Məhkəmə qərarları › İş №8(003)-241/2023

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərardad — İş №8(003)-241/2023

18.10.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(003)-241/2023 18.10.2023 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Rüstəmov Emin Şahin oğlunun sədrliyi, Şükürlü Murad Şahin oğlunun katibliyi, Borclu iştirakı ilə Borclu icra şöbəsinə məcburi gətirilməsinə dair Bakı şəhəri Xəzər rayon icra şöbəsinin icra məmuru Aqil Nəcəfovun təqdimatına açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Bakı şəhəri Xəzər rayon icra şöbəsinin icra məmuru Aqil Nəcəfov Borclu Bakı şəhəri Xəzər rayon icra şöbəsinə məcburi gətirilməsi barədə təqdimatla məhkəməyə müraciət etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-365/2023 nömrəli xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən Borclu cəmi 8605 manat pul tutularaq tələbkar X1 xeyrinə ödənilməlidir. İcra sənədi xx.xx.2023-cü il tarixdə icra şöbəsinə daxil olmuşdur. Həmin tarixdə icra sənədi üzrə icraata başlama qərarı qəbul edilmiş və tələbin könüllü icra edilməsi üçün 10 gün müddət müəyyən etməklə qərarın surəti bildirişlə bərabər borclunun icra sənədində qeyd edilən ünvanına göndərilmişdir. Borclu qərarı və bildirişi qəbul etmiş, edilən çoxsaylı xəbərdarlıqlara baxmayaraq icra şöbəsinə gəlməkdən boyun qaçırmışdır. Borclu bu günədək icra sənədi üzrə tələbi təmin etməmişdir. Məcburi gətirilmə qərarı xx.xx.2023-cü il tarixdə qəbul edilmiş və borcluya göndərilmişdir. Həmin qərardan şikayət verilməmişdir. Məhkəmə iclasında Borclu izahat verərək göstərdi ki, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-365/2023 nömrəli xx.xx.2023-cü il tarixli icra sənədindən məlumatlıdır və daimi olaraq icra məmurunun çağırışlarına gəlmiş, izahatlar vermişdir. Sonuncu dəfə uşağı xəstə olduğuna görə icra məmurunun çağırışına gələ bilməmişdir. Həmçinin maddi vəziyyəti yaxşı olmadığına görə, aldığı aliment ödənişindən həm xəstə uşağına baxdığına, həm də həmin məbləğdən borcunu az-az ödəməyə çalışdığına görə ödəniş edə bilməmişdir. Məhkəmə çağırışını aldıqdan sonra İcra şöbəsinə getmiş, orada icra məmuruna izahat vermiş, sonra isə məhkəmə iclasına gəlmişdir. Göstərilənlərə əsasən məhkəmədən təqdimatın təmin edilməməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılsalar da, Bakı şəhəri Xəzər rayon icra şöbəsinin nümayəndəsi və tələbkar təqdimata baxılması üçün təyin edilmiş məhkəmə iclasına gəlməmişlər. Məhkəmə təqdimata onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə təqdimatı və iş materiallarını nəzərdən keçirərək hesab edir ki, təqdimat təmin edilməməlidir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-365/2023 nömrəli xx.xx.2023-cü il tarixli icra sənədi üzrə icraata başlanmış və tələbin 10 gün müddətində könüllü icrası barədə borcluya bildiriş göndərilmişdir. Həmin qərar və bildiriş borclu tərəfindən imza olunmaqla alınmışdır. İş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki, Borclu xx.xx.2023-cü il tarixində, xx.xx.2023-cü il tarixində, xx.xx.2023-cü il tarixində, xx.xx.2023-cü il tarixində Xəzər rayon İcra Şöbəsində olaraq izahatlar vermişdir. «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 84.2-ci maddəsinə əsasən icra məmurunun çağırışı ilə gəlməkdən və ya icra hərəkətlərinin həyata keçirildiyi yerə gəlməkdən üzrsüz səbəbdən yayınan şəxslər barəsində məhkəmənin qərarı əsasında məcburi gətirilmə tədbiri tətbiq olunur. Göründüyü kimi, mövcud qanunvericiliyin mahiyyətinə əsasən, məcburi gətirilmə tədbiri icra məmurunun çağırışı ilə gəlməkdən və ya icra hərəkətlərinin həyata keçirildiyi yerə gəlməkdən üzrsüz səbəbdən yayınan şəxslər barəsində tətbiq olunur. Borclunun könüllü olaraq icra şöbəsinə və məhkəməyə gəlməsi, onun icra məmurunun çağırışı ilə gəlməkdən yayınmasını istisna edir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, borclunun icra məmurunun çağırışı ilə gəlməkdən üzrsüz səbəbdən yayınması müəyyən edilmədiyindən, hal-hazırda borclu barəsində məhkəmənin qərarı əsasında məcburi gətirilmə tədbirinin tətbiq edilməsinə də əsas yoxdur. Bu səbəbdən də təqdimat təmin edilməməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264-cü və 266-268-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: Borclu icra şöbəsinə məcburi gətirilməsinə dair Bakı şəhəri Xəzər rayon icra şöbəsinin icra məmuru Aqil Nəcəfovun təqdimatı təmin edilməsin. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Emin Rüstəmov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar