Məhkəmə qərarları › İş №8(003)-24/2023

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərardad — İş №8(003)-24/2023

06.02.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(003)-24/2023 06.02.2023 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Cəfərzadə İlham Nizami oğlunun sədrliyi, Qasımova Leyla Nurəddin qızının katibliyi ilə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-2423/2022 saylı xx.xx.2022-ci il tarixli icra sənədinin icrasının təmin edilməsi məqsədilə Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına dair Xəzər rayon icra şöbəsinin icra məmuru X7 tərəfindən verilmiş təqdimata məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Bakı şəhəri Xəzər rayon icra şöbəsinin icra məmuru X7 təqdimatla məhkəməyə müraciət edərək, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-2423/2022 saylı xx.xx.2022-ci il tarixli icra sənədinin icrasının təmin edilməsi məqsədilə Borclunın ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, xx.xx.2022-ci il tarixli qərarla icraata başladığı Bakı şəhəri Xəzər Rayon Məhkəməsi tərəfindən verilmiş 2(003)-2423/2022 nömrəli, xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən Borclu hər ay 3 uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün cəmi 420 manat sabit pul məbləğində aliment tutularaq tələbkar X2 xeyrinə ödənilməlidir. Qeyd olunan icra sənədi xx.xx.2022-ci il tarixində Bakı şəhəri Xəzər rayon İcra şöbəsinə daxil olmuş və qanuna müvafiq qaydada icraya yönəldilmişdir. İcraata başlamaq haqqında qərar qəbul edilərək, qərarın surəti bildirişlə icra sənədi üzrə borclu X3 göndərilmiş, icra sənədində olan tələbi könüllü təmin edilməsi üçün 10 gün müddət müəyyən edilmişdir. Lakin bu müddət ərzində borclu tərəfindən icra sənədində olan tələb könüllü təmin edilmədiyi üçün tərəfimizdən borclunun əmlak vəziyyətini yoxlamaq üçün aidiyyəti təşkilatlara sorğular göndərilmişdir. Hal-hazıradək icra sənədinin icrası tam şəkildə təmin olunmamışdır. Buna görədə də, icra sənədinin icrasını təmin etmək məqsədilə borclunun ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmalıdır. Bakı şəhəri Xəzər rayon İcra şöbəsi, tələbkar və borclu təqdimata baxılması üçün təyin edilmiş məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılsalar da, Bakı şəhəri Xəzər rayon İcra şöbəsinin nümayəndəsi, tələbkar və borclu məhkmə iclasına gəlməmişlər. Məhkəmə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 231.2-ci maddəsinə əsasən təqdimata baxılmasını mümkün hesab etmişdir. Məhkəmə təqdimatı və ona əlavə edilmiş sənədləri araşdırıb hesab edir ki, təqdimat təmin edilməməlidir. İş materiallarında olan Bakı şəhəri Xəzər Rayon Məhkəməsi tərəfindən verilmiş 2(003)-2423/2022 nömrəli, xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən xx.xx.2012-ci il təvəllüdlü X4, xx.xx.2014-cü il təvəllüdlü X1 və xx.xx.2017-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdeh Borclu hər ay hər uşağa görə 140 manat olmaqla cəmi 420 manat sabit pul məbləğində aliment tutularaq iddiaç X6 verilməlidir. İş materiallarından görünür ki, tələbin könüllü icrası haqqında bildiriş və icra sənədi üzrə icraata başlamaq haqqında qərar rəsmi qaydada borcluya təqdim edilmişdir. İş materiallarında olan Borclu Xəzər rayon İcra şöbəsinə ünvanlanmış xx.xx.2022-ci, xx.xx.2023-cü il tarixli izahatlarının və xx.xx.2022-ci il tarixli xəbərdarlıq məktubun surətlərindən görünür ki, sonunucu Bakı şəhəri Xəzər Rayon Məhkəməsi tərəfindən verilmiş 2(003)-2423/2022 nömrəli, xx.xx.2022-ci il tarixli icra sənədi ilə bağlı məlumatlıdır. İcra sənədi üzrə ödəniş etməmişdir. Eyni zamanda icra sənədinin icra edilməməsinə görə məsuliyyət daşması barədə xəbərdar edilmişdir. İşdə olan xx.xx.2023-cü il tarixli aktın surətindən görünür ki, icra məmuru, hal şahidlərinin iştirakı ilə borclunun yaşadığı ünvana baxış keçirilmişdir. Baxış zamanı tələbin yönəldilə biləcəyi əmlak aşkar olunmamışdır. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 84-1.1-ci maddəsinə görə, məhkəmə qərarları əsasında verilmiş icra sənədləri könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, borclunun ölkədən getmək hüququ icra məmurunun əsaslandırılmış təqdimatı əsasında məhkəmənin qərarı ilə müvəqqəti məhdudlaşdırıla bilər. Eyni zamanda qanundan göründüyü kimi, 2 şərt mövcud olduqda qeyd olunan məhdudlaşdırma tətbiq edilə bilər: 1) könüllü icra üçün müəyyən olunmuş müddətin bitməsi; 2) icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi. Hazırkı işdə 2-ci şərtin mövcud olduğu, yəni borclunun icra sənədini üzrsüz səbəbdən icra etmədiyi müəyyən edilmir. Məhkəmə hesab edir ki, icra sənədinin borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədiyi sübut edildikdə, icra məmurunun məhz bu hallar barədə əsaslandırılmış təqdimatı əsasında borclunun ölkədən getmək hüququnun məhdudlaşdırılması tətbiq edilə bilər və belə bir məhdudiyyətin tətbiqinə qanunvericiliyin ümumi mənası kontekstində yanaşılmalıdır. Əks təqdirdə, yəni icra məmurunun heç bir əsaslı səbəb göstərmədiyi, formal mülahizələrlə, icrası üçün məcburi icra tədbirlərinin tətbiq edilib-edilmədiyini əsaslandırmadığı, eləcə də, borclu tərəfindən üzrlü və ya üzrsüz səbəbdən icra edilibedilmədiyi qeyri-müəyyən olan icra sənədi üzrə onun ölkədən getməsinə məhdudiyyət qoyulması mümkün hesab edilərsə bu, vətəndaşın konstitusion hüquqlarının məhdudlaşdırılmasına səbəb ola bilər. Nəzərə alınmalıdır ki, Azərbaycan Respublikasının Konstitusiyasının 28-ci maddəsinə əsasən, qanuni surətdə Azərbaycan Respublikasının ərazisində olan hər kəs sərbəst hərəkət edə bilər, özünə yaşayış yeri seçə bilər və Azərbaycan Respublikasının ərazisindən kənara gedə bilər. Həmçinin, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Kollegiyasının 2013-cü il 22 aprel tarixli 2-N nömrəli Qərarı ilə təsdiq edilmiş “Şəxsin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasının icra xidməti tərəfindən tətbiqi qaydaları haqqında Təlimat”ın 2.2-ci bəndinə əsasən borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması zərurəti yarandıqda icra məmuru təqdimatla məhkəməyə müraciət etməzdən əvvəl icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi səbəblərini müəyyənləşdirir, borcun ödənilməsi tələbinə dair icra sənədlərinin icrası zamanı borclunun əmlakının axtarılması üçün bütün tədbirləri həyata keçirir, o cümlədən onun yaşadığı mənzildə tələbin yönəldilə biləcəyi əmlakların olub-olmamasını yoxlayır. Göründüyü kimi, qanunvericiliyin tələblərinə əsasən icra məmuru borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə təqdimatla məhkəməyə müraciət etməzdən əvvəl icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi səbəblərini müəyyənləşdirməli, borclunun əmlakının axtarılması üçün bütün tədbirləri həyata keçirməli, o cümlədən onun yaşadığı mənzildə tələbin yönəldilə biləcəyi əmlakların olubolmamasını yoxlamalıdır. Bütün bu tədbirlər nəticə vermədiyi təqdirdə təqdimatla məhkəməyə müraciət etməlidir. Məhkəmə bununla bağlı da qeyd edir ki, icra məmuru tərəfindən adı çəkilən Təlimatın 2.2-ci bəndində göstərilmiş bütün tədbirlər görülməmişdir. Belə ki, icra məmuru təqdimatında borclunun əmlak vəziyyətini yoxlamaq üçün aidiyyəti təşkilatlara sorğular göndərildiyini qeyd etsə də, nə sorğuların göndərilməsi barədə məlumatı, nə də göndərilmiş sorğulara aiddiyyəti qurumlar tərəfindən verilmiş cavab məktublarını təqdimata əlavə etməmiş, eyni zamanda təqdimata baxılması ilə əlaqədar təyin edilmiş məhkəmə iclasında iştirak etməyərək təqdimatını əsaslandırmamışdır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-2423/2022 saylı xx.xx.2022-ci il tarixli icra sənədinin icrasının təmin edilməsi məqsədilə Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına dair Xəzər rayon icra şöbəsinin icra məmuru X7 tərəfindən verilmiş təqdimat əsaslı olmadığından təmin edilməməlidir. Göstərilənlərə əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsini 263- 264-cü və 266-268-ci maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı: Təqdimat Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-2423/2022 saylı xx.xx.2022-ci il tarixli icra sənədinin icrasının təmin edilməsi məqsədilə Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına dair Xəzər rayon icra şöbəsinin icra məmuru X7 tərəfindən verilmiş təqdimat təmin edilməsin. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən İlham Cəfərzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar