir iş üzrə «ağlabatan müddət» konkret işin xarakterindən, mürəkkəbliyindən, ərizəçinin proseslə bağlı davranışından asılı olaraq müəyyənləşdirilməlidir. Konvensiyanın 6-cı maddəsinə əsasən məhkəmə qətnaməsinin icrası müddəti məhkəmə baxışının tərkib hissəsi kimi qiymətləndirilir. Məhkəmələr məhkəmə aktlarının icrasına möhlət verilməsi, icranın dayandırılması, icra üsulunun dəyişdirilməsi, həmçinin məhkəmə icraçılarının hərəkətlərindən verilən şikayətlərlə əlaqədar məsələlərə baxarkən Konvensiyanın məhkəmə qətnamələrinin ağlabatan müddətdə icra olunması tələbini nəzərə almalıdırlar. İşin araşırılmış hallarından görünür ki, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 1*.12.2022-ci il tarixli 2(003)-2*02/2022 saylı qətnaməsindən apellyasiya və kassasiya şikayətləri verildiyindən qətnamənin qanuni qüvvəsini alması və icra edilməsi –təxminən 2 il sonra həyata keçirilmişdir. Bu müddət ərzində tələbkarlar öz nəvələri ilə görüşə bilməmişdir. Keçən müddət ərzində onlar arasında olan bağlılıq xeyli azalmışdır. Tələbkarların öz hüquqlarını reallaşdırmaq üçün gözlədikləri müddət, qətnamənin icrasına möhlət verilməklə daha da uzana bilər ki, bu da tələbkarların mənafeyinə ciddi təsir edə bilər. Qeyd olunanlara əsasən məhkəmə, icra sənədinin icrasına möhlət verilməsi ilə bağlı işlərin baxılmasını tənzimləyən qanunvericilik normalarının tələblərini (yuxarıda sadalanan) nəzərə alaraq hesab edir ki, hazırki iş üzrə tələbkarların üstün hüquqları ilə bağlı mənafeləri qorunmalı və bu hüququn məhdudlaşdırılmasına yol verilməməlidir. Odur ki, məhkəmə hesab edir ki, qətnamənin uzun müddət icra olunmamasına baxmayaraq, bundan sonra da icrasına möhlət verilməsi qanuni və əsaslı hesab edilə bilməz. Ona görə də ərizə təmin edilməməlidir. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231, 263-264 və 266-268-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: Borclu Şirinova (Hüseynova) Sülhiyyə Nadir qızının Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 1*.12.2022-ci il tarixli 2(003)-2*02/2022 saylı qətnaməsinin icrasına möhlət verilməsi barədə ərizəsi təmin edilməsin. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Emin Rüstəmov
Məhkəmə qərarları › İş №8(003)-238/2024
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərardad — İş №8(003)-238/2024
12.07.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver