Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(003)-242/2024 12.07.2024 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Rüstəmov Emin Şahin oğlunun sədrliyi, Şükürlü Murad Şahin oğlunun katibliyi, Borclu iştirakı ilə, Bakı şəhəri Xəzər rayon icra şöbəsinin icra məmuru Elvin Fərzəliyevin -icra sənədinin icrasını təmin etmək məqsədi ilə Borclu məxsus əmlak üzərinə həbs qoyulması barədə təqdimatına məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Bakı şəhəri Xəzər rayon icra şöbəsinin icra məmuru Elvin Fərzəliyev Borclu məxsus “MERCEDES BENZ E250 BLUETEC” minik markalı, ** NA *** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulması barədə təqdimatla məhkəməyə müraciət etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-1769/2024 nömrəli, xx.xx.2024-cü il tarixli icra sənədinə əsasən Borclu xx.xx.2010cu il təvəllüdlü X2 və xx.xx.2014-cü il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanmaları üçün xx.xx.2024-cü il tarixdən başlayaraq hər ay hər uşağa görə 235 manat olmaqla cəmi 470 manat sabit pul məbləğində aliment, 50 manat ödənilmiş dövlət rüsumu və 60 manat mediasiya xərci X1 xeyrinə tutulmalıdır. İcra sənədi xx.xx.2024-cü il tarixdə Bakı şəhəri Xəzər rayon İcra şöbəsinə daxil olmuş və qanunamüvafiq qaydada icraya yönəldilmişdir. İcraata başlamaq haqqında qərar qəbul olunaraq, surəti bildirişlə bərabər icra sənədi üzrə Borclu icra sənədində qeyd olunan ünvanına göndərilmişdir. Borclu könüllü icra müddətində icra sənədi üzrə tələbi təmin etmədiyi üçün borclunun əmlak vəziyyətini yoxlamaq məqsədilə elektron sistem vasitəsilə sorğular edilmişdir. Belə ki, “Elektron icra’’ informasiya sistemindən əldə olunmuş sorğu məlumatına əsasən müəyyən olunmuşdur ki, Borclu məxsus olan “MERCEDES BENZ E250 BLUETEC” yük markalı, ** NA *** dövlət qeydiyyat nişanlı avtomobili vardır. İcra sənədinin icrasını təmin etmək məqsədilə hesab edir ki, məcburi icra tədbirləri kimi borclunun əmlakının üzərinə həbs qoymaq və onu satmaq yolu ilə tələbin əmlaka yönəlməsi barədə məcburi icra tədbirləri tətbiq edilməlidir. Məhkəmə iclasında Borclu izahatında bildirdi ki, o, həmin avtomobillə taksi fəaliyyəti ilə məşğul olur. Ondan başqa gəlir mənbəyi yoxdur. Aliment borcunu tam ödəməyə maddi imkanı çatmır. Lakin, ödənişləri hissə-hissə icra edir. Borcundan heç vaxt yayınmamışdır. Hazırda bir çox banklara da kredit borcu vardır. Təqdimatın təmin edilməməsini xahiş etdi. Təqdimat vermiş Bakı şəhəri Xəzər Rayon İcra Şöbəsinin icra məmuru və tələbkar təqdimata baxılması üçün təyin edilmiş məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılsa da, icra məmuru və tələbkar məhkəmə iclasına gəlməmişlər. İcra məmurunun və tələbkarın məhkəmə iclasına gəlməməsi məhkəmə qarşısında qoyulmuş məsələnin həll edilməsinə mane olmadığından, məhkəmə təqdimata onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən şəxsin izahatını dinləyib, təqdimatı və təqdimata əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, təqdimat qismən təmin olunmalıdır. Təqdimata əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunan: -Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(007)-1769/2024 nömrəli icra vərəqəsindən görünür ki, Borclu xx.xx.2010-cu il təvəllüdlü X2 və xx.xx.2014cü il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanmaları üçün xx.xx.2024-cü il tarixdən başlayaraq hər ay hər uşağa görə 235 manat olmaqla cəmi 470 manat sabit pul məbləğində aliment, 50 manat ödənilmiş dövlət rüsumu və 60 manat mediasiya xərci X1 xeyrinə tutulmalıdır. -xx.xx.2024-cü il tarixli qərardan görünür ki, xx.xx.2024-cü il tarixli 2(007)-1769/2024 saylı icra sənədi üzrə icraata başlanmış və tələbin könüllü icra edilməsi üçün borcluya bildiriş göndərilmişdir. Qərar və bildiriş borclu tərəfindən şəxsən imza edilməklə alınmışdır. -“Azemıs” Elektron Məhkəmə İnformasiya Sistemindən çıxarışdan görünür ki, Borclu adına “MERCEDES BENZ E250 BLUETEC” minik markalı, ** NA *** dövlət qeydiyyat nişanlı avtomobil qeydiyyatdan keçmişdir. -Borclu tərəfindən icra şöbəsində verilmiş izahatlardan görünür ki, sonuncu icra sənədi üzrə öhdəliyi barədə xəbərdardır, lakin maddi imkanı aşağı olduğuna görə ödənişləri tam həyata keçirə bilmir. -Borclu ünvanlanmış xx.xx.2024-cü il tarixli xəbərdarlıqdan görünür ki, borcluya öz öhdəliyini icra etməsi, əks təqdirdə qanunvericiliyə müvafiq qaydada barəsində məsuliyyət tədbirləri görüləcəyi barədə xəbərdarlıq edilmişdir. -İş materiallarından məlum olur ki, icra məmuru tərəfindən borclunun adına hər hansı kredit təşkilatında, banklarda, digər müəssisələrdə əmanətlərin, pul vəsaitlərinin olub-olmamasına dair sorğular verilmiş, lakin borclunun adına hər hansı pul vəsaiti, əmanət və sair müəyyən edilməmişdir. -İş materiallarında olan qəbzlərin surətindən görünür ki, borclu tərəfindən aliment borcundan xx.xx.2024-cü il tarixdə 300 manat və xx.xx.2024-cü il tarixdə isə 150 manat məbləğində ödənişlər edilmişdir. «İcra Haqqında» Azərbaycan Respublikası Qanununun 45-ci (45.2-45.3, 45.5-45.6cı) maddəsinə əsasən icra sənədləri üzrə tələb ilk növbədə borclunun manatla və xarici valyuta ilə, o cümlədən banklarda və digər kredit təşkilatlarında olan pul vəsaitlərinə və başqa sərvətlərinə yönəldilir. Borcluda aşkar edilən nağd pul vəsaitləri götürülür. Tələbkarın tələblərinin təmin edilməsi üçün borclunun yetərli pul vəsaitləri olmadıqda, Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq tələbin yönəldilə bilmədiyi əmlak istisna olmaqla, tələb borcluya məxsus olan digər əmlaka yönəldilir. Tələb, borclunun əmlakına, o cümlədən nağd yaxud banklarda və ya digər kredit təşkilatlarında hesablarda və əmanətlərdə, habelə saxlancda olan pul vəsaitlərinə və başqa sərvətlərinə, icra ödənişinin ödənilməsi və icra hərəkətlərinin həyata keçirilməsi üçün çəkilən xərclər də nəzərə alınmaqla, icra sənədinin icrası üçün lazım olan miqdarda və həcmdə yönəldilir. Həmin Qanunun 50.1-ci maddəsinə əsasən icraata başlamaq haqqında qərar borcluya təqdim olunduğu gündən ən geci 1 (bir) ay müddətində, zəruri hallarda isə, qərarın təqdim olunması ilə eyni vaxtda borclunun əmlakı üzərinə həbs qoyula bilər. Həmin Qanunun 50.2-ci maddəsinə əsasən borclunun əmlakı üzərinə həbs qoyulması əmlakın siyahıya alınmasından, həmin əmlak üzərində sərəncam vermək hüququnun qadağan olunmasından, zəruri hallarda isə, əmlakdan istifadə hüququnun məhdudlaşdırılmasından, onun götürülməsindən və ya saxlanmaq üçün verilməsindən ibarətdir. İcra sənədi icraya yönəldilənə qədər borclunun əmlakına həbs qoyulmayıbsa və ya icra sənədinin icrası zamanı tələbin borclunun əmlakına yönəldilməsi hallarında əmlak üzərinə həbs, bir qayda olaraq, icra məmurunun əsaslandırılmış təqdimatına əsasən məhkəmənin qərardadı ilə qoyulur. Məhkəmə hesab edir ki, Borclu aliment borcundan hissə-hissə ödənişlər edir. Borclu taksi fəaliyyəti ilə məşğul olur və yeganə qazanc mənbəyi odur. Onun avtomobilinin üzərinə həbs qoyulması onun avtomobilə sərəncam verməsi ilə bərabər, istifadə etməsini də qadağan edir. Bu səbəbdən məhkəmə hesab edir ki, sərəncam vermə hüququ qadağan edilməli, istifadə hüququ isə saxlanmalıdır. Ona görə də, Borclu mülkiyyətində olan “MERCEDES BENZ E250 BLUETEC” minik markalı, ** NA *** dövlət qeydiyyat nişanlı avtomobildən istifadə hüququ saxlanılmalı, lakin onun özgəninkiləşdirilməsi qadağan edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 263-264 və 268-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: Təqdimat qismən təmin edilsin. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(007)-1769/2024 saylı icra sənədinin icrasını təmin etmək məqsədilə Borclu məxsus olan “MERCEDES BENZ E250 BLUETEC” minik markalı, ** NA *** dövlət qeydiyyat nişanlı avtomobilin özgəninkiləşdirilməsi qadağan edilsin. Təqdimat qalan hissədə təmin edilməsin. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Emin Rüstəmov
Məhkəmə qərarları › İş №8(003)-242/2024
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərardad — İş №8(003)-242/2024
12.07.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver